1905.az saytının bu dəfəki müsahibi «Azeri Defence» hərbi-texnoloji jurnalının həmtəsisçisi Rəşad Süleymanovdur.
– Ərazimizin 20 faizi 20 ildən artıqdır ki, işğal altındadır. Erməni təcavüzünün xalqımıza, dövlətimizə, iqtisadiyyatımıza, bir sözlə hər birimizə vurduğu ziyan ölçüyə gəlməzdir. Və bu ağrılı fakt dördüncü hakimiyyətinin çiyninə böyük yük qoyur. Necə bilirsiniz, Azərbaycan mediası işğala məruz qalmış ölkənin mediasının həyata keçirməli olduğu vəzifələrin öhdəsindən gələ bilirmi?
– Mənim şəxsi fikrimcə, milli və dövləti məsələlərdə media və jurnalistlər baş verənlərə qlobal baxışla deyil, milli nöqteyi-nəzərdən yanaşmalıdırlar. Çünki bu məsələdə istəsə də istəməsə də jurnalist tərəf olur. Xüsusilə də müharibələrdə. Ermənistanın işğalçılıq və etnik təmizləmə siyasəti bizim gözümüzün önündə yaşanıb. Şəxsən mən, cəbhə bölgəsində doğulub böyümüş, müharibənin ağrı acılarını yaşamış biri kimi hələ uzun illər gördüklərimin təsirindən çıxa bilməyəcəyimi düşünürəm. Reallıq budur ki, biz jurnalistlər bitməmiş münaqişənin tərəfləriyik. Oyunu da bu qaydalara uyğun oynamalıyıq. Bir məsələni qeyd edim, yeni müharibə konsepsiyalarında informasiya mühüm elementlərdən biri olaraq yer alır. Söhbət burada tək düşmən barədə informasiyanın əldə edilməsindən getmir. Bura lokal və qlobal səviyyədə düşməni «informasiya zərbəsi» altında saxlamaq, fəaliyyətini bloklamaq, öz daxilində düşmənin yaratdığı mifi sındırmaq, özünə inamı formalaşdırmaq, düşmən ölkə ictimaiyyətində psixoloji gərginlik yaratmaq, beynəlxalq səviyyədə isə informasiyaların tətbiqi ilə düşməni neytrallaşdırmaq kimi çoxsaylı əməliyyatlar daxildir. Təəssüflər olsun ki, Ermənistan tərəfindən üzləşdiyimiz təcavüzün ifşası, eləcə də yerli və qlobal səviyyədə apardığımız informasiya müharibəsindən arzu olunan səviyyədə danışa bilmərəm. Faciələrin yalnız ildönümlərində anılması, ortaya çıxacaq nəticəsi düşünülmədən xəbərlərin yayılması, ordu barədə xəbərlə verilərkən ölkəmizin müharibə şəraitində olması amilinin nəzərə alınmaması, şəxsi maraqların ön plana çəkilməsi və s. kimi problemlər mövcuddur. Bununla belə, APA, Trend, Vesti.az kimi həm daxili auditoriyası olan, həm də xaricdə kifayət qədər tanınan və informasiya mənbəyi olaraq güvənilən KİV-lərimizdə bu istiqamətdə planlaşdırılmış, təqdir olunası, digər media qurumları üçün örnək olası fəaliyyətlər həyata keçirilir.
– Bu sahədə jurnalist Rəşad Süleymanovun gördüyü işlərdən nə deyə bilərsiniz? Təvazökarlığı bir qədər arxa plana da keçirmək şərti ilə.
– Qeyd etdiyim kimi, mən müharibəni yaşayaraq böyümüşəm. Uşaqlığım müharibənin içində keçib, ağrı-acısını yaşamışam. Övladını toy-bayramla döyüşə göndərən, bir neçə gün sonra şəhid olaraq qəbul edən valideynlər hələ də gözümün önündədirlər. Jurnalistikada fəaliyyət göstərdiyim 10 ildən artıq bir dövrdə iştirak etdiyim beynəlxalq tədbirlərin hər birində Azərbaycanın üzləşdiyi münaqişə, torpaqlarımızın işğal olunması, Ermənistanın həyata keçirdiyi soyqrım faktlarını hər zaman ön plana çəkməyə, diqqəti buna yönəltməyə çalışmışam. Hərbi sahə ilə daim kontaktda olduğum üçün mənim üçün əsas prioritet ordu quruculuğu sahəsində ölkəmizdə həyata keçirilən tədbirlərə diqqət yönəltmək, cəmiyyət-ordu əlaqələrinin yaradılmasına az da olsa öz töhfəmi verməkdir. Bu dövlət də bizimdir, ordu da. Əfsuslar olsun ki, bu gün bir çox jurnalistlərimiz cəmiyyət-ordu münasibətlərinin yaradılmasına, orduya cəmiyyətdə inamın artırılması, eyni zamanda əsgərinə onun arxasında dövlətinin olduğu fikrini aşılamaq yerinə, çox işlənmiş bir sözlə ifadə etsək antiordu təbliğatı aparmaqla məşğuldurlar. Etiraf edirəm, orduda müəyyən problemlər mövcuddur. Yaxud minlərlə zabitin içində hansısa kriteriyalara cavab verməyənləri ola bilər. Amma bunları bütün orduya şamil eləmək doğru deyil. Mənim ən böyük istəyim düşmən üzərində psixoloji üstünlüyü qazanmaqdır. Bu işdə həqiqətən də medianın üzərinə böyük yük düşür və bundan istifadə olunması vacibdir. Bunun üçün ermənilərin psixologiyasına azdan-çoxdan bələdik. Bu sahədə ötən illərdə həyata keçirdiyimiz kiçik miqyaslı əməliyyatların effektiv nəticələri olub. Bəlli səbəblərdən bu məslə barədə geniş danışa bilməyəcəm.
– Böyük şairimiz Qabil demişkən:“Ümid Azərbaycan əsgərinədir”. Və Azərbaycan əsgərinin bu ümidi gec-tez doğruldacağına ən azı sözdə hamı inanır. Bəs Azərbaycan əsgəri medianın ümidlərini doğruldurmu? Nyusmeyker kimi.
– Burada qeyd olunası iki vacib məqam var. Birincisi, mediamız Azərbaycan əsgərinə yetərincə diqqət ayırarsa, onun nəyə qadir olduğunu bilər. 1994-cü ildə, təchizatsız, qışın şaxtasında, dəniz səviyyəsindən 3000-3500 metr yüksəklikdə döyüşən Azərbaycan əsgəri olub. Hansı ki, tarixdə belə hadisələr barmaqla sayılasıdır. Mən şəxsən şahidi olmuşam ki, NATO-da təmsil olunan çox sayda ölkənin hərbçilərinin iştirakı ilə keçirilən tədbirlərdə Azərbaycan əsgəri normativləri ən yüksək səviyyədə yerinə yetiriblər. Tək başına düşmənin onlarla hərbçisini məhv edən Mübariz İbrahimov, ermənilərin «Arabo», «Artsiv» kimi elit hərbi dəstələrini, bütöv taborlarını tamamilə məhv edənlər Azərbaycan əsgəridir. İkinci məqam uzun illər Azərbaycan əsgərinin cəmiyyətdə obrazının yaradılmamasıdır. Hələ də insanlarımızın küçədə, kadrlarda əsgərinə «yazıq uşaq» kimi yanaşmasını şəxsən mən qəbul edə bilmirəm və bunun əleyhinəyəm. Bu sindromun aradan qaldırılması üçün başda Müdafiə Nazirliyi olmaqla hərbi qurumlarımız ciddi PR həyata keçirməlidir. Ordunun PR-na NATO ölkələri, ABŞ, Kanada, Avstraliya, hətta qonşu Gürcüstanda böyük diqqət yetirilir. Təkcə ABŞ Ordusu səhv etmirəmsə, 2012-ci ildə bu məqsədlə 8.6 milyon dollar xərcləmişdi. Bu məsələdə ola bilsin ki, hərbi rəsmilər mənim fikrimlə razılaşmasınlar. Fikrimcə, iki-üç millət vəkilin, QHT rəhbərin, jurnalistin və müğənnin hərbi hissəyə aparılması, konsert təşkil edib, çalıb- oynamaq hər şey deyil. Ordu ciddi qurumdur və ciddi PR tələb edir. Son illərdə Bakıda keçirilən hərbi paradlar, eləcə də ümumqoşun təlimlərinin Azərbaycan Ordusu barədə vətəndaşlarda yaratdığı müsbət psixoloji rəyi də qeyd etmək yerinə düşər.
– Ordu yetkililəri açıqlama verirlər, media da yazır, çəkir, göstərir. Bəs auditoriya necə? Maraqlanırmı bu mövzu ilə?
– Cəmiyyət ordu və hərbi sahə ilə bağlı xəbərləri səbirsizliklə gözləyir deyə bilərəm. Bunun üçün sadəcə olaraq internet saytlarımızda bu mövzuda yazılan xəbər və yazıların oxunma sayına baxmaq lazımdır.
– Ənənəvi sual. Planlar. Perspektivlər. Və şəxsən Azərbaycan yazarı Rəşad Süleymanovun hərbi jurnalistikamızın gələcəyi ilə bağlı proqnozları.
– Hərbi jurnalistika spesifik sahədir. Ordudan hansısa bir iki eksklüziv xəbər yazmaq hərbi jurnalistika demək deyil. Bu sahədə özünü görmək istəyənlər sahəni öyrənməli, mütəmadi olaraq öz üzərində işləməli, biliklərini artırmalı, ekspertdən fikir öyrənməklə yanaşı özlərinin müstəqil fikir yürütmə, analiz etmə qabiliyyəti olmalıdır. Jurnalistika fakültələrindən son 6-7 ildə təcrübəyə gələn tələbələrdən hərbi sahə üzrə çalışmaq istəyən 2 nəfərə rast gəlmişəm. Hazırda onlardan biri hərbi xidmətdədir. Düşünürəm ki, onlar istədikləri istiqaməti seçərlərsə, bu sahədə nəyəsə nail ola biləcək gənclərdirlər. TV-lərin üzərinə daha çox yük düşsə də bu gün yalnız ANS-də Rahib Qəribin təqdimatında “Marş” proqramını hərbi ilə bağlı ən yaxşı və peşəkar TV proqramı hesab edirəm. Belə bir deyim var: min dəfə imama ağlayanda, bir dəfə də Yezidi yad eləmək lazımdır. Hərbi qurumlar jurnalistikadan nə isə tələb etdikləri kimi, öz sahələri üzrə jurnalistlərin maarifləndirilməsini də təmin etməlidirlər. Jurnalistin ən azından müəyyən anlayışı olmalıdır. Polkovniklə generalı, tankla PDM-i, zərbə və nəqliyyat helikopterini ayıra bilməlidir. Bu misalı boş yerə çəkmirəm. Bir il öncə Hərbi Hava Qüvvələrimizin bir nəqliyyat helikopteri dənizə düşmüş, pilot və kabin heyəti şəhid olmuşdu. Bütün qəzetlər, internet saytları “Döyüş helikopterimiz düşdü” başlığın vermişdilər. Öz şəxsi planlarıma gəldikdə isə deyə bilərəm ki, APA informasiya agentliyində çalışmaqla bərabər, 2012-ci ilin sentyabr ayından bir neçə jurnalistlə birgə, «Azeri Defence» adlı hərbi-texnoloji jurnalı təsis etmişəm. Azərbaycanda hazırda yeganə olan bu jurnala Silahlı Qüvvələrimiz, müdafiə sənayemiz, eləcə də Türkiyə Silahlı Qüvvələri və Türkiyənin müdafiə şirkətləri Azərbaycanda fəaliyyət göstərən diplomatik nümayəndəliklər, müdafiə sənayesində fəaliyyət göstərən firmalar abunədirlər. Hazırda müstəqil hərbi jurnalın MDB məkanında Rusiya, Ukrayna və Azərbaycanda var. Qısa müddətdə jurnalımızı regional səviyyədə tanıda bildik. Bu gün Qazaxıstanda keçirilən KADEX-2014, Azərbaycanda sentyabr ayında keçiriləcək ADEX-2014 beynəlxalq müdafiə sənayesi sərgilərinin rəsmi media tərəfdaşı olan az sayda sahə KİV arasında yer alırıq. Perspektivdə «AzeriDefence» jurnalının fəaliyyətinin genişləndirilməsi, regional səviyyədə yayılan ingilis dilində bir hərbi jurnalın nəşrini düşünürəm. Hazırda bununla bağlı Türkiyə, Ukrayna, Gürcüstan və Qazaxıstandan olan həmkarlarımızla müzakirələr aparırıq. Hazırda hərbi qurumlarla müzakirə etdiyimiz layihələr var. Onlardan biri də hərbi sahədən yazmaq istəyən jurnalistlər üçün treninqlərin təşkili ilə bağlıdır.
Fuad Babayev
1905.az