Suallarımızı tanınmış jurnalist Rauf Ağayev cavablandırdı.
– Rauf müəllim, Sizin qənaətinizcə, çağdaş mediamızın durumu necədir?
– Bu suala çox geniş cavab vermək olar, amma mən lakonik olmağa çalışacağam. Mən jurnalistikanın hər iki dövrünü, həm sovet jurnalistikasını, həm də müstəqillik dövründəki jurnalistikanı görmüşəm. Sovet dövrü jurnalistikası sırf konsperativ, mühafizəkar idi. Biz o dövrdə yetişdik. O zamanlarə hər şeyi yazmaq olmazdı. Jurnalistikada bir bənd, bir çərçivə var idi. Bəndi aşmaq, çərçivədən kənara çıxmaq mümkün deyildi. Hər mövzunu yazmaq və necə gəldi yazmaq olmazdı. İndi o bənd götürülüb, çərçivə də qaldırılıb. Hər şeydən yazmaq olar və necə gəldi yazmaq olar. Bu hər iki tendensiya zərərlidir – həm əvvəlki, həm də indiki. Amma hər iki dövrün yaxşı tərəflərini də deyim. O dövrdə hər şeyi yazmaq mümkün olmadığından, biz çalışırdıq fikri elə ustalıqla ifadə edək ki, heç olmasa, sətiraltı da olsa, oxucu mətləbi anlasın. “İzvestiya” qəzetində işləmiş Tatyana Tess adlı məşhur jurnalist vardı. O deyirdi ki, bir fikri iyirmi cür ifadə etmək olar, əsil jurnalist onların ən uğurlusunu tapandır. Doğrudan da elədir. Biz məsuliyyəti, fakt əldə etməyi, cümlələri düzgün qurmağı və fikri sərrast ifadə etməyi öyrəndik. Çalışırdıq ki, özümüzə məxsus üslubumuz olsun. O dövrün yaxşı cəhəti bunlar idi. Bəs müasir dövrün yaxşı cəhətləri hansılardır? O vaxt bir yazı çap etdirmək müşkül məsələ idi. Özünü göstərmək, təqdim və təsdiq etmək o vaxt nə qədər çətin idisə, indi bir o qədər asandır. İstənilən adam öz fikirlərini və yaxud hər hansı hadisəni danışmaq, ifadə etmək üçün sərbəstdir. Əsl redaktorlar üçün də seçim yaranıb. Yaxşı qələm sahiblərini, savadlı jurnalistləri seçmək indi daha rahatdır.
Hal-hazırda “Azər Türk Bank”ın mətbuat katibiyəm, buna qədər isə il yarım “Bakı-Баку” elktron qəzetini hazırlayırdım, yəni jurnalistikanın içindəyəm. Mətbuatı çox izləyirəm. Amma oxuyuram və görürəm ki, mətbuatda sanki qaragüruh var. Bu axının qarşısını almaq qəti mümkün deyil, onu yalnız istiqamətləndirmək lazımdır. Məsələn, bizim Mətbuat Şuramız bu missiyanı yerinə yetirə bilərmi?
“Mətbuat Şurası” kəlməsini mən ilk dəfə Elmira Axundova, Mais Məmmədov və Fazil Güneylə birlikdə Misirdə olanda eşitmişəm. Orada baş nazirin müavini, nazirlər, “Əl-Əhram” qəzetinin baş redaktoru ilə görüşdük. Orada eşitdim ki, onlarda Mətbuat Şurası Nazirlər Kabinetinin nəzdində fəaliyyət göstərir. Bildirdilər ki, qəzet yaratmaq sərbəstdir, amma onun baş redaktorunu Mətbuat Şurası təsdiq etməlidir. Bizim Mətbuat Şurası isə yaxşı insanlardan ibarət bir qurumdur. Hamısı dostlarımız, illərin jurnalistləridir. Amma bu qurumun təsir etmək, sanksiya vermək imkanları məhduddur.
– Misir mətbuat azadlığı, mətbuatın optimal idarə olunma mexanizminin tapıldığı ölkələr sırasında deyil. Elə Sizin orada olduğunuz illərdə də Misirdə fövqəladə vəzyyət hökm sürürdü. Ola bilsin ki, söylədiyiniz məqam da fövqəladə vəziyyətin tələb etdiyi formadır. Birinci suala cavabınızdan belə anlamaq olar ki, çağdaş medianın durumu birmənalı deyil, onun həm mənfi, həm də müsbət tərəfləri mövcuddur. Belə demək olarmı ki, sovet dövründə senzura var idisə, indiki dövrdə də özünüsenzura var? Dediyiniz kimi, hər şeydən yazmaq olar, amma özünə, qələminə hörmət edənlər və yaxud nədənsə çəkinənlər yazmırlar.
– Sovet dövründə bütün materiallar “Qlavlit”dən keçirdi. Orada yazdığın materialda bir o qədər də qüsur tutmurdular. Əvvəla ona görə ki, təhsil almışdıq və nəyi yazmağın mümkün olmadığını öyrənmişdik. İkincisi də sosialist realizmi deyilən bir çərçivə vardı və ordan çıxmırdıq. Senzura daha çox hərbi hissələrin, neft buruğlarının nömrələrinin, hərbi və müdafiə əhəmiyyətli zovodlar haqqında yazıların getməsinə, adının çəkilməsinə imkan vermirdi. Bunlar dövlət sirri hesab edilirdi.
Mən “Baku” qəzetində işləyən vaxt tənqid etmədiyim yer qalmamışdı. Bakının 32 kəndindəki sosial problemlərdən, mədəniyyət evlərinin fəaliyyəti ilə bağlı tənqidi yazılar yazırdım. Bir dəfə Kürdəxanı kəndindən yazmışdım. Kürdəxanıda hamam yox idi, camaat hamama Pirşağıya gedirdi. Kürdəxanıda isə 16-cı əsrə aid hamam binası var. Fikirləşdim ki, indiki dövrdə burada ümumi hamam olmadığını, amma hələ 16-cı əsrdə isə bu kənddə hamam binası olduğunu necə yazım? Problemi qeyd edəndən sonra yazdım ki, kəndin ortasındakı XVI əsrə aid qədim hamam binası da baxımsız vəziyyətdədir. Sevinirdim ki, sətiraltı da olsa fikrimi çatdıra bildim. Axşam qəzetə baxıram, görürəm ki, həmin cümlə yoxdur. “Baku” qəzetində bir az fərqli, Avropa ab-havası vardı. İstədiyimiz sözü rəhbərliyə deyə, hətta mükaliməyə də girə bilərdik. Aleksandr Kuzminov adlı bir redaktor müavini var idi, getdim onun yanına. Dedim ki, yazımda bir cümlə vardı, camaat xahiş etmişdi onu yazım ki, gəlib, həmin abidəni bərpa etsinlər. Eynəyini düzəldib gülümsündü: “Ağayev, bu masanın arxasında da səfehlər oturmayıb. Mən sənin nə demək istədiyini anladım. Bir-birimizi başa düşdüksə, gedə bilərsən”, dedi.
– Deməli, o vaxt senzura ilə yanaşı, redaktor senzurası da var idi?
– Bəli, əsas senzor redaktor idi. Nəyisə buraxsaydı, məhz redaktorun başı “ağrıya” bilərdi.
– Bəs indiki özünüsenzuraya necə qiymət verirsiniz? Əlbəttə, saytlara baxanda, bu, bir o qədər hiss olunmur, amma var.
– Mən adi oxucu olsaydım, yəqin ki, bir neçə sayt seçib, gündəlik oxuyacaqdım. Amma mətbuat katibi olduğumdan bir çox saytlara baxıram. Əslində mən özünüsenzuranı tam anlamıram. Deyilən hər bir söz həmin şəxsin dünyagörüşünün, tərbiyəsinin, savad və intellektinin göstəricisidir. Söylədiyi cümləyə əsasən insanın hansı səviyyə sahibi olduğunu müəyyənləşdirmək olar. Dediyiniz özünüsenzura da insanın xarakterindən, hadisələrə qiymət vermək bacarığından irəli gəlir. Fikrin ifadə qabiliyyəti isə onun dünyagörüşü və savadı ilə bağlıdır.
– Rauf müəllim, Siz öz jurnalist karyeranızı hansı mərhələlərə bölürsünüz? Bəlkə də heç bu barədə düşünməmisiniz…
– Mənim üçün bu bölgü asandır, çünki iki formasiyada yaşamışam. Bu özü artıq bölgüdür. Jurnalistikada ən kiçik vəzifədən – ştatdankənar müxbir işindən başlamışam. O vaxt qəzetlərin sayı az, işə girmək isə çox çətin idi. “Bakı”-“Baku” qəzetini böyük Jurnalist Nəsir İmanquliyev yaratmışdı. 1958-ci ildə Bakıda axşam qəzeti olmadığı ilə bağlı Moskvaya məktub yazmış və belə bir qəzetin açılmasına icazə almışdı. Sonra da qəzetin rus versiyası yarandı. Çox gözəl qəzet idi, çünki Nəsir müəllim jurnalistikanın yeni formasını, xəbərin yeni çatdırılma qaydasını tətbiq edirdi. Burada məişətdən, problemlərdən bəhs olunurdu. Bir sözlə, insanlara daha yaxın olan yeni bir jurnalistika meydana çıxmışdı. Nəsir müəllim mənə dərs demişdi və diplom rəhbərim idi, evlərinə gəlib-gedirdim. Mənə deyirdi ki, işdə vaxtı olmur, şənbə-bazar günləri evlərinə gəlim ki, orada mənimlə məşğul olsun. Həyat yoldaşı Gövhər xanım gözəl insan idi. Tez gedəndə mənə yemək də verirdi. Bir dəfə də tez gəlmişdim, Gövhər xanım düşbərə qoymuşdu, yeyirdim. Bu vaxt Nəsir müəllim gəldi, yemək yediyimi görüb, dedi: “Sən elə gələn kimi buna yemək verirsən, bir yazısına baxım, görüm ona yemək düşür yoxsa yox?” Çox gözəl yumoru var idi.
Bizdə jurnalistikada təyinat verilmirdi. Bir dostum Ağcabədiyə, işləməyə gedirdi. Mən də ona qoşulmuşdum. Fikirləşdim ki, getməzdən əvvəl Gövhər xanımla vidalaşım. Gəldim. Ağcabədiyə getmək istədiyimi öyrənəndə soruşdu: “Müəlliminlə görüşmüsən?” Cavab verdim ki, gedib yerləşəndən və vəsiqəmi alandan sonra gəlib görüşəcəm. Amma Gövhər xanım təkid etdi ki, elə indi gedib görüşüm. Getdim Nəsir müəllimin yanına. İçəri girəndə məni diqqətlə süzüb, dedi: “Eşitdim Ağcabədiyə gedirsən?” Başa düşdüm ki, Gövhər xanım zəng edib, deyib. Sonradan bildim ki, məni Nəsir müəllimə bərk-bərk tapşırıb. Cavab verdim ki, təyinat yoxdur, iş də tapmıram, dostum gedir, mən də onunla getmək istəyirəm. Dedi: “Cəhənnəmə gedən özünə yoldaş axtarar”. Soruşdu ki, burda işləsəm hansı şöbəni seçərəm. Cavab verdim ki, ədəbiyyat və incəsənət şöbəsində işləyərdim. Şöbə midirini çağırdı: “Mənim tələbəm, diplomçumdur, şöbədə onun üçün masa və stul qoydur, hələlik ştatdankənar müxbir kimi işləsin”. Demək istəyirdi ki, yanınızda işləsin, küncdə-bucaqda oturmasın. Rüstəm Arifcanov “Komsomolskaya pravda”ya bölgə müxbiri gedəndən sonra isə onun yerinə keçdim. İşlədiyim şöbə elm, təhsil, mədəniyyət, ədəbiyyat və incəsənət şöbəsi adlanırdı.
– İndiki “İçərişəhər” metrastansiyasının yaxınlığındakı qəzet köşkündə “Bakı” qəzeti almaq üçün düzülən növbələri xatırlayırıq. Düzdür, səhər də növbələr olurdu – müxtəlif qəzetlər üçün. Amma axşam hamı “Bakı” almaq istəyirdi.
Deməli, bu bir mərhələdir.
– Bəli, bu mənim müxbirliyim. Elə insanlarla görüşmüşəm, elə söhbətlər eşitmişəm, elə böyük mənəvi həzz almışam ki… O mühit məni tərbiyə etdi. Cahangir Cahangirov, Zöhrab Adıgözəlzadə, Arif Məlikov ilə söhbətdən sonra kiminləsə zarafatlaşmağı da özümə sığışdırmırdım. Mən sanki bu “qazan”da “bişdim”. Ona görə də sonralar “Xalq qəzeti”nin “Cümə” əlavəsinə rəhbərlik edəndə əvvəl yığdığım təcrübəni istədiyim tərzdə işə tətbiq etdim. Bax, mənim fəaliyyətimdə, iki formasiya dövründə bu mərhələlər – müxbir və redaktor mərhələsi olub.
– Bəs mətbuat katibi kimi fəaliyyətiniz?…
Bu, mənim üçün yeni bir forma idi. “Xalq qəzeti”ndə işimiz gərgin idi, gündəlik qəzetdi və Prezident Administrasiyası ilə işləyirdik. Çox vaxt gecə keçənə qədər işləməli olurduq. “Xalq qəzeti”nin imkanları məhdudlaşdığından “Cümə” əlavəsi bağlandı və mən oradan uzaqlaşdım.
Mən “Xalq qəzeti”ndən sonra qəzet işi axtarmadım. Çünki artıq o zaman parlayan jurnalistikanın qürubunu görürdüm. Bir epizod danışım. Prezident Administrasiyasından zəng edib, xahiş etdilər ki, bir nəfər gələcək, onun yazılarından bir neçəsini seçib, qəzetdə ver. Gəldi, gördüm ki, yazdıqlarının hamısı söz yığınıdır. Soruşdum ki, əvvəllər çap olunubmu? Bildirdi ki, çap olunmayıb, amma çox istəyir. Dedi ki, həkimdir, bu yazıları da boş vaxtlarında yazır. Bu sözdən sonra yazılarını bağlayıb qoydum masanın üstünə, dedim: “Doktor, gül kimi sənətiniz var, boş vaxtlarınızda mənim sənətimlə niyə məşğul olursunuz? Mən jurnalistəm, bu, mənim peşəmdir. Amma mən boş vaxtlarımda gedib xəstəxanada appendisit kəsmirəm”. Kişi getdi və indi də hesab edirəm ki, ona çox böyük yaxşılıq etmişəm.
– Belə bir təsəvvür var ki, mətbuat katibi mətbuatın içindədir, amma mətbuatda deyil. Fəal yazı prosesindən kənardadır. Bu iş Sizi də jurnalistikadan uzaqlaşdırdımı?
– Əlbəttə uzaqlaşdırdı. Yaxşı qeyd etdiniz, mətbuat katibi mətbuatın içindədir, amma mətbuatda deyil. Elə bil ki, mətbuatın içindəyəm, amma sanki bizi şüşə arakəsmə ayırır. Mən jurnalistlərlə bir yerdəyəm. Jurnalistlər istədikləri vaxt zəng edib, məndən nəyisə soruşa bilirlər. İnformasiyalar, yaxud müsahibələr hazırlayıb mətbuata göndərirəm, jurnalistləri dəvət edirəm. Yəni bu iş fəal jurnalistika deyil, amma jurnalistika içərisində hərəkətdir. Savadlı jurnalistlərdən ibarət bir “auditoriya” formalaşdırmışam. Ancaq onlarla işləyirəm. Elə olub ki, hətta marketdə olanda, radiodan zəng vurublar, elə oradaca canlı yayımda müsahibə vermişəm. Əminəm ki, iş prosesində məndən inciyən, narazı qalan jurnalist olmayıb.
– Müxbir, redaktor, mətbuat katibi kimi çalışmısınız. Bütün bunlar Sizi unikal təcrübə sahibi edir. Bu təcrübəni bölüşmək, paylaşmaq, dərs demək, öyrətmək istəyirsinizmi?
– Oğlum jurnalistikanı bitirib. İkinci kursdan Gənc Reportyorlar Klubu yaratmışdı. Elə ikinci kursdan da dostları ilə birlikdə “Student times” qəzetini buraxırdı, şef-redaktor idi. Qəzet A2 formatda, 8 səhifədə, rəngli idi və 4 dildə çıxırdı. Müstəqil olmaları üçün universitet rəhbərliyinin kömək təklifindən də imtina etmişdilər. Oğlumun birinci kursda yazdığını mən beşinci kursda yazmamışdım. Bu inkişaf çox fərəhləndiricidir.
Amma, mətbuat katibi fərqli institutdur. Sizinlə razıyam ki, məhz elə bu sahənin də tədris edilməsinə ehtiyac var.
Fuad Babayev, Gündüz Nəsibov, 1905.az
Müsahibə ilk dəfə 05 dekabr 2017-ci ildə dərc edilib