Bu gün Avropa Liqasında 1/16 və 1/8 final mərhələlərinin püşkü atıldı. Cüzi də olsa, püşkatmada iştirak etmək şansı olan “Qarabağ”la bağlı suallara da aydınlıq gəldi. Püşaktamada Qarabağın yerinə “Dnepr” iştirak etdi. Artıq UEFA-nın rəsmi səhifəsi də, az öncə paylaşdığı şəkillə bütün suallara aydınlıq gətirib.
Qeyd edək ki, “Qarabağ” “İnter”lə matçın son dəqiqəsində təmiz qol vursa da, çexiyalı hakimlər briqadası müəmmalı şəkildə qolu qeydə almamışdı. Ağdam klubunun UEFA-ya etirazı isə bir fayda vermədi. Zatən fayda verməyəcəyi əvvəldən bəlli idi. Burada Azərbaycanın uzun illər məruz qaldığı ikili standart münasibəti tam çılpaqlığı ilə özünü biruzə verdi. Qərb qurumlarının nə qədər “şəffaf” və “ədalətli” olduğu bir daha ortaya çıxdı.
Xatırladaq ki, “Qarabağ”ın təmiz qolu qeydə alınmadığı azmış kimi “təsadüfən” və ya daha bir “hakim səhvi” nəticəsində “Dnepr”in ofsayddan vurduğu qol qeydə alındı, daha bir “təsadüf” nəticəsində isə “Sent-Etyen”in qolu ofsayd sayıldı. Bütün bu “təsadüflər” və ya “hakim səhvləri” “Qarabağ”ı növbəti mərhələdən məhrum etdi. Əvəzində isə Ukraynaya Avroliqanın növbəti mərhələsi hədiyyə olundu. Qərb Qarabağın timsalında Azərbaycana etdiyi haqsızlığı yenə də “Qarabağ”ın timsalında Azərbaycana etdi… Necə ki, Ukraynanın ərazi bütövlüyü ilə bağlı verilən bəyanatlar, qərarlar, sanksiyalar və digər addımlar Azərbaycan torpaqlarının işğalı zamanı Ermənistana qarşı atılmayıb.
Təbii ki, futbol təkcə idman növü deyil, həm də siyasətdir, daha tutarlı təbliğat vasitəsidir. Hər bir ölkə dünyada özünəməxsus cəhətləri ilə yanaşı, məncə daha çox kino və futbolla tanınır. Məsələn, Hindistan filmləri, Braziliya futbolu ilə daha məşhurdur. Bu da ölkənin tanınması baxımından mühüm əhəmiyyətə malikdir. Bütün bunlara görə isə futbolun həm də böyük siyasət hesab olunması təsadüfi deyil.
Bu mənada Ağdamın “Qarabağ” Futbol Klubunun təbliğat baxımından oynadığı rolun yüz milyonlarla dəyəri var. Məsələn, Avroiqanın təkcə qrup mərhələsində “Qarabağ” Ukraynanın “Dnepr”, Fransanın “Sent-Etyen” və İtaliyanın “İnter” komandası ilə qarşılaşdı. Bu isə Ukrayna, Fransa və İtaliya mətbuatında “Qarabağ”la bağlı yazıların yazılmasına şərait yaratdı. Bunun da hansı əhəmiyyətə malik olduğu məlumdur. Xarici mediada Azərbaycanla bağlı bir yazının dərc olunmasının hansı çətinliklərlə başa gəldiyi və nə qədər əhəmiyyətli olması hamımıza bəllidir.
Qeyd edək ki, Ağdam klubunun son turda “İnter”lə oyun zamanı “Qarabağ”a edilən haqsızlıq belə “Qarabağı” növbəti mərhələdən etsə də ölkəmiz üçün xeyirsiz də olmadı.
Bu oyun zamanı “hakim səhvi” Türkiyə ilə yanaşı, Avropa mediasında da bomba kimi partladı. Bütün dünyanın öndə gedən idman saytları Azərbaycan klubundan yazdılar. Bunlara misal olaraq İspaniyanın “Marca” və İtaliyanın “La Gazzetta dello Sport” kimi nəşrlərini göstərə bilərik. Bunlar o nəşrlərdir ki, Cənubi Amerikadan Avropaya qədər bütün dünyanın mətbuat orqanları bu nəşrlərə istinad edirlər. Bu isə yüz milyonlarla dəyəri olan təbliğat deməkdir. Bütün bunlara görə isə bizə “Qarabağ”a təşəkkür etmək və uğurlar arzulamaq qalır…
Əli Zülfüqaroğlu