“Bukinist Mendel” rubrikasında bu dəfə 1993-cü ildə “İşıq” nəşriyyatında buraxılmış üç dildə “Qubadlı” fotoalbomundan bəhs edəcəyik. Fotoalbomun tərtibçisi və mətnlərinin müəllifi Tariyel Cahangir, fotoların müəllifi isə Fətəli Fətəliyevdir.
Fotoalbomda Qubadlı rayonunun tarixi ilə bağlı ətraflı məlumat verilir, “Qubadlı” sözünün mənşəyi araşdırılır. Tərtibçi rayonun tarixi abidələrindən, füsunkar təbii gözəlliklərindən bəhs edir, sosial-təsərrüfat həyatı haqqında dəyərli informasiyalar verir. Qubadlı torpağının yetişdirdiyi xalq, əmək, müharibə qəhrəmanlarından, şair və yazıçılardan, ölkəmizdə və onun sərhədlərindən kənarda yaxşı tanınan elm adamlarından məhəbbətlə bəhs olunur. “Əhalinin hər min nəfəri hesabı ilə alimlərin sayına görə Qubadlı respublika rayonları arasında ilk yerlərdən birini tutur”. Müəllif Qubadlının xain qonşuların ölkəmizə, o cümlədən də Qubadlıya hücumlarından qəzəblə, şəhidlər və milli qəhrəmanlar barəsində isə qürurla danışır. “Xalqımızın şanlı oğulları Əliyar Əliyev, Mehman Ağayarov, Güloğlan Məmmədov Vətənin ən yüksək mükafatına – Azərbaycanın Milli Qəhrəmanı (ölümündən sonra) adına layiq görüldülər. Qubadlı döyüşçüləri Vətənin başqa bölgələrində də qəhrəmanlıq nümunələri göstərirlər. Şuşa səmasında vurulmuş sərnişin vertolyotunun pilotu Səfa Axundova, Qarabağ fədailirəndən jurnalist-zabit Kazımağa Kərimova fövqəladə qəhrəmanlıq göstərdiklərinə görə Azərbaycanın Milli Qəhrəmanı (ölümündən sonra adı verildi).”
Fotoalbomda Qubadlının tarixi abidələri, mənzərələri, mədəni həyatı, ictimi-iaşə obyektlərinin əks olunduğu 74 rəngli foto-şəkil yer alıb. Fotoalbom Qubadlının erməni silahlı birləşmələri tərəfindən işğal olunduğu 1993-cü ildə işıq üzü görüb.
Təəssüf ki, bu gün Qubadlı işğal altındadır. Amma müəllifin də qeyd etdiyi kimi “Qubadlılar yaxşı günlərdə olduğu kimi, pis günlərdə də heç vaxt inam və etiqadlarını itirmirlər.” İgidlər yurdunun cəsur oğulları öz qəhrəman babalarının yadigarı olan ulu yurdlarını düşməndən geri almaq əzmindədirlər.
1905.az