Erməni işğalından azad edilmiş Qubadlı rayonunun Xanlıq kəndi ərazisində düşmənin basdırdığı mina və hərbi sursatlar zərərsizləşdirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları tank əleyhinə 8 ədəd, piyada əleyhinə 2 ədəd mina, tank əleyhinə minanın 6 ədəd partladıcısı, eləcə də 47 ədəd partlamamış müxtəlif mərmi və raket, 152 ədəd xırdaçaplı sursatı partlatma yolu ilə zərərsizləşdiriblər.
Qeyd edək ki, ANAMA-nın təşkilatçılığı ilə bir qrup media əməkdaşının Zəngilan və Qubadlı rayonlarına növbəti səfəri təşkil olunub. Səfərin məqsədi erməni işğalından azad edilmiş yaşayış məntəqələrinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi prosesi ilə tanış olmaqdır.