1905.az portalının suallarını 25 il bundan əvvəl baş vermiş məşum Qara Yanvarın qurbanları haqqında təkrarsız “Şəhidlər” kitabının müəllifi Rafiq Səməndər cavablandırır. 65 yaşın astanasında olan tanınmış publisistimizi ürəkdən təbrik edərək birlikdə 1990-cı ilə yollandıq…
– Rafiq müəllim, necə oldu ki, “Şəhidlər” yarandı?
– Bilirsiniz ki, Azərbaycan Dövlət Televiziyası Şəhidlər Xiyabanının yaxınlığında yerləşir. O vaxt televiziyada baş redaktor işləyirdim. Xalqın içində olan adam idim. Təsəvvür edin 20 Yanvar törədilib və biz hər səhər faciə baş verən yollarla işə gəlirik. Hər gün ağlaşma, ah-nalə görürük. Bəzən elə olurdu ki, gözləyirdik yas karvanı keçsin sonra yolu keçək. Bütün bunları görən adam işə çatanda nədən yazmalı idi?! O ovqatı görən adam özünü söyülmüş, döyülmüş, tapdanmış hiss edirdi. İnsanda bir nifrət, mübarizə hissi baş qaldırırdı. Televiziya binasının özündən də rus generalının qoxusu gəlirdi. Başqa şeydən yazmaq, danışmaq mümkün deyildi. Hamımız eyni ruha köklənmişdik. İçimdə bir hirs, mina var idi. Sanki nə iləsə partlamalı idi. Məndə yazı formasında partladı. “Şəhidlər” də bu cür yarandı. Hər gün o zamankı İnqilab küçəsindən 123 nömrəli avtobusla işə gəlirdim. Onu mütləq qeyd etməliyəm ki, ən böyük qırğınlar məhz İnqilab küçəsi ətrafında baş vermişdi. İnanın, bir gün işə gələndə yolda 40-a qədər yas mağarı saymışdım. Hər yer yas içində idi. Bütün yollar insanı mağarlara, yasa aparırdı. Bir stəkan çay içib, baş sağlığı verməyə gedirdin və onlarla tale hekayəsi eşidirdin. Bunu sakit qəbul etmək mümkün deyildi. Və mən hər gün evə gəlib eşitdiklərimi, gördüklərimi gündəliyimə qeyd edirdim. Gündəlik yazmaq mənim çoxdankı vərdişimdir. Hər gün kiçik qeydlər yazıram. Qətiyyən kitab yazmaq barədə düşünmürdüm. Ölkə faciə içində və mən kitab iddiasında?! Ola bilməzdi belə bir şey. Ancaq çox qısa bir müddətdə, təxminən 1 həftə ərzində baş verənlərdən bir kitab materialı qədər yazı yığıldı. Sonra “Gənclik” nəşriyyatına müraciət etdim. Sahib Ələkbərov komsomolun birinci katiib idi. Dərhal yazılarımı kitab halında nəşr etmək üçün qərar verdi. Hidayət Orucov kitabın redaktoru oldu. Kitabın hazırlanmasına razılıq verilən gün rəhbərlikdən dedilər ki, o vaxt çox məşhur və həftədə bir dəfə yayımlanan “Dalğa” verilişində kitab barədə elan edək. Xalqa müraciət etdim və yazdıqlarımı cümlə-cümlə oxudum… Səhəri gün nələr baş verdi. Yüzlərlə adam məni axtarırdı. Bir şəhid haqqında 30-40 yerdən informasiya verilirdi. Mənə bircəsi kifayət idi. Biri filan şəhidin filan yerdə yaşadığını desəydi kifayət idi. Amma onlarla adam bir adam barədə məlumat çatdırırdı. Hamısını da dinləyirdim. Bir günə 3-5 şəhid haqqında məlumat yazırdım. Bəxtiyar Vahabzadə ilə tanış idik. Onunla danışmışdıq. Demişdi ki, hər gün yazdıqlarımı ona aparım, oxusun. Rəy yazmaq niyyətində idi.ş Hər 2-3 gündən bir yazdıqlarımı aparırdım. O da oxuyurdu. İndi bəlkə də heç dövlətin arxivində o qədər şəkil yoxdur, nə qədər ki, məndə şəkil var. Bəxtiyar müəllim şəkillərə baxa bilmirdi. Deyirdi əhvalı korlanır. Əsas çətinlik şəhidlərin siyahısının bəlli olmamasında idi. Mən yazırdım, amma şəhid siyahısı hər gün artırdı. Yanvarın 28-nə kimi güllənmə hadisələri davam edib, bilirsiniz. Lənkəranda, Neftçalada…
– Sumqayıt yolunda alimlərimizin qətlə yetirilmələrini xatırlayıram.
– Bəli, alimlərin can verən anında orada idim. Sumqayıta çatanda hələ biri sağ idi…İnanın, öz cəldliyimlə “Şəhidlər” kitabını yazmağı bacardım. Cəld olmasam çatdırıb yaza biməyəcəkdim. Bir adam həmin ərəfədə mənimlə Lənkərana getmədi. Öz maşınımla tək getdim. Dedim məni uşaqların öldüyü əraziyə aparın. Təsəvvür edin ki, şəhərdə qırğın olmasın deyə 7-8 nəfər gənc oğlan çəkilmişdilər meşəyə ki, nə olursa meşədə olsun, şəhərdə güllə atılmasın. Onlar özlərini ordaca qurban vermişdilər. Amma ən çox əziyyət çəkən şəhidlər Neftçala şəhidləri olub. Onları helikopterdən dənizə sallayıb, boğazlarından, bellərindənkəndirlə asıb gətirmişdilər Bakıya.
– Siz kitab üzərində işləyirsiniz, Bakıda da komendant saatı….
– Bir gün məni aldadıb Bakının hərbi komendantı Dubinyakla da görüşdürmüşdülər. Məni Dubinyaka satmışdılar. Özü də bu adam bizim ziyalımız idi. Bu adam bir axşam mənə dedi ki, bir şəhid ailəsinin evinə gedirik. Hazırlaş gedək.
– Yəni siz elə bilirdiniz şəhid ailəsinə gedirsiniz, amma Dubinyakın yanına apardı Sizi?
– Bəli. Bilmirdim. Görüşdük. Çox ziyalı adam təsiri bağışladı Dubinyak. Mənə dedi ki, ölən 43 nəfər rus haqqında da yaz. O 43 nəfər rus hərbi məktəbdə atışmada ölmüşdü. O atışmanın səbəbi bilinmirdi. Amma ruslardan da ölənlər olmuşdu. Öz gözlərimlə morqda görmüşdüm. Yalandan dedim ki, rus dilində yaza bilmirəm, başqa adama həvalə edin. Dedim ki, ancaq nekroloq yazıram. Bədii nekroloq. Razılaşdıq. Mənə icazə kağızı da verdi komendant saatında şəhərdə hərəkət eləmək üçün. Ancaq məni ona satan adam elə bilirdi ki, Dubinyak məni şəhərdən yox edəcək, incidəcək. Amma tam tərsi oldu.
– Kitab nə vaxt nəşr edildi, Rafiq müəllim?
– 150 min tirajla, 1990-cı ilin noyabrında. Bir il olmadı heç.
– Sizin kitabı onlarla evdə görmüşəm. Yəni o dövrdə ən çox oxunan kitablardan biri idi. 1990-cı ildən 25 il keçir. “Şəhidlər”in 1990-cı ildən sonrakı taleyindən danışaq… Bu kitabın taleyi necə oldu? Yenidən nəşrə hazırlandımı? Elektron versiyası, başqa dillərə tərcümə və ya video versiyalar barədə heç düşünmüsünüz?
– Sizə iki hadisə danışacam kitabla bağlı. İlk olaraq mənə Zeynəb Xanlarova zəng etmişdi. Deyirdi ki, Mərkəzi Univermağa getmişəm, bütün qızlar sənin kitabını oxuyur. Mənə də göndər o kitabdan, mən də oxuyum.
Başqa bir hadisə isə kitab növbəsi ilə bağlıdı. Şəhidlər Xiyabanı tərəfdən keçirdim. Gördüm növbə var. Kitab növbəsi idi. İnsanlar “Şəhidlər” üçün növbəyə dayanmışdılar. Eyni mənzərə metronun “Gənclik” stansiyası yanında da olmuşdu. Axı biz kitab növbəsinə öyrəşməmişdik. Növbədə dayanan bir qadının sözləri hələ də qulağımdadır. O deyirdi ki, bu oğlan bu boyda əziyyət çəkir, siz isə kitabı 10 manata satırsınız. Kitabın taleyindən gəldikdə… “Şəhidlər” rus, ingilis dilinə tərcümə edildi. Ancaq nəşr edilmədi. Yalnız fars dilində nəşr edildi, o da bir hissəsi. Kitab kiril əlifbası ilə hazırlanıb. O dövrdə bir adam yardım etmədi ki, kitabı həm də latın əlifbası ilə nəşr edək.
– Belə çıxır ki, “Şəhidlər” bu illər ərzində yada düşməyib…
– Bəli. Ancaq pyes yazıldı kitab əsasında. Özüm yazdım. Hüseynağa Atakişiyevin quruluşunda tamaşaya qoyuldu. Burda və Naxçıvanda. Heydər Əliyev də tamaşaya baxmışdı.
– Rafiq müəllim, bütün dünyada bestseller anlayışı var və bütün bestsellerlər müəllifə maddi cəhətdən böyük imkanlar yaradır. Bu kitab sizə gəlir gətirdimi?
– Qətiyyən, bir qəpik də. Bütün xərcləri özüm çəkmişdim.
– Bəs, bu illər ərzində həmin şəhidlərin qohumları, tanışları ilə əlaqələriniz olubmu heç?
– Bəli, hələ də əlaqələrimiz var. Bilirsiniz, o kitabı dəyərli edən əsas məqamlardan biri səmimiliyidir. Çünki isti-isti yazılmışdı. Şəhid anası səmimi etiraf edirdi ki, oğlunun heç kimlə işi yox idi. İşdən evə qayıdanda güllələnib və s. Ancaq indi həmin anadan müsahibə alsan deyəcək ki, mənim oğlum anadan olandan vətənpərvər olub, həmişə düşmənə nifrət edib və s. Çünki indi səmimi deyilik. Hadisə isti olanda insan səmimi olur. Əli silahlı adamı güllələmək cinayət deyil, ancaq dinc sakinə atılan güllə cinayətdir. Ona görə də bütün analar olanı deyirdi.
Təsəvvür edin, bir şəhidin anası doğmadır, atası ögey. Oğlan gedir tonqalın yanına. O vaxt tonqallalr vardı Bakıda, xatırlayanlar çoxdur. Ata deyir ki, onun köhnə, cırıq ayaqqabısını geyinsin. Uşaq gedir tonqala, yolda tankın altında qalır və ya güllələnir, ölür. Atası onun cəsədini cırıq çəkmələrindən tanıyıb. Ana səhər üstümə gəlmişdi ki, sən niyə cırıq çəkmələr olan hissəni yazmısan? Hamı məni qınayır ki, deməli, atası ögey olduğundan ona pis baxırmış, cırıq ayaqqabıda yola salırmış. Belə hadisələr olub. Ancaq hadisə olan anda hamı düzünü deyirdi…
– Rafiq müəllim, maraqlı söhbət üçün minnətdarıq!
Fuad Babayev, Aynur Hüseynova
1905.az
12 yanvar 2015-ci il