Rəfael Hüseynov Bakı Dövlət Universitetini, Sorbonna Universitetinin aspiranturasını bitirib. “Molodyoj Azerbaydjana” qəzetinin baş redaktoru, “Komsomolskaya pravda” qəzetinin şöbə müdiri olub. “Raboçaya tribuna” qəzetinin baş direktoru, “Trud” qəzetinin baş redaktor müavini, “Tribuna” qəzetinin şef-redaktoru vəzifələrində çalışıb. Rusiya Jurnalistlər İttifaqının katibi, Ümumrusiya Azərbaycanlıları Konqresinin rəyasət heyətinin üzvüdür. Rusiyanın əməkdar mədəniyyət işçisidir. – Rəfael müəllim, Siz Ümumrusiya Azərbaycanlıları Konqresinin rəhbərliyində təmsil olunmusunuz. Azərbaycanlıların Rusiya cəmiyyətində daha yaxşı imicdə təqdim olunmaları üçün nə etmək lazımdır? Xatırlayıram ki, bir müddət öncə, erməni millətinə mənsub olan bir şəxsin maşınla bir neçə adamı vurub öldürməsi daha az səs-küy doğurdu, nəinki azərbaycanlı Orxan Zeynalovun bir nəfəri öldürməsi…
– Bötövlükdə rus xalqının azərbaycanlılara mənfi münasibət bəsləməsini iddia edə bilmərəm. Şəxsən mənim, eləcə də mənim tanıdığım bir çox azərbaycanlının nümunəsi bu baxımdan ibrətamizdir. Elə bircə jurnalistikanı götürək. Azərbaycanda, Bakıda anadan olan, burada təhsil alan, müəyyən səbəblər üzündən Rusiyada, yaxud Moskvada yaşayan çoxlu azərbaycanlı var. Onların bir çoxu kifayət qədər yüksək, nüfuzlu vəzifələr tutur. Məsələn, Rüstəm Arifcanov əvvəllər Bakıda mənim 1974-1979-cu illərdə rəhbərlik etdiyim “Molodyoj Azerbaydjana” qəzetində çalışırdı. Moskvada isə “İzvestiya” qəzeti baş redaktorunun müavini, “Versiya” həftəlik qəzetinin baş redaktoru vəzifəsində işləyib, hazırda isə Müsəlman televiziya kanalına rəhbərlik edir, “Azərbaycan Konqresi” qəzetinin baş redaktorudur. Azər Mürsəliyev “Kommersant” Nəşriyyat Evinin şef-redaktorudur, bu çox şərəfli və məsuliyyətli bir vəzifədir. Nərgiz Əsədova “Exo Moskvı” radiosunda çalışır, çox böyük və nüfuzlu şəxslərdən müntəzəm olaraq müsahibələr alır. Elmar Hüseynov “Exo Planetı” jurnalına rəhbərlik edir. Mən özüm bildiyiniz kimi, Rusiya Jurnalistlər İttifaqının katibiyəm. Milliyyətcə azərbaycanlı olmayıb, jurnalistliyin sirlərinə Azərbaycanda yiyələnmiş şəxslər də var. Məsələn, Aleksey Qonılin “Komsomolskaya pravda”nın şef-redaktoru, Nikolay Viranov “Rossiyskaya qazeta”nın mədəniyyət şöbəsinin müdiridir və s. Bu siyahını xeyli uzatmaq da olar. Ona görə də Rusiyada bütün azərbaycanlılara mənfi münasibət göstərildiyini demək, ədalətsizlik olardı. Moskvada hələ sovet dövründə Azərbaycanla bağlı qoyulmuş küçə və digər ictimai müəssisələrin adları qətiyyən dəyişilməyib. Rusiya paytaxtında “Bakı” və Səməd Vurğun küçələri, “Bakı” kino-teatrı var. Həştərxanda azərbaycanlıların təsiri çox böyükdür. Şəhərdə Heydər Əliyevin gözəl abidəsi qoyulub, “Azərbaycan” parkı var. Lakin sizinlə razılaşmalıyam ki, müəyyən səbəblərdən baş verən münaqişəli situasiyalar da mövcuddur. Moskvada digər xalqların nümayəndələrinə millətçi-şovinist, antisemit münasibət təzahürləri olur. Amma deməzdim ki, bu yalnız azərbaycanlılara qarşıdır. Qeyd etdiyiniz halla bağlı isə bunları demək istərdim: qətl hadisəsi baş verib, onu törədən isə azərbaycanlıdır. Yeri gəlmişkən, onun özü də qətl törətdiyini etiraf edir. Mənim xoşuma gəlməyən isə KİV-in bu hadisəni təqdim etmə qaydası, onun nazirin yanına gətirilməsidir. Yerdə qalanlar isə məhkəmənin işidir. Bir faktı da deyim, əlbəttə ki, bu yalnız azərbaycanlılara deyil, bütün qafqazlılara və Orta Asiyadan gələnlərə aiddir. Onlar məişət səviyyəsində bəzi adətlərini Rusiya paytaxtına gətirirlər ki, bu da rusiyalıların xoşuna gəlmir. Məsələn, Qurban bayramı günlərində heyvanların yaşayış binalarının qarşısında kəsilməsi. Həmin binalarda müxtəlif insanlar yaşayır və bu bəzilərinin xoşuna gəlmir. Bütövlükdə isə Rusiyada yaşayan azərbaycanlıların əksəriyyəti qanuna riayət edən, qanundan çəkinən insanlardır. Onlar vicdanla işləyir, alın tərləri ilə çörək pullarını qazanırlar. Mən ÜAK-ın rəyasət heyətinin üzvü kimi, Rusiyanın bir çox şəhərlərində olur və bunu öz gözlərimlə görürəm. Tomskda şəhər dumasının 14-15 üzvü var və bunların 3-ü azərbaycanlıdır. Kalininqradda azərbaycanlıların güclü mövqeləri var. Yekaterinburqda azərbaycanlıların mövqeyi güclüdür və onlara hörmətlə yanaşırlar. Təəssüf ki, Rusiyadakı azərbaycanlı cəmiyyətləri çox bölünüb, hərə öz xəttini, öz mövqeyini yeridir.
-Rusiya mediasında təmsil olunan bir çox azərbaycanlıların adlarını çəkdiniz. Lakin təəssüf ki, bəzən Rusiya mediasında Azərbaycan əleyhinə yazılar gedir, hətta bu yaxınlarda mən bir Rusiya qəzetində 20 yanvar 1990-cı ildə öldürülmüş azərbaycanlıların fotosunun Bakıda qətlə yetirilmiş ermənilərin fotosu kimi təqdim edildiyini gördüm. ÜAK belə hallara qarşı mübarizə aparırmı?
-Bəli, ÜAK-ın rəyasət heyəti belə hallarla mübarizə aparır. Məsələn, bir il öncə, V.Jirinovski azərbaycanlılara qarşı çıxış edəndə, hətta az qala onları öldürməyə çağıranda, biz Moskvanın mərkəzində mitinq keçirdik. Bu Azərbaycan diasporunun Moskva hökumətinin rəsmi icazəsi ilə keçirilən ilk mitinqi idi. Həmin çağırışları mühakimə edən çoxsaylı çıxışlar oldu, o cümlədən, mən də çıxış etdim. Amma mən rəsmi Moskvanın mövqeyini də vurğulamaq istəyirəm. Moskva hökuməti Rusiya vətəndaşları olan müxtəlif millətlərin nümayəndələrinin bir-birinə qarşı çıxmasının, qarşıdurmanın qətiyyətlə əleyhinədir.
– Uzun illər ərzində siyasətlə bağlı yazılar yazmısınız. Ona görə də Sizə belə bir sual vermək istərdim. Bu gün bütün dünyanın nəzəri Krım hadisələrinə yönəlib. Separatizmdəm ən çox əziyyət çəkən ölkələrdən biri olan Rusiya Krım hadisələri ilə yeni separatçı hərəkatlara təkan vermirmi?
– Xeyr, mən belə düşünmürəm. Əlbəttə, mən bir vətəndaş kimi Krımın Rusiyaya birləşdirilməsini kor-koranə dəstəkləmirəm. Amma Putin mürəkkəb vəziyyətə düşmüşdü. Kiyevdə dövlət çevrilişi baş verdi. Avropa dövlətləri və ABŞ Maydanın formalaşmasında çox fəal iştirak etdilər. Faktiki olaraq onu maddi cəhətdən təmin edib, siyasi cəhətdən dəstəklədilər. Qərb dövlətlərinin səfirləri müntəzəm olaraq Maydana gəlir, Qərb mətbuatı Maydan hadisələrini işıqlandırırdılar. Hadisələr kritik həddə çatanda və insanlar həlak olanda Fransa, Almaniya və Polşanın xarici işlər nazirləri və Rusiya XİN-in əməkdaşı V.Lukinin, eləcə də V.Yanukoviçin iştirakı ilə sənəd imzalandı. Həmin sənədə görə, V.Yanukoviç küçələrdən ordunu çəkir, Maydan isə boşaldılır. Amma Yanukoviç qoşunu çəkən kimi, insanlar onun iqamətgahını ələ keçirdilər və beləliklə Kiyevdən qaçmağa məcbur etdilər. Hakimiyyət müxalifətin əlinə keçdi. Beləliklə, aydın oldu ki, Qərb ölkələri Putinin şəxsində Rusiya dövlətini aldadıblar. Ardınca dərhal elan olundu ki, Ukraynada rus dili daha ikinci dövlət dili deyil və Ukrayna NATO-ya daxil olacaq. Aydın oldu ki, Sevastopol Rusiya bazası kimi əldən çıxacaq. Mən çox vaxt ruslara deyirəm, sizin üçün Tolstoyun anadan olduğu Yasnaya Polyana nədirsə, biz azərbaycanlılar üçün də bu gün ermənilər tərəfindən işğal edilmiş Şuşa odur. Sevastopol da rusiyalılar üçün elədir. Coğrafi mövqeyindən əlavə, orada on minlərlə rus həlak olub. O cümlədən də azərbaycanlılar. Bu şəhərdə azərbaycanlıların bir diviziyasını almanlar batırıblar. Yəni mənəvi cəhətdən ruslar üçün Sevastopol müqəddəs yerdir. Elə hərbi baxımdan da Sevastorolun itirilməsi Qara dəniz donanmasının itirilməsidir. Rusiya bütün bunlara getmək istəmədi və gedə bilmədi. Ukraynada Rusiyaya düşmən qüvvələrin hakimiyyətə gəlməsi ilə NATO-nun sərhədləri Voronejə gəlib çata bilər. Belə bir şəraitdə Putin bütün Avropanı və Amerikanı sarsıdan qərar qəbul etdi. Mən dəfələrlə Yaltada forumlarda iştirak etmişəm. Gözəl iqlimli, mənzərəli şəhərdir. Amma Ukrayna bu əraziyə pul qoymurdu. Elə Krımda yaşayan ruslar da daim Rusiyanın tərkibinə daxil olmaq istəyirdilər. Putin bu qərarı ilə həm də Rusiyada öz reytinqini çox yüksəltdi. Ona görə də digər separatçı hərəkətlərin olacağını güman etmirəm. Düzdür, Avropanın reaksiyası gözləniləndən də sərt oldu. Bilirsiniz, SSRİ dağılandan sonra dünyada ABŞ düzəni yarandı. ABŞ-da hesab edirlər ki, dünya onların qaydaları ilə yaşamalıdır. Yuqoslaviyanı böldülər, franszıların köməyi ilə Liviyada hakimiyyəti dəyişdilər, Qəddafini ələ keçirib, opponentlerinə verdilər, bundan sonra bəyanat verdilər ki, Putini də belə edəcəklər. Rusiya ilə hesablaşmırdılar. Almaniya birləşəndə söz vermişdilər ki, NATO sərhədlərini dəyişməyəcək, amma dəyişdi. Rusiya bütün tərəflərdən faktiki mühasirəyə alınıb. Rusiya öz sərhədlərini qorumağa çalışır.
– Dnesryanı, Cənubi Osetiya, Abxaziya yeni Krım ola bilərmi?
– Rusiya Moldovanın suverenliyini tanıyır. Lakin mənim fikrimcə, Moldova Rumıniya ilə birləşəcəyi təqdirdə Dnestryanı ya müstəqil dövlət olacaq, ya da Rusiyanın tərkibinə qatılacaq. Nə üçün Krım Rusiyaya birləşdi? Çünki Ukrayna artıq dövlət kimi fəaliyyət göstərmirdi. Ümumiyyətlə, Ukraynanın taleyi çox ağır ola bilər. Yalnız iki hissyə deyil, dörd hissəyə bölünə bilər. Bunlar Krım, Qərbi Ukrayna, Şərqi Ukrayna, Kiyev və ətraf ərazilərdir.
– Rəfael müəllim, Siz həm də Rusiya Jurnalistlər İttifaqının katibisiniz. İnternetin, elektron saytların inkişafı dövründə çap mətbuatının gələcəyini necə görürsünüz?
– Konkret bir misal deyim. Rusiyanın Baş naziri D.Medvedev İnternetdən, Ay-pad və Ay-fondan geniş istifadə edir. Qəzetlərlə də onların internet səhifələrində tanış olur. V.Putin isə əksinə. Vaxtının az olduğunu bildirərək internetlə maraqlanmır. O, qəzet oxumağa üstünlük verir. Bunu mən dəqiq bilirəm. Çünki mənim Putin haqqında bir sıra məqalələrimlə o, qəzet vasitəsilə tanış olub. Əlbəttə qəzet məqalələrini ona tezislər kimi təqdim edirlər. Yaxından tanış olmalı məqalələri isə qeyd edirlər. Düşünürəm ki, qəzetlər qalacaq. Başqa məsələdir ki, onlar necə qalacaqlar? Rusiya mətbuatı da dəyişir. Daha çox jurnallar populyarlaşırlar. Jurnallar özləri də dəyişirlər. Sırf siyasi jurnallar var. Lakin onlar da kübar cəmiyyətlə bağlı xronikaya, dəb, idmanla bağlı xəbərlərə geniş yer verirlər. Qlamur jurnallar isə siyasətlə bağlı yazılara yer ayırırlar. Rusiyada əyalət mətbuatı çox sürətlə inkişaf edir. Düşünürəm ki, həmvətənlərimiz də bu vacib sahəni diqqətdən qaçırmamalı, bu sahəyə sərmayə qoymalı, qəzet və jurnallar açmalıdırlar. Gündüz Nəsibov 1905.az