Filologiya elmləri doktoru, Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi Raqub Kərimov və yazıçı-publisist Mustafa Çəmənli ilə Qasım bəy Zakir haqqında danışdıq.
Fuad Babayev: Mənim kitabxanamda Qasım bəy Zakir haqqında 1985-ci ildə nəşr olunmuş məqalələr toplusu var. Kitabın tərtibçisi, müqəddimə və izahların müəllifi filologiya elmləri namizədi Dilarə Məmmədova, redaktoru isə AMEA-nın müxbir üzvü Kamal Talıbzadədir. Buradakı məqalələrdən birində Zakirin qəbrinin harada olması araşdırılır.
Mustafa Çəmənli: Azərbaycan ədəbiyyatında haqqını almayan ədiblərdən bəlkə də birincisi elə Qasım bəy Zakirdir.
Fuad Babayev: 1985-ci ildə nəşr olunan bu kitab çox güman ki, Qasım bəy Zakirin 200 illik yubileyinə həsr olunub. Bəs Qasım bəy Zakirin 240 illik yubiley ilində buna bənzər layihələr – yeni nəşrlər, konfranslar həyata keçirilib?
Raqub Kərimov: İlk növbədə onu qeyd etmək istəyirəm ki, həqiqətən də Qasım bəy Zakirə qarşı çox soyuq münasibət var. Firudun bəy Köçərlinin Qasım bəy Zakir haqqında yazdığını heç bir tədqiqatçı yazmayıb. Firudun bəy Köçərlini oxuyanda Zakirin əzəmətini görmək mümkündür. Adam heyrətə gəlir ki, bu böyük sənətları biz niyə layiqincə qiymətləndirmirik. Siz qeyd etdiyiniz kitabın tərtibçisi Dilarə xanım Kamran Məmmədovun (filologiya elmləri doktoru – red.) həyat yoldaşıdır. Bu məqalələr toplusundakı araşdırmalardan biri də Zakirin məzar yerinin müəyyən olunmasına həsr edilib. Zakirin qəbri Xındırıstanda (Ağdam rayonunun ərazisində kənd – red.) olması iddia olunsa da bu öz təsdiqini tapmadı. Zakir Şuşadakı Mirzə Həsən qəbiristanlığında dəfn edilib. Salman Mümtaz da öz əsərlərində yazır kı, Zakirin qəbri Şuşadadır. Vaqifdən sonra Qarabağ xanının vəziri olmuş Mirzə Camalla Qasım bəy Zakirin dəfn olunduğu məkan müqəddəs bir yerdir. Mirzə Camalın tarixçi oğlu Rzaqulu bəy də Salman Mümtaza istinadən yazır ki, Zakirin qəbri Mirzə Camalın məzarının gündoğan tərəfində mühəqqər (bərbad vəziyyətdə – red.) şəkildə dayanıb. Ona görə də Qasım bəy Zakirin qəbirüstü abidəsi Şuşadadır.
Mustafa Çəmənli: Raqub müəllimin sözünün qüvvəti olaraq qeyd edim ki, mən də Zakirin Şuşada dəfn edilməsi fikri ilə razıyam. Çünki oğlanları və qardaşı uşaqları ilə birlikdə Xındırıstandan sürgün edilən Zakir ömrünün son illərini Şuşada yaşayıb. Kamran Məmmədov Zakirin seçilmiş əsərlərini nəşrə hazırladığı dövrdə mən “Yazıçı” nəşriyyatında “Klassik ədəbiyyat və folklor” şöbəsinin müdiri idim. Böyük şairin 1984-cü ildə çap edilmiş seçilmiş əsərlərində sadəcə bu nəşrin Qasım bəy Zakirin 200 illik yubileyinə həsr olunması qeyd edilmişdi. Həmin il mən “Azərbaycan” jurnalının xətti ilə Ağdamda ezamiyyətdə olarkən Zakirin Xındırıstandakı evindən biri ərəb əlifbası, digəri isə rus dilində olan 1904-cü ilə aid 2 daş kitabə tapdım.
Fuad Babayev: Qasım bəy Zakir 1857-ci ildə vəfat edib. Bu kitabə isə 1904-cü ilə aiddir.
Mustafa Çəmənli: Bəli. Buevin ikinci mərtəbəsini Zakirin nəvəsi təxminən 1904-1905-ci illərdə tikdirib. Mən hələ o vaxt yazmışdım ki, bu daş kitabələri Diyarşünaslıq muzeyində saxlamaq lazımdır. “Azərbaycan” jurnalındakı “Yaddaş” adlı yazımda, 2014-cü ildə “525-ci qəzet”də “Satirik şeirimizin bayraqdarı” məqaləmdə Zakirin evinin muzeyə və ya poeziya evinə çevrilməsini təklif etmişdim. Həmin dövrdə bu məsələ ilə bağlı, həm də Zakirin 230 illik yubileyinin ölkə miqyasında qeyd edilməsi üçün Ağdam rayon İcra Hakimiyyətinə və Yazıçılar Birliyinə də rəsmi şəkildə müraciət etdim. Lakin sonradan öyrəndim ki, Zakirin evi qəzalı vəziyyətdə olduğu üçün onu söküb yerində musiqi məktəbi tikiblər.
Fuad Babayev: Bəs daş kitabələrin taleyi necə oldu?
Raqub Kərimov: Onun birini məscidə qoymuşdular.
Mustafa Çəmənli: Məni məyus edən odur ki,Qasım bəyZakirin evi elə də qəzalı vəziyyətdə deyidi, onu təmir etmək olardı.
Fuad Babayev: Artıq 2024-cü il başa çatmaq üzrədir. Qasım bəy Zakirin 240 illik yubiley ilində yeni kitabların nəşri, elmi konfransların həyata keçirilməsi nəzərdə tutulub?
Raqub Kərimov: Hazırda mənim “Qasım bəy Zakir və müasirləri” kitabım çapa hazırdır. Bu monoqrafiya 2012-ci ci ildə nəşr olunmuş kitabın daha təkmil variantıdır. Sadəcə bu kitabı nəşr etmək üçün maliyyə vəsaiti tapılmır. Mənim Zakir haqqında kifayət qədər məqələlərim var, onların da çapı üçün pul lazımdır. Bir daha vurğulamaq istəyirəm ki, Qasım bəy Zakirə olan soyuq münasibət heç bir şairə və yazıçıya qarşı yoxdur.
Fuad Babayev: Qasım bəy Zakirə qarşı xroniki hal almış soyuq münasibətin səbəbi nə ola bilər?
Raqub Kərimov: Səbəb odur ki, Zakirin sağlığında da düşmənləri çox idi. Zakirin sözü qılınc kimi kəsərli idi. Ümimiyyətlə Azərbaycanda satiranın formalaşması birbaşa Zakirin adı ilə bağlıdır.
Təmkin Məmmədli: Demək olar ki, Qasım bəy Zakirə qədər Azərbaycanda satira olmayıb?
Raqub Kərimov: Zakirləeyni dövrdə yaşayan Baba bəy Şakir də satira yazıb. Məhəmməd Füzulinin “Şikayətnamə”si siyasi satira janrının ilk nümunəsi kimi təqdim olunsa da, o əsər satira deyil. İctimai satira XIX əsrin əvvəlində Qarabağ ədəbi mühitində formalaşıb. Qeyd edim ki, ədəbiyyatımızın ikinci qolu olan realizm də Molla Pənah Vaqifin yaradıcılığı əsasında gənc Qarabağ ədəbi mühitində formalaşıb. Sonradan realizm və satira xətti bütün Azərbaycan ədəbiyyatına sirayət edib. Mən bütün bunları fakta əsaslanıb yazıram. Zakir kimi şairin, əzəmətli şəxsiyyətin Şuşada heykəlinin olmaması da məni çox narahat edir.
Təmkin Məmmədli: Bəzən mətbuatda Zakiri Rusiya tərəfində müharibədə iştirak etdiyi üçün qınayanlara da rast gəlirik. Bəs Siz Pənahəli xan Cavanşirin nəslindən olan Qasın bəy Zakirin Rusiya – İran müharibəsində iştirakını necə səciyyələndirirsiniz?
Mustafa Çəmənli: Mən öz məqaləmdə yazmışdım ki,Rus-İran müharibələrində Qasım bəy Zakirin Rus qoşunlarının tərkibində vuruşmasını bağışlaya bilmirəm. Amma eyni zamanda düşünürəm ki, əcəba ikinci dünya müharibəsində bizim ata-babalarımız rus torpaqları uğrunda vuruşmurdular? Amma Zakirin həmin dövrdə gənc yaşda olmasını da nəzərə almaq lazıımdır. Sovet dövrünün orta məktəb dərsliklərində Qasım bəy Zakirə yer ayrılırdı. Zakir öz şeirlərində çar Rusiyasını kəskin tənqid edir.
Raqub Kərimov: Zakiri Rusiyaya yaxınlığına görə qınamaq olmaz. Həmin dövrdə Axundov başda olmaqla bütün ziyalılarımız Rusiyaya yaxınlığı ilə seçilirdi. Biz bugünkü prizmadan tarixə qiymət verə bilmərik. Real şəraiti nəzərə almaq lazımdır. Zakiri hər tərəfdən sıxırdılar. Zakirin satirasından heç kim kənarda qalmadığı üçün hər vasitə ilə onu dolaşdırmaq istəyirdilər. Cəmiyyətdəki bütün naqislikləri tənqid edən Zakir həm də yazırdı ki, “…qüdrəti ali, deyil bu işlərdən bəlkə də hali”. Yəni bu işlərdən imperatorun xəbəri olsaydı, bəlkə bir tədbir görərdi.
Mustafa Çəmənli: Əgər Mirzə Fətəli Axundov canişinin tərcüməçisi olmasaydı, yeri gələndə Qasım bəy Zakirə kömək edə bilməzdi. Raqub müəllim doğru deyir. Biz tarixi şəxsiyyət haqqında fikir bildirərkən mütləq onun yaşadığı dövrü və şəraiti nəzərə almalıyıq.
Fuad Babayev: Bəli. Bu sağlam olmayan təftişçilikdir. Amma hər halda Zakirə qarşı ögey münasibət 1985-ci ildə onun haqqında məqalələr toplusunun nəşrinə mane olmayıb. Raqub müəllimin doktorluq dissertasiyası da Qasım bəy Zakirlə bağlıdır.
Mustafa Çəmənli: Siz qeyd etdiyiniz kitablar artıq öz xidmətini göstərib. Mən hətta Zakirin seçilmiş əsərlərinin nəşrlərində də təhriflərə rast gəlmişəm. Qasım bəy Zakirə çox yüksək qiymət verən Firudin bəy Köçərli öz məqaləsində yazır ki, “…Farsların … Sәdisi vә rusların Puşkini öz ana dillәrinin ustadı vә xaliqi mәnzәlәsindә olduğu kimi, Zakir dә Azәrbaycan türklәrinin ustadi-lisanı olmağa haqlıdır…” Firudin bəy Köçərli Azərbaycan xalqı üçün çox böyük işlər görüb. Amma onun yazdıqlarını bəzən nəinki orta məktəb şagirdləri, heç ali məktəb tələbələri də başa düşmür. Raqub Kərimovun kitabları isə indiki dövrdə hamının anlaya biləcəyi dildə yazılıb. Bu gün Raqub müəllimin “Qasım bəy Zakir və müasirləri” kitabının yenidən nəşrinə böyük ehtiyac var.
Raqub Kərimov: Sovet dövründə nəşr olunan kitablarda alimlərimizin hər şeyi yazmaq imkanları olmayıb. Onların sözləri ürəklərində qalıb.
Fuad Babayev: Senzura və özünüsenzura buna imkan vermirdi.
Raqub Kərimov: Mən öz monoqrafiyamda bəzi yerlərdə Zakiri tənqid də etmişəm. Şairliyindən əlavə Zakir həm də cəsur bir adam olub. Cəfərqulu xan Nəva kimi bir şəxslə qarşı-qarşıya gəlməyin özü də bir cəsarət tələb edirdi.
Təmkin Məmmədli: Zakirin Cəfərqulu xan Nəva ilə ədavətinin səbəbi nə idi?
Raqub Kərimov: Mən məqaləmdə bu məsələlərə aydınlıq gətirmişəm. Cəfərqulu xan NəvaMəhəmmədhəsən xanın oğlu, İbrahim xanın nəvəsi idi. Varisin oğlu idi, yəni Məhəmmədhəsən xandan sonra o gəlməliydi hakimiyyətə. Amma 1805-cı ildə Məhəmmədhəsən xanın vəfat etməsindən sonra İbrahimxəlil xanın ikinci oğlu Mehdiqulu xanı varis elan etməsi Cəfərqulu xanın xoşuna gəlmədi. Cəfərqulu xan Nəva çox cüssəli bir adam olub. Mir Möhsün Nəvvab öz təzkirəsində yazırdı ki, Cəfərqulu xan o qədər iri gövdəli insandır ki, rus atına minəndə ayaqları az qala yerə dəyir. Cəfərqulu xan Nəvanı Qasım bəy Zakirin qanlı düşməni hesab edirdilər. Əslində 1849-cu ilin oktyabr ayına qədər Cəfərqulu xan Nəva ilə Qasım bəy Zakir ən yaxın dost olublar. Mən Zakirlə Cəfərqulu xanın bir-birinə yazdığı şeirlər əsasında bunu sübut etmişəm. Kamran Məmmədov da bu faktı qeyd edir. Onlar arasında ədavətin səbəbi isə Zakirin qardaşı oğlu Behbud bəy olub. Behbud bəy qorodovoyu öldürdükdən sonra qaçaq düşür. Bu hadisədən sonra Zakirin evini yağmalamağa gələnlər arasında Cəfərqulu xan Nəva da olub. Çünki Cəfərqulu xan Nəva hökumət adamları ilə, pristav və qubernatorla oturub-dururdu. Qasım bəy Zakir Axundova şeirində yazırdı:
Kişi yoxdu, baxma çula-çuxaya,
Adam gәrәk dağa-daşa toxuya;
Getmә-getmә – deyib verdi yuxuya
Axırda itirdi Yekәpәr mәni.
Zakir yekəpər deyərkənCəfərqulu xan Nəvanı nəzərdə tutur. Cəfərqulu xan Nəva həqiqətən Qasım bəy Zakirə kömək etmək istəyirdi. Ancaq kömək edə bilmədikdə Zakir ondan inciyir ki, sən nə üçün mənə getmə deyib mane oldun, mən özüm məsələni həll edəcəkdim.
Fuad Babayev: Belə məlum olur ki, Qasım bəy Zakirə qarşı ögey münasibət bu günə kimi davam edir. Mövcud vəziyyəti aradan qaldırmaq üçün biz nə edək?
Raqub Kərimov: Ümumiyyətlə, Zakir kimi bir şəxsiyyəti unutmamaq bütün ziyalıların işi olmalıdır. Amma bizim əlimizdən heç nə gəlmir. Hazırda çapa hazır vəziyyətə olan beş kitabın birini belə nəşr etdirməyə maddi imkanım yoxdur. Ona görə də ilk növbədə həm Mədəniyyət Nazirliyində, həm Yazıçılar Birliyində, ümumiyyətlə əlaqədar təşkilatlarda bu işlə məşğul olan şəxslər öz məsuliyyətlərini dərk etməlidirlər.
Mustafa Çəmənli: Zakirin 240 illik yubileyini respublika səviyyəsində keçirmək artıq gecdir. Bunun üçün işə ən geci yanvar ayında başlamaq lazım idi. Amma mən Axundov adına Azərbaycan Milli Kitabxanasına Zakirin yubileyi ilə əlaqədar stend və biblioqrafiyanın hazırlanması üçün müraciət etmişəm. Bundan başqa Milli Kitabxanada və Yazıçılar Birliyində kütləvi informasiya vasitələrinin iştirakı ilə dəyirmi masa təşkil etmək olar. Raqub müəllimin hazırladığı XIX əsrin Qarabağ antologiyasına 60-a yaxın şairin əsərləri toplanıb. Bu Antologiya ilə “Qasım bəy Zakir və müasirləri” kitablarının nəşri Zakirin 240 illik yubileyinə gözəl hədiyyə olar.
Hazırladı: Təmkin Məmmədli, 1905.az
Söhbət 11 sentyabr 2024-cü ildə baş tutub.