Aprelin əvvəllərindən Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş verən hadisələr Azərbaycan Ordusunun qüdrətini bir daha göstərdi. Azərbaycan Silahlı Qüvvələri yenilməzliyini, gücünü nümayiş etdirdi.
Bu sözləri AZƏRTAC-a müsahibəsində tarixçi alim, Qafqazın Geotarixi və Geosiyasi Araşdırmaları Beynəlxalq Mərkəzinin prezidenti Quram Marxuliya söyləyib.
Tarixçi alim deyib: “Bu savaşda Ermənistan göstərmək istədi ki, guya, o, müstəqil dövlətdir, müstəqil siyasət yürüdür və heç bir xarici dövlətdən asılı deyil. Amma əslində bu, ucuz oyundur və bu yalana ermənilərdən başqa heç kəs inanmır. Son günlər baş verənlər, Azərbaycan Ordusunun uğurları, ermənilərin danışıqlar prosesindən yayınmaq cəhdləri, mülki insanları, obyektləri atəşə tutması bir daha sübut etdi ki, Ermənistan iflasa uğrayıb. Bilirik ki, Azərbaycan qarşısına məqsəd qoyarsa, az bir vaxtda Dağlıq Qarabağı azad etmək gücündədir. Ancaq Azərbaycan sülhsevər siyasət yürüdür, dözümlülük nümayiş etdirir və hələ ki, yalnız cavab atəşi ilə müharibəni dayandırmaq istəyir”.
Marxuliyanın sözlərinə görə, Ermənistan dövləti çıxılmaz vəziyyətdə qaldığı üçün danışıqlardan yayınmağa çalışır. Bu gün Ermənistan prezidenti guya danışıqlardan erməni xalqının imtina etdiyini, torpaqlardan geri çəkilmək istəmədiyini iddia edir. Əslində bu, belə deyil. Sadə xalq müharibə istəmir. Hakimiyyət də bunu yaxşı başa düşür, sadəcə olaraq biabırçı təslim olmaqdan qorxur. Ona görə də müxtəlif bəhanələrlə vaxtı uzatmaq istəyir. İnanıram ki, Azərbaycanın ərazi bütövlüyünün bərpasına çox az vaxt qalıb.
AZƏRTAC