Otuz ilə yaxın dövrdə erməni işğalı altında qalan Qarabağ və Şərqi Zəngəzur azad olunduqdan sonra özünün yeni dirçəliş dövrünə qədəm qoyub. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun düşmən üzərində qazandığı şanlı Qələbə nəticəsində azadlığına qovuşmuş digər ərazilərimiz kimi, Tərtər rayonunun Talış kəndinə də həyat yenidən qayıdıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, işğaldan azad edilmiş ərazilərimizə qayıdışın təmin olunduğu Tərtər rayonunun Talış kəndində həyat axarı ilə davam edir. 30 ildən sonra doğma yurdlarına qayıtmış sakinlər gündəlik qayğıları ilə məşğul olur, illərdir həsrətini çəkdikləri yurd yerində xoş həyat sürürlər.
Talış kəndinin bərpasında keyfiyyət, müasirlik və yüksək zövq vəhdət təşkil edir. Aparılan təmir-bərpa işlərinin birinci mərhələsində Bayraq meydanında abadlıq işləri görülüb. Talış kəndinin yüksək nöqtələrindən birində sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün istirahət guşəsi və meydan tikilib.
Kənddə 20 ev və 20 tövlə bərpa edilərək yenidən qurulub. Evlərin 15-i üçotaqlı, 1-i ikiotaqlı, 4-ü dördotaqlıdır. Hər bir evin həyətyanı ərazisində əsaslı landşaft işləri yerinə yetirilib – dekorativ ağaclar, kollar, güllər əkilib, fərdi əkin sahələri yaradılıb. Hər bir ev üçün ümumi sahəsi 54 kvadratmetr olan fərdi təsərrüfat anbarı inşa edilib.
Həmçinin 10 qeyri-yaşayış və ictimai iaşə obyekti bərpa olunub və tamamilə yenidən tikilib. İnzibati bina və uşaq bağçası əsaslı təmir edilib, 78 şagird yerlik məktəb binası yenidən qurulub.
Talış kəndinin görüntülərini təqdim edirik.
AZƏRTAC, 7 sentyabr, Tahir Ağaməmmədov