Suallarımızı eTicarət İcmasının qurucusu Rəşad Camal cavablandırdı.
– Rəşad müəllim, “Bitcoin” nədir və adi Azərbaycan vətəndaşları bu haqda nəyi bilməlidir?
– Gəlin, öncə “bitcoin”in necə yaranmasını nəzərdən keçirək. “Bitcoin”in arxasında böyük bir texnologiya var, onun adı blokçeyndir. Bəs blokçeyn texnologiyası nə deməkdir? Bildiyiniz kimi, hər bir şirkətin özünün serveri – məlumatlarının saxlandığı mərkəz var. Hətta dövlətlərin də öz serveri var. Vaxtilə “Vikiliks” məsələsi də serverlərin “xak” olunması sayəsində meydana çıxmışdı. Yaxud bir neçə il öncə Microsoft şirkətinin serveri dağıdıldığından, bir çox ölkələrin dövlət xidmətləri bir müddət işləyə bilmədi. Bu serverləri ona görə dağıtmaq mümkün olur ki, bütün məlumatlar bir yerdə saxlanılır. Çeyndə isə məlumatlar yüz min yerə parçalanır və şifrələnir. Bu məlumatları “xak” etmək üçün yüz minlərlə İT mütəxəssisi eyni anda işləməlidir. Bu isə mümkünsüzdür. Beləliklə, məlumatların təhlükəsizliyi üçün yeni texnologiya yarandı. Həmin texnologiya yarandıqdan sonra onun qiymətinin ödənilməsi məsələsi meydana çıxdı. Nə dollar, nə də avro qəbul etmirdilər və beləcə öz aralarında yeni bir pul vahidi ortaya çıxdı. Həmin pul vahidini Satoşi Natakoma adlı İT mütəxəssisi yaradıb. Bu, dünyanın indiyə qədər görüb-görəcəyi ən güclü İT texnologiyadır. Pul vahidi “bitcoin” adlandırıldı. Təzə yarananda bu pulun dəyəri 11 sent idi. İlkin dövrdə natural təsərrüfatda olduğu kimi işlədilirdi. İcmaya daxil olan şirkətlərin sayı artdıqca, “bitcoin” də dəyərə minməyə başladı. İndi “bitcoin”i qəbul edən internet mağaza, xidmət mərkəzlərinin sayı daim artmaqdadır. Dəyərə minməsinin səbəbi isə odur ki, məhdud saydadır – 21 milyon ədəd. “Bitcoin”in emissiya həcmi yaranandan məhdudlaşdırılıb.
– Niyə məhz 21 milyon ədəd?
– Düzü, bu suala hərə bir cür cavab verir və əsil cavabını bilmirəm. Başqa kriptovalyutalar məsələn, 100 milyon ədəd yaradılıb. Başqa birisi 50, 60 milyon ədəddir.
– Bunlar yəni başqa kriptovalyutalardır? Ən məşhuru “bitcoin”dur?
– Bəli, birinci yarandığı üçün məşhurdur. Üstəlik də dövriyyəsi çox böyükdür. Şirkətlərin sayı çoxaldıqca, ortalığa elə insanlar çıxdılar ki, heç onların serverləri də yox idi və onun İT tərəfi də onlara maraqlı deyildi. Bunlar dəllal kimi başladılar “bitcoin”i alıb-satmağa. “Bitcoin”in tələb-təklif sayəsində dəyəri qalxır, çünki sayı məhduddur. Tələb çox olduğuna görə daha çox buraxıla bilmək imkanları yoxdur. Beləcə qiyməti qalxmağa başlayır. Buna görə də dəllallar yaranır, mövcud qiymətlə alır, bahalanan kimi satırlar. Əvvəllər yalnız əldə alınıb-satılırdı. Sonra bir nəfər sayt yaratdı və “bitcoin”i orada başladılar alıb-satmağa. Alıcıların da sayı artdı. Əvvəllər balaca saytlar arasında məşhur olan “bitcoin” nəhəng şirkətlərin də diqqətini cəlb etdi. “Apple”, “Microsoft”, İBM, “BP”, Kanada Mərkəzi Bankı və hətta Gürcüstan dövləti blokçeyn texnologiyasına keçib. Mən 2 ildir ki, çox təbliğ edirəm ki, həm dövlətimiz, həm də şirkətlər blokçeyn texnologiyasına keçsin.
– Bu, orta statistik azərbaycanlının “bitcoin”lə bağlı bilməli olduqlarıdır. Bu barədə müxtəlif informasiyalar da var. Tutaq ki, bizim kartımızda müvafiq miqdarda pulumuz var. “Bitcoin” aldıqdan sonra ondan necə istifadə edə bilərik?
– Böyük şirkətlər onu pul transferi üçün alırlar. “Bitcoin”in yaranma səbəbi o deyil ki, insanlar onu alsın və qiyməti bahalaşanda da satsınlar. Məsələnin kökündə blokçeyn texnologiyası durur. Tutaq ki, sizin xaricdə də bir şirkətiniz var və ona pul köçürmək istəyirsiniz. Burdan banka gedə və yaxud digital bankınıza əmr verə bilərsiniz ki, xaricdəki hesabınıza pul köçürülsün. Bu yolla pul 2-3 günə, “bitcoin”lə isə 20 dəqiqəyə gedir. Mənim fikirlərim əlbəttə ki, investisiya qoymağa təhrik edən fikirlər deyil. Ağıllı adam məlumatı oxuyub, yoxlayandan sonra özü qərar verməlidir. Xüsusilə investisiya məsələsində hər kəs çox oxuyub, gec, götür-qoy etdikdən sonra qərar verməlidir. Hətta “Etherium”un sahibi Vitalik Buterin də qeyd edir ki, “mənim kriptovalyutamı alıb, saxlayıb, pul qazanmayın. Mən onu bu məqsədlə yaratmamışam”. Şəxsən mən Rəşad Camal olaraq onu alıb, 10 min dollar olanda satmaq üçün yox, 20 min dollar olanda satmaq üçün saxlayıram. Mənim proqnozlarım var, yerli və xarici mediada da bu çıxır. “Bitcoin”lə bağlı bu ilki neqativ proqnozum 7 min dollar idi. Həmin proqnozu verəndə “bitcoin”in qiyməti 3800 dollar idi. İkinci dəfə iyin ayında 6 min dollar olacağının proqnozunu vermişdim, o vaxt qiyməti 1800 dollar idi. Neqativ proqnozum özünü çoxdan doğruldub. Çünki blokçeyn texnologiyasına, “bitcoin”ə inanan böyük şirkətlərin sayı artıb. Yəqin bilirsiniz dünya nəhənglərinin iştirakı ilə “Money-money-2020” konfransı oldu. Həmin konfransda çıxış edən “Apple”in yradıcılarından biri olan Stiv Voznyak bildirdi ki, “bitcoin” nəinki qızıldan, hətta “Apple”dən də qiymətli məhsuldur. Bu səviyyədə olan bir şəxs elə-belə söz demir. Hələ 3-4 il öncədən belə bir söhbət gəzirdi ki, 2018-ci il “dünya kriptovalyuta ili” olacaq. Mən də 2018, 2019, hətta 2020-ci illərə bir-birindən pozitiv illər kimi baxıram. Snapchat-ın proqnozuna görə, yaxın 10 ildə “bitcoin”in qiyməti 50 min dollar, yaxın 15 ildə isə 500 min dollar Təkrar edirəm ki, qiymət artımının səbəbi şirkətlərin sayının çoxalması və sayının məhdud olması ilə bağlıdır. “Bitcoin”dən sonra yaranan digər “coin”lərin hamısı “bitcoin” vasitəsilə alınır. Əslində “bitcoin”i də məşhurlaşdıran ikinci “coin” – “Etherium”dur. Biz “bitcoin”lərdən başqa “coin”lərə “altcoin” deyirik. “Etherium”un yaradıcısı rus əsilli Kanada vətəndaşı, Vitalik Buterin adlı İT mütəxəssisidir. O deyirdi ki, “bitcoin” pul transferi üçün yarandığı kimi, mənim “Etherim”um da şirkətlərarası mübadilə üçün yaranıb. Başqa sözlə, bu, dahiyanə bir məhsuldur. Vitalikə Uoll-Stritt “pulun yeni tanrısı” deyir. Bu, fantastik bir məhsuldur. “Master Card”, “Visa Card” və başqaları ona qarşı idi, amma indi onların hamısı “Etherium” alyansına üzv olublar.
– Şərti olaraq desək, Məmmədov, Həsənov, Hüseynov 2 ay öncə, 4 min dollara olanda “bitcoin” alsaydı, indi artıq 5-6 min dollar qazanardı?
– Bəli, tamamilə doğrudur. Ola bilər ki, bizim oxuculardan kimsə “coin” alar və qiymət “oynamağa” başlayar. “Bitcoin” aram-aram inkişaf edib bu illər ərzində. Amma digər “altcoin”lər daha sürətlə inkişafdadır. Çünki yeni yaranıblar. “Bitcoin”in özü də yeni yarananda qiyməti sürətlə artırdı. “Bitcoin”in hazırki məqama çatması 6-7 illik təcrübənin nəticəsidir. Yeni “coin”lərin də arxasında çox mütərəqqi texnologiyalar durur. Həmin texnlogiyadan istifadə nəticəsində yeni “coin” yaranır. “Bitcoin”in “abdeyt”ləri olur. 3 il öncə, “bitcoin”i alıb, başqasına göndərmək 6 saat çəkirdi. İndi isə onu göndərmək yarım saat çəkir. Bunlar hamısı “abdeyt”lərin nəticəsidir. Bu zaman təcrübəli adamlar “altcoin”lərdən və “bitcoin”dən pullarını çəkir və bazara baxır. Çəkir deyəndə, mən hərəkətliliyini müvəqqəti dayandırmasını nəzərdə tuturam. Məzənnə azad bazarda formalaşdığından və bazarda tələb və ya təklif olmadığından qiyməti artır və yaxud azalır. Birjada belə bir qayda var ki, bir gün düşən qiymət, bir gün də qalxır.
– Amma yəqin ki, qiymətin artmasında reklam və PR-ın da müəyyən rolu var.
– Var, “bitcoin” bazarının çox böyük hissəsi böyük şirkətlərin, maliyyə institutlarının əllərindədir. Mən demək istəyirəm ki, vətəndaşlar yeni valyuta aldıqdan sonra tutaq ki, qiymət düşər və panika içində aldığını dərhal satmağa çalışar. Nəzərə alınmalıdır ki, bu iş soyuqqanlılıq, maliyyə savadı tələb edir. Kriptovalyutanın qiymətinin aşağı düşmə səbəbləri araşdırılmalıdır. Yalnız bundan sonra qərar verilə bilər. Amma daha böyük məbləğdə – 70-100 min dollar məbləğində “coin” alanlara məsləhətim budur ki, simiclik etməsinlər və özlərinə məsləhətçi (treydbroker) tutsunlar. Məsləhətçilər “coin”in haradan, harada, necə, neçəyə alınmasını, harada, necə saxlamaq lazım olduğunu tövsiyə edəcəklər. Hər bir məsələdə təhlükəsizlik öndə gəlir.
– “Coin”lər hansısa formada dolların, yevronun, funt-sterlinqin, iyenanın və s. mövqeyinə də təsir edə bilərlər. Bu necə tənzimlənəcək? Tutaq ki, “bitcoin”ə dolların “qısqanclığı” olmayacaq ki?
– Olur və illərdir ki, bunun müzakirəsi gedir. Hətta bir ara dedilər ki, “bitcoin” insan alverində istifadə olunur. Sonra dedilər ki, “bitcoin” almayın, ondan narkotik ticarətində istifadə edilir. Hətta bununla bağlı mənim özümə də suallar verilir. Mən həmin adamlara deyirəm ki, “bitcoin”in bir illik dövriyyəsi, narkotikin bir günlük dövriyyəsinə bərabərdir. “Bitcoin” olmayanda dünyada məgər narkotik ticarəti, insan, yaxud silah alveri yox idi? Sonra söylədilər ki, bu, çirkli pulların yuyulmasıdır. Bir “bitcoin” almaq üçün birjalara 4-8 faiz komisyon haqqı ödənilir. Hansı axmaq sahibkar 4-8 faizə pul transfer edər? İkincisi də bunu almaq üçün pulu banka qoymaq lazımdır. Bank da dərhal pulun mənşəyi, onun necə qazanılması ilə maraqlanır. Yəni çirkli pullarla “bitcoin” almaq mümkünsüzdür. Dünyada 75 trilyon pul var. Bunların 25 trilyonu bankdadır, 25 trilyonu banklar vasitəsilə əldə dövriyyədə olan puldur, 25 trilyonu isə “yastığın altındakı” puldur. “Bitcoin”in ümumi dövriyyəsi bu dövriyyənin çox kiçik hissəsini təşkil edir. Heç bir silah və ya narkotik tüccarının bir aylıq dövriyyəsi də deyil. “Bitcoin”in alınması qanunidir və banklar vasitəsilə icra olunur. Mən hamıya bir daha xatırladıram ki, qeyri-qanuni, kiməsə pul verməklə “bitcoin” aldırmayın. Bütün hallarda qeyd etdiyiniz qısqanclığa rəğmən “bitcoin”ə qarşı sərt tədbirlər görüləcəyinə mən inanmıram.
– Qeyd etdiniz ki, Gürcüstan hökuməti də blokçeyn texnologiyasından istifadə edir…
– Sadəcə olaraq internetdə axtarış versəniz, Gürcüstanın ədliyyə və xarici işlər nazirinin bununla bağlı çıxışlarını görəcək və bu məsələyə necə ciddi yanaşdıqlarının şahidi olacaqsınız. Rusiyanın prezidenti V.Putinin də blokçeyn texnologiyası ilə bağlı pozitiv fikirləri, Mərkəzi Banka və dövlətin icra orqanlarına xüsusi tapşırıqları var. Blokçeyn texnologiyası “bitcoin” demək deyil. Burada “bitcoin”, “Etherium”, “Litecoin”, “Baytcoin” və digər kriptovalyutalar var. Ola bilsin ki, sabah elə bir kriptovalyuta yaransın ki, bir ilin içində qiyməti 10 min dollara yüksəlsin.
Fuad Babayev, Gündüz Nəsibov, 1905.az