Azərbaycanın tarixi zəfəri və Ermənistanın kapitulyasiyası ilə başa çatmış İkinci Qarabağ müharibəsindən 3 ilə yaxın vaxt keçir. Azərbaycan 8 Noyabr 2023-cü ildə bu möhtəşəm zəfərin 3 illiyini qeyd edəcək. Müharibənin başa çatmasından keçən dövr ərzində Azərbaycan qalib tərəf olmasına baxmayaraq Ermənistanla münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası və demarkasiyası təşəbbüsü ilə çıxış etdi, sülh müqaviləsinə dair 5 prinsipdən ibarət təklif irəli sürdü. Azərbaycan işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı yenidənqurma və bərpa işləri, infrastruktur layihələri həyata keçirməyə başladı.
Ermənistan tərəfi müxtəlif süni bəhanələrlə Azərbaycanın irəli sürdüyü sülh təşəbbüslərindən boyun qaçırmağa səy göstərsə də, sonradan onları qəbul etmək məcburiyyətində qaldı. Azərbaycanın təşəbbüsləri nəticəsində iki dövlət arasında danışıqlar prosesinin gündəliyi formalaşdı, kommunikasiya xətlərinin açılması, sərhədlərin delimitasiyası üzrə işçi qruplar formalaşdırıldı, müxtəlif platformalarda Vaşinqton, Brüssel və Moskvanın vasitəçiliyi ilə danışıqlarda müəyyən razılaşmalar əldə edildi, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirdi.
Bununla belə, qeyd edilməlidir ki, baş nazir Paşinyan İkinci Qarabağ müharibəsində Azərbaycan silahlı qüvvələri tərəfindən Ermənistan ordusunun darmadağın edilməsini etiraf etməsinə, Ermənistanın 44-günlük müharibədə biabırcasına kapitulyasiyasını rəsmiləşdirən 10 noyabr 2020-ci il üçtərəfli bəyanatına imza atmasına baxmayaraq, postmüharibə dövründə öz riyakarlığını və təxribatlarını davam etdirməyə üstünlük verdi. Ermənistanın riyakarlığı və təxribatları zaman keçdikcə daha intensiv və sistemli xarakter almağa başladı. Ermənistan iki dövlətin sərhəd xətləri boyunca və Rusiya sühməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində rəsmi İrəvanın dəstəyi ilə fəaliyyət göstərən separatçı hərbi birləşmə tərəfindən törədilən təxribatlar daha da böyük miqyas aldı. Azərbaycan Rusiya sühməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində təbii sərvətlərin qeyri-qanuni talan edilərək Ermənistana daşınmasının, Ermənistandan hələ də Azərbaycan ərazisində qalmış qeyri-qanuni separatçı erməni silahlı birləşmələrinə silah-sursatın daşınmasının və şəxsi heyətin rotasiyasının qarşını almaq məqsədilə Laçın sərhəd buraxılış məntəqəsini qurdu. Ermənistan bütün bu dövr ərzində Azərbaycanla münasibətləri normallaşdırmaq məqsədilə praqmatik addımlar atmağa, baş verən prosesləri adekvat qiymətləndirməyə deyil, guya “Laçın dəhlizinin bağlanması”, “Qarabağ ermənilərinin blokadaya alınması”, “bölgədə humanitar böhranın yaranması”, “ermənilərə qarşı soyqırım təhlükəsinin olması” kimi sərsəm iddialarla Azərbaycana qarşı beynəlxalq səviyyədə kampaniya aparmağa üstünlük verdi. Ermənistanın bu istiqamətdə atdığı addımlar açıq-aşkar əldə edilmiş razılaşmaları pozmaq, beynəlxalq aləmdə Azərbaycanın neqativ imicini formalaşdırmaqdan ibarətdir.
Əlbəttə, Ermənistanın qeyri-konstruktiv, açıq şəkildə əldə edilmiş razılaşmaları pozmaq istiqamətində destruktiv davranışının bir çox səbəbləri var. Bu səbəblər sırasında tarixi, psixoloji, iqtisadi, siyasi və digər amillər mövcuddur. Bu amillərdən biri də böyük dövlətlərin Cənubi Qafqazda mövqe qazanmaları uğrunda geosiyasi rəqabətindən qaynaqlanır. Cənubi Qafqazda mövqe qazanmaq uğrunda mübarizə aparan dövlətlərdən biri də Fransadır.
Məlumdur ki, Fransa tarixin ATƏT-in arxivinə göndərilmiş Minsk qrupunun həmsədr ölkələrindən biri olub, Fransa ən böyük erməni diasporası olan ölkələrdən biridir və bu ölkədə erməni diasporasının üzvləri ictimai-siyasi proseslərdə iştirakı baxımında aktivdirlər, ölkədə keçirilən müxtəlif səviyyəli seçkilərdə namizədlər erməni seçicilərin səslərini alamağa meyllidirlər. Digər tərəfdən, Fransa İkinci Qarabağ müharibəsindən sonra Türkiyənin Cənubi Qafqazda mövqeyinin möhkəmlənməsini həzm edə bilmir. Belə ki, Fransa Türkiyəni Şimali Afrikada, Aralıq dənizinin şərqində və digər regionlarda özünün geosiyasi rəqibi hesab edir. Üçüncü tərəfdən, birləşmiş Qərb ölkələri Rusiya-Ukrayna müharibəsi fonunda rəsmi Moskvanın Cənubi Qafqazda mövqeyini zəiflədərək sıxışdırıb çıxarmağa və regionda öz təsirini artırmağa və mövqeyini möhkəmlətməyə çalışır. Belə bir geosiyasi rəqabətin reallaşdırılması üçün regionda poliqon rolunda ən münasib olan ölkə Ermənistandır. Belə ki, bu ölkə forpost olaraq öz ənənəvi strateji tərəfdaşı olan Rusiyanı Qərblə əvəzləmək istəyir. Bundan əlavə, bu ölkədə daxili ictimai-siyasi vəziyyət qeyri-stabil olması onu poliqon qismində alət kimi istifadə etmək üçün münbit şərait yaradır. Digər tərəfdən, Ermənistanın İkinci Qarabağ müharibəsinin nəticələrini adekvat qiymətləndirə bilməməsi, getdikcə daha radikal formada təxribatlar törətməsi, isterik formada Azərbaycana qarşı əsassız iddialarla çıxış etməsi regionda sabitliyin bərqərar olmasına ciddi maneə olaraq qalır. Odur ki, Ermənistan rəhbərliyi öz ölkəsini ararıcı güc mərkəzlərinin Cənubi Qafqazda geosiyasi rəqabətinin episentrinə çevrilməyə sürükləyir. Amma tarixdən məlumdur ki, bu və digər regionda geosiyasi mübarizəsi zamanı yerli xalqın taleyi heç kəsi maraqlandırmır. Belə ki, hər bir geosiyasi oyunçunun öz marağı vardır və onlar həmin bölgədə öz maraqları uğrunda mübarizə aparırlar.
Qeyd edilməlidir ki, birləşmiş Qərbin Cənubi Qafqazda öz mövqeyini möhkəmlətmək uğrunda mübarizəsində Fransa ayrılıqda, faktiki olaraq öz müttəfiqlərinə xəyanət edərək özünün müstəqil oyununu oynamağa çalışır. İkinci Qarabağ müharibəsi zamanı Fransa prezidenti Makronun dövlət başçısına yaraşmayan bir təzdə Azərbaycana qarşı riyakarcasına iftiralar səsləndirməsi hamıya bəllidir. Hətta iş o yerə çatmışıd ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Makrondan Azərbaycan xalqı qarşısında üzr istəməyi tələb etmişdi. Müharibədən sonrakı dövrdə də Fransa hakimiyyət orqanları, ayrı-ayrı siyasətçilər Azərbaycan qarşı qondarma ittihamlar səsləndirməkdə davam etdirlər. Fransa senatı, Milli Assambleyası beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq Azərbaycanın ərazi bütövlüyünə və və suverenliyinə hörmətsizlik nümayiş etdirdi, qondarma “Dağlıq Qarabağ Respublikasının” “müstəqilliyini” tanımağa çağıran qətnamələr qəbul etdilər. Fransada prezident seçkiləri dövründə namizədlər və onları dəstəkləyən bir sıra siyasətçilər gizli şəkildə Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazisinə qeyri-qanuni səfərlər etdilər. Beynəlxalq qurumlarda, o cümlədən BMT Təhlükəsizlik Şurasında Fransanın xüsusi aktivliyi sayəsində müzakirələr təşkil edildi, Azərbaycana qarşı sənədlər qəbul edilməyə səylər göstərildi. Lakin bu səylər Fransa prezidenti üçün uğursuzluqla nəticələndi. Belə ki, Azərbaycan Fransanı daimi üzvü olduğu BMT Təhlükəsizlik Şurası müstəvisində məğlub etdi, qurumun üzvlərinə və beynəlxalq ictimaiyyətə rəsmi Parisin riyakarlıqla məşğul olduğunu sübut etdi.
Rəsmi Parisin Azərbaycana qarşı qərəzli mövqeyi guya “Laçın dəhlizinin bağlanması”, “Qarabağ ermənilərinin blokadaya alınması”, “bölgədə humanitar böhranın yaranması” və s. kimi sərsəm iddialarla Ermənistanın apardığı kampaniya zamanı özünü çılpaqlığı ilə bir daha göstərdi. Fransanın yüksək səviyyəli müxtəlif siyasətçiləri anti-Azərbaycan ritorika ilə çıxış etdi, Qarabağ ermənilərinə humanitar yardım adı altında 2 yük maşını Azərbaycan sərhədlərinə göndərildi, Parisin meri Ann İdalqo Ermənistan-Azərbaycan sərhədi yaxınlığına gəldi binoklla Azərbaycan ərazilərini seyr etdi və Parisə qayıtdı.
Ritorik sual doğur: Fransa siyasətçiləri Ermənistanı və Azərbaycanın Qarabağ iqtisadi rayonunda məskunlaşmış “ermənilərin hüquqlarının müdafiəsi” barədə iddialarla çıxış edərkən səmimidirlərmi? Fransa siyasətçilərinin erməni “sevgisi” nədən qaynaqlanır?
Zənnimizcə, bu suala prezident Makron 2020-ci ilin noyabrında İkinci Qarabağ müharibəsi başa çatandan sonra Fransa Hayastan Fondunda olarkən ona ünvanlanmış “nə üçün Fransa Ermənistana hərbi qüvvələri ilə kömək etmədi?” sualına cavabında aydınlıq gətirib. Makron etiraf etmişdi ki, BMT Qarabağı Azərbaycan ərazisi kimi tanıyıb və Azərbaycan istəmir ki, hər hansı kənar qüvvə onun daxili işlərinə qarışsın. Beləliklə, Fransa siyasətçiləri ermənilərin hüquqlarının müdafiəsi iddiaları ilə çıxış edərkən heç də onların taleyi haqqında düşünmürlər, onları öz gələcək karyeraları daha çox məşğul edir. Odur ki, Fransa siyasətçiləri tərəfindən seçkilər zamanı erməni elektoratının səsini qazanmağa çaılışırlar, Qarabağ ermənilərinin ”hüquqlarının qorunması”, Qarabağa “humanitar yardım” adı altında yük maşınların göndərilməsi də bu “erməni kartının” tərkib hissəsidir.
Qeyd etmək istərdim ki, mən Milli Məclisin deputatı olduğum dövrdə Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü kimi Fransa nümayəndə heyətinin üzvü, 2012-2014-cü illərdə AŞPA prezidenti olmuş Jan Klod Minyonun qeyri-səmimiliyinin şahidi olmuşam. Minyon üzdə özünü Azərbaycanın dostu kimi göstərsə də, həqiqətdə ermənilərin sifarişi ilə Azərbaycana qarşı mövqedən çıxış edirdi. Bu məsələ özünü 2014-cü ildə 27 AŞPA üzvünün imzası ilə mənim irəli sürdüyüm “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması” adlı qətnamə layihəsinə məruzəçinin təyin edilməsi zamanı özünü göstərdi. Biz Böyük Britaniyalı Volterin məruzəçi təyin edilməsini dəstəkləyirdik. Lakin bu zaman Minyon ermənilərin sifarişi ilə Volterə qarşı öz namizədliyini irə sürdü. Siyasi komitədə məruzəçi seçilmək uğrunda Minionla Volter arasında olan mübarizə pik həddə çatdı, 2-3 iclas keçirildi, nəhayət komitənin üzvləri böyük səs çoxluğu ilə Volteri məruzəçi seçdi. Fransalı deputatlarbundan sonra da məruzənin qaşısını almaq istiqamətində ciddi səylər göstərdilər, məhz fransalı depuitatların səyləri nəticəsində məruzənin plenar sessiyada müzakirəyə çıxarılmasına 1 saat qalmış ATƏT-in Minsk qrupunu həmsədrləri bəyanat yayaraq Dağlıq Qarabağ probleminin həlli ilə bağlı yalnız onlar məşğul olduqlarını bildirdilər. Nəticədə Volterin məruzəsi 4 səs azlığı ilə qəbul edilmədi. Lakin fransız deputatlar bununla da sakitləşmədilər və Azərbaycana qarşı başlamış genişmiqyaslı kampaniyada aktiv iştirak etdilər. AŞPA-da əsassız korrupsiya ittihamlarını araşdırmaq üçün kənar istintaq qrupu yaradıldı və Avropa İnsan hüquqları məhkəməsinin keçmiş hakimi olmuş fransız hüquqşünas Jan-Lui Brujyeri dəvət etdilər. Məhz Fransalı keçmiş hakimin səyləri nəticəsində AŞPA-nın 60 üzvünü, o cümlədən AŞPA prezidenti Pedro Aqramuntu, ən böyük fraksiya olan Avropa Xalq Partiyası fraksiyasının sədri Predanı və digərlərini Azərbaycan haqqında həqiqətləri dəstəklədiklərinə görə müxtəlif əsassız ittihamlarla istefa verməyə məcbur etdilər.
Göründüyü kimi, fransalı siyasətçilər daim işğalçı Ermənistanın yanında olublar və öz ölkələrində erməni əsilli seçicilərin dəstəyini qazanmaq üçün xüsusi canfəşanlıq göstərərək ermənilərin təşkil etdiyi anti-Azərbaycan kampaniyasının önündə gediblər. Lakin bu canfəşanlığın, fransızların erməni “sevgisinin” əsasında heç də ermənilərin hüquqlarının təmin edilməsi deyil, həmin siyasətçilərin öz maraqları dayanıb.
Elxan Süleymanov
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) prezidenti