Bakının erməni-bolşevik işğalından azad edilməsi XX əsr Azərbaycan tarixinin ən şərəfli səhifələrindəndir
99 il bundan əvvəl, 1918-ci il sentyabrın 15-də Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad etdi. Beləliklə, həm Azərbaycanın istiqlaliyyəti təmin olundu, həm də ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına, qırğın və talanlarına son qoyuldu. Bakının erməni-bolşevik işğalından azad edilməsi XX əsr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir. Bu, əslində, Bakını paytaxt edən qurtuluş mücadiləsi idi.
Təkcə Türkiyənin deyil, Rusiyanın, Almaniyanın, Fransanın, Macarıstanın və digər ölkələrin arxivlərində erməni-türk, erməni Cənubi Qafqaz müsəlmanları-Azərbaycan türkləri ilə olan münasibətlərinə aid çox dəyərli tarixi-rəsmi sənədlər üzə çıxır. Sənədlərin əksəriyyətini birləşdirən əsas cəhət ondan ibarətdir ki, həmin materiallarda ermənilərin soyqırımı iddialarının hamısının əsassız olduğu isbat edilir. Onlar hər yerdə imkan düşəndə 1918-ci ilin martında olduğu kimi, yerli xalqlara – Azərbaycan türklərinə qarşı gerçək, sənədlərlə təsdiq olunan soyqırımıları həyata keçirir, Bakı azad edilərkən onun cavabını verməli olacaqlarını bildiklərindən yenə də günahsızlıqlarını dünyaya ünvanlayır və cavabdehlikdən canlarını qurtarmağa çalışırdılar. Birinci Dünya müharibəsi zamanı Qafqaz cəbhəsində xidmət edən rus generalı Leonid Bolxovitinovun raportu (hesabatı) erməni soyqırımı iddiasını ifşa edən faktlarla zəngindir. O, Cənubi Qafqazda yaşayan müsəlmanlara qarşı aparılan kütləvi qırğınlardan söz açır və bunu heyrətlənərək ifadə edir.
Ümummilli lider Heydər Əliyev Cümhuriyyətin fəaliyyətini yüksək qiymətləndirərək qeyd edirdi ki, Azərbaycan Xalq Cümhuriyyəti az yaşasa da, xalqımızda azadlıq, müstəqillik fikirlərini daha da gücləndirmiş oldu.
Qafqaz İslam Ordusunun 1918-ci ilin yayındakı uğurlu əməliyyatı ermənilərin yadına 1918-ci ilin mart qırğınlarını saldı. Birləşmiş ordu hissələri Bakıya yaxınlaşdıqca şəhərdə olan erməni hərbi birlikləri və yerli erməni əhali bütün dünyaya, o cümlədən Bakıdakı xarici ölkə səfirliklərinə və nümayəndəliklərinə müraciət edir və bildirirdilər ki, Birləşmiş türk-azərbaycanlı qüvvələri 1918-ci ilin mart soyqırımının qisasını almaq üçün onları tamamilə qılıncdan keçirəcəklər. Özlərinin vəhşiliklərini unudaraq, təhlükəli vəziyyətdə olduqlarından və məhv ediləcəklərindən vahimələnərək dünyanı köməyə çağırırdılar. Buna görə də Birləşmiş türk-azərbaycanlı hərbi birlikləri hələ Bakıdan çox uzaqda olanda belə, ermənilər səlahiyyətlilərə minnətçilər salır, Azərbaycan hökumətinin rəhbərlərindən və türk komandanlığından əfv diləyir və şəhəri tərk etməyə icazə istəyirdilər.
Bakı azad edilərkən, yəni, 1918-ci ilin sentyabrında Azərbaycan hökuməti və türk komandanlığı məqsədəuyğun, planlı olaraq heç bir qırğın və talana imkan verməmişdir. Yalnız Bakı azad edildikdən sonra rus və erməni mətbuatında şəhərdə qırğınların həyata keçirildiyi haqqında əsassız məlumatlar öz əksini tapmışdı. Təsadüfi deyil ki, məşhur tarixçi Svyatoxovski də bu yalan məlumatların təsiri altında yazmışdı: “Osmanlı qüvvələrinin 16 sentyabra qədər şəhərə daxil olmaması yerli müsəlmanlara və osmanlı qarətçilərinə erməni məhəllələrində hərəkət sərbəstliyi saxlamışdı.” Əslində, Bakı azad edilənə qədər müsəlman məhəllələrində sərbəstlik təpədən dırnağa qədər silahlanmış ermənilərə aid idi. Qeyd olunan müddətdə şəhərdə Azərbaycan türkləri müxtəlif vasitələrlə özlərini müdafiə edir, bir çox hallarda erməni-azərbaycanlı silahlı atışmalarında hər iki tərəf itki verirdi. Bakı Kommunası şəhərdə sabitliyi məqsədli olaraq pozur və onun günahını müsavatçılarda axtarır və az-çox sayda olan silahları da müsadirə edib yeni qətl və qarətlər üçün rahat şərait yaradırdı. Tədqiqatçıların araşdırmalarında göstərilir ki, Bakı bolşevik-erməni birliklərinin əlində olduğu zaman həyata keçirilən talan və qətliamlara görə Şaumyanın rəhbərlik etdiyi bolşevik-erməni Bakı Kommunası cavabdeh idi.
Bakı təslim edildikdən sonra 1918-ci ildəki mart qırğınları ilə əlaqədar müsəlmanların erməniləri cəzalandırmaq üçün hərəkətə başladıqları mənbələrdə az və ya çox dərəcədə qeyd edilir. Bu məsələ Bakı hadisələrində iştirak edən türk səlahiyyətliləri tərəfindən də vurğulanmışdı. Nuru paşanın Ənvər paşaya 16 sentyabr 1918-ci il tarixli teleqramında göstərilirdi ki, ordularımız şəhərə daxil olana qədər müsəlmanlarla ermənilər arasında nəzarətsiz vuruşma olmuşdur. Bir sıra hallarda xristianlardan ölənlərin sayının artıq olduğu da bildirilmişdir.
1918-ci il sentyabrın 22-də Nuru paşanın Ənvər paşaya teleqramında qeyd edilirdi ki, Bakının azad edildiyi gün müsəlmanlar bir qisim ermənini öldürmüşdü. Lakin bunlar ermənilərin mart 1918-ci ildə müsəlmanlara etdiklərinin yüzdə birini təşkil edə bilməz. Teleqramda şəhərdəki qarətlərə də aydınlıq gətirilmişdir. Nuru paşa mərkəzə məlumat verirdi ki, Bakı azad olunandan sonra tərəfimizdən tədqiqat aparılmış və məlum olmuşdur ki, ermənilərə qarşı az miqdarda qətl və qarəti İrandan gəlib Bakıda işləyənlər etmişdilər: “Ordu tərəfindən verilən əmrlə yüzdən artıq talançının edam edilməsi ilə əlaqədar olaraq hadisələrin qarşısı alınmışdı. Bu gün Bakıda asayiş təmin olunmuşdur. Bütün millətlər orduya təşəkkür edirlər”.
Bakı azad olunandan sonra ordu hadisələrin böyüməsinə imkan vermədi. Çox maraqlıdır ki, uzun müddət Azərbaycan tərəfdarı olan xarici tarixçilər belə, yanlış olaraq tədqiqatlarında erməni mənbələrinə arxalanmış, hətta faktlar olmadığından ermənilərin saxta iddialarından istifadə etmək məcburiyyətində qalmışdılar. Bu, onunla əlaqədar idi ki, biz sovet qadağalarına riayət edərək ermənilərlə olan “qardaşlığımıza” kölgə sala biləcək arxiv sənədlərini nəşr etməmişdik. Nəşr etmək istəsək də, sovet senzurası ona imkan verməzdi. Lakin ermənilər olanları deyil, istədikləri faktları belə, erməni dilində, xüsusən xaricdə çap edə bilirdilər. Bizim tarix kitablarımızda azərbaycanlılara qarşı qırğınların üzərindən sükutla keçilmiş, çox halda unutdurulmuşdu. Ermənilər hadisələrdən sonra heç bir rəsmi sifəti olmayan yeni “sənədlər” aşkar edir, öldürülənlərin sayını dəfələrlə artırır və şişirdirdilər.
Heç təsadüfi deyil ki, 1918-ci il sentyabrın 15-də Bakının azad edilməsindən sonrakı vəziyyəti tədqiq edən Kazımzadə erməni mənbələri üzərində tədqiqat apararaq mexaniki şəkildə onların məlumatlarından istifadə etmişdir. Erməni mənbələrində ilk dəfə 1918-ci il sentyabrın 15-də Bakıda 8.988 nəfərin öldüyü göstərilirdi. Lakin Kazımzadə erməni mənbələrindən istifadə etməsinə baxmayaraq, xüsusi vurğulamışdı ki, bu rəqəmlərin real, obyektiv olması mümkün deyildir. Ona görə ki, həmin rəqəmlər Erməni Milli Məclisi tərəfindən toplanmışdı.
Hətta erməni müəlliflərinin əsası olmayan faktlarına əsaslanaraq 15 sentyabr 1918-ci ildə Bakıda qırğın olduğunu iddia edən tədqiqatçılar da olmuşdu. Guya müsəlmanlar mart hadisələrinin vəhşicəsinə qisasını almağa başlamışdılar. 16 sentyabr 1918-ci ilə qədər hər iki tərəfdən öldürülənlər olmuşdu. Lakin ermənilərdən döyüşdə və nizamsız atışmalarda ölənlərin sayı 2000 nəfər idi. Hadisələrdən uzun müddət keçdikdən sonra başqa müəlliflər əsassız olaraq bu rəqəmləri artırmağa çalışmışdılar. Korqanov adlı başqa bir müəllif ölənlərin sayının 15.000-30.000 arasında olduğunu, Valker isə 20.000 nəfərin öldüyünü hesablamışdı. Əslində, bu qədər erməninin Bakıda öldürülməsi mümkün deyildi. Çünki o zaman Bakıda bu qədər erməni yox idi. Digər tərəfdən, şəhərin azad edilməsi yaxınlaşdıqca, ermənilər imkan taparaq AXC və türk səlahiyyətlilərinin yaratdıqları humanitar dəhliz vasitəsi ilə Bakını tərk etmişdilər. Ermənilərin və rusların son dəstələri isə 14-15 sentyabr gecəsi rast gəldikləri gəmilərə minərək Bakıdan qaçmışdılar.
Əslində, bu dəfə də qırğına məruz qalan Azərbaycan türkləri olmuşdu. Bakı azad edildikdən sonra şəhərə gələn Şərq Orduları qrupunun komandiri Xəlil paşa aylardan bəri türklərin məruz qaldıqları müsibətləri aşağıdakı şəkildə yazmışdır: “Şəhər ingilislərin nəzarəti altında olduğundan ermənilər yerli türklərə qarşı geniş bir qırğın fəaliyyətinə başlamışdılar. Şəhərin hər məhəlləsində ermənilər türk cəsədlərindən qalalar qurmuşdular. Bütün müsibətləri ortaya qoymuşdular. Kiçik uşaqlar cəsədlərdən qurulan “qalaların” başına qoyulmuşdu. Qadınlar süngülənib öldürülmüşdülər. Qafqaz İslam Ordusu Bakının azad edilməsi uğrunda mübarizə apardığı dövrdə Andranik Qarabağda müsəlmanların qırğınını davam etdirirdi”.
16 sentyabr 1918-ci ildə Şərq Ordular qrupunun komandiri Xəlil paşa Ənvər paşaya Bakının azad edilməsi haqqında teleqram göndərir. Gecikmədən Ənvər paşadan təbrik teleqramı gəlir. Həmin teleqramda Bakının azad edilməsi ilə əlaqədar təbriklərlə yanaşı, bundan sonra Qafqaz İslam Ordusunun fəaliyyət planı da yığcam halda bildirilmişdi. Ənvər paşa Bakının azad edilməsi ilə əlaqədar yazırdı: “Bakı müvəffəqiyyəti ilə əlaqədar olaraq gözlərinizdən öpərək təbrik edirəm”.
Bakının erməni-bolşevik qüvvələrindən azad edilməsi Azərbaycan tarixinin dönüş nöqtəsi idi, şəhər unudulmaz günlərini yaşayırdı. Miralay Nazim bəy Bakının komendantı təyin edildi. Bu, müvəqqəti tədbir idi. Onun əsas vəzifəsi şəhərdə əhalinin təhlükəsizliyini təmin etmək və mülki idarənin qurulmasına yardım göstərmək idi. Şəhər komandanının demokratik idarəçiliyini onda görmək olar ki, o, köhnə Bələdiyyə başkanı İluşkini və Bələdiyyə Məclisinin üzvlərini vəzifələrinin başına dönmələrini tələb etdi. Çoxu müsəlmanlardan olmaqla yeni üzvlər də seçildilər. Bir neçə gün içərisində şəhər normal həyata döndü. Dükanlar açıldı, ərzaq məhsullarına olan ehtiyac ödənməyə başlandı.
Gətirilən faktlar bir daha ermənilərin əsassız soyqırımı haqqında iddialarını puç edir. Nəticə bundan ibarətdir ki, 1918-ci ilin may-sentyabr aylarında ermənilər Bakıda olan üstün vəziyyətlərindən istifadə edərək bolşeviklərin köməyi ilə Azərbaycan türklərinə qarşı qətliamlar həyata keçirmişlər. Azərbaycan türkləri də məhdud imkanları ilə özlərini qorumuşlar. Təbii ki, ermənilər tərəfindən az miqdarda itkilər olmuşdur. Lakin Bakı azad ediləndən sonra ermənilərə qarşı heç bir qətl aparılmamışdır.
Bakının azad olunması həm də Azərbaycan Xalq Cümhuriyyəti hökümətinin və türk komandanlığının ruslara və qatil ermənilərə qarşı fövqəladə humanistliyini bir daha sübut etdi. Sentyabrın 16-da parad qəbul edərək təntənəli şəkildə şəhərə daxil olan Nuru paşa Bakıda qalmış rus zabitləri ilə hörmətlə davrandı. O, nəinki Nargində türk hərbi əsirlərinə göstərilən amansızlığa görə onlardan intiqam aldı, hətta belə bir mürəkkəb vəziyyətdə onların ailəsinə maddi yardım göstərilməsini təmin etdi.
Əsrin əvvəllərində iki ilə qədər fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyəti ilə 1991-ci ildə elan olunmuş Azərbaycan Respublikası arasında əlaqəni yüksək qiymətləndirən Heydər Əliyev demişdir: “Bu gün (18 oktyabr 2001-ci il) Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya aktından danışarkən mütləq qeyd etmək lazımdır ki, həmin müstəqillik aktı Azərbaycanın 1918-ci ildə mövcud olmuş Xalq Cümhuriyyətinin bərpasıdır. Biz onların varisiyik, onların işinin davamçılarıyıq – ancaq yeni şəraitdə, yeni bir tarixi zamanda”.
Həsənbala SADIQOV,
tarix elmləri doktoru, professor, əməkdar müəllim
“Azərbaycan” qəzeti, 15 sentyabr 2017-ci il