Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il iyul ayının 15-də yaratdığı Fövqəladə Təhqiqat Komissiyası həmin ilin aprel və may aylarında Quba şəhəri və Quba qəzasının kəndlərində S. Şaumyan və G. Karqanovun göndərdikləri erməni daşnak cəza dəstələrinin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər haqqında da çoxlu məlumatlar toplamışdır.
5 cilddən ibarət olan bu materiallar arasında zərərdidələrin və şahidlərin dindirilmə protokolları, Quba şəhərinin ayrı-ayrı günlərində yandırılmış və dağıdılmış, evlərə və dükanlara baxış protokolları, Fövqəladə Təhqiqat Komissiyasının üzvü A. Novatskinin və digər şəxslərin hazırladıqları məruzələr, aktlar, şəhərin ayrı-ayrı ailələrinə və sakinlərinə dəymiş maddi zərərin miqdarı barədə siyahılar və s. vardır. (Bax: ARDA. f. 1061, siy. 1, iş 95-98).
Bu cildlərdəki qarət edilmiş əşyaların siyahıları arasında daha çox xalça və qızıl əşyaların siyahısı nəzəri cəlb edir. Ermənilərin kütləvi surətdə yaşamadığı, demək olar ki, onların barmaqla sayıldığı Quba şəhərində bu hadisələr necə baş vermişdi? Ermənilər xalqımıza qarşı belə bir vəhşilikləri necə törədə bilmişlər?
Əvvəla onu qeyd edək ki, Fövqəladə Təhqiqat Komissiyasının üzvü A. Novatski 1918-ci ilin dekabrın 11 – də həmin ilin may ayında Quba şəhərinin S. Şaumyanın göndərdiyi daşnak quldur dəstələri tərəfindən dağıdılmasına qədər şəhərin ümumi vəziyyətinə aid Quba şəhər rəisi Ə. Əlibəyova sorğu göndərir. Şəhər rəisi isə özünün həmin il 12 dekabr tarixli cavabında bildirirdi ki, Hamazaspın erməni cəza dəstələri tərəfindən dağıdılana qədər Quba şəhərində təxminən 20 minə yaxın əhali və 10 minə yaxın ev olmuşdur. Daşnakların Quba şəhərinə hücumu 1918-ci il may ayının 1-də başlamış və onların azğınlıqları doqquz gün davam etmişdir.
Bu müddət ərzində Quba şəhərində azərbaycanlılara məxsus 200-ə yaxın ev tamamilə dağıdılmış və yandırılmışdı. Ən çox dağıntı Bazar, Bulvar, Komendant və A. Bakıxanov kimi mərkəzi küçələrdə törədilmişdir. Onun verdiyi məlumata görə bu hadisələrə qədər Quba şəhərində dağınıq şəkildə cəmisi 500 nəfərə yaxın erməni yaşamışdır. (Bax: ARDA. f. 1061, siy. 1, iş 96, vər. 1-2).
Burada Ə. Əlibəyovun izahatındakı bir məsələyə də xüsusi diqqət yetirmək lazımdır. Bir tərəfdən bu o illər kommunist libası geymiş erməni daşnaklarının azərbaycanlılara qarşı bir neçə yerdə həyata keçirdiyi tamamilə əvvəlcədən planlaşdırılmış tədbirlə necə də uzlaşır. Digər tərəfdən isə 1988-ci ildə Sumqayıt hadisələri zamanı pullu ermənilərin öz pullarının əmanət kassalarından çıxarması və Sumqayıtı tərk etmələri ilə necə də oxşarlıq təşkil edir.
Əli Abbas bəy izahatında bildirirdi ki, mən fikir verirdim, bu il mart ayının əvvəllərindən çoxlu Quba erməniləri özlərinin daşınan və daşınmayan əmlaklarını sataraq çıxıb gedirlər. Məsələn, Aleksandr Melikov, Cavad Poqasov, Mirzə Parseqov, Maqaks Poqasov, Artaşet Məlikov, Nerses Surumov və b. Mən Aleksandr Melikovdan və Bağdasarovdan soruşduqda ki, nə səbəbə onlar əmlaklarını sataraq belə tələsik çıxıb gedirlər. Onlar mənə dedilər ki, “Sizinlə bizim aramızda nə isə gözlənilir. Ona görə komitə bizi geri çağırır”. (Bax: ARDA. f. 1061, siy. 1, iş 96, vər. 38). Deməli həmişə olduğu kimi varlı ermənilər yenə də vaxtında Quba şəhərini tərk ediblərmiş.
Bəs Quba hadisələri necə başlamışdı?
1918-ci ilin aprel ayında Bakı şəhəri və Bakı quberniyasının bir hissəsində hakimiyyət bolşeviklərin əlində olduğu vaxt bolşevik partiyasının nümayəndəsi David Qolovani Qubaya gəlir. 1918-ci il dekabrın 21-də A. Novatski tərəfindən dindirilən D. Qolovani bildirmişdi ki, mən əqidəli sosial-demokrat menşevikəm, öz siyasi əqidəmə görə sürgün edilmişdim. Fevral inqilabından sonra azad olundum və Moskvada tibbi təhsil alırdım. 1918-ci ilin əvvəllərində Qafqaza gəldim və qohumlarının evində qonaq idim. Rusiyaya qayıtmaq istədikdə Qudermesdə baş vermiş hadisələrə görə Moskva ilə dəmiryol əlaqəsi kəsildiyi üçün gedə bilmədim.
Bakıda işsiz qalmışdım. Burada isə hakimiyyət bolşeviklərin əlində idi. Bolşevik rəhbərlərindən biri olan A. Çaparidze mənə milisdə işləməyi təklif etdi və mən həmin təklifi qəbul etdim. Bakıda baş vermiş mart hadisələrindən sonra mənə Qudermes stansiyasına qədər dəmiryol hərəkətinin bərpa edilməsinin təşkili tapşırıldı. (ARDA: f. 1061, sıy. 1, iş 96, vər. 62). O bildirir ki, mənə tapşırılmış əsgərlərdən ibarət eşelonun parovozunda yola düşdüm və yol boyu müsəlman əhali silahlı əsgərlərdən ibarət eşelonun gəldiyini eşidib öz kəndlərini tərk edərək qaçırdılar. Mən müsəlmanları dayandıraraq qorxu və qaçmaq üçün bir əsas olmadığını onlara başa salırdım. Onun bildirdiyinə görə eşelonda 2000-ə yaxın əsgər var idi. Onlar əsasən ruslar və ermənilərdən ibarət idi. Eşelon Xaçmaz stansiyasına çatdıqda burada iki erməni eşelona minərək əsgərlər, xüsusilə erməni əsgərləri arasında Qubada ermənilərə qarşı repressiya siyasəti həyata keçirildiyi haqqında təbliğat aparmağa başladılar. Guya bu repressiya siyasətini azərbaycanlı bəylər həyata keçirmişdilər. Eşelonda olan erməni əsgərlər həyəcana gələrək, hücum edib Quba şəhərini dağıtmağı təklif edirlər. (Yenə orada, vər. 62).
D. Qolovani bildirirdi ki, mən və komissar əsgərləri güclə saxlaya bildik və məlumat aldıq ki, qubalılar bizimlə danışıqlar aparmaq üçün nümayəndə heyəti göndəriblər.
Bu məsələ haqqında Quba şəhər rəisi Ə. Əlibəyov isə Fövqəladə Təhqiqat Komissiyasına 1918-ci il 15 dekabr tarixli ifadəsində bildirmişdi ki, aprel ayında kimsə Xaçmazdan xəbər verdi ki, oraya bolşevik silahlı dəstələri gəlib və Quba şəhərinə hərəkət etmək niyyətindədirlər. Biz qubalılar Xaçmaza bolşeviklərin yanına nümayəndə heyəti göndərdik ki, öyrənək nə məqsədlə Qubaya gəlmək istəyirlər. Nümayəndə heyəti qayıdıb xəbər gətirdi ki, bolşeviklər Quba şəhərini və Quba qəzasını Sovet hakimiyyətinə tabe etdirmək və burada qayda-qanun yaratmaq üçün gəliblər. Eyni zamanda onlar nümayəndə heyətinə bu məsələləri aydınlaşdırmaq üçün Bakıya bolşeviklərin yanına nümayəndə heyəti göndərməyi də məsləhət görmüşdülər. Ertəsi gün bolşevik D. Qolovani, Qubalı müsəlman qatı bolşevik Mir Cəfər Bağırovla bərabər Qubaya gəldilər. (ARDA: f. 1061, siy. 1, iş 96, vər. 34).
Ə. Əlibəyovun sözlərinə görə D. Qolovani qubalılarla söhbət zamanı bildirir ki, bolşeviklər Qubaya gəliblər ki, yerindəcə aydınlaşdırsınlar burada Sovet hakimiyyəti lazımdır ya yox və müəyyən ediblər ki, lazımdır. (Bax: yenə orada).
D. Qolovani isə bu məsələni belə izah edirdi: “Eşelon Qubaya hücum əvəzində bitərəf şəxs kimi məni Qubaya 2 saat müddətində Sovet hakimiyyətini tanımaq ultimatumu ilə göndərmək qərarına gəldi. 3 nəfərdən ibarət nümayəndə heyəti yanına gələrək bəyan etdilər ki, qubalılar bolşevik hakimiyyətini tanıyır və onun tələblərinə əməl edəcəklər. Mən Qubaya gəldim və qubalılardan tələb etdim ki, 2 saata mənə cavab versinlər. Sovet hakimiyyətini tanıyırlar, ya yox? Onlara dedim ki, təklifi rədd etsəniz, gələcəkdə hadisələrin gedişi barədə Sizə təminat verə bilməyəcəyəm. Qubalılar sünni və şiə məzhəb din xadimlərini yığdılar və din xadimləri bolşevizmin şəriət qanunlarına zidd olmadığı üçün Sovet hakimiyyətinə tabe olduqlarını bildirdilər. Bu haqda mən Xaçmazda eşelonun komissarına da məlumat verdim.
Bir neçə müddət Qubada qaldım. Qubalılar məndən Qubaya əsgərlərdən ibarət dəstə göndərməyimi xahiş etdilər. Çünki elə qüvvələr var idi ki, onlarla mübarizə apara bilmirdilər… Mən Bakıya teleqram vurdum ki, qubalılar burada qayda-qanun yaratmaq üçün Qubaya silahlı dəstə göndərməyi xahiş edirlər. Mənə cavab verildi ki, artıq dəstə göndərilib. Həmin dəstəni qarşılamaq üçün mən Xaçmaza getdim və onlarla birlikdə Qubaya gəldik. Dəstədə cəmi 187 nəfər adam var idi. Onlardan 12 nəfər erməni, bir neçə nəfər yəhudi, qalanları isə ruslar idi. Dəstədə familiyasını bilmədiyim erməninin rəhbərliyi altında 2 pulemyot da var idi. Dəstənin bu komandirini bir neçə dəfə mən ara qarışdırma hərəkətlərdən daşındıra bildim. (Bax: ARDA. f. 1061, siy. 1, iş 96, vər. 62).
Bu məsələ haqqında Quba şəhərinin nüfuzlu şəxslərindən olan Hacı İsmayıl Orucov isə 1918-ci il dekabrın 12-də verdiyi izahatda demişdi: “Yaz aylarında gecə, vaxtını dəqiq deyə bilmərəm. Quba şəhərinə Xaçmazda olan bolşevik dəstəsinin nümayəndəsi Qolovani gələrək bizdən tələb etdi ki, bolşeviklərin hakimiyyətini qəbul edək. Cavab üçün bizə 2 saat vaxt verdi. Biz isə heç olmazsa 24 saat vaxt verməyi xahiş etdik ki, qonşu kəndlilər ilə bir yerə yığışıb bu məsələni müzakirə edək. Bizim xahişimiz rədd olundu. Qolovani Quba şəhərini və ətraf kəndləri dağıtmaqla hədələdi. Onda Quba şəhəri və ətraf kəndlərin əhalisi Sovet hakimiyyətini tanıdıqlarını elan etdilər. Nisbətən uzaq kəndlər bolşeviklərə tabe olmaqdan imtina etdilər. 2 gündən sonra 200 – 300 nəfərlik bolşevik dəstəsi Quba şəhərinə gəldi.
Dəstədə əksəriyyəti ermənilər təşkil edirdi. Ermənilər azərbaycanlılara sataşır, lakin onları öldürmür və qarət etmirdilər. Təxminən 10 gündən sonra yəhudi qəsəbəsi tərəfindən şəhərə yaxınlaşan ləzgi silahlı dəstələri şəhəri zorla tutmuş bolşevikləri qovmaq üçün şəhəri atəşə tutdular. Atışma üç sutka davam etdi. Nəhayət bolşeviklər onlara köməyə gəlmiş böyük silahlı dəstənin mühafizəsi altındı Xaçmaza geri çəkildilər. Ləzgilərsə dağılıb getdilər”. (ARDA: f. 1061, siy. 1, iş 96, vər. 14).
Quba şəhər rəisi Ə. Əlibəyov Quba şəhəri əhalisinin D. Qolovaninin təkliflərini qəbul etdikdən sonra cərəyan edən hadisələri haqqında öz ifadəsində bildirirdi ki, bundan sonra o, Xaçmaza qayıtdı. Altı gündən sonra isə o, 170 nəfərlik silahlı dəstə və pulemyotlarla yenidən Qubaya qayıtdı. Dəstə ruslar, yəhudilər və ermənilərdən ibarət idi. Özü də axırıncılar çoxluq təşkil edirdilər. Dəstənin başında poruçik Ağacanyan dururdu.
O, həm də pulemyotçuların rəisi idi. Qolovani özünü Qubanın qəza komissarı elan etdi. Qubalılar ona tabe oldu və Sovet hakimiyyətini tanıdı. Tezliklə ətraf kəndlərin ləzgiləri şəhərə köməyə gələrək onu bolşeviklərdən azad etmək və bolşevikləri şəhərdən qovmaq üçün şəhəri tüfənglərdən atəşə tutdular. Bolşeviklər pulemyotlarla cavab verirdilər. Erməni bolşeviklər heç cür tabe olmaq istəmirdilər və sonralar aydın oldu ki, onlar kömək gözləyirmişlər. Atışma nəticəsində mülki əhalidən 40 nəfər öldürüldü. Ləzgilərdən isə 200 nəfərə yaxın adam öldürülmüşdü. Üç gündən sonra Xaçmazdan bolşeviklərə 40 nəfərlik dəstə və bir topdan ibarət yeni kömək gəldi. Nəhayət altıncı gün bolşeviklər şəhəri tərk etməyə başladılar. Onlarla bərabər müstəntiqlər Manuylov və Yesmandan başqa bütün rus çinovnikləri və bütün ermənilər də şəhəri tərk etdilər. Geri çəkilərkən Ağacanyanın silahlı dəstələri Bulvar küçəsinə od vurduqları Bazar küçəsində 16 nəfər, komendant küçəsində 7 nəfər və şəhərin kənarında köhnə həbsxananın yanında 35 nəfər azərbaycanlını qətlə yetirirlər…
Geri çəkilən bolşevik dəstələri ləzgilər tərəfindən atəşə tutulur. Dəstənin önündə şəhərdən çıxarılmış erməni və rus əhalisi gedirdi. Onların arasında ölən və yaralananlar var idi. Ölənlərdən bəzilərinin meyiti bolşeviklər tərəfindən götürülür. Qalanları isə yerdə qalır. Onların kimlərin bolşeviklərin və ya ləzgilərin atəşi nəticəsində öldürüldüyü məlum deyildi”. (yenə orada, f. 1061, siy. 1, iş 96, vər. 35).
D. Qolovani isə bu hadisə barədə belə məlumat verirdi: “Tezliklə dəstəmizin üzərinə ləzgilər və ətraf kəndlərin müsəlmanları (azərbaycanlılar – A. P) hücum etdilər. Qubalılar bizə hücum etmədi. Xaçmazdan köməyimizə poruçik Ağacanyanın başçılığı ilə yalnız ermənilərdən ibarət 150 nəfərlik dəstə və iki top gəldi. O biri gün o, Qubada olan əksəriyyəti ermənilərdən ibarət xristian əhalini şəhərdən çıxarmaq üçün bir yerə yığdı.
Biz geri çəkilməyə başladıq. Mən dəstənin önündə gedirdim. Onun (Ağacanyanın – A. P.) əsgərləri köçürdükləri adamları qoyaraq qaçırdılar… Köçürülənlərin bir hissəsi mənim dəstələrim tərəfindən çıxarıldı, bir hissəsi isə Leontev bağı yanında qalaraq, orada ləzgilər tərəfindən məhv edildilər. Biz Xaçmaza oradan isə Dərbəndə getdik. Bir neçə gündən sonra hərbi nazir G. Karqanov Hamazaspın komandanlığı altında 2000 nəfərdən ibarət cəza dəstəsini Qubaya göndərdi”. (yenə orada, f. 1061, siy. 1, iş 96, vər. 63).
D. Qolovani dəstələri Qubadan çıxarıldıqdan təxminən iki həftə sonra Quba şəhərinə xəbər çatır ki, Bakıdan top və pulemyotlarla silahlanmış böyük bir ordu hissəsi Quba şəhərinə doğru hərəkət etməkdədir.
Ə. Əlibəyovun verdiyi məlumata görə “Aprelin axırlarında həmin silahlı dəstələr Xaçmaz kəndinə çatır. Bu kəndin sakinləri dəstənin qabağını kəsir nəticədə iki gün atışma gedir. Müsəlmanlar daha dəstənin qabağını kəsmək iqtidarında olmadıqları üçün dəstə özünə yol açaraq Quba şəhərinə istiqamət götürür. Yalnız ermənilərdən təşkil edilmiş bu dəstənin başında türklərə qarşı vəhşiliklər törətməkdə ad çıxarmış daşnaksakan Hamazasp dururdu. Onun köməkçisi Nikolay, komissarı isə Venunts idi. Dəstəyə yol göstərən və bələdçi “Dəyirmançı” ləqəbli qubalı erməni Hərtün Hayrapetov idi”. (Bax: ARDA. f. 1061, siy. 1, iş 96, vər. 35).
Ə. Əlibəyovun məlumatına görə 1918-ci il may ayının 1-də dəstə üç istiqamətdən şəhərə daxil olur. Dəstədə dörd top və səkkiz pulemyot var idi. Şəhərə daxil olan daşnak dəstələri çox amansızlıqla dinc əhalinin öldürülməsi və var-dövlətlərinin talanı işinə başlayır. Təkcə birinci gün şəhərin aşağı hissəsində 713 nəfər azərbaycanlı öldürülür ki, onların da əksəriyyəti qadın və uşaqlar idi. Böyük Şosse və Bazar küçələrindəki evlər qarət edilir. Hamazaspın silahlı dəstələri şəhəri dörd hissəyə bölərək hər bir hissədə ayrıca qərargah yaradırlar.
Birinci qərargah Leontev bağının yanında, ikinci qərargah erməni kilsəsinin ərazisində, üçüncü qərargah müsəlman qəbiristanlığının yaxınlığındakı yüksəklikdə, dördüncü – mərkəzi qərargah isə yəhudi qəsəbəsi hündürlüyündə yaradılmışdır. (ARDA: f. 1061, siy. 1, iş 96, vər. 35).
Ermənilərin Qubada azğınlığı doqquz gün davam edir. Hücumun ikinci günü şəhərin birinci və ikinci hissəsində onlar 1012 nəfər azərbaycanlını qətlə yetirirlər ki, onların da böyük əksəriyyəti şəhərin yoxsul əhalisi və İrandan iş dalınca gəlmiş kişilər idi. Talanlarsa heç cür səngimirdi.
Qırğın və talanların üçüncü günü Quba şəhər rəisi qubalıların nümayəndəsi kimi Hamazaspın yanına gedərək xahiş edir ki, heç olmazsa küçə və evlərdə atılıb qalmış ölülərin dəfn olunmasına icazə versin. Hamazasp bundan imtina edir və ata minərək Ə. Əlibəyovla bərabər qərargahından şəhərə gəlir. Burada o, Əli Abbas bəyin iştirakı ilə əsgərlərə müraciət edərək qətl və talanları qurtarmaq haqqında öyüd-nəsihət verməyə başlayır. Ə. Əlibəyov öz izahatında bildirirdi: “Bu öyüd-nəsihət mənə belə gəldi ki, səmimi deyildi və əsgərlər onu (yəni Hamazaspı – A. P.) əks mənada başa düşməli idilər”. (yenə orada vər. 35).
Ə. Əlibəyov öz izahatından sonra bildirir ki, Hamazasp məscidin yanındakı meydana gələrək orada toplaşmış müsəlmanlara müraciətlə dedi: “Mən əslən Ərzurumdanam. Uzun müddət türklərlə vuruşmuşam. Mən erməni mənafelərinin müdafiəçisiyəm. Mən Sovet hökuməti tərəfindən cəza dəstəsi ilə buraya göndərilmişəm ki, burada sizdən iki həftə bundan əvvəl burada öldürülmüş ermənilərin qisasını alım. (O, əlini üzərində toplar dayanmış dağa tərəf tutaraq) sizin müsibətiniz o vaxt başlayacaq ki, mən sabah o dağa qalxım. Sabah mən o dağa qalxaraq şəhəri topa tutduracaq və yer ilə yeksan edəcəyəm. Hazırda mənim Didax və Alpan kəndlərində döyüşlərim gedir. Sonra Uç gün və Kilit kəndlərinə keçərək sizləri odlara yaxacaq və Şahdağa çatacağam. Onda başa düşərsiniz ki, erməniləri öldürmək nə deməkdir. Mən buraya qayda-qanun yaratmaq və Sovet hakimiyyəti qurmaq üçün deyil öldürülmüş ermənilərin qisasını almaq üçün göndərilmişəm”. (yenə orada vər. 35-36).
Hamazaspın erməni daşnak dəstələrinin Quba şəhəri və ətraf kəndlərdə törətdiyi vəhşiliklər Fövqəladə Təhqiqat Komissiyasının üzvü A. Novatskinin rəhbərlik etdiyi qrup tərəfindən ümumiləşdirilmiş məruzədə də öz əksini tapmışdır. (Bax: ARDA. f. 1061, siy. 1, iş 95).
Məruzədə deyilirdi ki, erməni silahlı dəstələrinin şəhərə daxil olması müsəlman əhalinin kütləvi surətdə qətli və onlar üzərində hər cür zorakılıq halları ilə müşayiət olunurdu. Ermənilər küçələrdə əllərinə keçən kişi, qadın və uşaqları amansızlıqla qətlə yetirdilər. Evlərə soxularaq südəmər uşaqlara belə rəhm etmir, onları analarının qucağındaca qılıncla doğrayırdılar.
A. Novatskinin məruzəsində deyilirdi ki, Kərbəlayı Məhəmməd Tağı oğlunun on dörd nəfərdən ibarət ailəsi bu cür qəddarlıqla qətlə yetirilmişdi. Məhəmməd Rəsul Mahmud oğlunun üç uşaq və arvadından ibarət bütün ailəsi ağır işgəncələrlə öldürülmüşdür. Onun özünün diri-diri qarnını yırtmış, gözü qabağında üç uşağının başını kəsmişdilər. Hacı Dadaş Bala Qasım oğlu arvadı Məşədi Bibixanım və oğlu Əbdül Qasımla öz evlərində öldürülmüş və yandırılmışlar. Kərbəlayı Abuzər Məstan oğlunun iki qızı – Hökümə və Buta analarının qucağındaca xəncərlə doğranmışlar. Belə faktlar məruzədə və onun üçün toplanmış materiallarda onlarladır.
Məsələn, erməni əsgərləri şəhərin hörmətli ağsaqqallarından olan Əli-Paşa Kərbəlayı Məhəmməd oğlundan tələb edirlər ki, kef çəkmək üçün onlara müsəlman qadın və qızları tapıb gətirsin. Təbiidir ki, Əli-Paşa Kərbəlayı Məhəmməd oğlu bundan imtina edir. Əmrlərinin yerinə yetirilmədiyini görən erməni cəlladları onu və oğlunu vəhşicəsinə qətlə yetirirlər. Erməni vandalları əvvəlcə atasının gözü qabağında oğlunun gözlərini çıxarır, üzünü ülgüclə doğrayır, sonra isə canını tapşırana qədər süngü ilə dəlik-deşik edirlər. (Bax: ARDA. f. 1061, siy. 1, iş 95, vər. 6).
Qubanın nüfuzlu şəxslərindən Hacı İsmayıl Orucov öz ifadəsində bildirdi ki, Qriqori adında bir nəfər erməni öz evini Qubada Molla Şahbalı adlı bir nəfərə satmışdı. Qriqorinin adını bilmədiyim oğlu evi satmağın əleyhinə idi. Ermənilər Qubanı tutduqda Hamazaspın dəstəsində olan Qriqorinin həmin oğlu Molla Şahbalını qəddarlıqla qətlə yetirmişdi. (ARDA: f. 1061, siy. 1, iş 96, vər. 16).
Quba şəhər rəisi Ə. Əlibəyov öz ifadəsində bildirdi ki, “Zorakılıqlar, qətllər və qarətlər doqquz gün davam etdi. Mən yenidən Hamazaspın yanına gedərək heç olmazsa ölülərin cəsədlərinin yığılaraq torpağa tapşırılmasına icazə verməyi xahiş etdim. Adı çəkilən Hartün Hayrapetov mənim iştirakımla ona məruzə etdi ki, (məruzə zamanı mən də iştirak edirdim və erməni dilini bildiyim üçün nə dediyini başa düşürdüm) şəhərdən Nikolay pulu ilə nəğdi 3 milyon manat yığılıb, 6 milyon manatlıq qızıl və qızıl qadın bəzək əşyaları toplanıb, hər öldürülmüş erməni üçün 200 müsəlman öldürülmüş, hər zorlanmış erməni arvadı üçün 70 müsəlman arvad
və qızı zorlanmış, ermənilərdən müsadirə olunmuş əşyalar geri alınmış, 90-a yaxın ev yandırılmışdır. Hayrapetov məruzəsini belə yekunlaşdırdı: “İş tamamlanmışdır, artıq bəsdir, gedək”. (ARDA: f. 1061, siy. 1, iş 96, vər. 37).
Ə. Əlibəyov öz izahatından sonra qeyd edirdi ki, bu vaxt artıq şəhərin hər yerində evlər yanırdı. Təkcə Bazar küçəsində yanan ev və dükanların sayı 16 idi. Mənim gözlərim qarşısında həmin Hartün Hayrapetov və onun 12 nəfərlik artilleriya dəstəsi yarım milyon manatlıqdan yuxarı ərzaq məhsulları – qənd, çay və manufaktura malları olan anbara od vurdu. İlk gündən şəhərdən talanaraq Bağırovun evinə yığılmış mallar H. Hayrapetovun nəzarəti altında arabalara yüklənərək yola salınırdı. Hamazasp dəstələrinin Qubadan çıxarılması ilə əlaqədar bu hadisələrin ilk başlanğıcının səbəbkarı olmuş Qolovaninin izahatı da maraqlıdır. O, bildirmişdi: “A. Çaparidzenin aldığı və mənim keçmiş köməkçim Mir Cəfər Bağırov tərəfindən imzalanmış teleqramda deyilirdi ki, mən (yəni D. Qolovani – A. P.) Qubaya gələrək onları hər tərəfdən yanğınlar, qətl və qarətlər törədən Hamazaspın dəstələrindən xilas edim. Çaparidze mənə tezliklə Qubaya getməyi məsləhət görürdü. Mən geniş səlahiyyətlər alaraq Qubaya gəldim. Hamazaspa tənə ilə müraciət etdim ki, onun dəstələri burada nələr törətmişdi? O və dəstənin komissarı Venunts məni inandırmağa çalışdılar ki, guya onların bu işdə heç bir təqsiri yoxdur, öz aralarında vuruşan sünni və şiə müsəlmanlar bir-birlərini qırmış və şəhəri yandırmışlar”. Mən onlara inanmadım və Hamazaspa öz dəstələri ilə şəhəri tərk etməyi təklif etdim. Əvvəlcə o tərəddüd etdi və sonra bildirdi ki, çıxıb gedir. Həqiqətən də Qubada olduğunun onuncu günü bütün dəstəsi ilə çıxıb getdi”. (ARDA: f. 1061, siy. 1, iş 96, vər. 65).
Maraqlıdır ki, Quba şəhərinin nüfuzlu şəxslərindən olan Hacı İsmayıl Orucov da öz izahatında bu məsələyə toxunmuşdu: “Ermənilərin Quba şəhəri sakinləri üzərində vəhşilikləri on gün davam etmişdir. Gürcülər gəlmiş, ermənilər geriyə – Bakıya qayıtmışdılar. Gürcülər bizimlə sülh şəraitində davranmış və türklər gələnə qədər Qubada qalmışlar”. (ARDA: f. 1061, siy. 1, iş 96, ver. 16).
Ermənilərin Qubada törətdikləri vəhşiliklər haqqında Quba şəhər rəisi Ə. Əlibəyov yazırdı ki, ermənilər şəhəri tərk etdikdən sonra mən şəhərə dəymiş zərəri hesablamağa başladım və müəyyən etdim ki, iki minə yaxın müsəlman kişi, qadın və uşaq qətlə yetirilmişdi. A. Novatski də öz məruzəsində Ə. Əlibəyovun məlumatına əsaslanaraq qətlə yetirilmiş azərbaycanlıların sayının iki minə yaxın olduğunu yazırdı. (Bax: ARDA. f. 1061, siy. 1, iş 96, vər. 6).
Yuxarıda göstərdiyimiz Hacı İsmayıl Orucov isə öz izahatında bildirirdi ki, “Ölüləri dəfn edən mollanın dediyinə görə, o, 2800 nəfərin cənazəsinin torpağa tapşırıldığını saymışdı”. (Bax: yenə orada ver. 15).
A. Novatski Hamazasp dəstələrinin Qubadakı qarətləri barədə verdiyi məlumatları əsasən Ə. Əlibəyovun izahatından götürülmüşdür. Təxmini hesablamalara görə Hamazaspın dəstəsi tərəfindən oğurlanmış əmlak 4 milyon manat nəğdi pul, 4,5 milyon manatlıq brilyant, qızıl, gümüş və digər qiymətli daş-qaş, 25 milyon manatlıq müxtəlif mallar – xalça, ev əşyaları və s. olmuşdu.
Bundan əlavə Hamazaspın dəstələri təkcə Quba şəhərində 105 evi və digər tikililəri tamamilə yandırıb dağıtmışlar ki, bunun da nəticəsində onların sahiblərinə dəyən zərər 100 milyon manatdan yuxarı olmuşdur. (yenə orada, f. 1061, siy. 1, iş 95, vər. 6).
Hamazaspın Qubaya doğru hərəkət edən erməni hərbi hissələri öz yolu üstündə olan bütün azərbaycanlı kəndlərini talan edir, yandırır, dağıdır, qaçmağa macal tapmamış əhaliyə, o cümlədən qadın və uşaqlara aman vermədən qırırdılar. A. Novatskinin məruzəsində göstərilirdi ki, elə hallar olmuşdur ki, azərbaycanlı kəndliləri ağ bayraqla Hamazasp dəstələrinin yanına nümayəndələr göndərib tabe olduqlarını bildirmişlər. Lakin ermənilər bu nümayəndələrə qulaq asmaq istəməyib, onları amansızlıqla qətlə yetirmişlər. A. Novatski komissiyası müəyyən etmişdir ki, ümumiyyətlə Hamazaspın dəstələri tərəfindən Quba qəzası ərazisində 122 müsəlman kəndi dağıdılmış və yandırılmışdır. Bu kəndlər dağıdılan və yandırılan zaman 60 nəfər azərbaycanlı kişi, qadın və uşaq öldürülmüş və 53 kişi yaralanmışdır. (ARDA: f. 1061, siy. 1, iş 96, vər. 8).
Əlimizdə olan digər faktlar göstərir ki, bu Hamazasp dəstələrinin Quba kəndlərində öldürdüklərinin hamısı deyil: Məsələn, yuxarıda dəfələrlə adı çəkilən D. Qolovani öz izahatında bildirmişdi ki, Hamazaspın dəstəsi Qubadan çıxıb gedərkən “Xaçmaza qədər yol boyu 36 nəfər arabaçını qətlə yetirmişdi. Onlardan 5-nin cəsədini mən özüm gördüm”. (ARDA: f. 1061, siy. 1, iş 96, vər. 65).
A. Novatski komissiyasının məruzəsindən, D. Qolovaninin və Ə. Əlibəyovun məlumatlarından görünür ki, Hamazaspın daşnak dəstələri digər komissarların xəbəri olmadan şəxsən S. Şaumyanın təşəbbüsü ilə Quba şəhərinə həqiqətən də azərbaycanlıları cəzalandırmaq məqsədilə göndərilmişdir. S. Şaumyanın tapşırığı ilə Bakı Xalq Komissarları Sovetinin hərbi komissarı G. Karqanov tərəfindən Qubaya göndərilən təxminən iki min nəfərə yaxın heyəti olan hərbi hissəyə yalnız “Daşnaksutyun” partiyasına mənsub ermənilər daxil edilmişlər.
Onlara bilərəkdən komandir türklərə və azərbaycanlılara qarşı öz qəddarlığı ilə ad çıxarmış daşnak cəlladı Hamazasp təyin olunmuşdur. Dəstənin komissarı isə Venunts idi. Bu dəstə öz qarşısında heç bir siyasi məqsəd qoymayaraq özlərini “cəza” dəstəsi adlandırırlar. Onlar qarşısında “Xəzər dənizi sahillərindən tutmuş Şah dağına qədər olan ərazidə yaşayan bütün müsəlmanları Şamaxıda olduğu kimi məhv etmək, onların xanimanlarını isə yer üzərindən silmək məqsədi qoymuşdurlar. (ARDA: f. 1061, siy. l, iş 95, vər. 7).
S. Şaumyanın bu işə şəxsi marağını açıqlamaq üçün Ə. Əlibəyovun izahatına xüsusilə diqqət yetirməliyik. O demişdi: “Hamazaspın erməni dəstələri getdikdən sonra mən nümayəndə kimi bolşeviklərin başçıları Şaumyan və Çaparidzenin yanında oldum ki, öyrənim həqiqətən də Sovetlər Hamazaspın rəhbərliyi ilə Qubaya cəza dəstəsi göndəriblərmi? Silahlı dəstənin Qubada törətdikləri hadisələr barəsində onlara yazılı şəkildə məlumat verdim. Şaumyan sifətində sevinc ifadəsi olaraq məni dinlədi və dedi: “Müsəlmanlar (azərbaycanlılar – A. P.) və türklər yüz minlərlə ermənini öldürüblər, indi nə olub ki, Qubada ermənilər iki müsəlmanı öldürən kimi müsəlmanlar şikayət edir və göz yaşı axıdırlar”. (ARDA: f. 1061, siy. 1, iş 96, vər. 38). Bax budur bolşevik cildinə girmiş daşnak xislətli S. Şaumyanın həqiqi sifəti.
A. Novatskinin məruzəsində Hamazaspın “cəza dəstəsində” onun özü, müavini Nikolay və komissarı Venuntsdan başqa daha fəal üzvlərinin adları da sadalanır. Bunlar Quba şəhəri sakinləri – Hartün Hayrapetov, dəllək Cavad, Hartünov, balıq sənayeçisi Avakovun oğlu, tələbə Əmircanov qardaşları, tacir Mirzə Əmircanovun özü və qardaşı uşaqları, meyxanaçı Məlikov, Qriqoninin oğlu Vartan, dəyirman sahibi Mirzəcanın nəvəsi Hərtün, Vartan Avakov, Hərtün Baba oğlu, Aleksandr Mukasyants, Tatevos Yaqub oğlu, Babacan oğlu ilə Hartün Karapet oğlu – iki oğlu və qardaşı oğlu ilə və sair.
Məruzənin yekununda Quba şəhərində və Quba qəzasının 122 kəndində vəhşiliklər törətmiş Hamazaspa, onun müavini Nikolaya, komissar Venuntsa, Hartün Hayrapetova, dəllək Cavada, Avakova, Əmircanova və başqalarına qarşı cinayət işi qaldırmaq təklif olunur. Öldükləri üçün keçmiş komissarlar S. Şaumyan və G. Karqanova qarşı cinayət işi xətm olunması təklifi olunur. (ARDA: f 1061, siy. 1, iş 95, vər. 5-8).
Elə həmin ilin noyabrında göstərilən məruzə əsasında Fövqəladə Təhqiqat Komissiyası, komissiyanın sədri Ə. Xasməmmədovun və komissiyanın digər üzvlərinin imzası ilə yuxarıda göstərilən şəxslərə qarşı cinayət işi qaldırılması haqqında qərar qəbul etmiş. Onların işləri 1920-ci il yanvarın 29-da Bakı dairə məhkəməsinin prokurorluğuna göndərilmişdir. (Bax: göstərilən iş vər. 9-11).
1920-ci il yanvar ayının 11-də Azərbaycan Xalq Cümhuriyyətinin Böyük dövlətlər tərəfindən de-fakto tanınması ilə əlaqədar olaraq Cümhuriyyət Parlamentinin həmin il fevralın 9-da qəbul etdiyi qanunun ikinci maddəsinə görə həmin qanun qəbul olunana qədər millətlərarası düşmənçilik zəminində törədilmiş cinayətlərə xitam verildiyi elan olunur və bu işlərin istintaqının dayandırıldığı elan olunurdu. Həmin ilin aprelində Azərbaycan Xalq Cümhuriyyəti hökuməti süqut etdikdən sonra onun qəbul etdiyi bütün qanunları ləğv edən bolşevik hökumətinin məhkəmə orqanları 1920-ci il oktyabrın 10-da Quba qəzası məhkəməsinin birinci istintaq komissiyası həmin işə yenidən baxaraq Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin həmin il fevralın 9-da qəbul etdiyi amnistiya haqqında qanuna əsasən milli ədavət zəminində qaldırılmış həmin cinayət işinə xitam vermək üçün onu Quba qəza Xalq Məhkəməsinə göndərmiş və həmin işə xitam verilmişdir. (Bax: ARDA. f. 1061, siy. 1, iş 95, vər. 13).
Beləliklə, də cəllad Hamazasp və onun cinayətkar daşnak məsləkdaşlarının Quba şəhəri və Quba qəzası kəndlərində tökdüyü minlərlə azərbaycanlının qanı bu günə qədər də yerdə qalmışdı. Məhz bu haqsızlıqlardan ruhlanan azərbaycanlı qanına susamış erməni daşnakları qaldırdıqları yeni ərazi iddiaları ilə 1988-ci ildən sonra da minlərlə günahsız azərbaycanlını qətlə yetirmiş, bir milyon nəfəri evsiz-eşiksiz qoymuşlar.
(Paşayev Ataxan. Açılmamış səhifələrin izi ilə .Bakı, 2001, səh. 254-268)