Müsahibimiz əməkdar jurnalist, filologiya elmləri doktoru Qulu Məhərrəmlidir.
– İnformasiya axınlarının daha geniş əraziləri əhatə etdiyi bir dövrdə Azərbaycan mediası üzərinə düşən vəzifəni necə yerinə yetirir?
Əlbəttə birmənalı demək olmaz ki, yerinə yetirir, yaxud yerinə yetirmir. Amma deyə bilərəm ki, on il öncə Azərbaycan mediası cəmiyyətə daha dolğun informasiya ötürürdü, öz missiyasını daha dəqiq yerinə yetirirdi, nəinki indi. Çünki bizim jurnalistikamız, mediamız onun üçün müəyyən olunmuş missiyanı yerinə yetirmir. Niyə? Media bizim üçün birinci növbədə məlumatlandırma vasitəsidir. Nə dərəcədə dürüst məlumatlandırır cəmiyyəti? İkincisi, media ictimai tənqidçidir, ictimai forumdur. Orada müxtəlif fikirlər müzakirə olunur, plyüralizm yaranır, cəmiyyəti ifadə edir. Media bir növ sosial harmoniya yaradır, müxtəlif fikir toqquşmalarından həqiqəti ortaya çıxara bilir. Təəssüf edirəm ki, bu gün media yoxlanmamış məlumatları verməklə, insanların şərəf və ləyaqətlərini təhqir etməklə, qarşıdurma yaratmaqla əsil missiyasından uzaqlaşıb. Əksinə media bu gün qorxulu silaha çevrilir. Qərb sosioloqları medianı həm də kütləvi təxribat silahı adlandırırlar. Bu gün media daha çox bunu edir və mən hesab edirəm ki, kütləvi zəhərləmə ilə məşğul olur. Media düzgün məlumat verməlidir. Biz nə üçün xəbərlərə tələblər qoyuruq ki, onlar obyektiv, dürüst, qərəzsiz olmalıdır. Çünki insanlar medianın verdiyi məlumatlarla öz həyatları üçün qərarlar çıxarırlar. Məsələn, 3-5 ildən sonra hansı hadisə ola bilər. Yanlış xəbər həm də insanların öz həyatları üçün yanlış qərarlar çıxarmalarına səbəb olur. Bu baxımdan hesab edirəm ki, Azərbaycan mediası üzrinə düşən vəzifəni yerinə yetirməkdə çətinlik çəkir.
– Dövrümüzdə “informasiya müharibəsi”, “media-təcavüz”, “informasiya təhlükəsizliyi” kimi terminlərin meydana çıxması göstərir ki, informasiya məkanındakı mübarizə, döyüş meydanındakı əməliyyatlardan az əhəmiyyətli deyil. Həmin informasiya müharibəsində Azərbaycanın durumunu necə dəyərləndirirsiniz?
– 15-20 ildir ki, Ermənistanla aparılan informasiya müharibəsində Azərbaycanın böyük üstünlüyü müşahidə olunur. Əvvəla, texnoloji vasitələr artıb, internet böyük impuls verir. Bu gün savaş əsasən internet məkanda gedir. Kiber müharibə tədricən yeni xarakter alır. Amma nəticə etibarilə start nöqtəsi kimi, ideyalar toqquşur. Bilirsiniz, Atatürkün sözlərilə desək, iki xalq arasında müharibə getdikdə yalnız ordular döyüşmür, mədəniyyətlər, düşüncələr, fikirlər, ideyalar döyüşür. Bu baxımdan hesab edirəm ki, hansı cəmiyyət demokratikdirsə, demokratik ideyalara meyllidirsə, bu müharibədə onun uduş şansı da böyükdür. Azərbaycan həqiqətlərini ifadə etmək baxımından bizim mətbuatın böyük uduşları var. Mən xeyli müddət ərzində mərhum Prezident Heydər Əliyevi müşayiət etmişəm. Texnoloji vasitələrin məhdudluğu şəraitində o, xəritəni götürüb, çubuqla Ermənistanın, Azərbaycanın, Dağlıq Qarabağın yerləşdiyi yerləri göstərir, işğal olunmuş rayonlar barəsində məlumat verirdi. Bu gün bizdə saytlar yaradılır, tarix, hüquq, insan haqları barəsində gözəl bilgilər verilir. Bu məlumatların verilməsi baxımından bizim üstünlüklərimiz var. Amma məlumatların keyfiyyəti məsələsində ermənilərin bəzi üstünlükləri mövcuddur. Yəni təbliğatda mütərəqqi üsullardan istifadə olunmalıdır. Biz dəyərləri irəli çıxaranda, beynəlxalq sənədlərdə ifadə olunmuş insan haqları məsələsini önə çıxaranda daha çox qazanırıq. Məsələn, “Xocalıya ədalət” kampaniyasının irəliləməsi, özünə çoxlu tərəfdarlar qazanması da istifadə edilən texnologiyanın yeniliyi ilə bağlıdır. Biz PR və təbliğat texnologiyalarında yeni üsullardan istifadə etsək, Dağlıq Qarabağ probleminin həllində də müəyyən uduşlar qazana bilərik. Azərbaycanın iqtisadi imkanları artıb, yeni lobbi hərəkatları yaradır. Bu baxımdan bizim üstünlüklərimiz göz qabağındadır. Ermənistanın yalanları əvvəlki kimi ayaq tutub, yeriyə bilmir. Azərbaycanın buna qarşı tutarlı, sistemli bir dirənişi var. Virtual aləmdə bütün dövlətlər öz maraqları çərçivəsində kiber müharibə aparırlar. Bu müharibədə həm hücum, həm də müdafiə strategiyası hazırlayırlar. Azərbaycan da istisna deyil. Ona görə də bu gün informasiya təhlükəsizliyimiz, media təhlükəsizliyimiz düşüncə və yeni texnologiyalarla bağlıdır. Qloballaşma şəraitində tamamilə yeni metodlar ortaya çıxır. Media öznün ənənəvi funksiyasını saxlamaq şərtilə, bunları da nəzərə almalıdır.
– Amerikada bu gün də belə bir fikir var ki, bu ölkə Vyetnamla müharibəni ona görə uduzmadı ki, Vyetnama SSRİ böyük kömək göstərirdi. Əsas səbəb odur ki, media dövlətin bu siyasətinin əleyhinə idi. Bu gün bizdə orduda baş verən bəzi mənfi halların mediada işıqlandırılmasına necə baxırsınız?
– Mən hesab edirəm ki, harada nöqsan varsa, media onu tənqid etməlidir. Sizin sözünüzə qüvvət, Amerikanın Vyetnamla müharibəsi ilə bağlı Kennedinin məşhur bir sözü var. O, görəndə ki, məşhur teleaparıcı Kepler də Amerikanın Vyetnamda müharibə aparmasını pisləyir, belə bir söz demişdi: “Biz bu müharibəni uduzuruq, çünki cəmiyyətin fikrini ifadə edən bir aparıcı da Amerikanın siyasətini pisləyir”. Bu gün bəziləri belə hesab edir ki, ordudakı nöqsanları tənqid etmək vətənpərvərlik deyil. Məşhur bir deyim var: “Vətənpərvərlik əclafların son sığınacağıdır”. Doğrudan da belədir. İnsanlar bəzən öz eyiblərini, qüsurlarını ört-basdır etmək üçün vətənpərvərliyi özlərinə şüar seçirlər. Vətənpərvərlik milli duyğu deyil, bəşəri duyğudur. Bu ölkədə yaşayırıq, havasını uduruq, onu sevməliyik. Amma sual olunur: orduda nə üçün nöqsan olmalıdır? Dövlət orduya Ermənistanın dövlət büdcəsindən artıq vəsait ayırır. Ordunun fəaliyyəti üzərində ictimai nəzarət olmasa, mənfi hallar da olacaq. Bizim hər birimiz ordu ilə bu və ya digər mənada bağlıyıq. Buna görə də orduda baş verənlər müxtəlif kanallarla sızır. Əgər media həmin mənfi halları tənqid edirsə, deməli cəmiyyətin maraqlarını ifadə edir. Amma təbii ki, tənqid konkret faktlara əsaslanmalıdır. Çünki ordudan yazmaq həssas bir məsələdir. Bu məsələdə diqqətli olmaq lazımdır. Amma bütün hallarda nöqsanlar ciddi tənqid olunmalıdır.
– Orduya marağın artırılması, orduda xidmətin şərəfli iş olması baxımından hərbi-vətənpərvərlik verilişləri böyük rol oynamalıdır. Azərbaycan televiziyalarının hərbi-vətənpərvərlik verilişləri keyfiyyətcə Sizi qane edirmi?
– ANS-in hərbi-vətənpərvərlik verilişləri daha təbii və canlıdır. Yəni orada ordunun nəfəsi duyulur, əsgərin özü görünür. Digər televiziyalarda isə ənənəvi sovet təbliğatı aparılır. Yəni sxematikdir, qurudur. Hiss olunur ki, hazırlanmış və çərçivəyə salınmış situasiyadır. Bu verilişlər ordunun imicini yaratdığından, onlara diqqətlə yanaşmaq lazımdır. Məncə, bu məsələdə biz daha çox türk təcrübəsini mənimsəməliyik. Biz elə detallar, süjetlət seçməliyik ki, audiroyanın, tamaşaçıların şüuruna təsir göstərsin, onlarda ordu haqqında xoş duyğular yaratsın.
– 1905.az saytına tövsiyələrinizi bilmək istərdik.
– Mən hesab edirəm ki, sayt yeni texnologiyadır, müxtəlif platformaların – sözün, səsin, görüntünün bir yerdə birləşməsidir. Saytlar məlumatı daha inandırıcı, daha dəqiq, daha təsirli təqdim etmək imkanıdır. İstərdim ki, sizin saytınız jurnalistikanın bütün kriteriyalarına uyğun olsun. Janr rəngarəngliyi, forma müxtəlifliyi olsun, görüntülər üstünlük təşkil etsin. Arzulayıram ki, uğurlarınız daha çox olsun.
Gündüz Nəsibov
1905.az