1905.az saytının bu dəfəki müsahibi laçınlı keçmiş döyüşçü, təqaüdçü Qurban Nadirovdur.
– Qurban kişi, Laçının işğal edilməsinin 22-ci ili tamam olur. Laçın nədir sizin üçün? Laçın deyəndə ağlınıza gələn birinci söz hansıdır?
– Mənim üçün Laçın anadır. Laçın mənim birinci anamdır. Laçını anamdan ayıra bilmirəm. Heç vaxt da ayırmamışam. Doğma anam sağdır. Amma həmişə nə isə əskikdir canımdan. Laçını televiziyada, internetdə görürəm indi. Laçında çəkilən fotolara baxdıqca ürəyim ağrıyır. İnsanlar süfrəyə əyləşib, yemək yeməyə başlayanda “Bismillah” deyirsə, mən həmişə “Laçın” deyib boğazıma bir tikə aparıram. Tez-tez yuxumda Laçını görürəm. Mənim hər şeyim Laçında qalıb. Dostlarım, qohumlarım, evim-eşiyim, bağım-bostanım. Bütün bunları necə unutmaq olar ki? Mümkün deyil.
Müharibə başlayanda mən Sumqayıtda işləyirdim. 5 gün orada işləyib, həftəsonları evimizə gedirdim. Vəziyyət gərginləşəndə isə oradan ayrılmırdım. Edə bilmirdim bunu. Biz heyvandarlıqla məşğul olmuşuq. Çobanlıq etmişəm. Qarış-qarış gəzmişəm Laçını. 22 ildir Laçınsızıq. Təəssüf ki, keçən günləri qaytarmaq əlimdən gəlmir. Laçınlıların döyüşmədiyini deyə bilmərəm. Əhalinin əksəriyyəti döyüşüb. Yaşlılar cavanlara deyirdi ki, rayondan çıxmamalıyıq, öləndə də burada ölməliyik. Amma alınmadı. Çox şey itirdik.
– Laçın həm 1905, həm 1918-ci il erməni-azərbaycanlı müharibəsini görüb. Laçın bu müharibələrin ən qızğın məkanlarından olub. Necə oldu ki, laçınlılar sayıqlıqlarını itirdilər?
– Laçının bir yolu Ağdamdan, digəri Gorusdan olub. Təxribatlar olurdu. Kənardan gəlib, aldanan yeniyetmələr yolları açırdı. Ona görə də ermənilərin gediş-gəlişi asanlaşırdı. Araya şeytanlar girdi. Laçınlıları aldatdılar. Müharibə qızışanda insanlar da təşviş içindəydi. Əsgərlərin başında duran adamlar isə onları aldadırdılar. Qəsdən qarışıqlıq yaradılırdı.
– Laçının gələcək taleyi ilə bağlı vasitəçilər müxtəlif fikirlər söyləyir. Məsələn, onlardan birinə görə, Laçında beynəlxalq sülhməramlı qüvvələr yerləşdirilməlidir. Digər təklifə görə isə Laçın Azərbaycanın nəzarətinə verilməlidir. Amma bir neçə kilometr ərazi Ermənistanla Dağlıq Qarabağ arasında dəhliz olmalıdır. Sizin bu variantlara bir laçınlı kimi münasibətiniz necədir?
– Bilirsiniz, mənim babam həmişə deyirdi ki, erməninin yaxşısı, pisi yoxdur. Erməni həmişə erməniliyindədir. Hansı variantın daha yaxşı olmasını bilmirəm. Mənim üçün əsas odur ki, insanlar öz vətəninə qayıtsın. Amma şəxsən mən dediyiniz variantların heç birinə qol qoymazdım. Bu dövlətin öz işidir. Mən Laçında ölmək istəyirəm. Vətənimə qayıtmaq, orada nəfəs almaq istəyirəm.
– 22 il keçir Laçının işğalından. Gənc nəsil də Laçını Sizin qədər sevirmi?
– Hər bir laçınlı öz ailəsində olan gənci Laçın haqqında məlumatlandırmalıdır. Gələcək nəsil heç nəyi bilmir axı. Onları öyrətmək lazımdır. Öyrətməsələr, təbliğat olmasa heç nəyə nail olmayacağıq.
– İnternetdə Laçının müasir dövr fotoları yayımlanır. Həmin fotolarda Laçının bəzi yerlərində ermənilərin məskunlaşdığı görünür. Nə hisslər keçirirsiniz belə fotoları görəndə?
– Bizim üçün, bu, əlbəttə, pisdir. Biz qoyub gəldiyimiz Laçından heç nə qalmayıb. O fotolara baxa da bilmirəm. Səhvimiz ucbatından hər şey məhv olub. Amma Laçın üçün hər şey etməyə, döyüşməyə hazır olan insanlar var. Xalqı marifləndirmək, düzgün təbliğat aparmaq lazımdır. O zaman biz torpağımızı geri ala bilərik.
1905.az