Avqustun ilk yeddi günü arxada qaldı. Ötən yeddi gün itkilərimiz və uğurlarımızla yanaşı, bilmədiklərimizi də üzə çıxartdı. Sanki qorabişirən ay hamıya əməllicə dərs keçdi. Xüsusən bəzi media təmsilçilərinə…
Ötən yeddi gündə baş verən hadisələrlə bağlı bir qədər gec də olsa qısa şəkildə fikir bildirməyi özümə borc bilirəm. Öncə cəbhədə həlak olan həmyerlilərimin hər birinin ailəsinə başsağlığı verirəm. İnanıram ki, bu qəhrəmanların qanı yerdə qalmayacaq. Çox tez bir zamanda Azərbaycan öz əzəli və əbədi torpaqlarına sahib çıxacaq və üçrəngli bayrağını, başda Şuşa və Ağdam olmaqla, bütün işğal altında olan şəhərlərimzə sancacaq…
İndi isə yeddi gündə diqqətimi çəkən bəzi məqamlara fikir bildirmək istərdim. Beləliklə, yeddi gündə baş verən hadisələr göstərdi ki, bizim media fors-major hallarına hələ tam hazır deyil. Bəzi media orqanları döyüş bölgələrində baş verən hadisələri təqdim etməyi bacarmır və bəzi məqamlarda müstəqil qərar verə bilmirlər. Nəticədə əhali arasında süni şəkildə çaşqınlıq yaradılır. Söz yox ki, bu fikri iri media holdinqlərə aid etmək olmaz. Deməliyəm ki, məhz bu media orqanlarının əməkdaşları cəbhədən doğru-dürüst məlumat paylaşırdılar. Qeyri-peşəkar saytlar birdən birə üzə çıxaraq çoxluq təşkil etsələrdə, bu çoxluq yaxşı ki, “99 dəfə təkrar edilən yalana 100-cü dəfəsində özlərinin də inanmasına” gətirib çıxarmadı. Mənşəyi bilinməyən saytların xəbərləri bir an içərisində hər tərəfi dolaşsa da, oxucu yenə üzünü daha ciddi saytlara tutdu…
Maraq doğuran digər bir hal da vardı. Bəzi həmkarlarım Ağdamı, Qarabağı hamıdan çox istəyirlərmiş kimi “bir saata Ağdama çatırıq” və ya “iki saata bir xəbər olacaq” kimi xəbərlərlə nəsə demək istəyirdilər. Bunu başa düşə bilmədim. Məncə bu sadəcə süni vətənpərvərlikdən və populizmdən başqa bir şey deyildi…
İkinci bir məqam yeddi gündə sosial şəbəkələrdə açıq “döyüş”ün getməsiydi. “FB uşaqları” nə isə isbatlamağa çalışırdılar. Virtual “döyüşçü”lər and içirdilər ki, bəs qoşunlarımız Ağdama çatıb və s. Rəşad Süleymanov demişkən “FB uşaqlarının hücumları nəticəsində az qalmışdı Yerevana çataq”
Əziz dostlar! O torpaqları məndə sevirəm, özüdə hec kimdən az yox. İnşallah o torpaqlara birinci gedənlər sırasında mən hökmən olacağam. Amma gəlin özümüzü düşmən qarşısında “yüngül saqqal” etməyək…
Dostlar! Dilimizdə çoxda işlək olmayan bir söz var – “tabu”. “Tabu” sözü əsasən izaholumayan qadağa kimi başa düşülür. Bizim hər birimizin vicdanımız qarşısında bir tabu olmalıdır. Və bu tabuda xüsusəndə dövlət siyasətinə uyğun olmalıdır, bir “layk”a satılması mümkün olmayan mətləblər var axı. Söz yox ki, dövlətin hər xirda bir məsələni diqqətdə saxlaması və fikir bildirməsi mümkün deyildir. Belə olan halda gəlin bu kimi xırda görünən məqamlara özümüz nəzarət edək və lazımsız yerə düşmən dəyirmanına su tökməyək.