Qlobal innovativ kompaniyaların The Boston Consulting Group (BCG) adlı reytinq cədvəli var. Hər il dünyanın 1 500 top-meneceri arasında sorğu keçirilir və dünyanın 50 ən innovativ şirkətinin siyahısı tutulur. Əksəriyyətimiz tərəfindən sevilən iPhone və deyəsən o qədər də sevmədiyimiz iPad qurğularının “müəllif”i Apple 2005-ci ildən bəri bu siyahıda birincidir. 2016-cı ilin siyahısının ilk beşliyində Google, Tesla və Microsoft adlarına rast gəlmək olar. Beşinci yeri Amazon tutub. Və o bu yerdə Samsung şirkətini əvəzləyib.
Ötən ilin BCG siyahısının ilk onluğunda Netflix və Facebook da yer alıb.
Bu siyahıda 10 yeni oyunçu – Uber, Airbnb, Under Armour, Regeneron, Expedia, SpaceX, Hilton, NTT Docomo, Orange, BMS var.
Planetin ən aparıcı 50 innovativ şirkətindən 34-ü ABŞ “qeydiyyat”ındadır. 10 şirkət də Avropanın payına düşür.
BCG partnyoru və hesabatın həmmüəllifi Endryu Teylor deyir ki, texnologiyalar hətta ənənəvi sektorda da həlledici rol oynamağa başlayıb…
Apple şirkətinin 10 ildən çox belə bir mötəbər siyahıda birinci olması diqqəti çəkməyə bilməz. 2016-cı ilin 1 aprelində 40 yaşını qeyd etmiş “almalı” şirkətin uğurları çoxdur.
Stiv Cobsla Stiv Voznyakın öz şirkətlərinə ad seçərkən dişlənmiş “makintoş” sortlu almanın görüntüsündən ruhlandıqlari deyilir…
Azərbaycanda da almanın üç yüzə qədər müxtəlif növü və çeşidi var.
Bu az deyil.
Demək olar ki, hamı “Qubanın ağ alması” mahnısını ən azı zümzümə eləməyə qadirdir.
Bir neçə il bundan əvvəl Zaur Quliyevin “Qubada meyvəçiliyin tarixi” adlı kitabı işıq üzü görüb. Həmin kitabda alma barədə çox maraqlı məqamlar yer alıb.
Və 2012-ci ildən Qubada ənənəvi olaraq “Alma bayramı” keçirilir.
Yuxarıda haqqında yazdığım sonuncu reytinq cədvəli tərtib edilməzdən xeyli əvvəl, 2016-cı ilin oktyabr ayının əvvəllərində keçirilmiş növbəti “Alma bayramı”nda qubalı bağbanlar arasında ən böyük alma nominasiyası üzrə qalib də müəyyənləşib…
Özümü saxlaya bilməyib bir neçə il Apple məhsulları və proqram təminatları üzrə mütəxəssis kimi çalışmış Elviz İsmayilova Azərbaycanda belə bir innovativ şirkətin yaranma imkanları haqqında sual da ünvanladım. İcazənizlə, onun cavabını yazmayacağam.
Fuad Babayev