“Biz nə yeyiriksə, oyuq” deyimi günümüzdə də çox aktual olduğunu nəzərə alıb ekspert həkim Aydın Əliyevdən sağlam qidalanmaqla bağlı fikirlərini soruşduq: biz sağlam qidalana bilirikmi?: “Çoxumuzun sağlam qidalanma haqqında təsəvvürlərimiz yoxdur və ya elə vəziyyətdəyik ki, sağlam qidalana bilmirik.
Bunun üçün çox təbii məsələlər həll edilməlidir. Əvvəla, sağlam qidalanmaq üçün təmiz su, təmiz hava, təmiz qida, üstəlik insanın fiziki hərəkət lazımdır. Bu dördlük bir yerdə sağlamlıq deməkdir. Əgər bunları birlikdə götürsək, insanın müsbət aurasını da əlavə etsək, orta yaş təqribən 100 il olar”. Sağlam qidalanmağın çox yeməklə bağlı olmadığını bildirən Aydın həkim keyfiyyətli və orqanizmin gündə itirdiyi enerjiyə uygun qida qəbulunun vacibliyini vurğuladı: “Buna sağlam qidalanma deyilir. Elementar bir-iki məsələ deyim. Həkimlər göyərti, meyvə tərəvəzin istifadəsini mümkün qədər çox istehlakını təbliğ edirlər. Göyərti və meyvələrdə vitaminlər olur. Vitaminlərdə aralıq məhsullar var ki, ferment yaradır, onlar da öz növbəsində hormonları formalaşdırır. Sinir sitemindən də hormon bizi idarə edir”. Aydın Əliyev insanların qidalananda çox zaman səhvə yol verdiklərini deyir: ”Deməli yemək yeyirik, üstündən meyvə. Bu səhvdir. Vitamin yaradan qidaları yeməkdən bir qədər qəbul etmək lazımdır ki, vitaminlər yaransın və həzm prosesində də iştirak etsinlər. Vaxtilə qidaların hazırlanmasında əti, zülalı, bərk maddəni, yağları əritmək üçün çoxlu ədviyyatlardan istifadə edilirdi. İndi ədviyyat demək olar ki, yaddan çıxıb. Hazırda yeməklərin tərkibi belədir – ət, kartof, soğan, su və s. Üstəlik, texnalogiya və tələskənlik də bütün sağlamlığı pozur”.
Aydın Əliyev “bitki yağı xeyirlidir” deyiminin hazırda keçərli olmadığını da bildirdi: “İndi adam qorxur, çünki, bitki yağlarına əlavələr vururlar. Məsələn, çox qalması və təkrar istifadəsi üçün hidrogen vurulur. Nəticədə müxtəlif xəstəliklər törənir. Ümumiyyətlə, qida zəhərlənmələri iki halda gedir; kəskin hal – bu həmən bilinir, xəstə həkimə müraciət edir. Mikroblar, viruslar, parazitlərin törətdiyi zəhərlənmələr isə gündəlikdə görünmür. Məsələn, müxtəlif əlavələr vurulmuş yağlar, eləcə də digər ərzaq məhsulları insan bədənini tədricən zəhərləyir. Yəni, insan bədəninin hüceyrələrinin yaşının müddətini azaldır, xəstəliklər törədir. Xərçəng, diabet, yaddaş pozğunluğu, ürək, qan-damar xəstəlikləri bundan qaynaqlana bilir. Çünki, yağlar, karbohidratlar və zülallar insan orqanizmi üçün əsasdır”.
Aydın Əliyev “yerli məhsul yerli insanın orqanizminə daha uyğundur “fikrinin qatı tərəfdarlarındandır: “ Gündəlik istifadə etdiyimiz kartof, soğan, göyərti, ət məhsulları yerli olmalıdır və bu çox vacibdir. Yerli məhsul burada yaşayan insanların bədəninə daha uyğundur. Yadda saxlamaq lazımdır ki, qida təhlükəsizliyi sağlamlıq təhlükəsizliyinin tərkib hissələrindən biridir. Yerli məhsullar öz qanımıza, genimizə uyğundur. Əgər bu gün Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yaradılıbsa, demək ki, qidalarımız təhlükəsiz deyil. Mövcud durumda onların üzərinə böyük iş düşür”.
Adı çəkilən Agentlikdən sorğumuza cavab olaraq bildirilir ki, idxal olunan qida məhsullarının hər bir partiyası ekspertizaya cəlb edilir və təhlükəsizlik göstəriciləri normada olan məhsulların daxili bazarda satışına icazə verilir: “Müvafiq göstəriciləri normalar daxilində olmayan məhsullar barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər (geri qaytarılma, təyinatının dəyişdirilməsi, məhvetmə, zərərsizləşdirmə və s.) görülür”. Agentliyin qeyd etdiyinə görə, ölkə ərazisində qida məhsulları sahəsində fəaliyyət göstərən hər bir sahibkarlıq subyekti qeydiyyata alınır və onlara dövlət reyestrindən çıxarış təqdim olunur: “Keçən dövr ərzində ictimai iaşə müəssisələrinin qida təhlükəsizliyi sahəsində qüvvədə olan texniki-normativ hüquqi aktların tələbləri istiqamətində nəzarət tədbirləri gücləndirilmiş, monitorinq və maarifləndirmə tədbirləti həyata keçirilmiş, həmçinin bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektləri üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda təlimlər təşkil olunmuşdur”.
Hazırladı: Ülviyyə Tahirqızı
1905.az