Fuad Babayev: “Qarabağ həqiqətləri” adlandırdığımız informasiya məcmusunu istər daxili, istərsə də xarici auditoriyaya çatdırmaq işində hələ də kampaniyaçılıq hiss olunmaqdadır. dan Bu bir tərəfdən başadüşləndir. Çünki “informasiya bəhanəsi” var.
Qarabağ haqqında informasiyaları informasiya məkanında hansı yollarla ilboyu ərzində öncül yerlərdə saxlaya bilərik? Bu barədə sizin fikirlərinizi bilmək istərdik.
Nəsir Əhmədli: Qarabağ mövzusu ilin 365-366 günü bizimlə olmalıdır. Amma bunu hansı metodlarla çatdırmalıyıq? Daxili auditoriya bu mövzunu az-çox bilir. Amma burda müəyyən imkansızlıqlar var. Belə ki, qəzetlər çıxır, qəzətləri oxuyan yoxdur – həm müxalifət qəzetlərini, həm dövlət, həm də müstəqil qəzetləri. Ona görə də daha çox diqqəti elektron mediaya yönəltməliyik. Xüsusilə də internetin imkanlarından istifadə etmək lazımdır. Çünki pulu olan da, olmayan da internetə girir. İkinci əsas məsələ xarici auditoriyadır. Biz xarici auditoriyaya çıxış tapmalıyıq. Daha doğrusu çıxış var, amma ondan necə istifadə etməliyik? Bizim portallarda, saytlarda xarici dillərdə yazıların sayı artırılmalı, onların təhlili genişləndirilməlidir. Yalnız 8 mayda Şuşanın işğal olduğunu deməklə, ağlaşma qurmaq və “Qarabağ şikəstəsi” oxumaqla təbliğat olmaz. Sizin dediyiniz kimi, rayonlarımızı işğal günlərində yad etməklə biz sanki bu hadisəyə özümüzü alışdırırıq. Elə bil ki, faciəni yox, yubileyi qeyd edirik. Biz məqsədli auditoriyanı tapmalıyıq ki, məlumatı olmayanları məlumatlandıraq. Bunun üçün jurnalistlərin fərdi qabiliyyətlərindən, fərdi üstünlüklərindən istifadə etmək lazımdır. Yaxud xarici dilləri yaxşı bilən mütəxəssislərdən istifadə olunmalıdır. Elə etməliyik ki, həqiqətləri olduğu kimi çatdıra bilək. Həm də elə formada çatdıraq ki, xarici auditoriya onu qəbul etsin. Böyük peşəkarlıqla, şirinliklə, xörəyin duzu kimi o materialları elə vermək lazımdır ki, xarici həmin materialı oxumağa məcbur olsun. Acı dərman şirin təbəqə ilə örtüldüyü kimi, biz də verilişləri, yazıları elə etməliyik ki, ilk saniyədən, ilk sətirdən tamaşaçı, oxucu, dinləyici istər-istəməz götürüb onun “dad”ına baxsın. Dadına baxandan sonra faktlar onun qanına keçəcək və fikirləşəcək ki, dünyada belə bir ölkə, belə bir tale, faciə var.
Fuad Babayev: Zaur müəlllim, Nəsir müəllimin dedikləri ilə razılaşmamaq olmaz. Bəs bu sahədə Sizin müşahidələriniz necədir? Nəsir müəllimin dedikləri bu məsələnin ən optimal yoludur. Xarici dillərdə saytlar, televiziyalarımız da var. Amma həmin məqsədli auditoriyanı cəlb edə, maraqlandıra bilirikmi?
Zaur Babayev: Mənə elə gəlir ki, burada ilk növbədə bir konsepsiya yaradılmalıdır. Hər hansı problemi təbliğat vasitəsinə çevirirsənsə, ilk növbədə auditoriyanı öyrənməlisən. Məqsədli auditoriya kimlərdir? Biz Ermənistanla müharibə şəraitindəyik və ən azı erməni təbliğatını araşdırmalı, öyrənməliyik. Mən 6-7 il əvvəl Ermənistanda olmuşam və orada çox maraqlanırdım ki, onlar öz anti-Azərbaycan təbliğatlarını necə aparırlar. Təxmini araşdırmalar göstərir ki, bizim auditoriyamız yalnız azərbaycanlılardan ibarət deyil. Bizim auditoriyamız daha genişdir. Çünki son beş ildə baş verən hadisələr – Avrovizionun burada keçirilməsi, Avropa Oyunları, idman uğurlarımız Azərbaycanı bir məkan kimi tanıtdı. Artıq bizi nə İrəvan, nə də Tiflislə qarışdırmırlar. Formula-1, İslam Oyunları yarışı da Azərbaycanı tanıtmaq, Bakının gözəlliklərini təqdim etməklə yanaşı, Qarabağ mövzusunu unutmamağa da bizi sövq edir.
Fuad Babayev: Maraqlı məsələyə toxundunuz. Sizcə bu adlarını çəkdiyiniz tədbirlər, eləcə də humanitar forumlar, Qəbələ Musiqi Festivalı və s. Bu tədbirlərdən təbliğat məqsədilə istifadə edə bilmişikmi?
Zaur Babayev: Az istifadə etmişik. Baxın, ermənilər təbliğatı müəyyən dozalarla verirlər. Biz insanlara izah etməliyik ki, bu cür miqyaslı tədbirlər tanıtım və Qarabağ həqiqətlərinin çatdırılması baxımından əhəmiyyətlidir.
Fuad Babayev: Sizcə, bu, bir qədər uzaq yol deyilmi?
Zaur Babayev: Bu yolun qısası yoxdur. Çünki biz təbliğatda ən azı 50-60 il uduzmuşuq. Biz bu yolu sürətlə keçə bilmərik. 1870-ci ildən erməni təbliğatı işləyir. “Daşnaksütyun” partiyası bütün dünyada öz təbliğatını aparır. Bir neçə ay əvvəl Rusiya telekanalı italyanların çəkdikləri erməni “soyqırım”ı haqqında filmi nümayiş etdirirdi. Bu filmi erməni diasporu öz pulu ilə çəkdirib və nümayiş etdirir. Bax bu təbliğatın bir formasıdır.
“Həqiqətən də bizdə əhalinin yalnız 3-5 faizi qəzet oxuyur.”
Bu il iyunun 20-25-də İstanbulda sənədli filmlər festivalı olacaq. Biz indi həmin festival üçün İctimai Televiziya ilə birlikdə sənədli film hazırlayırıq. 6-7 layihənin hamısında istəyirik ki, Qarabağ problemi əks olunsun. Nəsir müəllim elektron medianın əhəmiyyətini vurğuladı. Həqiqətən də bizdə əhalinin yalnız 3-5 faizi qəzet oxuyur. Xarici vətəndaşlar isə aydındır ki, Azərbaycanın çap mətbuatını oxumurlar. Mən bu baxımdan Vikipediyaya böyük önəm verirəm. Amma dəfələrlə görmüşəm ki, Vikipediyada Ermənistanla bağlı məqalələrin sayı Azərbaycan haqqında olanlardan 3 dəfə çoxdur.
Fuad Babayev: Nəsir müəllim, Siz 1971-ci ildə jurnalistika fakültəsini bitirmisiniz və uzun illərdir ki, həmin fakültədə çalışırsınız. Əlbəttə, Azərbaycan jurnalistikasında olanların heç də hamısı Sizin fakültənin məzunları deyil.
Nəsir Əhmədli: Təbii.
Fuad Babayev: Amma Azərbaycan jurnalistikasında Sizin fakültəni bitirənlər də yetərincədir. Peşəkar müəllim, yüzlərlə, hətta minlərlə jurnalistin hazırlanma prosesində iştirak edən insan kimi hətta öz məzununuz olmayan jurnalistin də qiymətini verə bilirsiniz. Qarabağ həqiqətlərini nəinki dünyaya, hətta daxili auditoriyaya çatdırmaq üçün jurnalistikamızın kadr potensialını redaktor, reportyor, təhqiqatçı jurnalist müstəvisində necə dəyərləndirirsiniz?
Nəsir Əhmədli: Jurnalistika dünyanın bütün ölkələrində birbaşa ölkənin ictimai-siyasi durumu ilə bağlıdır. Amerikada “Mətbuatın dörd nəzəriyyəsi” adlı bir kitab nəşr olunub. Onun birinci cümləsi belədir: mətbuat hansı ölkədə çıxırsa, onun çalarını qəbul edir. Ona görə də biz jurnalistikaya Azərbaycan gerçəkliyindən baxmalıyıq. Azərbaycan gerçəkliyində vəziyyət necədirsə, jurnalistikada da elədir.
Fuad Babayev: Yəni güzgü kimi.
Nəsir Əhmədli: Bəli, güzgü kimi. Həsən bəy Zərdabi yazırdı ki, hər bir vilayətin qəzeti o vilayətin aynası olmalıdır. Bizdə cəmiyyətdə müəyyən parçalanmalar ki var, həmin hal mətbuatda da əksini tapıb. İqtidar, müxalifət, müstəqil media cəmiyyətin parçalanmasından yaranıb. Bunları aradan qaldırmaq üçün nə etmək lazımdır? Bu mənim kitabımda da var, biz ümumi bir konsepsiya yaratmalıyıq. Mən bunun adını ÜMİD – ümummilli inkişaf doktrinası qoymuşam. Orada yalnız mətbuat, təbliğat yox, bütün problemlərimiz əksini tapmalıdır. Biz bilməliyik ki, hardan gəlmişik və hara gedə bilərik.
Fuad Babayev: Biz hardan gəldiyimizi bilmirik?
Nəsir Əhmədli: Bilmirik. Bizim əlimizdə əsaslı “təbliğat konstitusiyası” yoxdur. Birinci bunu yaratmaq lazımdır.
Fuad Babayev: Sizcə, onu kim yaratmalıdır?
Nəsir Əhmədli: Sovet dövründə bu, partiyanın mərkləzi komitəsində hazırlanırdı. Amma ideologiya maraqlarından çıxış edirdi. Mən isə hesab edirəm və kitabda da qeyd etmişəm ki, bunun üçün xüsusi elmi mərkəz yaranmalıdır. Heç kimdən asılı olmayan müstəqil elmi mərkəz. Hətta xarici mütəxəssisləri də işə cəlb etmək olar. Azərbaycanın indiki durumunu təhlil edərik, tarixi mərhələləri araşdırarıq.
Fuad Babayev: Hökmən nəsə yeni qurum yaradılmalıdır? Bəlkə mövcud qurumları hərəkətə gətirmək lazımdır?
Mən dediyim konsepsiya – ÜMİD dünyanın inkişaf etmiş bütün ölkələrində olub.
Nəsir Əhmədli: Yaradılmasa da, onu bir küll halına gətirmək lazımdır. “Konstitusiya” halına salmaq tələb olunur ki, hər kəs orda vəzifəsini görsün, funksiyasını başa düşsün ki, nə etməlidir. Mən dediyim konsepsiya – ÜMİD dünyanın inkişaf etmiş bütün ölkələrində olub. ABŞ-da Vaşinqton və Ceffersonun dövründə, İsraildə Ben Qurionun vaxtında, Almaniyada Bismark zamanında, Türkiyədə isə Atatürk vaxtında yaranıb. Onlar bununla inkişaf edir, istiqamətlənirlər.
Fuad Babayev: İdeya Sizindi və həmin “konstitusiyanı” Siz yazsaydınız, media nə eləməlidir Azərbaycanda?
Nəsir Əhmədli: Cəmiyyətin ümumi məqsədi var. Və ümumi məqsəddən çıxan vəzifələr var. Məsələn, sovet dövründə belə bir məqsəd kommunizm quruculuğu idi. Kommunizmin maddi bazasını yaratmaq üçün beşillik vəzifələr qoyulurdu. Amma ümumi məqsəd düzgün formalaşmadığından, ona nail olmaq da mümkün olmadı. Çünki arabayla yük daşıyan ölkə birdən-birə kosmosa uça bilməz. Marks isə deyirdi ki, kommunizm quruculuğu bütün ölkələrdə eyni vaxtda olmalıdır. Reallıq da onun bu fikirlərini təsdiq etdi. Lenin isə öz yolu ilə getdi və nəticəsi də yaxşı olmadı. Ona görə də Lenin təbliğat yolunu seçdi. Ən güclü təbliğat forması kimi radio seçildi. Çünki 1920-30-cu illərdə radio ən populyar informasiya vasitəsi idi. Bizdə də Azərbaycan beynəlxalq radiosu deyilən bir qurum var. 1941-ci ilin iyul ayından şərq ölkələri üçün verilişlərini yayır. Əvvəl tük və fars dillərində başlayıb, sonra Cənubi Azərbaycan dialektində və ərəb dilində yayımlanıb. 1992-ci ildə qərb ölkələri üçün verilişlər açılıb – ingilis, fransız, alman, rus dillərində. Amma nədənsə 1996-cı ildə birdən-birə bunları bağladılar, şərq dillərində verilişlər isə davam edir.
Fuad Babayev: İnternetin, sosial şəbəkələrin bu qədər populyar olduğu dövrdə Sizin qənaətinizcə, radio öz mövqeyini qoruyub saxlayırmı?
Nəsir Əhmədli: Müəyyən mənada saxlayıb. Çünki radio ən ucuz informasiya vasitəsidir.
Fuad Babayev: O biri diapozonları bilmirəm, amma FM diapozonlarına əsasən ancaq maşınlarda qulaq asırlar.
Zaur Babayev: Radio-kanallara artıq internetdə də qulaq asmaq olar.
Fuad Babayev: Amma mütəmadi olaraq yenilənən saytlarda həm radio, həm də televiziya elementləri var.
Nəsir Əhmədli: Elədir. Radio müəyyən bir dövrün məhsuludur. Təxminən 70 il radionun dövrü olub. Lenin radionu kağızsız və məsafəsiz qəzet adlandırırdı. Amma internet radionu da, televiziyanı da özünə cəlb etdi.
Fuad Babayev: Nəsir müəllim, tutaq ki, bir mərkəz yarandı və dediyiniz o “konstitusiya” da hazırlandı. Bizim həmin vəzifələri yerinə yetirmək üçün jurnalistikamızın kadr potensialını necə görürsünüz? Yoxsa orda kadr potensialını formalaşdırmaq məsələsi də var?
Nəsir Əhmədli: Təbii, orda təhsil də olacaq. Təhsilin Azərbaycanda indiki səviyyəsindən nəinki jurnalistikada, heç bir sahədə yüksək ixtisaslı mütəxəssis hazırlamaq mümkün deyil. Sovet təhsil sistemi indikindən dəfələrlə yaxşı idi. İndi isə əvvəlcə Bolonya sistemi, sonra kurrikulum tətbiq etdilər, sonra isə ləğv etməyə başladılar. Heç bu kurrikulumu ortaya atanın özünün bundan xəbəri yoxdur, ibtidai sinif müəllimi haradan bilsin. Onları burada tətbiq etmək üçün şərait olmalıdır. Balıq saxlamaq üçün ilk növbədə su mühiti olmalıdır. Buna görə də təhsil sistemində köklü dəyişiklik olmalıdır.
Fuad Babayev: Nə qədər müddət lazımdır buna?
Nəsir Əhmədli: Bu elə bir məsələdir ki, konkret vaxt demək mümkün deyil. Bəlkə də 50 il. Belə bir misal var, həkimin səhvi 1 nəfəri öldürür, müəllimin, jurnalistin səhvi bütöv bir nəsli və bir neçə ildən sonra öldürür. Mən dediyim ÜMİD-in içində bunlar maddələrlə verilib.
Fuad Babayev: Tutaq ki, ÜMİD olmadı, bizim mövcud şəraitimiz necədir?
Nəsir Əhmədli: Bu ona bənzəyir ki, minirsən taksiyə və deyirsən sür. Soruşanda ki, hara, cavab verirsən ki, bilmirəm. Əgər məqsəd yoxdursa, heç nə mümkün deyil. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsi var. Biz vaxtilə oxuyan vaxt 3 semestr dünya ədəbiyyatını, 4-5 semestr Azərbaycan ədəbiyyatını keçirdik. İndi dünya ədəbiyyatını 1 semestrə sığışdırıblar. Dünya ədəbiyyatını bilməyə adam xaricə necə çıxsın? Azərbaycan ədəbiyyatını 1-2 semestrə salıblar. Fənnlərin hamısını ixtisar edə-edə gedirlər.
Zaur Babayev: Təcrübələr ləğv olunur. Əvvəllər birinci kursdan təcrübəyə gedirdilər. Tələbə birinci kursdan redaksiyaya gedirdi və yavaş-yavaş alışırdı. Amma indi ləğv ediblər.
Fuad Babayev: Yaxşı, bunları ləğv edib yerini nə ilə əvəzləyiblər?
Zaur Babayev: Heç nə, saatı azaldırlar.
Nəsir Əhmədli: O vaxt təhsil 5 illik idi. İndi 4 il olub, onun da 1 ilini saymayın, buraxılış işinin müdafiəsinə sərf olunur. Qalır 3 il, onun da yarısı yaya düşür. Deməli, bunlar təxminən 30 ay oxuyurlar.
Zaur Babayev: Həm də əvvəllər qrup maksimum 25 nəfər olurdu. İndi 90, 100, 120 nəfər qəbul olunur. Əksəriyyəti də ödənişli əsaslarla. Təhsil biznes sisteminə çevrilir. Təhsil biznes vasitəsi ola bilməz. Tələbəyə müştəri gözü ilə baxa bilməzsən. Auditoriyadan təzəcə çıxmışam. 64 nəfər vardı. 64 nəfərdə mənimsəmə faizi nə qədər ola bilər? Müəllim bildiklərini necə çatdıra bilər?
Fuad Babayev: Orta statistik Azərbaycan kütləvi informasiya vasitəsi mühit kimi kadrların hazırlanmasını, onların cilalanmasını və hazırlığını təmin edə bilirmi? O mühit Azərbaycan media quruluşlarında varmı?
Nəsir Əhmədli: Bizim fakültədə yoxdur. İndi dar ixtisaslaşma getməlidir. Bir adam hər şeyi bilə bilməz. Sovet dövründə bizdə beş ixtisasa bölünürdü – qəzet, radio, televiziya jurnalistikası, nəşriyyat işi və tərcümə. Hərəsində 3-4 nəfər oxuyurdu. Amma indi 64 nəfər həm televiziyanı, həm radionu, həm də nəşriyyatı öyrənirlər. Bu o deməkdir ki, heç nə öyrənmirlər.
Fuad Babayev: Bəs qəzet, jurnal, televiziya, radioda Sizin qənaətinizcə, o mühit varmı?
Nəsir Əhmədli: Təbii ki, burda yoxdursa orda da olmayacaq. Bunlar bir-biri ilə əlaqəli sahələrdir. Gərək biz burda televiziya üçün mütəxəssis hazırlayaq ki, o, gedib orada həmin mühitə düşsün. Medida da ən azı bizim arzuladığımız mühit yoxdur. Bunun bir səbəbi də odur ki, qeyri-peşəkarlar gəlib müəyyən nöqtələri tutublar. Mən demirəm ki, hamı jurnalistika fakültəsini bitirməlidir. Mirzə Cəlil, Həsən bəy Zərdabi də jurnalistikanı qurtarmamışdılar, indiki dövrdəkilərdən Nəcəf Nəcəfov, Rauf Arifoğlu da. Amma bunlar tək-tək adamlardır. Nəcəf Nəcəfov öz işini görəndən sonra ömrünün son illərində öz sahəsinə, neft şirkətinə getdi. Onu jurnalistikaya dövr gətirmişdi. Sovet dövründə Teleradio Komitəsində bizim filialımız var idi. Mühazirəni deyəndən sonra uşaqları aparıb, redaksiyalarla tanış edirdim. Uşaqlar da baxıb, öyrənir və çoxu da qalıb, işlə təmin olunurdu. Çünki o mətbəxdə bişirdilər, amma indi bu, yoxdur. İnformasiya əsridir, amma bu gün də Azərbaycan MEA-da jurnalistika şöbəsi yoxdur. Elmi iş müdafiə edən jurnalistlər gərək ya tarix, ya siyasət, ya da filologiya üzrə müdafiə etsinlər.
Hazırladı: Gündüz Nəsibov, 1905.az
Material ilk dəfə 15 may 2017-ci ildə dərc edilib.