“Kvartet”də tanınmış politoloqlarımız Tofiq Abbasov və İlqar Vəlizadə ilə söhbətləşdik.
Fuad Babayev: Söhbətimizə Donald Trampın məlum səfəri və “ərəb NATO-su” təklifindən başlayaq. Ümumiyyətlə Qətərlə bağlı baş verənlər və qonşu İranda bu günlərdə yaşananlar Amerika dövlət başçısının səfəri ilə hansı formada əlaqələndirlə bilərmi?
Tofiq Abbasov: Fikrimcə, Amerikanın Yaxın Şərq siyasəti artıq səngiyir. Daha doğrusu, səngiyib. Ona görə də Donald Tramp öz səfəri ilə bildirdi ki, Amerika bu proseslərdən çəkilmir, onlardan təcrid olunmur, amma dərinə də getmək istəmir. Çünki burada təşəbbüskar ərəblər olmalıdır. Müəyyən mənada Amerika onlara dəstək verə bilər, amma əvəzlərinə .heç nə edəsi deyil. Ola bilsin ki, bu, prinsip etibarilə ikibaşlı fikir kimi səslənir. Amma Trampın dediklərinə diqqətlə yanaşsaq, görərik ki, Trampın əsas məqsədi, diqqəti Amerikadaxili proseslərə köklənib.
Fuad Babayev: Elə bu səfərdə Səudiyyə Ərəbistanına 350 milyard dollarlıq silah satılması ilə bağlı anlaşma da görünür, Amerikanın daxili problemlərini çözməyə yönəlib.
Tofiq Abbasov: Sözsüz. Birinci tranş 110 milyard dollar civarında olacaq. Bu həcmdə silah-sursat hələ yoxdur. Onu istehsal etmək lazımdır. Donald Tramp bir növ Amerika iqtisadiyyatına impuls verir, Amerika şirkətlərini hərəkətə gətirmək istəyir. Amma hər şeyi bu səfərlə, pərdəarxası danışıqlarla bağlamaq düz deyil. Artıq bölgə dövlətlərinin öz siyasəti var. Obama dövründə İranın nüvə proqramı ilə bağlı irəliləyiş olan kimi Con Kerri dedi ki, gəlin, dialoqu davam etdirək. Tehran cavab verdi ki, xeyr, artıq bizim sizinlə müzakirə edəcəyimiz söhbətimiz, gündəliyimiz yoxdur, yolumuz bura qədər idi. Bildirdilər ki, onların bölgə siyasətləri var və ondan əl çəkməyəcəklər. Əlbəttə, baş verənlərə Donald Trampın səfərinin, apardığı danışıqların, qəbul olunmuş qərarların bilavasitə aidiyyatı var, amma bunlar daha çox imperativ, direktiv formasında olub. Səudiyyə Ərəbistanına kart-blanş da verilib. Amma mənim subyektiv fikrim belədir ki, Səudiyyə Ərəbistanının diplomatiyası qeyri-səlisdir. Çörçill deyirdi ki, amerikalılar həmişə düzgün qərar qəbul edirlər, amma bütün variantları dişlərinə vurub, səhvləri edəndən sonra. Baxın, Səudiyyə Ərəbistanının indiki siyasəti də həmin cürdür. Balaca Qətər daha çevik, daha ağıllı, daha funksional xətt yürüdür.
Fuad Babayev: Səudiyyə şahzadələrindən biri istehza ilə demişdi ki, o, dövlət deyil, 400 adam və bir telekanaldır.
Tofiq Abbasov: Burada şişirtmə də var və iki dövlət arasında rəqabət də var. Məsələn, Bəhreyn Səudiyyə Ərəbistanının yedəyindən çıxa bilmir. Çıxsa, oradakı rejim devriləcək. Bəhreyn də balacadır, 1 milyon əhalisi var. Amma Qətərin cəmi 400 min əhalisi var. Bir sözlə, fikrim belədir. Amma demək olmaz ki, bu məsələlərin hamısını ABŞ öz nəzarətinə götürüb və onların direktiv və imperativləri əsasında hər şey gedir.
Fuad Babayev: Aydındır. Buyurun, İlqar müəllim. Trampın gəlişi detonator rolunu oynadımı?
İlqar Vəlizadə: Mən Tofiq müəllimin sözlərilə tamamilə razıyam. Proseslər elədir ki, kiminsə gəlişi ilə ona start vermək və ya bitirmək mümkün deyil. Qətər böhranı başlayandan bir həftə sonra 7 ölkə bəyanat verərək, Qətərlə diplomatik münasibətlərini kəsib. Bunu bir həftə içində etmək mümkün olardımı? Yox, qəti olmazdı. Deməli, bu çoxdan planlaşdırılan bir proses idi, sadəcə məqam gözləyirdilər. Ola bilər ki, Trampın səfəri müəyyən təkanverici bir element oldu. Lakin hansısa başqa bir məqam da təkanverici rol oynaya bilərdi. Əslində regionda proseslər Tramp dövründə yox, Obama dövründən mürəkkəbləşmişdi. Obama dövründən açıq-aşkar böhranlı notalar verilirdi. Obamanın region siyasəti iflasa uğradı. Sanki Amerikanın ənənəvi Yaxın Şərq siyasətinə o, bomba qoydu. Amerika bu regionu yenidən “formatlaşdırmaq” istəyirdi. Amma onu edə bilmədi. Hətta bundan qəzəblənən ərəb ölkələri öz sammitlərində Obamaya öz etirazlarını bildirmişdilər. Tramp onlara yeni Yaxın Şərq doktrinasını anons etdi. Düzdü, o da çiydir. Amma bununla onların könlünü almağa çalışır. Hərçənd yenə də elə hərəkət etdilər ki, sanki fil qab-qacaq mağazasında gəzişir. Sammit üçün Ər-Riyadı seçməklə Tramp başqa proseslərə təkan verdi. Ərəb dünyasında dövlətlər bir-birinə etibar etmir. Sammitin Ər-Riyadda keçirilməsi ərəb dövlətlərinin birləşməsinə xidmət etmirdi.
Tofiq Abbasov: Etmirdi. Sammitin əsas məqsədi, qayəsi Amerikanın problemlərinin həlli idi. Donald Tramp biznesmen kimi gəldi və öz malını satdı. Daha doğrusu, satdırdı. Öz istəyini həyata keçirdi, öz işini görə bildi. Qalan məsələlər, xüsusilə ərəb dövlətləri arasındakı ziddiyyətlər onun üçün maraqlı deyil.
İlqar Vəlizadə: Düşünürəm ki, Tramp bu sammitdə satıcı kimi malını alanları göstərdi.
Tofiq Abbasov: Tramp imkanları geniş olan dövlətə gəlmişdi.
Fuad Babayev: Qətərin İranla münasibətləri kifayət qədər normaldır. Bu, Səudiyyə Ərəbistanının və anti-İran blokunun haqlı-haqsız narazılığına səbəb olur. İran paytaxtında dünən (7 iyun – red.) baş verənlərlə Qətər olayı arasında hansısa rabitə görünürmü? Artıq İŞİD həmin hadisələrlə bağlı məsuliyyəti öz üzərinə götürüb…
İlqar Vəlizadə: İran xüsusi xidmət orqanları bildirdilər ki, araşdıracaqlar, baş verən hadisələrdə İŞİD-in əli varmı? Son vaxtlar belə bir tendensiya var ki, İŞİD hər hadisə ilə bağlı məsuliyyəti öz üzərinə götürür, axırda isə məlum olur ki, heç İŞİD belə bəyanat verməyib. Məsələn, Kabildə baş verən teraktla bağlı da belə olmuşdu.
Tofiq Abbasov: Obamanın birinci prezidentlik müddətində Yaxın Şərq layihəsinə start verildi. Bu, geniş layihə idi. Məğrib-Məşriq, Yaxın Şərq, İrana qədər ərazini əhatə edirdi. Və Tunisdən başladı. Liviyada hakimiyyətin devrilməsi çox ucuz başa gəldi. Həmin proses ABŞ-ı layihənin rəhbəri, moderatoru kimi çaşdırdı. Yadımdadır ki, Rasim Ağayevlə bir mübahisəm olmuşdu. Çünki o, deyirdi ki, Qəddafini devirdilər, Suriya isə bu gün-sabahlıqdır. Söhbət 2011-ci ildən gedir. Suriya hadisələri artıq başlamışdı. Mənsə dedim ki, Bəşər Əsəd getmyəcək, onu getməyə qoymayacaqlar. Suriya və Liviya ayrı-ayrı dövlətlərdir. Qəddafi onlarla barışığa getməklə böyük səhv etdi. Bəşərsə bilirdi ki, onlarla yaxınlıq etmək olmaz. Getdi, Londonda görüşdü, Hillari Klinton, Toni Blerlə görüşmüşdü. Dəməşqə qayıdandan sonra dedilər ki, bir şərtləri var ki, İranla əlaqələri kəsməlidir. Amma B.Əsəd bu şərtdən imtina etdi. Və beləcə Suriya hadisələri başladı. Adını çəkdiyim layihənin asanlıqla getməsi sifarişçi və icraçıları çaşdırdı. Tunis, Misir, Liviya qaynadı və Suriyaya keçdilər. Kimin pulu ilə bunu edirdilər? Səudiyyə Ərəbistanının və Qətərin. Əmirliklər və Küveyt də verirdi. Yalnız Oman bu işlərdən kənarda qalırdı. Çünki Oman onların siyasətlərinə qarışmır və öz daxili işlərinə də qarışmağa qoymur. Sultan Qabus çox ağıllı və müdrik adamdır. Səudiyyə Ərəbistanının acığına o, həmişə tərs mütənasib hərəkət edir. Suriya hadisələrində Səudiyyə Ərəbistanı və Qətər, Fars körfəzi dövlətləri şurası bir yerdə idilər. Amma Qətər bu layihənin axırının pis qurtaracağını duyub, onlardan tez ayrıldı. Lakin bir müddət pulunu da verdi, hətta öz dəstələrini Yəmənə göndərdi, Səudiyyənin tərəfində vuruşdular da. Amma 2013-cü ildə səudiyyəlilər Qətərin hakimiyyət orqanları səviyyəsində təfriqə saldılar, hakimiyyət dəyişdi. Söhbət ondan gedir ki, Qətər Səudiyyədən daha ağıllı siyasət yeridir. Onlar artıq öz qaz problemlərini həll etməyə başladılar. İran-Suriya-Qətər səviyyəsində separat danışıqlar olub. Artıq demək olar ki, razılıq əldə edilib. Fars körfəzində böyük iki yataq var. İran tərəfdən Cənubi Pars, bunlarınkı isə Şimal yatağıdır. Şimal və Cənubi Par yataqları kəsişir. Danışdılar ki, bir yerdə işləsinlər. Və bundan sonra Bəşər Əsədə xəbər verdilər, o da razılıqla qarşıladı. Üç gün əvvəl B.Əsəd dedi ki, əgər Rusiya və İran olmasaydı, işimiz çətin olardı. Artıq ən dəhşətli anlar arxadadır. Və ölkəni bu yaxınlarda bərpa edəcəklərini bildirdi. Yəni ki, Amerika bu işin öhdəsindən gələ bilmədi. Operator və podratçı isə Səudiyyə və onun dəstəsi idi. Onlar bu işi həll edə bilmədilər. Hələ 2010-cu ildə onların xüsusi bir əməliyyatları var idi. 3-6 min adam hazırlamışdılar ki, Livanda və Suriyanın qərbində “Hezbullah”ın axırına çıxsınlar. İran xəbər tutdu və heç o əməliyyata başlamağa imkan vermədi.
Fuad Babayev: Belə bir xəbər də yayıldı ki, Trampın səfərinin son günündə Qətərin xarici işlər naziri məşhur “Əl-Qüds”ün rəhbəri general Süleymani ilə görüşüb.
Tofiq Abbasov: Görüşüblər. O məxfi görüş olub, amma sonra üstü açılıb.
Fuad Babayev: Səudiyyə Ərəbistanı da daxil olmaqla 7 ərəb ölkəsi Qətəri küncə sıxıb. Siz də gözəl izah etdiniz ki, Qətərin ən azı İranla müştərək qaz marağı var. Ondan əvvəl də İrana qarşı daha tolerant idi. Amma İranda terror hadisələri baş verir. Burada sinxronluq nədədir?
Tofiq Abbasov: İran terrorla hər gün döyüşür. Həm daxildə, həm də xaricdə.
“Mən “Əl-Cəzirə”yə, digər telekanallara baxıram, Qətər rəsmilərinin ritorikasında bir dənə kəskin fikir eşitmirəm. Hərçənd Səudiyyə Ərəbistanının rəsmilərinin ritorikasında yetərincə kəskin sözlər var.”
İlqar Vəlizadə: Mən qazla bağlı bir məsələyə toxunmaq istəyirəm. 2010-cu ildə İran-İraq-Suriya qaz kəməri çəkilməsi ilə bağlı bir saziş imzalamışdı. O vaxt Qətər-Səudiyyə Ərəbistanı-Suriya layihəsi də var idi. İş orasındadır ki, orada vəziyyət tez-tez dəyişir. Demək olmaz ki, Qətər həmişə Səudiyyə Ərəbistanının əleyhinə çıxış edib, ziddiyyətlər bu qədər dərindir. Qətər ümumi “oyun qaydaları”na riayət etməyə çalışırdı. “Oyun qaydaları” istə Səudiyyə Ərəbistanı tərəfindən təklif olunur. Mən “Əl-Cəzirə”yə, digər telekanallara baxıram, Qətər rəsmilərinin ritorikasında bir dənə kəskin fikir eşitmirəm. Hərçənd Səudiyyə Ərəbistanının rəsmilərinin ritorikasında yetərincə kəskin sözlər var. Qətər əmiri isə hələ də açıqlama verməyib. Belə təsəvvür var ki, hətta sülalənin özündə də vahid mövqe yoxdur. Qətər Səudiyyə Ərəbistanı kimi qəti addımlar ata bilməz və atmır da. Ərəb analitikləri bildirirlər ki, Səudiyyə Ərəbistanı indiki əmiri devirmək üçün sülalə daxilində danışıqlar aparır. O ki, qaldı İrandakı terrorlara, birmənalı demək olmaz ki, digər oyunçuların pula görə nə isə edə biləcəklərini istisna etmək mümkündür. Əsas məsələ bulanıq suda sifarişçini tapmaqdır.
Fuad Babayev: Hesab edirəm ki, sözü gedən coğrafiyada bir aktor kimi Türkiyəni görməyə alışmışıq. Baş verənlərə də Türkiyənin prizmasından baxmaq istəyirik. “Ərəb NATO-su”, “İslam NATO-su” ideyasının ortalığa atılması əsil NATO-nun üzvü Türkiyənin bir az kənara çıxarılması anlamına gəlirmi? Türkiyənin baş verən hadisələrdə rolu necədir?
Tofiq Abbasov: Mənim subyektiv fikrim belədir ki, 2008-ci ildən başlanan hadisələrdə bu bölgədə ən səlist, ən incə diplomatiyanı İran İslam Respublikası aparıb. Baxın, harda İranın iştirakı varsa, orda başqaları üçün problem yaradırlar. Hərçənd özlərinin də vəziyyəti yüngül deyil. Yəməndə Səudiyyə ilişib, Livanda nə qədər çalışdılar “Hezbullah”ı tərksilah edə bilmədilər, əksinə prezident onlara arxalanır. O vaxta kimi Emil Laxud onlara arxalanırdı. Türkiyənin bu bölgədəki siyasəti əvvəldən yanlış idi. Çünki Türkiyə elə bildi ki, fəal addımlar atmasa, “əli bayırda qalacaq”. Bərzani ilə danışmışdılar, öz ölkələrindəki kürd yaraqlıları ilə razılığa gəlmişdilər, atəşkəs elan edilmişdi, barışığa doğru gedirdilər. Birdən-birə bütün mizanlar pozuldu. Türkiyə həmin proseslərə qatılmasaydı, udacaqdı. İndi isə açıq-aşkar Türkiyəyə qarşı kürdləri silahlandırırlar. Suriyaya görə İranla arası dəydi və məqsədinə də nail ola bilmədi. Bəşər Əsəd yenə də yerindədir. Görünür ki, keçid dövründə də prezident Bəşər Əsəd olacaq, çünki başqa birisi yoxdur. Qərb, ABŞ, İsrail və Türkiyə gördülər ki, vəziyyətə hakim kəsilə bilmirlər, deməli, danışığa getmək lazımdır. Danışığa da gedirlər. Burda Qətərin də rolu oldu. Qətər birinci anladı ki, bu yolun axırı yoxdur. Səudiyyənin də diplomatik potensialı çatmır. Çünki onların apardıqları ziqzaqvari diplomatiyanın axırı ola bilməz. Iran isə düz xətt boyunca gedir. İndi xəbər verilir ki, Tehran-Dəməşq-Tartus şose yolu tikilir. Birbaşa Tehrandan Aralıq dənizinə qədər. Əgər bu yolu tikirsə, deməli, özünə əmindir.
Fuad Babayev: Bir növ mesajdır.
Tofiq Abbasov: Bəli, mesajdır. Yəni istədiyini edir. Ruslarla da danışıblar. Türkiyə isə öz siyasətində ard-arda bir neçə ciddi səhv etdi.
Fuad Babayev: Yəni Türkiyə artıq bu teatrda əsas oyunçu deyil?
Tofiq Abbasov: Xeyr, ikinci dərəcəli oyunçudur. Bəs Səudiyyə nə etdi? Rusiyaya emissarlar göndərdi, amma Rusiya onlara üz vermədi. Bildirdilər ki, Səudiyyənin Rusiyanın cənubuna investisiya qoymasına ehtiyac yoxdur. Şimala isə qoya bilərlər.
İlqar Vəlizadə: Amma Qətərlə ruslar sövdələşdilər. Həm də maraqlı saziş idi. Qeyd olunmuşdu ki, “sənəd əks gücə malik deyil”. Yəni işin gedişində şərtlər dəyişdirilmişdi. Deməli, bunun arxasında siyasi dəstək durur. Bu da bir “oyun qaydası”dır.
Tofiq Abbasov: İndi hansı əyyamdır ki, Səudiyyə plan cızıb ki, Qətəri aclıq və susuzluqla boğacaq. Buna imkan verməzlər axı.
Fuad Babayev: Artıq İran dedi ki, Qətərə ərzaq verəcək.
İlqar Vəlizadə: Qətər Rusiya ilə qaz məsələsində də yaxınlaşır. Suriya böhranının səbəblərindən biri Qətərin öz qazını Suriya vasitəsilə Avropaya çıxarmaq istəyindən sonra yaranmışdı. Guya bununla Rusiya qazına rəqib olacaq və burada kəskin rəqabət aparacaqdı. İndi isə yaranmış vəziyyətdən istifadə edərək görünür, Rusiya burada da situasiyanı dəyişəcək.
Gündüz Nəsibov: “Ərəb NATO-su” ideyası və Səudiyyə Ərəbistanının 380 milyard dollarlıq silah almaq istəyi, ərəb dövlətlərinin Qətərə bu münasibəti, İrana qarşı “səlib yürüşü”nün başlanmasına işarə deyilmi?
Tofiq Abbasov: Tarix və son hadisələr də göstərdi ki, pul, güc, silah-sursat bir çox hallarda səlis diplomatiya qarşısında aciz olur. İranın hərbi xərcləri ildə 11 miyard dolları aşmır. Səudiyyə Ərəbistanının hərbi xərcləri Rusiya büdcəsindən də çoxdur. Diplomatiyanın etdiyini müharibə də edə bilmir. Bunlar bir neçə dövləti birləşdirməyə çalışırlar. Amma onları birləşdirmək üçün “sement”, “yapışqan” düzəldə bilmirlər. Çünki onların diplomatiyası yoxdur. Aydın, konseptual fəaliyyətləri yoxdur. İran isə tutduğu xətti ardıcıl aparır. Baxın, o bölgədə Misir nə üçün aciz vəziyyətdədir? Çünki Səudiyyə Ərəbistanının əlinə baxır. Səudiyyə Mursini vurmağa kömək etdi, bir az pul da verdi və hətta Qırmızı dənizdəki iki adanı da almaq istədiyini bildirdi. Camaat etiraz olaraq Misirdə ayağa qalxdı. Misirin ordusu var, amma maddi vəziyyəti zəifdir. Diplomatiyası isə ümumiyyətlə, eksperimentlər səviyyəsindədir.
Fuad Babayev: İqtisadi vəziyyəti çox çətindir.
Tofiq Abbasov: Çətindir, 80 milyon əhalisi var. 70 faizi acdır. Bu yaxınlarda orda olmuşam və özüm görmüşəm. Dəhşətli bir aclıq var.
İlqar Vəlizadə: “Ərəb NATO-su” əslində uydurma bir şeydir. KİV-lərdə yaranmış, uzadılmış bir əfsanədir.
Tofiq Abbasov: Termini ortaya atırlar, mətbuat da onu tutur, şar kimi üfürür. 2015-ci ildə Rusiya, İran, İraq, “Hezbullah”, Bəşər Əsədlə birlikdə Bağdadda qərargah yaratdılar ki, Şərq koalisiyası olaraq proseslərə qatılırlar. Amerikanın kefinə soğan doğrasalar da, bunu etdilər. Səudiyyə Ərəbistanı və Türkiyə isə 34 ölkənin koalisiyasını yaratdılar – İndoneziyadan tutmuş, Mərakeşə qədər. Amma heç bir nəticəsi olmadı. Yenə də təkrar edirəm, orada birləşdirici “maddə” yoxdur.
İlqar Vəlizadə: Heç vaxt da olmayacaq. Çünki Ərəbistan yarımadasında sülalələr bir-biri ilə rəqabət aparmağı dayandırmayacaqlar. Məsələn, Omanda Qabus kənara çəkilib. Elə Küveytdə də Əs-Sabahlar həmişə müəyyən məsafədə dayanırlar. Digər sülalələrdə də əzəli problem Məkkəyə nəzarət problemidir. Bu, heç vaxt çözülməyəcək.
Fuad Babayev: Suriya məsələsi Rusiyanı elə bil ki, ağır çəkili oyunçular “divizion”una gətirdi. Əvvəl Sovet İttifaqı dövründə dünya ikiqütblü idi. Sonra Sovet İttifaqının dağılması ilə birqütblü oldu və çoxları da deyir ki, baş verənlər elə birqütblü dünyanın fəsadlarıdır. Rusiya indi aparıcı aktor rolunu oynaya bilirmi?
İlqar Vəlizadə: Rusiyanın resursları Sovet İttifaqının resursları səviyyəsində deyil. O vaxt ona görə ikiqütblü dünya idi ki, Sovet İttifaqı və onun müttəfiqləri vardı. Avrasiyanın resurslarının böyük bir hissəsi Sovet İttifaqına işləyirdi. İndi bunlar yoxdur. Amma Rusiyanın xarici siyasət doktrinası dəyişilməyib: “Biz hüququ pozulanlara, alçaldılmış və təhqir edilmişlərə yardım edəcəyik”. Rusiya indi bu ideyanı tətbiq etməyə başlayıb. Bunun müsbət tərəfi isə odur ki, dünyada belələri çoxdur. Amma tarix göstərir ki, dünənki alçaldılmış və təhqir edilmişlərin sabahısı gün üzləri dönə bilər. Hələlik yaxın perspektivdə Rusiyanın bu siyasəti öz bəhrəsini verir və verəcək. Nə qədər ki, Suriyada vəziyyət belədir, onlar həmişə Rusiyaya üz tutacaqlar. İran neçə ki, regionda təklənəcək, həmişə Rusiyadan dəstək görəcək. Amma nəzərə almaq lazımdır ki, dünyanı pul idarə edir, Rusiyanın isə pulu yoxdur. Lakin mövqe müharibəsində Rusiyanın taktiki üstünlüyü var.
Tofiq Abbasov: Fövqəldövlət öz siyasi sərhədləri içərisində qapanıb otura bilməz. Düzdür, Rusiyanın pulu yoxdur, amma pul önəmli rol oynamır. Səudiyyə Ərəbistanının pulu var, amma nə edə bilir? Pulu olan qurbana çevrilir.
İlqar Vəlizadə: İri miqyaslı layihələri həyata keçirmək üçün pul lazımdır. Amma indiki vəziyyətdə Rusiyanın üstün tərəfləri çoxdur.
Tofiq Abbasov: İndi görün, necə konfiqurasiya alınıb – Türkiyə, Rusiya, İran. Astana prosesində bunların pis-yaxşı üçbucağı alındı. Tramp NATO çərçivəsində Yeddiliklə görüşdü, nə Fransa, nə Almaniya, nə də o birilərinə üz vermədi. Gedəndən sonra bunlar düşdülər “mandraj”a. İndi Rusiya qarşısında baş əyirlər. Həm Berlin, həm də Paris Rusiya ilə yaxınlaşmağa doğru gedirlər. Moskvanın da ağzına tam gəldi. İndi görür ki, qlobal oyunda ab-hava Rusiyanın xeyrinə dəyişir. Bu tərəfdən körfəz dövlətləri bir-birini qırırlar və Rusiyaya üz tuturlar. Çünki Suriyanın açarı onun əlindədir. Türkiyə də yavaş-yavaş Rusiyaya meyl edir. Çünki kürdlərlə bağlı Amerikadan dəstək ala bilmədi. İndi Rusiyanın əlində əsas kartlar var.
İlqar Vəlizadə: Tofiq müəllim, amma Rusiyanın əsas partnyoru Amerika Birləşmiş Ştatlarıdır. Suriyada onlar iki dəfə danışığa girib, saziş bağlayıblar.
Tofiq Abbasov: ABŞ heç vaxt Rusiyanın partnyoru olmayıb və olmayacaq. Srağa gün Pens açıq-aydın dedi ki, ABŞ-ın düşmənləri Rusiya, İran və terror təşkilatlarıdır.
Hazırladı: Gündüz Nəsibov, 1905.az
Fotolar Dadaş Musayevindir