Tut ağacının altında oturub Ağdam haqqında danışırıq. Havanın cırhacır vaxtıdır. İsti nəfəsimizi az qala kəsir. Söhbət o qədər maraqlıdır ki, istini belə hiss etmirik…
Təəssüflənirik. Kaş ki, bu söhbəti Ağdamdakı həyətində olan “bedana” tutun altında aparaydıq. Qayınatasının caladığı “bedana”nın sivri budaqları həyəti altına almışdı. Ağsaqqal deyir ki, indi məskunlaşdığı həyətə gələn kimi tut ağacı alıb, əkib. Neçə ildir bar verir. Amma o tutun dadını vermir. Onun ayrı tamı varıydı…
Həmsöhbətim uzun illər Ağdam Elektrik Şəbəkəsində çalışıb. Onunla otuz səkkiz il ərzində çalışdığı elektrik şəbəkəsi haqqında danışırıq. Ta yaranışından tutmuş müstəqilliyimizə qədərki dövrədək…
Sabir Məhərrəmov 1928-cu ildə Şuşanın Malıbəyli kəndində anadan olub. Amma Ağdamda böyüyüb. “İmarət”in məhəlləsində yaşayıb. Bir çox fərqli cəhətləri ilə seçilib.
Həmsöhbətim öncə evinin tərs tikilməsi ilə fərqlənib…
Ağdamda mövcud olan ənənəyə görə evlərin giriş tərəfi doqqaz və ya darvazaya baxmamalıydı. Həyətə daxil olan kəs evin girəcəyini görməməli idi. Amma iş elə gətirir ki, ata yurdunda evi üzü darvazaya tərəf tikməli olur…
On üç yaşından əmək fəaliyyətinə başlayıb. Müharibənin vurhavur vaxtında Şirxanovun rəhbəri olduğu MTS-də fəhlə kimi işə düzəlir. MTS-in o illərdə bostan sahəsi var idi. Bostandan əldə olan məhsulun bir hissəsini hərbi hissələrə, digər hissəsini isə işçilərə əməkhaqqı kimi verirdilər. 1946-cı ildə Sabir Məhərrəmovu ambara işə keçirirlər:
1961-1963-ci illərdə Neftbazada işə keçdim. Neftbaza əvvəlcə MTS-in tərkibində idi. Sonralar böyüdü, sərbəst qurum kimi fəaliyyət göstərdi. Az müddət Ət Kombinatında çalışdım…
Sabir Məhərrəmov 1964-cü il iyun ayının birindən Ağdam Elektrik Şəbəkəsinə ilk əmr alan işçilərdən olur. Əvvəlcə kadrlar şöbəsində, sonra mühasib kimi işə başlayan həmsöhbətim qırx il çalışdığı təşkilatın tarixini asta-asta danışır. Bütün hadisələri və insanları haqqında hər hansı bir məlumatı unutmaq istəmir.
Həmsöhbətimin sözlərindən belə məlum olur ki, Ağdam Elektrik Şəbəkəsinin ilk direkrotu Əbdül Həsənov olub. Əbdül Həsənov 1964-cü ilin iyun ayından 1969-cu ilədək şəbəkənin müdiri olub. Həmin illərdə Ağdam RPK-nin birinci katibi Nadir Abbasov idi. Aralarında münaqişənin yaranması nəticəsində Əbdül müəllim vəzifəsini tərk etməli olub.
Şəbəkənin yaranmasında o kişinin böyük rolu olub. Ə.Həsənovun çalışdığı dövrdə beş yüz on üç nəfər adam şəbəkədə çalışırdı. İlk illərdə Ağcabədi, Füzuli, keçmiş Martuni və Mardakert, habelə Kəlbəcər rayonları Ağdam Elektrik Şəbəkəsinə baxırdı. Onlar şəbəkə rayonu statusunda idi. Sonradan nazirliyin dəstəyi ilə rayonların şəbəkələri buradan ayrıldılar…
1950-ci illərdə, Əli Bayramov küçəsinin baş tərəfində, Növruzlu kəndinə gedən yolun üstündə Gəncə Elektrik Şəbəkəsinə tabe olan yarımstansiya tikilmişdi. Bu elektrik şəbəkəsi ətraf rayonları elektrik enerjisiylə təmin edirdi. Yarımstansiyanın idarəsi ücün kiçik otaqlardan ibarət bina inşa edilmişdi. 1964-cü ildə yaranan şəbəkə də məhz həmin inzibati binada fəaliyyətə başladı. Beş illik fəaliyyəti dövründə direktor Əbdül Həsənov şəbəkə üçün yeni inzibati bina və qonaq evi inşa etdirdi…
Göytəpədə olan 330 kv/voltluq yarımstansiya 1973-cü ildə istifadəyə verildi. Həmin illərdə Göytəpə Yarımstansiyasından Xankəndinə və xüsusilə ermənilərin məskunlaşdlığı kəndlərə enerji verilirdi. Dağlıq Qarabağın böyük bir hissəsinə enerji Göytəpədən gedirdi. Amma ermənilər vəziyyəti əvvəlcədən bildiklərindən Laçın istiqamətində Ermənistandan da ayrıca xətt çəkdilər…
1987-88 -ci ildə isə Malıbəyli kəndində yarımstansiya inşa edildi. Bu yarımstansiya Şuşa və azərbaycanlıların yaşadıqları kəndləri fasiləsiz enerji ilə təmin etməyə imkan verdi…
Əbdül Həsənovdan sonra şəbəkəyə Qəni Əliyevi rəis təyin etdilər. Q. Əliyev doqquz il çalışdı. 1978-ci ildə Ağdaş Elektrik Şəbəkəsində baş mühəndis işləyən Atilla Əfəndiyev, 1983-cü ildən isə Telman Allahverdiyev şəbəkəyə rəis təyin edildi…
Həmsöhbətimin sözlərinə görə, o illərdə pubun dəyəri var idi. İşığın qiyməti cəmi altı qəpik idi. Müəllimlərə və müharibə veteranlarına enerji iki qəpiyə satılırdı. Yığımın səviyyəsi isə həmişə yüksək olardı. O illərdə Sabir Mehdiyev enerji satışı şöbəsinin rəsi idi. O əslən Xıdırlı kəndindən idi, atasına “Qara Mehdi” deyərdilər. Mehdi Mehdiyev uzun illər məsul vəzifələrdə çalışmışdı…
Bu arada əsgəri xidməti zamanı baş vermiş hadisədən danışır:
-Abdal-Gülablıdan olan general-mayor Murtuz Quliyev mənim xidmət etdiyim hərbi hissənin komandiri idi. Mənə çox yaxşılığı dəymişdi. Bir gün gəldilər ki, bəs komandirin haqqında məlumat versən, gələcəkdə işin yaxşı olar. Vəzifəyə təyin edərlər.
Deyim ki, o illərdə əsgərlik üç il çəkirdi. Dedim, ünvanı səhv salmısan, qaqa. Düz getdilər…
“Malbəhli”də dünyaya gəlsəmdə, Ağdam mənim üçün daha əzizdir.
Xeyli söhbət etdik. Elektrikşəbəkənin bütün fəaliyyətinə toxunduq. Söhbətimizin yekununda bir daha Ağdama qayıdırıq:
İyirmi ikilliyimizin tarixə yazılmasını istərmirəm…
Ağdamda kondisioner işlətmirdilər. Şuşanın havası bir başa şəhərə gəlirdi…
Doğma şəhərimi bir gün görsəm, elə bilərəm dünya mənimdir…
Cavan oğlumu itirəndə elə bildim Ağdamı ikinci dəfə itirdim…
“Ağdama qayıdanda ilk olaraq güjürülüyüb uçuq ata yurdumu bərpa edəjəm”.
Heç vaxt inanmazdım ki, iyirmi il torpaqlarımızdan ayrı qala bilərdim. Erməni atəşləri altında sınmış pəncərələrimizi dəyişdirirdik…
Beləliklə, növbəti bir ağdamlıyla söhbətə yekun vururam. Hamımız Ağdamın ağ damlarının bərpa edəcəyimiz günü səbrsizliklə gözləyirik…
Vüqar Tofiqli