1905.az portalının həmsöhbəti “Müharibə Veteranları Qadınlarına Sosial Yardım” İctimai Birliyinin sədri Radə Abbasdır.
– Radə xanım, Qarabağ müharibəsi veteranısıınız… Cəbhəyə, müharibəyə getmə qərarını necə verdiniz?
– Dəvət etdiyiniz, yada saldığınız üçün çox sağ olun. SSRİ yeni dağılmışdı. Azərbaycanlı idik, amma keçmiş sovet ölkələrinin hər birini özümüzə vətən bilirdik. Litva da, Gürcüstan da, Ermənistan da vətən idi. Tariximizi, mədəniyyətimizi bilmirdik. Oxuduğumuz tarixdə də Azərbaycan bizə sovet ölkələrinin bir parçası kimi təqdim edilirdi.
Hamımızda 70 illik əsarətdən sonra qəribə bir vətənpərvərlik hissi baş qaldırmışdı. O vaxt 13-14 yaşlı uşaq da evdən qaçıb müharibəyə gedirdi. Heç o uşaq bilmirdi ki, müharibə nədir. Müharibəyə nə üçün getdiyini bilməyən adamlar çox idi. Amma mən hara getdiyimi və döyüş bölgəsində nə iş görəcəyimi bilirdim. Bilirdim ki, təcili təxirə salınmaz cərrahi blokun əməliyyat tibb bacısıyam. Fikirləşirdim ki, borcum müharibəyə getmək və yaralılarımıza yardım etməkdir. O dövrdə qadının müharibəyə getməyə qərar verməsi özü bir qəhrəmanlıq idi. Çünki mental dəyərlər güclü idi. Mənim də ailə vəziyyətim müharibəyə getməyə imkan vermirdi. Ona görə müharibəyə gedəndə evdə deməmişdim. Gecə növbəsində tibb bacısı işləyirdim. Vacib olanda işdə qalıb iş yoldaşlarımı əvəz edirdim. Bu baxımdan 2-3 gün evə getmədiyim gecələr olmuşdu. Bakıda əmimgildə yaşayırdım. Gedəndən 1 həftə sonra ailəm narahat olmağa başladı ki, Radədən xəbər yoxdur. Müharibəyə getdiyimi ailəmə 1 həftə sonra Ağdamdan zəng edib demişdim. Bilirdim ki, getməzdən əvvəl bu haqda evdə danışsam qoymayacaqlar. Ona görə xəbərsiz getdim. 30 yaşım var idi. Qərar mənim idi, uşaq deyildim. Düşünürdüm ki, qısa müddət valideynlərim məndən küssələr də tez barışacaqlar. İnanın, heç küsmədilər də. Müharibəyə gedəndən təxminən 15 gün sonra əmim döyüş bölgəsinə bir yardım karvanı ilə gəlmişdi… Hospitalın rəisi Alı Qurbanlı idi. Çox dəyərli həkim travmatoloqdur. Onun sayəsində işimizi elə qurmuşduq ki, xəstə gələndən 10 dəqiqə sonra əməliyyata başlaya bilirdik. Çünki bilirdik ki, xəstənin hər saniyəsi ölümlə həyat arasında mübarizədir. İdarəçiliyi düz qurmuşduq, hərə öz işini bilirdi.
– Yaralılar aramsız gətirilirdi…
– Bəli, yaralılar aramsız gətirilirdi. Bir dəqiqə vaxt itirmək olmazdı. Çox ağır günlər olub. Elə olurdu ki, xəstələri KamAZ-lara yığırdılar. Heç bir gigiyenik qaydalara əməl edilmirdi. Baxırdın ki, maşının banının kənarlarından qan sızır. Bəziləri ağrıdan, bəziləri qan itirmədən şoka düşürdülər.
– Neçə il xidmət etmisiniz?
– 11 il. Müdafiə nazirinin əmrinə görə 2002-nin sonuna kimi hərbi xidmətdə olmuşam. Xidmət dövründə bir neçə dəfə təltif də edilmişəm. Amma bu təltiflərin bu gün mənim üçün heç bir önəmi yoxdur. Mənim üçün önəmli olan odur ki, kiminsə həyatının xilas edilməsində iştirak etmişəm.
– Erməni ordusunda hazırlıqlı snayper qadınlar olub…
– Bəli, bir erməni snayperçi qadın var idi. 5 il əvvəl yadımdadır ki, o Ermənistan Mədəniyyət İdarəsinin rəisi idi. O qadın bütün atəşləri 2 qaşın arasından bir az sola olan nöqtədən vururdu. Sanki kimsə o yeri ona işarələyirdi, o da ordan atırdı. O cür peşəkar idi.
– Bəs, bizdə xüsusi hərbi hazırlıqlı qadınlar olub?
– Yox, olmayıb. Yalnız Növrəstə Yusifovanı snayperçi kimi tanıyırdıq. Qarabağ müharibəsində çox ağır dəhşətlər yaşanıb. Amerika-Vyetnam müharibəsindən sonra “Vyetnam sindromu” ifadəsini yəqin ki, hamı eşidib. Bizdə də Qarabağda əziyyət çəkən insanların da reabilitasiyaya ehtiyacı var. Amma təəssüf, biz heç birimiz bu reabilitasiyanı keçmədik.
– “Müharibə Veteranları Qadınlarına Sosial Yardım” İctimai Birliyinin neçə üzvü var? Bu illər ərzində gördüyünüz işlərdən danışaq. Hansı problemləriniz var?
– Təşkilatımız 1999-cu ildə təsis edildi. 2006-cı ildə dövlət qeydiyyatına alındıq. 2006-cı ildən bəri bir çox tədbirlərimiz olub, problemlərimizi həll etməyə çalışmışıq. Qeyri-rəsmi məlumata görə, 2500 Qarabağ veteranı qadın var. Bu rəqəmə tibb bacıları, həkimlər də daxildir.
Bu gün ən böyük problemimiz maliyyəsizlik və ofisimizin olmamasıdır. Üzvlərin səhhətində ciddi problemlər var. Cəmi 45 manat müavinət alırıq. Uğursuz bənzətmə olsa da QİÇS xəstəsi 50 manat, Qarabağ vetaranı 45 manat alır. Ofislə bağlı dəfələrlə aidiyyatı orqanlarla məktub yazmışam, amma yer ayrılmır. İşsizlikdən əziyyət çəkən qadınlar çoxdur.
– Cəmiyyətin Qarabağ veteranı olan qadına münasibəti necədir?
– Əvvəl yaxşı deyildi. Müharibəyə gedən qadının əxlaqı ilə bağlı yüz söz danışırdılar. Bizə ikrahla baxırdılar. Belə bir düşüncə tərzi var idi ki, qadın müharibəyə gedirsə deməli əxlaqsızdır. O qədər qızlar var ki, elə müharibədə tanış olduğu adamla ailə qurdular. O düşüncə tərzinin aradan qalxması üçün çox çalışmışam.
Bizim xanımları ilk dəfə Zemfira Məhərrəmli yada salıb. Yazdığı kitabla. Ona çox təşəkkür edirəm. Sonra qəzetlərdə silsilə yazılar getdi və zamanla o qadınlaımız haqqında formalaşan o təsəvvürü sındıra bildik. Müharibəyə gedən adama diqqətli yanaşmaq lazımdır ki, sabah müharibə olsa valideyn övladını ürəklə müharibəyə göndərsin ki, bəli, müharibə veteranına belə diqqət qayğı var.
– Maraqlı söhbət üçün minnətdarıq Radə xanım. Sizi 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə təbrik edirik!
– Mən də sizə minnətdaram. Bütün anaları, Azərbaycan və dünya qadınlarını təbrik edirəm. Fürsətdən istifadə edib, 23 ildir hərbi xidmətdə olan Xalidəni, Tünzaləni, Tofiqiyyəni təbrik edirəm. Onlar hələ də döyüş bölgəsidə Vətənə xidmət edirlər. İnşallah bütün torpaqlarımızn geri qayıtmasını diləyirəm!
– Çox sağ olun bir daha!
Fuad Babayev, Aynur Hüseynova
1905.az
Müsahibə 7 mart, 2015-ci ildə dərc olunub