…XIX əsrə qədər Dağlıq Qarabağda heç bir zaman erməni etnik kütləsi olmamışdır. Qarabağın avtoxton albanlarının xristian olmasından istifadə edərək, oraya XIX əsrdən etibarən çoxlu erməni ailəsi köçürülmüşdür.
Bunu Dağlıq Qarabağda Ağdərənin (Mardakert) Marağa kəndində Qarabağa (İranın Marağa şəhərindən) ilk 200 ailənin (erməni ailəsinin) köçürülməsi şərəfinə 1978-ci ildə ermənilərin özləri qoyduqları abidə əyani şəkildə sübut edir.
Qarabağ ərazisində müxtəlif dinlərin mövcud olması insan cəmiyyətinin ictimai həyatına böyük təsir göstərmişdir. Azərbaycanın hər yerində olduğu kimi Qarabağda da xristianlıq və müsəlmanlığın mövcud olması və biri digərini əvəz etməsi tikinti mədəniyyətində özünü göstərmişdir.
Qarabağ ərazisində (Dağlıq Qarabağda Amaras, Ağdamda Govurqala, Kəlbəcərdə Xotavəng, Laçında Ağoğlan) və Albaniyanın digər yerlərində (Qax rayonu Qum kəndi, Qəbələ rayonu Böyük Əmidli kəndi, Mingəçevir) xeyli alban xristian abidəsi inşa edilmişdir. Albaniyada Şərq xristianlığına məxsus memarlığın bütün növləri mövcud olmuşdur. Qarabağdakı alban xaçdaşları bir sıra mühüm lokal cizgiləri, bütün alban yazılı daşlarının üzərində xristianlığa qədərki inamlar və kainat qüvvələrinin yerləşməsi ilə dini-bədii qanunlara tabe edilmiş özünəməxsus qrup təşkil edir.
Alban xaçı xristianlığaqədərki inamların və kainatı dərketmənin əlamətlərini özündə cəmləşdirən işarələrə malikdir. Onun bütün kompazisiyaları göylə yerin əlaqəsi, günəş, işıq və məhsuldarlıq simvolu kimi əks olunmuşdur. İslam dininin qəbul edilməsi Albaniyada (Azərbaycanda) yeni bir mərhələnin başlanğıcını qoymuşdur. Azərbaycanın Qarabağ bölgəsində müsəlmanlıq dövründə çoxlu sayda məscid və minarələr inşa edilmişdir. Bununla bərabər burada xristian kilsələri və digər dini məbədlər də saxlanmışdır. Həmin dövrdə Qarabağın mənəvi mədəniyyətində çiçəklənmə dövrü başlanmışdır. “Qarabaği”, “Bərdəi” təxəllüsü ilə tanınmış onlarla mütəfəkkir yetişmiş, onların adı, şəxsiyyəti və yaradıcılığı haqqında məlumatlar tarixə çevrilmişdir.
XI-XII əsrlərdə memarlığın əsas istiqamətlərini əks etdirən Şirvan – Abşeron, Naxçıvan – Marağa məktəblərinin geniş yayıldığı dövrdə Arran (Qarabağ) memarlıq məktəbi də orta əsr Azərbaycan memarlığının sonrakı inkişafını müəyyənləşdirmişdir. Memarlıq və şəhərsalma, dekarativ-tətbiqi sənət sahələri inkişaf etməyə başlamış, epiqrafik abidələr də çoxalmışdır. Qarabağ ərazisində sayı 2000-dən artıq müxtəlif növ mədəniyyət abidəsi qeydə alınmışdır ki, bunların da əksəriyyətini epiqrafik abidələr təşkil edir. Azərbaycanın Şuşa, Ağdam, Bərdə, Fizuli, Zəngilan, Cəbrail, Laçın, Kəlbəcər rayonları ərazisindən vaxtilə xeyli miqdarda tikinti, qəbir və s. epiqrafik abidələri qeydə alınmış və tədqiq edilmişdir…
“Qarabağ abidələri” kitabından