Mikayıl Abdullayev 19 dekabr 1921-ci ildə Bakıda doğulmuşdur. 1939-cu ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini, 1949-cu ildə Surikov adına Moskva Dövlət Rəssamlıq məktəbini bitirmiş, S. Gerasimovun emalatxanasında rəssamlıq sənətinin incəliklərini öyrənmişdir.
Onun Dehlidə, Londonda, Monrealda, Moskvada və dünyanın bir sıra başqa şəhərlərində fərdi sərgiləri keçirilmişdir. Bir neçə dəfə Azərbaycan SSR Ali Sovetinin (5–9-cu çağırış) deputatı seçilmişdir. Lenin ordeni və Oktyabr İnqilabı ordeni ilə təltif edilmişdir
Mikayıl Abdullayevin yaradıcılığı üçün daxili həyəcan, obrazların psixologiyasının poetik ümumiləşdirilməsi xarakterikdir. Onun əsərləri koloritin zənginliyi ilə cəlbedicidir. Bu xüsusiyyətlər onun “Mingəçevir işıqları”, “Xaçmaz qızları”, “Astarada çay yığımı”, “Azərbaycan çöllərində” triptixində, “Çəltik əkən qızlar” əsərində daha aydın görünür.
Milli ənənələrin, kənd yerində yaşayan insanların əməyi, məişəti, tipik mənəvi çalarların üzvi şəkildə müasirliklə vəhdətdə verilməsi Mikayıl Abdullayev yaradıcılığına xas xüsusiyyətdir. “Qırx birin iyunu” triptixinin mərkəzi hissəsi xüsusilə diqqəti cəlb edir. 1941- 45-ci illərdə kənd əməkçilərinin payına düşən, ağır, narahat, keşməkeşli həyatını əks etdirən əsər canlı povestdir.