“Qlobal dünya nizamına təhdidlər” mövzusunda keçirilən IX Qlobal Bakı Forumunun növbəti panel iclası “Yoxsulluq, aclıq, ərzaq və kənd təsərrüfatı sektorunun dəyişməsi” mövzusuna həsr olunub.
AZƏRTAC xəbər verir ki, “Liberal Internasional”ın prezidenti Mərakeş Krallığının İqlim Dəyişikliyi üzrə sabiq xüsusi elçisi Hakima El Haitenin moderatorluğu ilə keçirilən panel iclasda “İqlim baxımından zərərsiz kənd təsərrüfatına hər yerdə ehtiyac vardır. Zəngin ölkələrin təcrübəsindən hansı dərslər öyrənilməlidir?”, “Dünya su sərfiyyatının təxminən 70 faizi kənd təsərrüfatının payına düşür. Dünyada bir çox ortaq çayın olduğuna və yağıntıların getdikcə daha da azaldığına görə hansı tədbirlər görülə bilər?”, “Ukrayna müharibəsi və ərzaq qiymətlərinə olan təsirlər nəzərə alınmaqla yerli, regional və beynəlxalq miqyasda anbar və bufer ehtiyatlarının rolu nə olmalıdır?”, “Dünyada meşə sahələrinin kəskin azalması ilə bağlı vəziyyət nə yerdədir?, Bəs əkinə yararlı sahələrin səhralaşması?”, “Qida tullantıları ilə bağlı ciddi problem yaşanmaqdadır. Bununla bağlı nə etmək mümkündür?”, “İKT, robot mühəndisliyi və süni intellekt inqilabını yoxsulların mənafeyi üçün ən yaxşı şəkildə necə istifadə edə bilərik?, Bəs yoxsulluq və aclığa qarşı mübarizədə yardım məqsədilə yeni bioloji vasitələrin səfərbər edilməsi?, Bəs balıqçılıq və su təsərrüfatı qeyd olunan problemlərin həllinə nə dərəcədə töhfə verə bilər?”, “Toxumların biomüxtəlifliyini, habelə qurduğumuz gen banklarını necə qoruyuruq?” kimi məsələlər ətrafında müzakirələr aparılıb.
Panel iclasına videoformatda qoşulan Amerika Birləşmiş Ştatlarının BMT-nin ərzaq və kənd təsərrüfatı agentlikləri yanında daimi nümayəndəsi Sindi Makkeyn dünyanın 70 il ərzində ən dəhşətli ərzaq böhranı ilə üz-üzə olduğunu bildirib. O deyib: “Mən daha əvvəl heç vaxt bunun şahidi olmamışam. Uzun illər ərzində bu böhran üçün münasib zəmin yaradılıb. COVID, iqlim dəyişikliyi və davam edən münaqişələr bu böhranı sürətləndirən amillərdəndir. Son bir neçə il ərzində biz pandemiya nəticəsində ehtiyatların paylanmasında pozuntularla qarşılaşdıq. Şiddətli quraqlıqlar, daşqınlar və istilər Afrikadan tutmuş Cənubi Asiyayadək məhsulları məhv etdi, mal-qaranı qırdı və insanların həyatını çətinləşdirdi”.
S.Makkeyn sonda qeyd edib ki, indi bir araya gələrək ərzaq təhlükəsizliyinin gələcəyini düşünmək vaxtıdır.
Kənd təsərrüfatı naziri İnam Kərimov Azərbaycanda aparılan siyasətin inklüziv kənd təsərrüfatının inkişafına dəlalət etdiyini və bu zaman ətraf mühitə təsir, enerji resurslarının daha səmərəli istifadəsinin də nəzərə alındığını vurğulayıb. Nazir deyib: “Su və digər resursların kasadlığı daha sərt tədbirlərin görülməsini labüd edir. Əhalinin sayı da artır. Kənd təsərrüfatında məhsuldarlıqda artım 30 faiz olub. Növbəti illərdə məhsuldarlığın artımının 50 faizdən çox olmasını nəzərdə tuturuq ki, 10 milyon əhalinin ehtiyacını qarşılayaq. Digər tərəfdən, pandemiya, alovlanan münaqişələri də nəzərə almalıyıq. Odur ki, çoxsaylı kompleks tədbirlərin görülməsi vacibdir. Rəqəmsal transformasiya bizim tədbirlərin bir hissəsidir”.
Azərbaycanda rəqəmsal kənd təsərrüfatına keçidin aparıldığını bildirən nazir bunun da məhsuldarlığın, rentabelliyin artımına xidmət etdiyini diqqətə çatdırıb. “Bununla, həmçinin gənc nəsli kənd təsərrüfatına cəlb etmiş oluruq. Bu da dayanıqlılığın təmin olunmasında mühüm amildir. Azərbaycan kənd təsərrüfatının rəqəmsal transformasiyasında model rolunu oynayır. Qlobal problemlər tək bir ölkə qarşısında duran məsələ deyil. Mövcud problemlər birgə tədbirlərin görülməsini ehtiva edir”, – deyə nazir əlavə edib.
Mavritaniyanın sabiq Prezidenti Amina Qurib-Fakim Afrikada istehsal edilən məhsulların 70 faizinin kiçik sahibkarların payına düşdüyünü bildirib.
Gənclərin 55 faizinin qitəni tərk etmək niyyətində olduğunu qeyd edən sabiq prezident onları kənd təsərrüfatı sektorunda saxlamağın mümkün olmadığını deyib.
“Ukraynada baş verən hadisələr Afrikaya da təsir edəcək. Odur ki, Afrikada ərzaq təhlükəsizliyi məsələləri daha çox təmin olunmalıdır. İqlim dəyişikliklərinin nəticələri, su qıtlığı qarşısında acizik. Ərzaq təhlükəsizliyi, aclıq, yoxsulluq məsələləri ön plandadır. Afrika biomüxtəliflik baxımından kifayət qədər zəngindir. Lakin iqlim dəyişiklikləri fonunda biomüxtəlifliyin müəyyən növləri risk altına düşür”, – deyə sabiq Prezident qeyd edib.
Afrikada kənd təsərrüfatında əsasən qadınların çalışdığını bildirən Amina Qurib-Fakim fermerlərin kapitala və texnologiyalara çıxışının təmin ediləcəyi təqdirdə, kənd təsərrüfatının sürətli inkişafına nail olmağın mümkünlüyünü diqqətə çatdırıb.
ABŞ-ın Türkmənistandakı sabiq səfiri Alan Mustard dünya əhalisinin 50 faizinin gündəlik 6 dollarla, dörddəbirinin isə dörd dollardan az maaşla yaşadığını qeyd edib. Onun sözlərinə görə, qida təhlükəsizliyinin zəifləməsi dünyada aclığa yol açır.
A.Mustard dünyada torpaqların və əkin sahələrinin düzgün idarə edilməsinin ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynadığını da vurğulayıb.
Dünyada 3 milyard insanın kifayət qədər ərzaqla təmin olunmadığını deyən Dünya Ərzaq Fondunun prezidenti Barbara L.Stinson son illərdə ərzaq təhlükəsizliyi ilə bağlı vəziyyətin çox acınacaqlı olduğunu qeyd edib. O bildirib: “Bizim üçün ərzağın təkcə kəmiyyəti deyil, keyfiyyəti və əlçatanlığı da önəmlidir. Ərzaq təhlükəsizliyinin təmini üçün COVID-19 pandemiyası, iqlim dəyişmələri və münaqişələrin qarşısının alınması üçün tədbirlər görülməlidir. Qlobal qida təhlükəsizliyi çağırışlarının həlli yollarını tapmalıyıq”.
O, Azərbaycana ilk dəfə səfər etdiyini və Forumun mövcud problemlərin həllinə töhfə verəcəyinə inandığını bildirib.
Panel iclası müzakirələrlə davam edib.