
“Astana Balet” Teatrının səhnəsində Şirvan xalçası haqqında qədim Azərbaycan əfsanəsi əsasında hazırlanmış irihəcmli bədii əsər olan ikipərdəli “İki xalça” baletinin premyerası olub.
AZƏRTAC xəbər verir ki, “Azərxalça” ASC-nin İdarə Heyətinin üzvü, yaradıcı direktor Əsmər Babayeva jurnalistlərə açıqlamasında bildirib ki, səhnədə nümayiş etdirilən zəngin tamaşa Azərbaycan xalçaçılığının qədim ənənələrini, milli dəyərləri özündə əks etdirir: “Bu tamaşa bir neçə ay əvvəl planlaşdırılıb. Bizə təqdim olunan hekayə Azərbaycanın qədim sənətinə – xalçaçılığa həsr olunub. Həmin xalçanın dizaynı təqdim edildi və onun həyata keçirilməsi bizə həvalə olundu. Qısa müddətdə böyük bir komanda ilə bu xalçanı toxumağa başladıq”.
Yaradıcı direktor qeyd edib ki, layihə çərçivəsində həmçinin “Azərxalça”nın zəngin kolleksiyasına daxil olan nadir nümunələr də nümayiş etdirilib: “İstəyirdik ki, Qazaxıstan auditoriyası bizim klassik xalçalarımızı və milli dəyərlərimizi yaxından tanısın. Burada canlı xalça toxuma prosesi də həyata keçirilir və tamaşaçılar bu qədim sənətə böyük maraq göstərirlər”.
Əsmər Babayeva iki fərqli sənət növünün – teatr və ənənəvi sənətkarlığın sintezini yüksək qiymətləndirərək bildirib ki, bu cür layihələr xalqlar arasında mədəni əlaqələrin güclənməsinə xidmət edir: “Bu, çox gözəl bir birgə əməkdaşlıq nümunəsidir. İnanıram ki, bu balet gələcəkdə bütün dünyanı gəzəcək və biz onu Azərbaycanın səhnəsində də görəcəyik”.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana