1992-ci il fevralın 17-də erməni millətçiləri keçmış sovet ordusunun 366-cı motoatıcı alayının köməyi, Ermənistanın silahlı qüvvələrinin və erməni terror təşkilatlarının iştirakı ilə Xocavənd rayonunun Qaradağlı kəndində dəhşətli soyqırım törətmişlər.
Ancaq Qradağlının qara günləri hələ bir qədər əvvəl başlamışdı.
1990-cı il noyabrın 24-də 3 nəfər Qaradağlı kənd sakini Xocavənd-Xankəndi yolunun 6 kilometrliyində ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirildi. 1991-ci ildən Qarabağın dağlıq hissəsində baş verən hadisələrin gərginliyi get-gedə artırdı. Artıq baş verən hadisələr böyük fəlakətin yaxınlaşmasından xəbər verirdi.
1991-ci il yanvarın 9-da kəndə gələn UAZ markalı avtomaşın ermənilər tərəfindən atəşə tutuldu, 1 nəfər öldürüldü, 4 nəfər yaralandı, sonradan onlardan 2-si aldığı yaralardan dünyasını dəyişdi. Daha sonra ermənilər martın 8-də kəndin yaxınlığında 2 nəfəri vəhşicəsinə qətlə yetirdilər.
1991-ci il iyunun 27-28-də Xocavənd rayonunda ermənilərin “Qarabağ” terror təşkilatının üzvləri Qaradağlı kəndinə hücum edərək Vərəndəli fermasında 6 nəfər kənd sakinini (3 nəfər qadın olmaqla) diri-diri yandırmışdılar. Bunun ardınca isə, sentyabrın 8-də ermənilər Qaradağlı kəndində 3 nəfər kənd sakininin üzərinə dizel yanacağı tökərək yandırmış, 2 nəfərin isə başını kəsmişlər. Elə həmin gün “Ağdam-Qaradağlı” marşrutu ilə işləyən avtobusun ermənilər tərəfindən atəşə tutulması nəticəsində 8 nəfər həlak olmuş, 42 nəfər yaralanmışdı. Ümumilikdə, 1991-ci ilin iyun-dekabr aylarında erməni silahlı qüvvələrinin Ağdam-Xocavənd və Ağdam-Qaradağlı avtobuslarının erməni silahlı qüvvələri tərəfindən atəşə tutulması nəticəsində 17 nəfər həlak oldu, 90 nəfərə qədər azərbaycanlı yaralanmışdı.
1992-ci ilin əvvəllərində ermənilər daha dəhşətli cinayətlər törətdilər. Bu qanlı hadisələr Xankəndində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı və 81-ci alayının iştirakı ilə həyata keçirilmişdi. Fevralın 13-17-də erməni silahlı dəstələrinin Xocavənd rayonunun Qaradağlı kəndinə silahlı hücumu zamanı 118 nəfər (uşaq, qadın, qoca) əsir götürülmüş, Kəndin Bəylik bağı adlanan yerində 33 nəfər ermənilər tərəfindən güllələnmiş, eyni zamanda öldürülən və yaralı halda olanları bir yerdə təsərrüfat quyusuna tökərək basdırmışlar.
Əsirlərin bir hissəsi Qaradağlı-Xankəndi yolu üzərində yerləşən erməni kəndlərində maşınlardan düşürüldü və hamının gözü qarşısında güllələndi. İki nəfər Zəki bulağında, 2 nəfər Cəmiyyət kəndində öldürüldü. Əsirlikdə olan 68 nəfər kənd sakininə ermənilər əzab və işgəncələr verərək onları amansızlıqla qətlə yetirdilər. Dörd nəfər müxtəlif dövrlərdə şəhid oldu. Beş nəfərin taleyi bu günə qədər məlum deyil. Xankəndi və Əsgəranda 2 aydan artıq saxlanılan 54 nəfərdən 18-i əsirlikdən qayıtdıqdan sonra ermənilərin verdikləri ağır işgəncə və əzabların nəticəsi olaraq vəfat etdi. Əsrlikdə saxlanılanlara qarşı vəhşi, vandalizm hərəkətləri ilə davranılması, insanların başlarının kəsilməsi, diri-diri basdırılması, dişlərinin zorla çıxardılması, ac-susuz saxlanılması, işgəncə verilərək öldürülməsi insanlığa qarşı törədilmiş ən ağır cinayət hadisəsi idi. Qaradağlı kəndində 2 ailənin hər birindən 4 nəfər öldürülmüş, 42 ailə öz başçısını itirmiş, 140-a yaxın uşaq yetim qalmışdır. Ümumilikdə, əhalisi ermənilər tərəfindən əsl soyqırıma məruz qalmış bu kənddə 91 nəfər, yəni kənd sakinlərinin hər 10 nəfərindən biri qətlə yetirilmişdir. Öldürülənlərdən 21 nəfəri ahıl və qocalar, 10 nəfəri qadın, 8 nəfəri məktəbli olmuşdur.
Kənddə olan 104 sakin və 14 əsgər sonuncu gülləyə qədər 4 gün düşmənlə mübarizə apardı. Qeyri-bərabər döyüşlərdə biri qadın olmaqla 14 nəfər həlak oldu. Kəndin 800 nəfərə yaxın sakini məcburi köçkün düşdü. İşğal nəticəsində Qaradağlıda 200 yaşayış evi, 1 mədəniyyət evi, 320 yerlik orta məktəb, 25 çarpayılıq xəstəxana binası və çoxlu sayda digər sosial obyektlər dağıdılmışdır.
Qeyd etmək vacibdir ki, Xocavənd rayonunun ən çox itki verən və böyük döyüş yolu keçən kəndlərindən biri məhz Qaradağlıdır. Bütövlükdə 20-yə yaxın erməni kəndinin əhatəsində olan Qarabağlı kəndi Xankəndi yolunun üstündə yerləşirdi. 1988-1992-ci illərdə erməni silahlı dəstələri bu yoldan keçməyə cürət etməyərək digər erməni kəndlərindən keçib getməli olurdular. Vətəni kömək olmadan müdafiə edən qaradağlılar doğma yudun hər daşı, hər qayası uğrunda sonadək mübarizə apardılar.
Qaradağlıda və Yuxarı Qarabağın digər yaşayış məntəqələrində erməni vandallarının törətdikləri soyqırım və dağıntılar xalqımızın qan yaddaşına əbədi yazılaraq hər bir azərbaycanlı tərəfindən heç vaxt unudulmamalı, haqq mübarizəmizdə bizdə vətənpərvərlik ruhunu daim yüksəltməyə və vətən yolunda qeyri-bərabər döuüşlərdə şəhid olaları hər zaman qəhrəman kimi xatırlamağa səsləyir.
Elçin Əhmədov
Strategiya.az