Qonorarın məziyyətlərindən çox danışmaq olar. Media əhli tərəfindən bəyənilən sözlər içində bu söz əsas yerlərdən birini tutur. Və hər bir yazarın yaddaşında haradansa alınmış qonorarın orijinal üsulla xərclənməsi barədə heç olmasa bir əhvalat var. Yaşlı nəslin nümayəndələri olan jurnalistlərimiz isə yeri gələndə 60-cı, 70-ci illərin qonorarlarının bərəkəti haqqında maraqlı məlumatlar vermək iqtidarındadırlar. Bu – qonorarın dünənidir.
Bəs qonorarın bu günü haqqında nə demək olar? On haldan doqquzunda məmləkət kütləvi informasiya vasitəsi tərəfindən təklif edilən qonorarın miqdarı acı gülüş dogura bilər. Əgər bir sıra nəşrlərdə qonorarı avam müəlliflərin başını aldatmaq üçün düşünülmüş ilğımdan başqa bir şey olmamasını da nəzərə alsaq, müasir durum haqqında dəqiq təsəvvürümüz olar.
Yuxarıda deyilənlər aşağıdakı nəticələrə gəlməyə imkan yaradır:
-Deyəsən, məmləkətin media kapitanlarının kifayət qədər böyük hissəsi qonorar və onun missiyası haqqında dəqiq təsəvvürə malik deyil;
-ən yaxşı halda beş-altı adamı ağ rəngli maddi günə çıxarmaq iqtidarında olan orta səviyyəli Azərbaycan kütləvi informasiya vasitəsindən qənaətbəxş qonorar gözləmək sadəlövhlükdür;
-bu məmləkətdə media mənsublarını sadəlövhlükdə günahlandırmaq ən azı ədalətsizlik kimi dəyərləndirlməlidir;
-Azərbaycan jurnalistlərinin əksəriyyəti leqal qonorardan heç nə gözləmir.
Vəssalam. Qonorardan, maaşdan yox ha, qonorardan heç nə, ya da demək olar ki, heç nə gözləməyən Azərbaycan jurnalistləri media müstəvisində “qonorar”ın mövcudlugunu inkar edə bilməzlər. “Qonorar”ın məziyyətlərinin şərhinə keçməzdən elə dünən, metroda rastlaşdığım həmkarımın müşahidəsi haqqında sizə məlumat vermək istəyirəm. Bütün iş gününü Milli Məclisdə keçirmiş yazar təəssüf doğuran bir məsələni vurğuladı. Onun dediyinə görə, bəzi millət vəkillərinə yaxınlaşıb hansısa məsələyə münasibət bildirmələrini xahiş etdikdən və deputat sözlərini diktafona köçürdükdən sonra həm gülməli, həm də ağlamalı məqam yetişir. Deputat avtomatik olaraq iki-üç “şirvan”lıq “hörmət”i jurnalistin cibinə qoymaga cəhd edir. Və improvizə edilmiş təltifetmə “mərasim”i jurnalistin etirazı ucbatından baş tutmadıqda millət vəkili təəccüblənməyə bilmir (olayı kifayət qədər geniş yayılmış hadisə kimi dəyərləndirən həmkarım deyilənlərin bütün millət vəkillərinə və parlamentin işini işıqlandıran yazarlara aid olmadığını xüsusi vurguladı) Bu qədər.
Yuxarıda vurğulanan məqam bütün hallarda “qonorar” adlı aysberqin görünən hissəsinin kiçik bir elementidir. “Qonorar”ın digər elementləri barədə nə demək olar? Və ümumiyyətlə, “qonorar”ı necə səciyyələndirmək mümkündür?
“Qonorar”ların təsnifatından çox danışmaq olar. Ən bəsit təsnifat “qonorar”ları iki hissəyə ayırmaga imkan verir:
-X müəllimin könüllü olaraq verdiyi “qonorar”;
-X müəllimin könülsüz olaraq verdiyi “qonorar”.
“Qonorar”ın qonorardan fərqi çoxdur. Əsas fərqlər aşağıdakılardır:
-“qonorar” adətən qonorara nisbətən çox olur;
-“qonorar” qonorardan fərqli olaraq yazı çap edilməzdən əvvəl verilir (hərçənd ki, bəzən “qonorar”ın təqdim edilməsi yazının çapından sonraya təsadüf edir. Kresloya yayxanıb süni təbəssümlə jurnalistə “ qəzet çıxandan sonra”, hökmən “bir nömrə” götürüb gəlməyi tapşıran şəxslər “qonorar”ı sonra təqdim etməyə meyllidirlər);
-“qonorar”ın məbləği adətən gizli saxlanılır.
Zənnimcə, “qonorar”ın mənşəyindən ətraflı danışmağa ehtiyac yoxdur. Və onun yaxın gələcəkdə media dünyasını tərk edəcəyinə də ümid bəsləmək yersizdir. Heç olmasa ona görə ki, “qonorar”ı verənlərin də, alanların da əksəriyyəti onun labüdlüyünə əsla şübhə etmirlər. Əslində, şübhə doğurmayan məqamların sayı o qədər də az deyil:
-cidanı çuvalda gizlətmək mümkün olmadığı kimi, alınmış və yaxud alınacaq “qonorar”ı da yazının içində ört-basdır etmək mümkün deyil;
-bir yazını bir “qonorar”a dəyişən yazar, əslində, “yazar- satın alınması mümkün olan yazar” biçimli barter əməliyyatını həyata keçirir;
-media mənsubu tərəfindən alınmış hər bir “qonorar” IV hakimiyyətin maddi durumuna müsbət təsir göstərsə də, imicinin aşınmasına xidmət göstərir.
Vəssalam. Bizə IV hakimiyyətin bütünlüklə cibdə daşınması mümkün olan əmlaka çevriləcəyi günün uzaqda olduguna inanmaq olar.
Fuad Babayev
“Şərq” qəzeti, 4 noyabr 1999-cu il, № 126 (302)