“1905.az” portalı və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının birgə təşkil etdiyi “Diskussiya klubu“nda bu dəfə “Qaradağlıdan Xocalıya” mövzusunu müzakirə etdik. Müzakirələrdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının üzvü Xanhüseyn Kazımlı, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov, “Azərnyus” qəzetinin baş redaktoru, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının üzvü Sevil Mikayılova, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının əməkdaşı Nailə Dadaşova, AVCİYA-nın ekspertləri – siyasi elmlər doktoru, professor Ramiz Sevdimalıyev, pedaqoji elmlər üzrə fəlsəfə doktoru Dəyanət Musayev iştirak edirdi.
Fuad Babayev: Diskussiya klubunda bu gün “Qaradağlıdan Xocalıya” mövzusunu müzakirə edəcəyik. İstərdim bu mövzuda ilk sözü Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Eldar Səmədova verim. Buyurun, Eldar müəllim.
Eldar Səmədov: Sağ olun. Azərbaycan xalqı 200 ildən artıq bir dövrdə ermənilər tərəfindən təcavüzə məruz qalıb. Bu baxımdan 1992-ci ilin fevral ayında baş vermiş qanlı hadisələr də istisna təşkil etmir. Biz bu tarixi unutmamalı və həmişəlik yaddaşımıza həkk etməliyik. Bu tədbirin də adını təsadüfən “Qaradağlıdan Xocalıya” qoymadıq. Xocalıda bir xalqa, bir etnik qrupa, bir millətə qarşı beynəlxalq sənədlərdə də təsbit edildiyi kimi soyqırım törədilib. Amma Xocalıdan əvvəl baş verən hadisələri də unutmamalı və dərindən təhlil etməliyik. Ona görə də bu kontekstdə fikir və düşüncələrimizi alimlər, ziyalılar, jurnalistlərlə bölüşmək istədik. 17 fevral 1992-ci ildə Xocavənd rayonunun Qaradağlı kəndində böyük bir faciə baş vermiş, böyük qətliam törədilmişdi. Bu qətliam əvvəlkilərdən onunla fərqlənirdi ki, onun sonunda ermənilər Xocalını bir məqsəd kimi qoymuşdular. Həmin dövrdə Qaradağlı kəndi ondan artıq erməni yaşayış məntəqəsinin arasında qalmışdı. Məlum hadisələr başlayandan bu kəndin heç bir yerə çıxışı yox idi. Biz Qaradağlı sakinləri ilə söhbətlərimizi sənədləşdirmişik. Hələ 1987-1988-ci illərdə Qaradağlı kəndində bir neçə terror hadisəsi baş verib. Məsələn, kəndə gələn mebel maşınının partladılması nəticəsində bir neçə nəfərin öldürülməsi, Qaradağlı yaxınlığınnda fermanın yandırılması və bir neçə nəfərin bu hadisə zamanı yanması və s. Bu baxımdan biz Qaradağlıda baş verənlərə adi hadisə kimi baxmamalıyıq. Qaradağlı hadisələrinə Xocalıya aparan yol kontekstində yanamalıyıq. Qaradağlının işğalında iki erməni terror qruplaşması – “Arabo” və “Aramo” iştirak edib. Bu qrupların başında isə vaxtilə Fransada terror hadisəsi törətmiş ASALA-nın liderlərindən biri Monte Melkonyan dayanmışdı. Melkonyanın bu faciəni törətməsi onun qardaşı Markar Melkonyanın kitabında da öz əksini tapıb. Həmin kitab 2005-ci ildə Nyu-Yorkda işıq üzü görüb. Qaradağlı qətliamı Monte Melkonyanın Qarabağda həyata keçirdiyi ilk əməliyyat idi. Bu əməliyyat ona Ermənistanın indiki prezidenti Serj Sarkisyan tərəfindən tapşırılmışdı. Melkonyanın ikinci işi isə Xocalıda olmuşdu. Adını çəkdiyim terrorçu dəstələrinə 366-cı alay da dəstək vermişdi. Faktlar sübut edir ki, Melkonyan Qaradağlı hadisələrindən sonra Xocalı ətrafında kəşfiyyat işləri ilə şəxsən məşğul olub və hansı qrupun haradan Xocalıya daxil olacağını müəyyən edib. Əlbəttə, adlarını sadaladıqlarımla yanaşı Xocalı soyqırımında digər erməni terror təşkilatları da iştirak edib. Və həm Qaradağlı, həm də Xocalı hadisələrinin baş verməsində erməni terror qruplaşmaları əsas rol oynayıb. Onlar bu faciələr zamanı dinc əhalinin tamamilə məhv olunmasına diqqət yönəldiblər. Dövlət Komissiyası bu hadisəni də ətraflı araşdırılıb. Məlumat üçün bildirim ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarlarla əlaqədar Dövlət Komissiyası 1993-cü ildə yaradılıb. Məqsəd yaranmış humanitar fəlakətin qarşısının alınması idi. 1988-ci ildən Dağlıq Qarabağda və ətraf rayonlarda baş verən hadisələr, Ermənistanda azərbaycanlılara qarşı törədilən vəhşiliklər belə bir qurumun yaradılması zərurətini meydana çıxarmışdı. Baxmayaraq ki, Azərbaycan yenicə müstəqilliyini elan etmişdi, iqtisadi əlaqələr dağılmışdı, ictimai sistem çökmüşdü, bununla belə Azərbaycan dövləti belə bir Dövlət Komissiyasını yaratmaq üçün özündə güc tapdı. Komissiya dərhal itkin düşənlərin axtarışına, əsir və girov götürülənlərin azad olunması üçün fəaliyyətə başladı. Düşünürəm ki, 25 illik fəaliyyətimizdə bu işin öhdəsindən müəyyən mənada gələ bilmişik də. Amma hələ də qarşıda görüləcək çox böyük işlər var. Yadımdadır ki, biz Qaradağlı əhalisi ilə bir-bir görüşüb, onlarla söhbət etmişik, foto, video və digər materiallar toplamışıq.
Xanhüseyn Kazımlı: Bu söhbətlərə qulaq asdıqca və bu kitablara baxdıqca məni qəhər boğur. Eldar müəllim yaxşı danışdı, bizə qarşı hiyləgər planlar dəfələrlə qurulub. Biz sanki bu planlarla barışmışıq. Mən öncə bu tədbirin təşkilatçılarına öz minnətdarlığımı bildirirəm. Bu hadisələri yalnız əlamətdar günlərdə xatırlamaq düzgün deyil, bunlar daim yadda olmalıdır. Bizim Cəmilli, Malıbəyli, Qaradağlı, Xocalı boyda dərdlərimiz var. Eldar müəllim bir neçə erməni terror qruplaşmalarının adlarını çəkdi. Yalnız 1987-1991-ci illər ərzində 1687 terror hadisəsi olub. Hələ bunlar Qarabağ savaşı başlayanadək olan dövrdür. Məqsəd azərbaycanlılarda xof yaratmaq idi. 1994-cü ilədək davam edən müharibənin aktiv fazası isə bizim hamımızın yadındadır, bunlar anidən baş verməmişdi və kökləri var idi. Mən hələ 7-ci sinifdə oxuyanda Əyyub Abbasovun “Zəngəzur” romanını oxumuşdum. Bakı Dövlət Universitetinin iqtisadiyyat fakültəsində oxuyanda bir gün komendant dedi ki, yataqxanada təmir işləri başlayacaq, 1-2 aylıq qalmağa yer tapın. Biz də başladıq kirayə mənzil axtarmağa. Ostrovski küçəsində bir həyətə gəldik, bir mənzili bizə nişan verdilər. Həmin mənzilin sahibəsi kirayəni ancaq qızlara verə biləcəyini söylədi. Çıxmaq istəyəndə gördüm ki, divardan bir şəkil asılıb. Soruşdum ki, bu, Əyyub Abbasovun şəkli deyilmi? Qadın təəccüblə soruşdu ki, hardan tanıyırsan? Cavab verdim ki, mən onun “Zəngəzur” romanını oxumuşam. Qadın ah çəkdi: “Ay oğul, o romana görə yazıq Əyyubun başı nələr çəkmədi? Senzura romanı dörd dəfə dəyişdirdi ki, bir az da yumşaltsın”. Bizim millətimizdə vətənpərvər insanlar çoxdur. Moskvada aspiranturada oxuyanda bir kitab mağazasına girmişdim, Əyyub Abbasovun bu romanını rus dilində də gördüm. Çox təəccübləndim, sonra öyrəndim ki, o vaxt Azərbaycan Ali Soveti Rəyasət Heyətinin sədri Mirzə İbrahimov bu kitabın Moskvada çap olunmasını plana salıb. Biz indi cənab Prezidentin tapşırığına əsasən, Ermənistanın təcavüzü nəticəsində ölkəmizə dəyən zərərin qiymətləndirilməsi işini həyata keçiririk. Bu işə beynəlxalq təşkilatları da cəlb etmişik. Qarabağ çox zəngin diyardır. Daş kömürdən tutmuş qızıla kimi orada hər şey var. Zəngilanda, Cəbrayılda min yaşlı çinar, şam ağacları var. Bu ağacları heç bir məbləğə yetişdirmək mümkün deyil. Bunlar böyük təbiət abidələridir. Ermənilər bütün bunları qırıb aparıblar, talan ediblər. 536 km dövlət sərhədimiz nəzarətsizdir. Ayın 22-də “Hilton” otelində keçiriləcək və beynəlxalq təşkilatların nümayəndələri də iştirak edəcək mötəbər tədbirdə biz dərdlərimizi səsləndirməliyik. Şəhidlər xiyabanındakı qurbanlarımızı onlara göstərməliyik. Amma iş bununla bitmir, biz qisas almalıyıq. Ermənistan dövləti bizim 1918-ci ildə onlara verdiyimiz 9 min km² ərazidə yaranıb. Düşmən məqamdan istifadə edib. Və bu zaman bir daha torpaq iddiasına düşməyəcəklərini vəd ediblər. Lakin cəmi 15 gün sonra yenidən ərazi iddialarına başlayıblar. Vaxtilə Azərbaycan ərazisinə köçürülən ermənilərin hamısı gözəl mənzərəli, büllur bulaqlı, gümü çaylı kəndlərdə yerləşdiriliblər. Amma Ermənistandan sovet hökumətinin köçürdüyü azərbaycanlılar ilan mələyən düzlərdə məskunlaşdırılıblar. Lakin bütün çətinliklərə rəğmən biz öz mənəviyyatımızı qorumalı, ölkə rəhbərinin ətrafında birləşməklə düşmənə qarşı mübarizə aparmalıyıq.
Fuad Babayev: Mən kiçik bir xatırlatma etmək istəyirəm. Mənim yanımdakı bu kitablar Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının 10 il bundan əvvəl, müdhiş Xocalı soyqırımının 15 illiyi ərəfəsində topladığı 1 milyon Azərbaycan vətəndaşının imzalarıdır. Xocalı faciəsinin soyqırımı kimi tanınmasını tələb edən bu imzalar 16 cilddə toplanıb və düşünürəm ki, böyük bir abidədir. Sözü də elə AVCİYA-nın eksperti siyasi elmlər doktoru, professor Ramiz Sevdimalıyevə verirəm.
Xanhüseyn Kazımlı: Ramiz müəllimlə biz kitablarından da tanışıq. Mən Sizin beynəlxalq münasibətlərə dair kitablarınızı oxumuşam.
Ramiz Sevdimalıyev: Çox sağ olun, minnətdaram. Xanhüseyn müəllimə və Eldar müəllimə çıxışlarına görə təşəkkürümü bildirirəm. Qarabağ hadisələrindən, “erməni məsələsi”ndən danışmaq çox ağırdır. Bunlar haqqında danışmaq üzərimizə həm də böyük məsuliyyət qoyur. Çalışmalıyıq ki, təqdim etdiyimiz faktlarda, arqumentlərdə, təhlillərimizdə dürüst olaq, hadisələri düzgün qiymətləndirək. Belə olduğu halda, ictimai fikir vahid formada formalaşar, dünya ictimaiyyətinin də rəğbətini bu cür qazana bilərik. Yalnız bu cür onları gətirdiyimiz faktlara inandıra və ədalətin bərqərar olmasına nail ola bilərik. Ona görə də mən Dağlıq Qarabağdan, özəlliklə Xocalı faciəsindən danışanda azərbaycanlılara qarşı hansı birləşmələrin vuruşmasını qeyd etməkdən başlayıram. Biz bunu dəqiq və sistemli şəkildə bilməliyik. Və bu qüvvələr necə idarə olunurdu, vahid mərkəz var idimi? Bayaq Eldar müəllim qeyd etdi, mən onu tamamlamaq istəyirəm. Azərbaycan xalqına qarşı vuruşan qüvvələr aşağıdakılar idi: Ermənistanın silahlı qüvvələri, Dağlıq Qarabağda yaradılmış qeyri-qanuni silahlı birləşmələr, SSRİ-dən qalma silahlı birləşmələr, həm fiziki, həm də texnika baxımından. Texnikanı bəzən ermənilərə icarəyə verirdilər. Amma Dağlıq Qarabağda fiziki heyət də iştirak edib. Nəhayət, dördüncü qüvvə Eldar müəllimin də qeyd etdiyi, dünyada cinayətlər törədən, beynəlxalq axtarışda olan, müxtəlif müddətlərdə həbsdə olan və müəyyən yollarla Ermənistana gələn beynəlxalq terrorçular. Həmin şəxslər Ermənistanın yüksək rəhbərliyi ilə görüşəndən sonra Dağlıq Qarabağa gəlmiş və vuruşmuşdular. Bu dörd birləşmə Azərbaycana qarşı vuruşurdu. Bəs bunlar vahid mərkəzdən idarə edilirdimiz? Bəli, onlara rəhbərliyi məhz Ermənistan Müdafiə Nazirliyi həyata keçirirdi. Bütün əməliyyatlara Ermənistan Müdafiə Nazirliyi rəhbərlik edirdi, nazir isə Vazgen Sarkisyan idi. Bu məqam bizə imkan verir söyləyək ki, Dağlıq Qarabağda törədilmiş bütün cinayətlərə görə məsuliyyəti Ermənistan dövləti daşıyır. Biz insanlığa qarşı cinayətlərdən, soyqırım cinayətindən, müharibə cinayətlərindən, silahlı təcavüzdən danışırıqsa, onda obyektlərdən və subyektlərdən danışmalıyıq. Bütün bu cinayətlərin arxasında duran və onu idarə edən Ermənistan dövləti idi. Xocalıda baş verən hadisələrin mahiyyəti ilə bağlı çox danışılıb. Silahlı təcavüzə görə, Ermənistan dövləti yalnız Azərbaycan qarşısında deyil, bütün dünya birliyi qarşısında beynəlxalq-hüquqi məsuliyyət daşıyır. Buna görə də Xanhüseyn müəllimgilin hesablayıb, müəyyənləşdirdiyi məbləği Ermənistandan tələb etmək mümkün olacaq. Ermənistan tək Xocalıda, Qaradağlıda deyil, bütün yaşayış məntəqələrində insanlığa qarşı çox böyük cinayət törədib. Müharibə cinayəti törədilib, yəni müharibə aparmağın qaydaları pozulub. Hüquqda törədilmiş cinayətin müddəti məsələsi var. Müəyyən müddətdən sonra törədilən cinayətin əhəmiyyəti itir. Amma bu sadalanan cinayətlər xüsusi kateqoriyaya aiddir və onların müddəti yoxdur. Adlarını çəkdiyim qüvvələrin Ermənistan Müdafiə Naziriyi tərəfindən idarə olunmasına dair çoxsaylı faktlar, dəlillər var. Biz bu faktları, dəlilləri gətirəndə sözsüz ki, ermənilərin öz mənbələrindən də istifadə etməliyik. Bu baxımdan Markar Melkonyanın yazdığı kitab çox vacib mənbədir. Orada insanlığa qarşı cinayəti göstərən yaxşı sübutlar var. Monte Melkonyan Parisdə həbsdən çıxandan sonra müxtəlif yollarla Ermənistana gəlib. Ermənistanda, Dilicanda hökumət sanatoriyasında istirahət edib və orada prezident Ter-Petrosyanla görüşüb. 1992-ci il fevralın 4-də Monte Melkonyanı 17 nəfərlə birgə “Erebuni” aeroportundan helikopterlə Dağlıq Qarabağa göndəriblər. “Erebuni” aeroportunda Melkonyan telefona çağırılıb və Vazgen Sarkisyanla danışıb. Vazgen Sarkisyan ona deyib ki, Dağlıq Qarabağa elə-belə göndərilmir, onu Xocavənd (Martuni) istiqamətində hərbi qüvvələrin qərargah rəisi təyin edir. Yəni Monte Melkonyan Ermənistan tərəfindən Martuni istiqamətində hərbi qüvvələrin qərargah rəisi kimi göndərilib. Bəs Melkonyanla gələn 17 nəfər kim idi? Bir nəfər ətraf mühit üzrə mütəxəssis olub. Hərbi hissələrdə ətraf mühit üzrə mütəxəssis yalnız öldürmək və bütün izləri silməklə məşğul idi. 4-5 nəfər Artaşes rayonundan olan başkəsənlər idi. Bunlardan da biri “keçəl Sergey” ləqəbli “akula gözlü” (Markar Melkonyan belə təsvir edir) bir nəfər imiş. Markar Melkonyan görün kitabın bir hissəsində “keçəl Sergey”i necə təsvir edir? Yeri gəlmişkən, bu, ermənilərin əsil mahiyyətini tam çılpaqlığı ilə ortaya qoyur. Yazır ki, “keçəl Sergey” 1990-cı ilin noyabrında Ermənistanın Azərbaycanla sərhədində Səid adlı bir nəfəri əsir götürüb. Onu İrəvana aparıb və bir aydan artıq zəncirdə saxlayıb. Yeni il ərəfəsində isə bir dostu və polis işçisi ilə birgə İrəvan ətrafındakı qəbiristanlığa aparıb. Təpiklə vurub, yerə yıxandan sonra kor bıçaqla onun başını kəsməyə başlayıb. Yazır ki, əvvəlcə Səid uzun müddət qışqırıb, sonra isə bu qışqırıq iniltiyə keçib. Elə bir dəhşətli mənzərə alınıb ki, “keçəl Srgey”in dostu dözə bilməyərək, bıçağını çıxarıb, Səidin ürəyinə vurub. Bu, ermənilərin xislətidir. 1918-ci il hadisələri zamanı biz ermənilərin Nic kəndində bir çoxuşaqlı ananın uşaqlarının bəbəklərini çıxarıb, boyunbağı kimi boynuna asdıqlarını bilirik, Xocalıda qadınların qarnını yarıb, ora həyat yoldaşının kəsilmiş başının qoyulması haqqında faktlar da bizə məlumdur. Onlar insanlıq ölçülərini itiriblər. Qaradağlı ilə bağlı Eldar müəllim maraqlı məqamlara toxundu. Qaradağlı hadisəsi fevralın 16-da baş verməli idi. Sadəcə olaraq həmin gün Monte Melkonyanı Xankəndinə, qərargah rəislərinin toplantısına çağırıblar. Xankəndinə getdiyindən, Qaradağlıya hücum o biri günə qalır. Dağlıq Qarabağa gəldiyi gündən Melkonyan Qaradağlı və Xocalı ətrafında çoxlu kəşfiyyat aparıb. Hansı istiqamətlərdən və necə girməyi müəyyənləşdirib. Qaradağlı Xocavənddən Xankəndinə gedən yolun üstündə yerləşir. Qaradağlı böyük kənddir və 2 minədək əhalisi olub.
Xanhüseyn Kazımlı: Böyük kənddir, vaxtilə həmin kənddə olmuşam.
Ramiz Sevdimalıyev: Əhalisi də yaxşı yaşayıb. “Arabo”, “Aramo” dəstələri, Melkonyanın dəstəsi də “vətənpərvərlər dəstəsi” adlanırdı. Bu dəstələr dəfələrlə Qaradağlıya hücum ediblər. Amma kəndin müdafiəçilərinə bata bilməyib, geri çəkilməli olublar. Qaradağlı işğal olunanda 47 nəfəri əsir kimi Xankəndinə göndəriblər, 38 nəfəri “Arabo” və “Aramo” dəstələri güllələyərək xəndəyə töküblər. İçlərində olan Azərbaycan əsgəri formasında olanların üstünə neft tökərək, diri-diri yandırıblar. Bir nəfər əli bintli azərbaycanlı qumbara çıxarıb, ermənilərin üstünə atıb. Markar Melkonyan bunu da təsvir edib. Həmin gün Qaradağlıda 53 azərbaycanlı qəddarlıqla öldürülüb. Yazır ki, ermənilərdən 3 nəfər öldürülüb. Həmin kitabda Xocalı ilə də bağlı vacib məqamlar var. Mənim üçün ən vacibi odur ki, orada 2 min yaraqlının eyni anda Xocalıya hücum etdiyi etiraf olunur. Etiraf edir ki, Xocalı hər tərəfdən əhatəyə alənmışdı və hücum üç tərəfdən edilib. Bir istiqamət – Xocalıdan dağla Ağdama gedən istiqamət açıq saxlanılıb, amma həmin təpələrdə də ermənilər pusqu qurub, xocalıları gözləyiblər. Bunların hamısı ermənilər tərəfindən etiraf olunub. Və yazır ki, orada insanlara divan tutmağa başlayıblar. Erməni tərəfi bu divanı kütləvi qırğın adlandırır. Bu, bizim üçün vacibdir və bundan istifadə etməliyik. Çünki biz beynəlxalq aləmə tanıtmaq istəyirik ki, Xocalıda qısa müddət ərzində etnik mənsubiyyətinə, azərbaycanlı olduqlarına görə onların məhv olunmasına yönəlmiş məqsədyönlülüklə, planlı şəkildə aksiya keçirilib. Doğrudan da bunlar çox dəhşətli cinayətlərdir. Bu cinayətlərdə soyqırım əlamətləri birmənalıdır. Əhali etnik azərbaycanlı olduğuna görə məhv edilib. İkincisi, həm Qaradağlı, həm də Xocalı Dağlıq Qarabağın çox vacib strateji yaşayış məntəqələri olub. Fikir verin, Xocalı Dağlıq Qarabağda Şuşadan sonra azərbaycanlıların ən çox yaşadıqları ikinci böyük yaşayış məntəqəsi idi. Xocalıdan sonra Şuşa gəldi. Bundan sonra döyüş əməliyyatları Dağlıq Qarabağın keçmiş inzibati ərazisindən kənara çıxdı. Xocalının işğalı ilə ermənilər Xankəndindən həm şərq, həm də şimal istiqamətində strateji nəqliyyat dəhlizlərini, hava məkanını əla alırdı. Ən vacib məqsədlərdən biri də azərbaycanlı əhalidə xof yaratmaq idi. Serj Sarkisyan bunu Tomas de Vaalın “Qara Bağ” kitabında da etiraf edirdi ki, “Xocalıya qədər azərbaycanlılar bizim mülki əhaliyə hücum edəcəyimizə inanmırdılar. Biz bu stereotipləri sındırdıq.” Bu cinayətlərin kökündə azərbaycanlıları qırmaq məqsədi dayanırdı. Bilməliyik ki, kütləvi qırğınla soyqırım arasında ciddi hüquqi fərqlər var. Soyqırımda say çoxluğu vacib deyil. Etnik mənsubiyyət, məqsədyönlülük, yeni nəsil meydana gəlməsinin qarşısının alınması, psixi zədələr vurmaq və s. əlamətlər var. Kütləvi qırğın isə məqsədyönlü ola və olmaya bilər. Bizim həm danışıqlarımızda, həm də araşdırmalarımızda bu məqamlar öz əksini tapmalıdır. Qarşımızda duran ən əsas məqsədlərdən biri Dağlıq Qarabağda gedən hadisələrin hüquqi müstəvidə Ermənistan tərəfindən törədilən cinayət kimi tanıdılmasına nail olmaqdır. Beynəlxalq tribunalın təsis olunmasına çalışmalıyıq. Müxtəlif dövlətlərin parlamentlərində, beynəlxalq təşkilatlarda bu hadisəyə siyasi qiymət verilməlidir. Leyla xanım Əliyevanın “Xocalıya ədalət” kampaniyası buna nail olmağa çalışır və bu, çox gözəldir. Biz həm də cinayətkarların mühakimə olunmasına nail olmalıyıq. Bunun da yolu yalnız tribunaldan keçir. Allah şəhidlərimizə rəhmət eləsin. Düşmən öz məkrli işlərinə davam edir. Amma bizim gec-tez qisas alacağımıza və öz torpaqlarımızı düşməndən təmizləyəcəyimizə mən inanıram. Bu tədbirin təşkilatçılarına minnətdarlığımı bildirirəm.
Fuad Babayev: Minnətdaram Ramiz müəllim. Düşünürəm ki, Nailə xanımı dinləməliyik. Buyurun, Nailə xanım.
Nailə Dadaşova: Mən rəqəmlərdən danışmaq istəyirəm. Statistik göstəriciləri səsləndirəcəyəm. Bizdə ümumi itkin düşənlərin sayı 3868 nəfərdir. Onlardan 870 nəfəri barəsində bizdə məlumat var. Nəşr etdiyimiz kitablarda da bu barədə məlumat verilib. 26 nəfər Qaradağlı faciəsi zamanı itkin düşənlərdir. 1437 nəfər əsirlikdən azad olunub. Bunlardan da 50 nəfəri Qaradağlı sakinidir. Bu çox dəhşətli bir faciədir. Elə əsir və itkin düşənlərin qohumalarının yazdıqları ərizələri, bildirişləri, əsirlikdən qayıdan insanların izahatlarını, ifadələrini oxuduqca buna bir daha əmin olursan. Sanki bu müharibəyə o adamların gözü ilə də nəzər salırsan. 70 yaşlı bir ata itkin düşmüş oğlunu axtaranda, ikinci oğlunu da itirib. Bu dəhşətləri görən oğulun ürəyi dözmür, partlayır. Dünya bizim insanlarımızın hansı yollardan keçdiyini bilməlidir. Bir itkin düşmüş insanın ailəsinin taleyini izləməklə, faciəli əsər yazmaq olar. Bu insan ailəsilə birlikdə Xankəndində rahat yaşayırdı. 1988-ci ildə Xankəndindən qovulub, Xocalıda məskunlaşıblar. Yeni ev tikiblər. 1992-ci ildə oradan da qovulub, Şuşaya köçüblər. Şuşadan da qovuldular, Ağdama köçüb, məskunlaşıblar və oradan da qovulublar. Ailə sağ-salamat çıxsa da, ailə başçısı girov götürülüb. İndiyə kimi də harada olduğu məlum deyil. Halbuki əmisi oğlu ilə birlikdə girov götürülüb. Ermənilərdən insanların gözü qarşısında girov aparılan 1938-ci il təvəllüdlü – Nəcəfov Əsgər Azad oğlunun taleyi barəsində soruşulanda, cavab vermirlər. Hər bir rəqəmin arxasında insan taleyi dayanır. Bu rəqəmləri deyəndə mən 3 uşağı ilə itkin düşmüş, daha doğrusu, girov götürülümüş Mehriban Hüseynovanı düşünürəm. Girovluqdan qayıdanlar Mehribanı uşaqları ilə birlikdə görüblər. Hətta məlumatımız var ki, uşaqlarından biri əsirlikdə olarkən ölüb. Bu insanın taleyi ilə bağlı soruşanda ermənilər deyirlər ki, xocalıların hamısını Ağdam tərəfə apardıq və oradan buraxdıq. Ya da daha bir dəhşətli fakt. 5 uşaqla girov götürülən ailəni iki yerə bölüblər, ana 3 uşaqla qaytarılıb, ata isə 2 uşaqla saxlanılıb. Ananın, bir çox insanın gözü qarşısında olan bu faktla bağlı ermənilərə sual verəndə, yenə də hamını guya qaytardıqlarını iddia edirlər. Buna görə də çalışırıq ki, bizim bildiklərimizi, başqa insanlar da bilsinlər. Bunlarla bağlı bizim iki kitabımız çapdan çıxıb, orada bu faktlarla əlaqədar məlumatlar var. Yəqin ki, başqa məlumatlar da yeni kitablarımızda olacaq. Bu hadisələr gənclərimizin yaddaşında qalmalıdır. Ən faciəli hadisələr 1992-ci ildə baş verib. Bu yaxınlarda İnternetdə rus jurnalisti Viktoriya İvlevanın müsahibəsi dərc olunmuşdu. Viktoriya İvleva Xocalı faciəsindən bir gün gün sonra Xocalıya girib. İvleva Xocalıda mehseti türklərinin bir dəstəsini görüb. 60-70 nəfər. Çox güman ki, jurnalistlər həmin adamları gördüklərindən, ermənilər onları qaytarmağa məcbur olublar. İvleva bildirir ki, Xocalıya gələn jurnalist və həkimlərin qollarında ağ sarğı olub. İvleva qucağında iki kiçikyaşlı uşaq aparan qadın görüb. İvleva qadına kömək etmək üçün uşaqların birini ondan alıb və nazik odeyalda olan uşağı öz gödəkcəsinə bürüyüb. Bu an ağ sarğını itirib. Onun da Xocalıdan olduğunu güman edən erməni nəzarətçisi İvlevaya avtomatın qundağı ilə möhkəm bir zərbə vurub. İvleva danışır ki, bundan sonra girovluğun nə demək olduğunu anlayıb. Hərdən fikirləşirəm ki, bizim əsirlərimizin əvəzinə amerikalı və ya avropalılar olsaydı, indi bütün dünya bu barədə bağırardı. Bizim insanlar üçün isə bu hadisələri yada salmağın özü mənəvi işgəncədir. Amma bütün bunlara rəğmən, mən çox istərdim ki, onların ifadələri kağız üzərində, kasetdə, diskdə qalsın. Bizdən sonra gələnlərin də nə baş verməsindən xəbərləri olsun. Müharibəyə onların gözləri ilə baxa bilsinlər.
Xanhüseyn Kazımlı: Mənim Nailə xanımın sözlərinə bir əlavəm var. Bir Dürdanə xanım var, onun həyat yoldaşı dözmədi və bu günlərdə rəhmətə getdi. Buzovnada Rabitə Nazirliyinin müəyyənləşdirdiyi binada qalırlar. Ona hələ heç mənzil də verilməyib. Dürdanə xanım 8 gün erməni əsirliyində olub. Onun bu barədə yazdığı kitab Türkiyədə nəşr olunub. Kitabın təqdimatında mən də iştirak etmişəm. Dürdanə xanım indi Azərbaycan dilində də yeni kitab hazırlayır.
Fuad Babayev: Biz də “1905.az” portalı olaraq bu hadisəni ictimailəşdirmək üçün əlimizdən gələni etməyə hazırıq. Elə “Azərnyus” qəzeti də düşünürəm ki, yardımını əsirgəməz. Buyurun, Sevil xanım.
Sevil Mikayılova: Çox təəssüf ki, bu gün tariximizin yada salınması belə əzablı olan bir dönəmini müzakirə edirik. Burada təklif səsləndirildi ki, cinayətkarlar mühakimə olunmalı, beynəlxalq tribunala verilməlidir. Əslində də bizim məqsədimiz elə budur. Bu gün kitablar yazır, araşdırmalar aparırıq. Əsas məqasədimiz erməni vandalizmi, erməni xislətinin, azərbaycanlılara, türklərə qarşı zaman-zaman həyata keçirdikləri cinayətin dünya tərəfindən qəbul edilməsidir. Əgər biz bunun hüquqi cəhətdən tanınmasını istəyiriksə, ilk növbədə ictimaiyyət tərəfindən tanınmasını təmin etməliyik. Biz özümüz də media olaraq insanları buna inandırmalıyıq ki, ermənilər həqiqətən də bu cür cinayət faktları törədiblər. Hazırda bu hadisələrin şahidləri sağdırlar. Biz onların şahid ifadələrinin qeydə alınmasını, bədiiləşdirilməsini təmin etməliyik. İndi Nailə xanım bəzi faktları qeyd etdi. Bir ailənin taleyi böyük bir romanın mövzusu ola bilər. Dünya ictimaiyyətinə bunları göstərmək üçün əlimizdə kifayət qədər resurslar var. Dünya ictimaiyyətinə göstərməliyik ki, Azərbaycanın yalnız bir kəndində belə bir cinayət baş verib. Və bu kənd onlarla kənddən yalnız biridir.
Xanhüseyn Kazımlı: Bizim ən böyük eyibimiz ondadır ki, bir-birimizdən xəbərsiz işlər görürük. Hər birimiz ayrı-ayrılıqda işlər görürük, amma hamının bundan xəbəri yoxdur. Misal üçün mənim “Sodrujestvo”, “Nezavisimaya qazeta”, “Selskaya jizn”də məqalələrim çıxıb. “Tribuna” nəşriyyatının redaktoru mənim məqalələrimi gətirib burada mənə təqdim edir, amma Azərbaycan ictimaiyyətinin bundan xəbəri yoxdur. Elə bura gəlməmişdən öncə mən də burada belə bir ofis olmasından xəbərdar deyildim.
Fuad Babayev: Sağ olsun Eldar müəllim, elə bu tədbir sayəsində də bundan sonra bir-birimizdən xəbərimiz olacaq. Gəlin, AVCİYA-nın eksperti, pedaqoji elmlər üzrə fəlsəfə doktoru Dəyanət Musayevi də dinləyək.
Dəyanət Musayev: Mən əvvəla təşkilatçılara minnətdarlığımı bildirirəm. Xocalı və Qaradağlı faciələrindən danışanda bunlara əlaqəli və rabitəli baxmaq tələb olunur. 1905-07-ci illər, 1918-ci il, 1948-53-cü il hadisələri və nəhayət, 1988-ci ildən sonrakı hadisələrə kompleks şəklində baxılmalıdır. Burada qeyd olundu ki, Xocalı faciəsində əsas məqsədlərdən biri əhalidə xof yaratmaq idi. Müəyyən mənada bu məqsədə nail də oldular. Mən ali məktəb müəlliyəm. Biz bu gün faktlarla Xocalı faciəsi ilə bağlı danışanda nəzərə almalıyıq ki, özümüz də istəmədən bu xofu gənclərə də ötürə bilərik. Ona görə də mən tələbələrimlə danışanda da qeyd edirəm ki, Xocalıdan danışanda milli qəhrəmanlarımızın fəaliyyətini vurğulayın.
Xanhüseyn Kazımlı: Xiyabani deyirdi ki, “Ölümündən qorxmayan millətə ölüm yoxdur”. Yaxud Viktor Hüqo deyirdi: “Dünyanın ən güclü ordusu da böyük ideya qarşısında, əhalinin birliyi qarşısında duruş gətirə bilməz”.
Dəyanət Musayev: İnsanın verib, geri ala bilməyəcəyi şey canıdır. Bu canını fəda edən, şəhidlik zirvəsinə ucalan ölümsüzdür. Bizim Mübariz İbrahimovumuz, Fərid Əhmədovumuz, aprel döyüşlərindəki qəhrəmanlarımız var. Bunlar Azərbaycan tarixinə adlarını qızıl hərflərlə yazdırıblar. Onlarla, yüzlərlə belə gənclərimiz var. Biz onlardan, onların igidliklərindən danışmalıyıq. Tək Mübariz İbrahimov erməni hərbbi hissəsini dağıtdı. İki erməni generalını istefa verməyə məcbur etdi. Yeni anadan olmuş körpənin qulağına ermənilər “türk sənin düşmənindir”, deyirlər. Biz körpələrimizə erməni düşmənimizdir fikrini təlqin etməsək də, 1905-ci ildən üzü bəri məruz qaldığımız soyqırımı barəsində gənclərimizi məlumatlandırmalıyıq. Həm də bu barədə yalnız bizim müəlliflərə deyil, xaricilərə də istinad etməliyik.
Material ilk dəfə 22 fevral 2017-ci ildə dərc edilib