ABŞ prezidenti Donald Tramp Qolan yüksəklikləri üzərində İsrailin suverenliyini tanıyan bəyanat verib. O, 1967-cı ilin altıgünlük müharibəsi zamanı Suriyadan işğal edilmiş bu yaylanı İsrail ərazisi kimi tanıyıb. “Bu, uzun zaman aldı. Fərman on illər əvvəl imzalanmalı idi” – deyə, prezident bildirib. Mövcud bəyanat gələcəkdə Qarabağ probleminə də şamil edilə bilərmi? Məsələ ilə bağlı politoloqların rəyini öyrəndik:
Politoloq Fuad Çıraqov Tramp administrasiyasının Qolan təpələrini İsrailin ərazisi kimi tanımasının beynəlxalq hüquq baxımından heç bir əhəmiyyət daşımadığını və heç bir hüquqi gücə malik olmadığını bildirdi: “Bu, yalnız və yalnız siyasi bir qərardır. Hətta bu qərarı ABŞ Konqresi təsdiqləsə belə, qərarın heç bir hüquqi qüvvəsi yoxdur. Mövcud hadisə Tramp administrasiyasının Qüdsü İsrailin paytaxtı kimi tanıyaraq, səfirliyi köçürməsindən sonra beynəlxalq hüquqa zidd ikinci addımıdır. Həmin qərarın da heç bir hüquqi qüvvəsi olmayıb. Mövcud qərarı ABŞ-ın müttəfiqləri, xüsusilə Avropa dövlətləri də tanımadılar. Avropa Birliyi və Almaniyanın Xarici İşlər nazirliyi bu qərarın onlar tərəfindən dəstəklənmədiyini və onların qərarlarında hansısa dəyişikliyə gətirib çıxarmayacaqlarını bildirdilər”. Fuad Çıraqovun fikrincə, ABŞ-ın daxili siyasəti hazırda özünün ən ziddiyyətli və çətin dövrünü yaşayır: “Qütbləşmə ən yüksək səviyyədədir, bu da son iki administrasiya dövründə xarici siyasətdə tamamilə bir-birinə zidd iki kursun həyata keçirilməsində öz əksini tapır. Qarşıdan prezident seçkiləri gəlir və seçkilərdə Trampa əvvəlki dövrdən daha çox evangelistlərin dəstəyi lazımdır”. Politoloq hesab edir ki, Trampın sonuncu addımı məhz onların könlünü almaq üçün atılıb: “2020-ci il prezident seçkilərində demokratların namizədinin qalib olacağı təqdirdə, Tramp dövrünə zidd siyasət yeridəcəyi heç kimə təəccüblü gəlməyəcək. Ancaq belə bir qərar beynəlxalq hüququn güclü dövlətlər tərəfindən çeynənilməsi baxımından pis presidentdi. Bu bir daha göstərir ki, dövlət güclü olmalıdır, çünki, hazırda hüququn gücü yox, gücün hüququ işləyir”.
Politoloq hesab edir ki, Trampın mövcud qərarının Qarabağ probleminə heç bir təsiri ola bilməz: “Erməni lobbisi ABŞ-da bu qərarları qəbul etdirən evangelistlərlə deyil, daha çox demokratlar və liberallarla yaxın əməkdaşlıq edir. Onların isə beynəlxalq münasibətlərə və dövlətlərin ərazi bütövlüyü məsələsinə münasibəti tamamılə fərqlidir. Respublikaçılardan fərqli olaraq ikincilər Dağlıq Qarabağı Ermənistana birləşdirilməsini tanıtmaq üçün konsensus – başqa sözlə “qarşılıqlı razılıq” vasitəsilə həllinə üstünlük verərlər. Erməni lobbisi nə qədər güclü olsa da bu qərarın arxasında duran qüvvələr qədər güclü deyil”. Fuad Çıraqovun fikrincə, mövcud qərarı Tramp şəxsi mənfəəti baxımından qəbul edib. Ermənilər isə onun bu gözləntisini təmin etmək gücündə deyillər. Üstəlik, Azərbaycanın ABŞ-dakı yəhudi lobbisi ilə yaxın münasibətləri də nəzərdən qaçırılmamalıdır.
Politoloq Tofiq Abbasov mövcud qərarı qeyri-qanuni və dünya nizamını dağıdan adlandırdı: “Bu qərara bəraət qazandırmaq və ya anlaşma ilə yanaşmaq olmaz. Ümumiyyətlə, mövcud məsələnin həlli Trampın və ya ABŞ-ın səlahiyyətində deyil. ABŞ ən yaxşı halda Şərq probleminin çözülməsində dörd – BMT, Avropa İttifaqı, Rusiya və ABŞ – vasitəçi tərəfdən biridir. Hesab edirəm ki, Trampın bu təşəbbüsünün arxasında yalnız Benyamin Netanyahuya dəstək göstərmək durur. Çünki, bu yaxınlarda İstaildə parlament seçkiləri olacaq. Benyamin Netanyahunun daxildə vəziyyəti isə bir o qədər də yaxşı deyil. Çünki, bir neçə korrupsiya qalmaqalı və vəzifədən sui istifadə ilə bağlı məhkəmə araşdırmalarına məruz qalıb. Hazırda ona böyük siyasi dəstək lazımdır. Ancaq məsələnin başqa tərəfi də var. Tramp belə gedişlərlə Netanyahuya dəstək verirsə, İsrail dövlətinin mövqeyini beynəlxalq aləmdə çətinləşdirir və onun imicini çökdürür. Bütün aparıcı dövlətlər: Avropa İttifaqının bütün ölkələri, Çin, Rusiya, Türkiyə, İran məsələyə mənfi münasibətlərini açıqlayıblar. Nəzərə alaq ki, Donald Tramp hakimiyyətə gələndə, ABŞ-ın yəhudi icmasının köməyindən bəhrələndi, onlardan maliyyə dəstəyi aldı. Mövcud qərar belə deməyə əsas verir ki, Tramp iki il sonra keçiriləcək prezident seçkisində özünün qələbəsinə tədarük görür”.
Politoloqun fikrincə, Qolan təpələri ilə Qarabağ məsələsində analoğiya hiss edilsə də qərarın gələcəkdə bizə hər hansı təsiri qeyri realdır: “Bizim məsələ Yaxın Şərqdə gedən proseslərlə müqayisədə yüngül də görünə bilər. Təbii ki, mahiyyət etibarilə eyni şeydir, yəni hər ikisində işğal amili var. Ancaq bu məsələ inanmıram ki, Donald Trampın gündəliyində olsun və Azərbaycan elə bir vəziyyətdədir ki, istənilən məqamda gərəkli tədbiri özü görə bilər”.
Politoloq İlqar Vəlizadə Trampın qərarını bütün beynəlxalq norma və prinsiplərə zidd olan və xüsusi olaraq siaysi konyekturaya hesablanmış bir bəyanat adlandırdı: “Çünki aprelin 9-u İsraildə parlament seçkiləri keçiriləcək. Və ən şanslı namizəd indiki baş nazir Benyamin Netanyahu görünür. Trampla onun arasında ailəvi dostluq münasibətləri var. Güman ki, birinci də ona dəstək olaraq belə bir bəyanat imzalayıb. Amma ABŞ-ın real siyasi maraqları ilə bu bəyanat uzlaşmır. Çünki, ölkənin Senatda, Konqresdə olan kifayət qədər nüfuzlu dairələri bu sənədin əleyhinə çıxış edirlər. Hətta Respublikaçılar Partiyasının daxilində də belə çıxışlar səngimir. Mövcud bəyanat ABŞ-ın öz maraqlarına da mənfi təsir göstərir və Yaxın Şərqdə gedən proseslərə daha mürəkkəb çalarlar gətirir”.
İlqar Vəlizadənin fikrincə, mövcud bəyanatın Qarabağ probleminə hər hansı təsiri mümkünsüzdür: “Bu məsələləri paralelləşdirmək də düzgün olmazdı. Lakin, biz yenə də hər şeyə hazır olmalıyıq. Çünki, dünyada əleyhimizə olan presidentlər də mövcuddur və bu baxımdan biz rahat ola bilmərik. Təəssüf ki, hazırda beynəlxalq hüquq kənarda qalıb və ikili standartlar hökm sürür. Baş verən bütün proseslərə diqqətli yanaşmalıyıq. Hesab edirəm ki, Qarabağla bağlı ABŞ-ın belə bir qərarı onun özünə ziyan gətirə bilər. Digər tərəfdən analoji qərarın Ermənistandan başqa regiondakı digər iştirakçı ölkələr tərəfindən normal qarşılanacağına inanmıram. Ümumiyyətlə, Qarabağa aid analoji qərar istisnadır”.
Politoloq Elxan Şahinoğlu ABŞ prezidenti Donald Trampı beynəlxalq hüquqa və sazişlərə hörmət etməməkdə ittiham edir: “Bəzən yazırlar ki, ABŞ Qolan təpələrini İsrail ərazisi kimi qəbul edirsə, oxşar olaylara da eyni münasibəti bəsləyə bilər. Məncə, bu doğru yanaşma deyil. Ona qalsa, Kosovanın müstəqilliyi tanınanda da müəyyən təhlükələrdən söz açılırdı. Amma Kosova başqa separatçı bölgələrə nümunə olmadı. Erməni separatçıları Kosovadan çox danışdılar, amma sonda özləri də bu mövzudan əl çəkməyə məcbur oldular. Indi Qolan təpələrindən ikiəlli yapışmağa çalışırlar”. Politoloqun fikrincə, bir müddətdən sonra bu mövzu arxa plana keçəcək: “Tarixə baxsaq, 1940-cı ildə Suriya İsrailə hücum edib, sonradan İsrail Qolan təpələrini işğal edib. Bizim bölgədə isə təmamilə fərqli hadisələr baş verib. Azərbaycanlılar bölgədən qovulub, işğal baş verib və bu işğalda üçüncü qüvvələr iştirak edib. Yəni, hadisələrin gedişatı da zamanında Qolan təpələri ətrafında baş verənlərdən xeyli fərqlənir. Ona qalsa, Rusiya Krımı ilhaq edib və ABŞ – da bunu tənqid edib. Təbii ki, Qolan bəyanatından sonra ABŞ Krımı Rusiya ərazisi kimi tanımayacaq. Orda hər bölgəyə fərqli yanaşma var”.
Hazırladı Ülviyyə Tahirqızı, 1905.az