“Kvartet” rubrikasında bu dəfə Qubadlı rayonunun işğalının 23-cü ildönümü ərəfəsində qubadlılı ziyalılar – “Akademkitab” mağazasının direktoru, filologiya elmləri doktoru Əliağa Cəfərov və uzun illər ərzində Qubadlı rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışmış Razim Əliyevlə danışdıq. “Qubadlı kitablarda” mövzusunda.
Fuad Babayev: Əlbəttə, Qubadlı mövzusu bitib-tükənməz mövzudur və bu barədə günlərlə danışmaq olar. Amma mən çox istərdim ki, biz “Qubadlı kitablarda” mövzusunda danışaq. Çünki mən öyrəndim ki, Azərbaycan MEA-nın Tarix İnstitutu “Qubadlı – Zəngəzurun qapısı” adlı kitab buraxıb. Qubadlı rayon İcra Hakimiyyəti də bir müddət öncə Qubadlı kitab sərgisi keçirib. Təəssüf ki, indi bizdə bu kitabların heç birisi yoxdur. Gəlin, elə bu kitablar barəsində danışaq. Əliağa müəllim, Siz işğal olunmuş bölgələrimiz haqqındakı kitabların səviyyəsi ilə bağlı nə fikirdəsiniz?
Əliağa Cəfərov: İlk növbədə dəvətinizə görə Sizə öz təşəkkürümü bildirirəm. İşğalın ildönümü ərəfəsindəki görüşlərdə insanda istər-istəməz bir nisgil yaranır. Düzdür, əslində bu nisgil, ağrı-acı hamımızın qəlbində ilboyu da olur. Amma işğalın ildönümü yaxınlaşanda elə bil ki, il ərzində qaysaqlanmış yaramız yenidən qövr edir. Ümid edirik ki, son vaxtlar cənab Prezidentimizin göstərdiyi təşəbbüslər, yürütdüyü siyasət sayəsində bu məsələ yaxın vaxtlarda həll olunacaq. O ki qaldı kitabların nəşrinə, kitabşünas alim, uzun illər kitab sahəsində çalışmış adam kimi mənə elə gəlir ki, son illər yalnız kitab sahəsində çalışanları yox, bütün əhalini qane edəcək kitablar nəşr olunmur. Hamı istəyir ki, yalnız işğal olunmuş bölgələr yox, hər bir rayon haqqında fundamental kitablar nəşr olunsun. Ümumiyyətlə Azərbaycan haqqında elə kitablar nəşr olunsun ki, bildiyimiz həqiqətləri xaricdə yaşayanlara da inandıra bilək. Təəssüf ki, biz tarixi həqiqətlərimizə xaricdə yaşayanları inandıra bilmirik. Hətta yaxın qonşumuz Rusiyada da Azərbaycan torpaqlarının işğalı faktının köklərini anlamırlar. Kitabların nəşri azdır, onlar həm də müxtəlif dillərə çevrilməlidir.
Fuad Babayev: Qubadlı mövzusu kitablarda necə əks olunub? Hansı kitabların adlarını çəkmək olar?
Əliağa Cəfərov: Məncə, bu suala Razim müəllim cavab verməlidir. Çünki Razim müəllim uzun illər ərzində Qubadlı rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışıb. Bu sahəni də gözəl bilir.
Razim Əliyev: Qubadlıda mən hadisələr başlayan dövrdən vəzifədə işləmişəm. 1988-ci ildə ermənilər separatçılıq hərəkətlərinə başlayanda istər-istəməz baş verənlər həm rayonda quruculuq işlərinə, əhalinin güzəranına və əhval-ruhiyyəsinə öz təsirini göstərdi. Biz daim ermənilərin bizdən nəsə oğurlamağa, neqativ təsir göstərməyə çalışdıqlarını bilirdik. Tək bir faktı qeyd edim. Ermənilər bizim ərazimizdə olan daş qoç heykəllərini bir müddət götürüb aparırdılar. Sonra biz bunun qarşısını aldıq, qadağan etdik. Heykəllərin aparılması mümkün olmadıqda, ermənilər bizim cavanlar arasında şayiə yaydılar ki, guya bu heykəllərin içində qiymətli metal var. Bizim cavanlar da tariximizin bu yadigarlarını qırıb, dağıtmağa başladılar. Buna görə də rayon icra hakimiyyəti həmin abidələri gətirib, rayon diyarşünaslıq muzeyinin ətrafına yerləşdirdi. Sonradan isə qərar verildi ki, bu abidələri kitablarda əks etdirək. Respublika və rayon əhəmiyyətli abidələrin şəkillərini çəkdirdik, “Qubadlı” adlı bir kitab-albom buraxdırdıq. Kitabın qısa xülasəsini isə ingilis dilinə tərcümə etdirdik. Həmin ərəfədə separatçı hərəkat güclənmişdi, şəhidlərimiz vardı. Sonra müxtəlif müəlliflər Qubadlının tarixi, şəhidlərimiz haqqında kitablar buraxdırdılar. Qaçaq Nəbi və Həcərdən, milli qəhrəmanlarımızdan yazmağa başladılar. Bundan sonra rayon rəhbərliyi qərara gəldi ki, bütün rayonlarda olduğu kimi Qubadlı rayonu haqqında “qubadli gov.az” səhifəsi yaradılsın. Səhifənin yaradılmasında mən də iştirak etdim. Lakin yalnız bununla qane olmadıq. Qubadlının işğalının 20-ci ildönümünə qədər də bir neçə kitab nəşr edildi. Məsələn, Tariyel Cahangirovun “Vətən oğul istəyəndə” kitabı var. Həmin kitab məlumat xarakterlidir. Bizim rayondan 248 nəfər şəhid olub. Onların hamısı haqqında qısa məlumatlar da kitab şəklində çap edilib. Dövr getdikcə yaşlılar dünyasını dəyişir, yer adları unudulur. Bizdə Çardaxlı kənd tam orta məktəbinin direktoru Çingiz Salmanov var. O, Milli Elmlər Akademiyasının mütəxəssislərinin rəyini almaqla “Qubadlı toponimləri”ni çap etdirdi. Tahir Əmiraslanovun Qarabağ mətbəxi haqqında kitabı nəşr olunanda bizə nümayəndə göndərdi. Biz də bu istiqamətdə materiallar topladıq və onlar həmin kitabda yerləşdirildi.
Qubadlıda maarifin böyük ənənəsi var. Rayondakı məktəbin tarixi xeyli qədimdir. Biz onun 100, 125 və 130 illiyini qeyd etmişik. 125 illiyi qeyd olunanda Qubadlıda maarifçiliyin tarixindən bəhs edən kitab çıxdı. Kitabda müxtəlif müəlliflər araşdırmalar apardılar. Bunun xərcini icra hakimiyyəti çəkdi. Qubadlı deyimləri, lətifələr, atalar sözləri və zərb-məsəllərlə bağlı müxtəlif kitablarda yazılar getdi. Amma belə kitablar rayon ictimaiyyətini qane etmirdi, Qubadlının tarixi ilə bağlı daha fundamental kitb çap etməyə ehtiyac var idi. Rayon icra hakimiyyətinin başçısı bununla bağlı rayon ictimaiyyəti, ağsaqqallarla müzakirə açdı. Kitabın maliyyəsi icra hakimiyyəti üzərinə götürülməklə AMEA-nın Tarix İnstitutunda görkəmli tarixçi alim Yaqub Mahmudovun başçılığı, 15 müəllifin iştirakı ilə “Qubadlı – Zəngəzurun qapısı” kitabı üzərində iş başlandı. Həmmüəlliflərindən biri də mənim olduğum kitabın hazırlanması işinə yarım il vaxt sərf olundu. Nümayəndə göndərib arxivdən materiallar gətirdik, onlar öz tədqiqatçılarını cəlb etdilər. Beləcə qalın bir kitab ərsəyə gəldi. Kitaba Qubadlıdan olan alimləri də daxil ediblər, rayondan şəhid düşənlərin də hamısının adı kitabda gedir. Qubadlıdan olan görkəmli şəxslər haqqında da kitabda məlumat verilir. Rayon icra hakimiyyətinin binasında tarix-diyarşünaslıq muzeyi yaradıldı və kitablar da oraya təhvil verildi.
Fuad Babayev: Bir sözlə, xeyli iş görülüb. Bəlkə də Qubadlı haqqında kitablar işğal olunmuş yerdə qalan rayonlarımız haqqında çıxmış kitablardan çoxdur. Amma onların bəziləri artıq nadir nüsxələrdir. Yenidən çap etmək istədikdə isə ənənəvi maliyyə çətinliyindən başqa digər məsələlər də meydana çıxır. Qubadlı haqqında nəşrlərin tirajı, xarici dildə olması, poliqrafiyası, təqdimatı, əlçatan olması Sizi qane edirmi? Qubadlılılar mütəşəkkil camaatdır, bir-birinin xeyrində-şərində yaxından iştirak edirlər və rayon ziyalıları yəqin ki, istərdilər ki, bu kitabların nüsxələrini əldə etsinlər.
Razim Əliyev: Dedikləriniz çox doğrudur. Tarix İnstitutunun nəşr etdirdiyi kitabın icra hakimiyyəti başçısının təkidi ilə ingilis və rus dillərində xülasələri də çap olundu. Qubadlının işğalının 20 illiyi Şəhriyar adına klubda yad edildi. Oraya müxtəlif ölkələrdən diplomatlar, yaradıcı ziyalılar, diaspor nümayəndələri də dəvət olunmuşdu. Həmin şəxslərin hər birinə kitab Azərbaycan, ingilis və rus dillərində təqdim edildi. Amma onların nüsxə sayı bizi də qane etmir.
Əliağa Cəfərov: Tirajı az idi.
Razim Əliyev: Bəli, az idi. Bu kitab gərək hər bir adamda olsun. Birinci növbədə gərək hər kəs özü oxusun. İndi gənclərimiz arasında kitab oxumaq bir az məhdudlaşıb. Amma bununla belə yuxarıda qeyd etdiyimiz kitabların da tirajı lazımi qədər deyil.
Fuad Babayev: Məsələn nə qədərdir bu kitabların tirajı?
Razim Əliyev: Bir neçə yüzdən artıq, uzaqbaşı min nüsxə. Min nüsxə əlbəttə ki, Azərbaycan boyda ölkə üçün azdır. Amma kitabı həm də akademiya yayır. Axı əslində kitabın müəllifi onlardır. Baxmayaraq ki, mən və rayon icra hakimiyyətinin başçısı Malik İshaqov da həmmüəlliflər sırasındayıq.
Fuad Babayev: Yəni kitab akademiyanın nəşridir?
Razim Əliyev: Bəli. Onlar kitabın elektron versiyasını da xaricdə yayırlar.
Fuad Babayev: Əliağa müəllim, kitab nəşrində həm də kommersiya elementi və tələb-təklif məsələsi var. İndi Razim müəllim söylədi ki, 1000 nüsxə azdır və mən də onunla razıyam. Amma təklifi tələb formalaşdırır. Bu gün biz hansısa kitabı axtaranda ilk növbədə Akademkitaba müraciət edirik. Hansı kitabın yaxşı satıldığını da Siz bilirsiniz. İşğal bölgələrimiz haqında kitablara marağı necə səciyyələndirirsiniz?
Əliağa Cəfərov: “Akademkitab” daha çox akademik nəşrlərin, elmi kitabların satışı üçün nəzərdə tutulmuş bir təşkilatdır. İşğal bölgələri haqqında kitab axtaranlar da olur. Amma deməliyik ki, bu, biz istəyən səviyyədə deyil.
Fuad Babayev: Yəni çox kiçik rəqəmdir.
Əliağa Cəfərov: Çox kiçikdir. Qəbul etməliyik ki, bizdə bütün tədbirlər kampaniya xarakteri daşıyır. Tutaq ki, hansısa bir bölgənin işğalının ildönümünə bir həftə qalmış başlayırlar ədəbiyyat, sənəd axtarmağa. Tədbir keçirilən kimi yenə növbəti tədbirədək hər şey unudulur.
Fuad Babayev: Amma deyəsən heç tədbirlər ərəfəsində də bir oxucu “partlayış”ı olmur.
Əliağa Cəfərov: Əvvəllər bir 15-20 il əvvəl maraq vardısa, indi heç dediyiniz kimi, xüsusi bir maraq da yoxdur.
Razim Əliyev: Bir əlavə edim. İndiki dövrdə dediyiniz tələb-təklif məsələsi hər şeyi həll edir. Tələbi formalaşdıran oxucudur, amma təklifi formalaşdıranlar bir qədər milli maraq nöqteyi-nəzərindən bu məsələyə yanaşmalıdır. Çünki bu, millət, xalq üçün lazımdır. İndi hər yanda şou verilişlərə, şou haqqında yazılara üstünlük verilir. Amma elmi söhbətlər aparılması, kitabların təbliğ edilməsində problemlər var. Bizdə kitabların daxildəki və xaricdəki soydaşlarımıza çatdırılması problemi mövcuddur.
Fuad Babayev: Yəni tələbin formalaşdırılması məsələsi düz qoyulmayıb.
Razim Əliyev: Bəli. Biz uzun müddət mədəni dəyərlərimizin ermənilər tərəfindən mənimsənilməsinə fikir vermirik. Bayaq Əliağa müəllim kampaniyaçılıqdan danışdı. Burada da kampaniyaçılıq var. Əgər erməni deyirsə “lavaş bizimdir”, başlayırıq lavaşın bizim olduğunu sübut etməyə, “dolma bizimdir” deyirsə, dolmanın bizim olduğunu sübut etməyə girişirik. Bu yaxınlarda İnformasiya Texnologiyaları Mərkəzində tədbirdə iştirak edirdim. Orada “biz necə informasiya mübarizəsi apara bilirik” mövzusu müzakirə olundu. Bir misal gətirildi ki, ermənilər “Köçəri” rəqsini erməni xalq rəqsi kimi təqdim edirlər. Bizimkilər etiraz edəndə isə sübut tələb edirlər. Heç bir ensiklopediya və ədəbiyyatda bunun Azərbaycan rəqsi olduğu qeyd edilməsə də, Böyük Sovet Ensiklopediyasına “Köçəri”ni erməni rəqsi kimi daxil ediblər.
Fuad Babayev: İstinad nöqtəsi yaradıblar.
Razim Əliyev: Elədir. Xarici də birinci növbədə nüfuzlu ensiklopediyaya baxır. Ayrı-ayrı müəlliflərin əsərlərinə baxan yoxdur. Bizim tariximizlə bağlı gerçəkliklər sanballı ensiklopediyalara salınmalıdır.
Fuad Babayev: Ötən il biz Şamaxının millət vəkili Elxan Süleymanovun təşəbbüsü və dəstəyi ilə nəfis tərtibatla “Şamaxı ensiklopediyası”nı nəşr etdik. Ensiklopediya sözlükdən və Şamaxı Azərbaycan tarixində və ədəbiyyatında mövzusunda oçerklərdən ibarətdir. Ensiklopediyanın saytı da yaradılıb. Qubadlının bu parametrli bir nəşrinin olmamasını nə ilə xarakterizə edərdiniz?
Əliağa Cəfərov: Siz çox ağrılı bir nöqtəyə toxundunuz. Mən 12 ildir belə bir ensiklopediya üzərində çalışıram. Azərbaycanın bir sıra rayonlarının, hətta kəndlərinin ensiklopediyası var. 12 ildir Qubadlının ensiklopediyasını yaratmaq üçün çalışırıq. Bununla bağlı xeyli material da toplamışam. Keçən il mən rayon səviyyəsində təhsil aldığım Əliquluuşağı kənd məktəbinin 100 illiyi münasibətilə tədbir keçirdim. Bu məktəbin böyük məzunları olub – elmlər doktorları, professorlar. Həmin məktəb haqqında mən 360 səhifəlik bir kitab buraxdırdım. Hələ məktəbdə oxuyanda qədim abidələrin şəklini çəkmişdim. Bu şəkilləri də kitaba salmışdım.
Razim Əliyev: Yeri gəlmişkən, Əliquluuşağı kəndi Azərbaycanda yeganə kənddir ki, birinci Qarabağ müharibəsi zamanı özünü müdafiə qüvvələri iki erməni helikopterini vurub, birini də ələ keçirib.
Fuad Babayev: Əliağa müəllim, 12 il çalışmanıza rəğmən, Qubadlı ensiklopediyası niyə ərsəyə gəlmir?
Əliağa Cəfərov: Maliyyə məsələsi üzündən. Çünki bu kitabın redaksiya heyəti, onun işçiləri olmalıdır. Materialların işlənilməsi üçün mütləq bir işçi qrupuna ehtiyac var. Hətta maliyyəsini də boynuma çəkmişdim, amma materiallarla bağlı kömək edən olmadı.
Razim Əliyev: Əslində bu kitabları çap etdirməkdə bizim əsas məqsədimiz odur ki, bizə yad olan qüvvələr, mədəni irsimizi mənimsəməsinlər, tariximizi təhrif etməsinlər. Amma boşluqlar hələ də çoxdur.
Hazırladı: Gündüz Nəsibov, 1905.az