Quba rayonunun Xanəgah kənd məscidi məhv olmaq üzrədir.
Bu barədə məlumatı Azinforum.az-a kənd sakinləri verib.
Onların sözlərinə görə, məlum məscid XVIII əsrdə tikilib və onun binası sovet dövründə anbar kimi istifadə edilib: “Həmin vaxt məscidə un, buğda məhsulları və s. yığılırdı. Vaxtilə binada minbər olub. Çoxlu kitablar, bəzi kağız sənədlər də var idi. Onları sonradan kimlərsə daşıyıb, aparıb”.
Bəs sonradan məscidin təmir olunması və ya bərpası ilə bağlı hansısa işlər görülməyibmi sualına cavab olaraq sakinlər bildirib ki, kənd camaatı bir neçə dəfə əllərindən gələn qədər məscidi təmir etməyə çalışdı: “Amma bir müddət sonra o külək və yağışa tab gətirə bilmədi. Artıq məscid sıradan çıxıb və dağılıb”.
Məscid tarixi abidə kimi Mədəniyyət Nazirliyi tərəfindən qeydə alındığı üçün kənd camaatının ona əl vurmağa səlahiyyəti yoxdur: “Abidənin yenidən bərpasına ehtiyac var. Çünki bu tarixi bir abidədir. Belə bir məscidin təmir olunub ibadət üçün istifadəyə verilsə yaxşı olar. Bu eyni zamanda yerli turizmin inkişafı baxımından önəmlidir. O baxımdan da kənd sakinləri dəfələrlə aidiyyəti qurumlara yazılı və şifahi müraciət ediblər. Amma heç bir tədbir görülməyib. Mədəniyyət Nazirliyinə müraciət edilib. Əvvəl məscidin təmir ediləcəyi deyilirdi, amma bu olmadı ”.
Kənd sakinləri onu da əlavə ediblər ki, məscidin bərbad vəziyyətə düşməsi ilə bağlı ölkə mətbuatında və telekanallarında işıqlandırılsa da nəticəsi olmayıb: “Məscid atıq məhv olmaq üzrədir. Nə qədər çətin olsa da, onu indi xilas etmək olar. Ancaq qısa zamandan sonra məscid tamamilə yerlə yeksan olacaq”.