
1980-ci illərin sonlarından etibarən erməni şovinistləri azərbaycanlıları tarixən yaşadıqları ərazilərdən deportasiya etmək, Qarabağı Ermənistana birləşdirmək üçün neçə müddətdir planlaşdırdıqları qanlı ssenariləri həyata keçirməyə, separatçı hərəkatlara, milli zəmində təxribatlara, o cümlədən xalqımıza qarşı soyqırımlarına, kütləvi qətliamlara başladılar. 20 fevral 1988-ci ildə ermənilər azərbaycanlı deputatların iştirakı olmadan Dağlıq Qarabağ Muxtar Vilayətinin İcraiyyə Komitəsinin sessiyasını çağırdılar və bu vilayətin Azərbaycanın tərkibindən çıxıb Ermənistana birləşdirilməsi haqqında qərar qəbul etdilər. Həmin gündən cəmi iki gün sonra – fevralın 22-də erməni millətçiləri Qarabağda ağdamlı gənclər Əli Hacıyev və Bəxtiyar Quliyevi öldürdülər. Bununla da münaqişənin ilk qanını tökdülər və xalqımıza qarşı silsilə cinayət əməllərinə başladılar. Milli kimliyimizə düşmən kəsilərək müxtəlif vaxtlarda Qaradağlıda, Xocalıda, Ballıqayada, Ağdabanda, Başlıbeldə və daha neçə-neçə ərazilərimizdə dinc əhalimizə qarşı qətliamlar törətdilər.
34 il əvvəl, 20 noyabr 1991-ci ildə Xocavənd rayonunun Qarakənd kəndində törədilən terror aktı da erməni faşizminin qanlı əməllərinin davamı idi.
Erməni separatçılarının terrorçu siması
Həmin vaxt Qarakənd kəndi yaxınlığında Mİ-8 N72 hərbi vertolyotunun erməni silahlıları tərəfindən atəşə tutulması nəticəsində heyət üzvləri və sərnişinlərdən ibarət 22 nəfər həlak olub. Həlak olanlar Azərbaycanın dövlət və hökumət nümayəndələri, Rusiya və Qazaxıstandan olan müşahidəçilər – dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri Məhəmməd Əsədov, baş nazirin müavini Zülfi Hacıyev, deputatlar Vaqif Cəfərov və Vəli Məmmədov, Prezidentin İcra Aparatının şöbə müdiri Osman Mirzəyev, nazir müavini Qurban Namazəliyev, DQMV prokuroru İqor Plavski, DQMV Daxili İşlər İdarəsinin rəisi Vladimir Kovalyov, Dağlıq Qarabağ üzrə milli təhlükəsizlik şöbəsinin rəisi Sergey İvanov, fövqəladə vəziyyət rayonunun komendantı Nikolay Æinkin, Qazaxıstan daxili işlər nazirinin müavini Sanlal Serikov, milis general-mayoru Mixail Lukaşov, polkovnik-leytenant Oleq Koçerev, dövlət katibinin köməkçisi Rafiq Məmmədov, telejurnalist Alı Mustafayev, Azərbaycan Televiziyasının işıqçısı Arif Hüseynzadə, videooperator Fəxrəddin Şahbazov, vertolyot heyətinin komandiri Vyaçeslav Kotov, heyət üzvləri Gennadi Domov, Dmitri Yarovenko idi.
Həmin zaman əvvəlcə rəsmi olaraq vertolyotun dumana düşərək qayaya çırpılması ehtimalı irəli sürülsə də, bir neçə gündən sonra onun vurulması faktı təsdiqlənib. Belə ki, Xocavənd rayonunun Qarakənd kəndində hadisə yerinə baxış keçirilib, vertolyotun güllə deşmiş qırıqları və sair aşkar edilib.
Erməni separatçılarının terrorçu mahiyyətlərini bir daha danılmaz şəkildə ortaya qoyan bu cinayət faktı ilə bağlı 1991-ci ildə Azərbaycanın Hərbi Qarnizon Prokurorluğu tərəfindən cinayət işi açılıb, istintaqın aparılması Respublika Prokurorluğuna verilib. Terror aktının baş verdiyi ərazinin vaxtilə işğal altında olması səbəbindən cinayət işi üzrə istintaq dayandırılıb.
Onların da qisası alındı
Azərbaycan 2023-cü ilin 19-20 sentyabr tarixlərində Qarabağda apardığı ildırım sürətli antiterror tədbirləri ilə erməni separatizminin başını “dəmir yumruq”la əzdi.
Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndidə, Ağdərədə, Xocalıda, Xocavənddə bayrağımızı əbədi ucaltdı. Dövlət suverenliyimiz tam təmin edildi, Konstitusiyamız bütün ərazilərimizdə qüvvəyə mindi. Bununla da ikiəsrlik erməni şovinizminə, dünya erməniçiliyinə bir daha özlərinə gələ bilməyəcəkləri sarsıdıcı zərbə vuruldu, xəstə erməni təfəkkürünün məhsulu olan “miatsum” ideyası birdəfəlik cəhənnəmə göndərildi.
Azərbaycan xalqına qarşı cinayət əməlləri törətmiş erməni hərbi cinayətkarları indi Bakıda ədalət mühakiməsinə çıxarılıblar.
44 günlük Vətən müharibəsi sayəsində işğaldan azad edilən ərazilərimiz minalardan təmizləndikcə, bu yerlərdə kütləvi məzarlıqlar aşkarlanır və Birinci Qarabağ müharibəsi dövründə erməni terrorçularının həyata keçirdikləri qətliamlar üzə çıxır. Kütləvi məzarlıqlar Ermənistanın niyə bu günədək 4 minə yaxın azərbaycanlı itkin barədə məlumat verməkdən yayındığını izah edir.
Ermənistan silahlı qüvvələrinin və qanunsuz silahlı birləşmələrinin apardığı təcavüzkar müharibə nəticəsində Azərbaycanın suveren əraziləri olan 12 şəhər, 18 qəsəbə, 895 kənd, ümumilikdə 925 yaşayış məntəqəsi işğal olundu və uzun illər ərzində işğal altında saxlanıldı. Bununla da ölkəmizə xüsusi və dövlət mülkiyyətində olmuş ümumilikdə 37 min 168 əmlak üzrə 19 milyard manatdan artıq maddi ziyan vuruldu.
Təcavüzkar müharibə gedişində Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı, habelə soyqırımı əlamətləri olmadan əhalinin bütövlükdə və ya qismən məhv edilməsi faktları araşdırılaraq açıqlandı.
Məlum olub ki, Xocalı rayonunun ərazisində yaşayan azərbaycanlı əhalini kütləvi şəkildə milli-etnik mənsubiyyətinə görə bir qrup kimi məhv etmək niyyəti ilə onları öldürmək, sağlamlıqlarına ağır və əqli qabiliyyətlərinə ciddi zərər vurmaq məqsədilə rayona və ətraf yaşayış məntəqələrinə silahlı basqınlar edilib, azərbaycanlıların baş dərisinin soyulması, qulaq, burun, cinsiyyət üzvlərinin kəsilməsi, gözlərinin çıxarılması, diri-diri yandırılması, erməniəsilli şəxslərin qəbirləri üzərində başlarının qurbanlıq kimi kəsilməsi, qadına, qocaya və uşağa da fərq qoymadan qəddarlıqla müxtəlif işgəncələr verilməsi ilə ümumilikdə 613 şəxs qəsdən öldürülüb məhv edilməklə Xocalı soyqırımı törədilib.
1988-2024-cü illərdə Ermənistanın hərbi təcavüzü nəticəsində 18 850 nəfər azərbaycanlı qəsdən öldürülüb. Sözügedən illər ərzində 3493 nəfəri mülki, 15 min 357 nəfəri hərbi qulluqçu həyatını itirib, 4435 nəfəri mülki, 51 min 803 nəfəri hərbi qulluqçu olmaqla, ümumilikdə 56 min 268 şəxsə müxtəlif dərəcəli bədən xəsarətləri yetirilməklə onların qəsdən öldürülmələrinə cəhd edilib.
1988-2023-cü illərdə ermənilər tərəfindən Azərbaycanın Qarabağ bölgəsi və ətraf ərazilərində yüzdən çox fərqli-fərqli işgəncə metodları tətbiq edilməklə 1698 azərbaycanlı girov götürülüb.
Əsir və girov götürülən 1284 dinc sakindən 122-si mülki sakin, əsir götürülmüş 414 nəfər hərbi qulluqçudan isə 48 nəfəri, ümumilikdə 170-i işgəncələr və qeyri-insani rəftar tətbiq edilməklə qəsdən öldürülüb.
Birinci Qarabağ savaşında olduğu kimi, 44 günlük müharibədə də dinc azərbaycanlılar erməni terrorçularının cinayət əməlləri ilə üz-üzə qaldılar. Həmin vaxt Gəncəni, Bərdəni, Tərtəri, Mingəçeviri və digər yaşayış ərazilərimizi raket atəşinə tutan düşmən əlini yenə körpələrimizin, uşaqlarımızın, qadınlarımızın, qocalarımızın qanlarına buladılar.
Azərbaycanın Ermənistan tərəfindən hərbi təcavüzlə üz-üzə qaldığı 1988-ci ildən 2023-cü il sentyabrın 20-nə qədər ötən 35 illik zaman ərzində xalqımız çox faciələrə tuş gəldi. 20 noyabr 1991-ci ildə Qarakənd kəndində ermənilərin törətdiyi terror aktı da qan yaddaşımızdır.
İşğaldan azad edilən torpaqlarımızda, Xocavənddə indi Azərbaycan bayrağı dalğalanır. Bu isə Qarakənd kəndində törədilən faciə zamanı, eləcə də digər ərazilərimizdə vətən torpaqlarımızın bütövlüyü uğrunda qurban gedən oğul və qızlarımızın qisaslarının alındığının göstəricisidir.
Yasəmən MUSAYEVA,
20.11.2025, www.azerbaijan-news.az
















Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO









