Tarix üzrə fəlsəfə doktoru Rauf Məlikovla Midiya haqqında danışdıq.
– Midiya ərazisi müasir Azərbaycan Respublikasının ərazisi ilə üst-üstə düşürmü?
– Üst-üstə düşür, amma baxır söhbət hansı dövrdən gedir. Əsas ərazisi indiki Cənubi Azərbaycandan ibarət idi və paytaxtı Həmədan olub. Həmədan onların dilində Hanqmatana kimi səslənirdi. Yunanlar Aqbatan deyirdi. Toplantı yeri, yığıncaq yeri mənasını verən Hanqmatana sonradan tədricən formasını dəyişdirərək indiki Həmədan formasına gəlib çıxıb. Həmədanın ətrafında Midiyanın, daha doğrusu, Madanın əsas ərazisi yerləşirdi. Amma sonralar Midiya, yaxud Mada böyük imperiyaya çevrilir və o zaman Şimali Azərbaycanın müəyyən hissəsi də onun tərkibinə daxil olur.
– Yəni bizim cənub zonası Lənkəran, Astara nəzərdə tutulur?
– Yəqin ki, daha çox Naxçıvan zonası. Amma Midiya imperiya olarkən Cənubi Azərbaycanı bütövlükdə əhatə edirdi. Midiya adı yunancadır. Aşşur mənbələrində Mada kimi gedir. Bisütun yazısında yenə Mada kimi peyda olur. Mənbələrdə Mada gedir, ona görə biz də son zamanlar Mada yazırıq.
– Bu olkə hansı dövrdə mövcud olub?
– Ölkə haqqında ilk məlumat təxminən eramızdan əvvəl 834-824-cü illərə aidddir. Aşşur mənbələrində adı qeyd olunur. Madanın bir hissəsi müəyyən bir dövrdə Aşşur ağalığının altında idi və burada 670-ci illərdə Aşşur ağalığına qarşı üsyan qalxır. Bu üsyan nəticəsində Həmədan ətrafında dövlət yaradılır. Üsyanın başçısı Kaştariti (digər adı Fraorta – hakimiyyət illəri – e.ə 672-653 – red.)
– Dövlət nə zaman süqut edib?
– Təxminən e.ə VII əsrin sonlarında, 625-615-ci illər arasında Mada şahlığı Mannanı, Urartunu məğlub edir, Skif şahlığını özünə tabe edir. Amma onlar müəyyən bir dövr ərzində özünü idarə edən qurumlar kimi Mada imperiyasının tərkibində mövcud olurlar. Bu, Mada şahı Kiaksarın dövrünə düşür. Kiaksar yəqin ki, arxa cəbhəni sakitləşdirənən sonra Aşşura hücum etməyi düşünüb. Birinci dəfə təxminən 614-cü ildə madalılar Aşşur dövlətinə hücum edir. Paytaxt Neynəvanı (Nineviya – red.) mühasirəyə alırlar, amma tuta bilmirlər. Bu zaman Aşşur ağalığı altında olan Babilistanda üsyan qalxır. Orada yeni bir hökmdar yeni dövlət – Yeni Babilistanı yaradır və Mada ilə Aşşura qarşı ittifaqa girir. E.ə. 612-ci ildə madalılar Neynəvanı ələ keçirir. Aşşur dövləti ləğv olunur, Madanın ərazisi bir az da genişlənir. Madanın şərq sərhədləri haqqında konkret məlumat yoxdur, ehtimal edilir ki, Hirkaniya, Parfiya Mada imperiyasının tərkib hissəsinə daxil idi. Mada çarı Kiaksar Kiçik Asiyanın qərbində yerləşən Lidiya dövləti ilə müharibəyə hazırlaşan ərəfədə təxminən e.ə 590-cı ildə Skif, Manna şahlıqlarnın özünüidarəsini ləğv edir. Kiaksardan sonra Mada şahlığını onun oğlu Astiaq idarə edirdi. Astiaqın dövründə artıq Babilistanla müharibə başlamışdı. Bu müharibənin gedişində bəzi Mada əyanları Astiaqın hakimiyyətinin güclənməsindən çox narahat idilər. Çünki bu əyanların qüdrəti, nüfuzu azalırdı və onlar Mada şahının adı Kir, ya da Kuruş olan canişini ilə Astiaqa qarşı sui-qəsd hazırlayırlar. Yəni Kirə deyirlər ki, sən Astiaqa qarşı üsyan qaldır, biz də sənin tərəfinə keçək. Belə də olur: Kir üsyan qaldırır. Farslar ilə madalılar arasında həlledici döyüş zamanı əyanlar öz dəstələri ilə Kirin tərəfinə keçirlər. Beləliklə, e.ə 550-ci ildə Astiaq məğlub olur, Mada dövləti farsların hakimiyyəti altına düşür.
– Farsların, yəni Əhəmənilərin.
– Kir elə Əhəmənilərdən idi. Mada dövləti təxminən e.ə 670-ci illərdən e.ə 550-ci ilədək iki əsr yarımdan çox mövcud olmuşdur.
– Madanın Azərbaycanda öyrənilməsi ilə bağlı məsələ nə yerdədir? Dissertasiyalar, monoqrafiyalar və digər sahələrdə boşluqlar qalıb? Bu gün Mada ilə bağlı doktorluq dissertasiyası mövzuları tapmaq olar, yoxsa bu mövzu əsasən işlənilib bitib?
– Qədim tarix elə bir sahədir ki, tam işlənib demək qeyri-mümkündür. Sovet dövründə Dyakonov gəlib burada bir-iki il işləmişdi. Azərbaycan Elmlər Akademiyası tərəfindən sifariş verilmişdi ki, Madanın tarixi yazılsın. Onun “Midiya tarixi” (“История Мидии от древнейших времен до конца IV века до н. э.” – red.) adlı kitabı 1956-cı ildə nəşr olunub. Dyakonov bu kitabda Mada tarixinin müəyyən məsələlərinə toxunmuşdu. Eyni zamanda, Azərbaycanda 1940-cı ildən bu mövzunu İqrar Əliyev işləyirdi. Onun da 1960-cı ildə “Midiya tarixi” adlı monoqrafiyası çap olunub. Bu iki tədqiqat, bu iki monoqrafiya o vaxt biz tarixçilər üçün çox dəyərli idi. Amma o vaxt mənbələrin bazası indikindən daha məhdud idi. Yeni mənbələr, yeni fikirlər, yeni fərziyyələr elmi dövriyyəyə daxil olur, ona görə də nöqtəni qoymaq hələ tezdir.
– Bu 60 il ərzində Dyakonovun və yaxud İqrar Əliyevin monoqrafiyalarına bənzər əsərlər çıxmayıb?
– Azərbaycanda və keçmiş SSRİ-də çıxmayıb.
– Bəs dünyada necə, tutaq ki, İranda, Türkiyədə, Amerikada və yaxud ermənilər tərəfindən bu ölkə araşdırılır? Bəzən ermənilər hər şeyi öz adlarına çıxırlar, burada da bəlkə belə cəhdləri olub?
– Dünya tarix elmində bu dövlət konkret İran tarixinin bir hissəsi kimi öyrənilir. 2010-cu ildə Sankt-Peterburqda əsl peşəsi arxeoloq olan Medvedskaya İnna Nikolayevna adlı bir tədqiqatçının “Древний Иран накануне империй (IX-VI вв. до н. э.). История Мидийского царства” adlı kitabı nəşr olunub. O öz baxışlarını orada əks etdirib, dünya tarixi elmində yeni fərziyyələri çalışıb təhlil etsin. Problem bundadır ki, arxeoloq ola-ola qədim mənbələri təhlil etməyə çalışıb. Halbuki ondan ötəri ən azı babil, aşşur, akkad və s. dilləri bilmək lazımdır. Amma arxeoloq kimi orada xeyli material verib və özü də Cənubi Azərbaycanda qazıntılarda iştirak edib. Amma bu yenə də kifayət deyil. Həmçinin dünya elmində son zamanlar belə bir əcaib fərziyyə ortaya çıxıb ki, ümumiyyətlə, Midiya dövləti tarixdə olmayıb, ya da olubsa, onun rolu o qədər də böyük deyildi. İki əsr yarımdan artıq mövcud olan dövlət, iri imperiya Qədim Şərq dünyasında necə təsirsiz keçə bilərdi?
– Onun dövlət kimi olmaması fərziyyəsi nəyə söykənir?
– Daha çox yunan mənbələrini öyrənən tarixçilər onu yazırlar. Yəni o zaman bu, Herodotun uydurmasıdır, başqa antik müəlliflərin hamısının dedikərini də uydurma hesab edək. Strabon Midiya haqqında yazıb, belə çıxır ki, o da uydurmadır. Bilmirəm nə ilə bağlıdır, çalışırlar sübut etsinlər ki, belə bir dövlət olsa da, Aşşurun ucqarında yerləşən əhəmiyyətsiz bir vilayət olub, yəni dünya tarixində böyük rolu olmayıb. Amma digər müəlliflər elə Medvedskaya həmin əsərdə o baxışı tənqid edir. Hətta Əhəməni dövlətinə, əhəmənilərə madalıların təsiri böyük olub. Əhəməni şahlarının titulları böyük şah, ölkələr şahı, şahlar şahı hamısı madalılardan götürülüb və farslar tərəfindən istifadə olunub. Bununla yanaşı haradasa Mada dövlətinin dövlət quruluşu da, idarəetmə forması da əxz olunub. Farslar zərdüştlüklə bağlı tam şəkildə olmasa da, müəyyən baxışları qəbul ediblər. Artıq Bisütun yazısında, digər yazılarda da Ahura Məzdanın (Zərdüştlükdə əsas, yaradıcı, xeyir tanrısı – red.), Anahitanın (İran mifologiyasında su və məhsuldarlıq ilahəsi – red.), Mitranın (Zərdüştlükdə əmin etmə, razılıq, anlaşma ilə bağlı ilahi varlıq – red.) adı çəkilir. Bunlar hamısı Zərdüştlükdə mövcud olan allahlardır. Ahura Məzda onların baş allahıdır, o birilər köməkçi allahlardır.
– Mada dövləti ilə bağlı dünyada haradasa hansısa eksponatlar, artefaklar var?
– İndiki İran ərazisində və konkret Cənubi Azərbaycan ərazisində əsasən şah dövründə xarici arxeoloqların iştirakı ilə çoxlu qazıntılar aparılmışdı. İndi də aparılır, amma daha məhdud şəkildə. O vaxt çox geniş qazıntılar aparılırdı və arxeoloqlar Cənubi Azərbaycan ərazisində və qonşu ərazilərdə tapılan bir neçə abidəni madalılara aid edirlər. Məsələn, Xurvin, Sialk təpə, Marlik, Nuşicantəpə. Yəni bunların hamısını konkret madalıların dövrü ilə, madalıların mədəniyyəti ilə bağlayırlar. Hesab olunur ki, ilk zərdüştlük məbədi Nuşicantəpədə yerləşirdi. Mada tarixi əvvəllər əsasən yunan mənbələri: Heradot, Strabon və başqalarının yazdıqları əsasında öyrənilirdi. Amma akkad dili oxunandan sonra orada, aşşur mənbələrində o qədər məlumatlar üzə çıxdı. Aşşurlara Madanın tarixi maraqlı deyildi, çünki artıq Madanın bir hissəsini işğal etmişdilər. Ona görə də əsasən oradakı həyat, xüsusilə təsərrüfat haqqında, vergi şəklində atların gətirilməsi barədə məlumatlar verir. Madalılar atçılıqla, şərabçılıqla, əkinçiliklə məşğul olublar. Yəni bunları biz Aşşur mənbələrindən öyrənirik. Orada çoxlu belə məlumatlar var ki, filan vilayətin hökmdarı bac verməkdən imtina etdi, başqa biri də bac vermədi. Sonra yazırlar ki, aşşurların tabeliyində olmayan madalılar onlara hücum edir, talan edir. Aşşur mənbələrindən başqa Babil mənbələri də var. Astiaqı onlar öz dilində İştimequ adlandırırdılar. Babil mənbələrəində deyilir ki, İştumequ Babilə hücum hazırlayır. Babilistanda madalılara qarşı böyük Mada səddi çəkilib. Astiaq Babilistanı tuta bilməsə də, onun bir hissəsini tutub Mada imperiyasının tərkibinə qatmışdı. Bu bir tərəfdən müvəffəqiyyətli müharibə olsa da, digər tərəfdən müharibənin gedişində üsyan baş verdi və bununla da Mada imperiyası süqut etdi.
– Bu sahədə tarixi romanlar, filmlər var?
– Mən bədii əsərlərlə maraqlanmamışam. Çünki tarixçilər bədii əsər əsasında deyil, mənbələr əsasında işləməlidir. Yazılı mənbələr var: aşşur, babil mənbələri, antik müəlliflərin məlumatları. Antik müəlliflər tarixi o dövrdə tarixi roman kimi yazırdılar. Amma bizim üçün bunlar mənbədir. Buna baxmayaraq, oradakı faktları təhlil edib ayırmaq lazımdır. Yəni tam inanmaq da olmaz. Məsələn, Heratodun bir hekayəsi var. Midiya çarı Astiaqın Mandana adlı qızı var idi. Onu öz canişini Kambizə ərə verir və onların nigahından Kir doğulur. Deməli, Heradota görə Kir Astiaqın nəvəsidir. Midiya əyanı Harpak ona məktub göndərir. Bir dovşanı ovlayırlar, içalatını çıxarır, məktubu ora qoyub dovşanı Kirə göndərirlər. Kir də ona cavab göndərir. Bu, geniş hekayədir. Başqa variantda deyir ki, Astiaq yuxu görür ki, ondan sonra Mandananın övladı onun yerinə gələcək, onu öldürüb taxtı tutacaq. Ona görə əmr edir ki, uşağı aparıb çölə qoysunlar, heyvanlar onu yesin. Guya çöldə bir çoban onu tapıb evinə gətirir, yoldaşı onu bəsləyib böyüdür.
– Heradotun yaşayıb yaratdığı dövrlə Madanın mövcud olduğu iki əsr yarımlıq dövr arasında nə qədər fərq var?
– Mada imperiyasının süqutu ilə Herodotun yaşadığı dövr arasında təqribən əlli, yüz il fərq var. Məsələ ondadır ki, Herodot Kiçik Asiya, Milet yunanlarından idi. Onun yaşadığı dövrdə həmin bu ərazi Əhəməni imperiyasının tərkibində idi. Hadisələri ən azı farslardan soruşa, yəni şifahi söhbətlərdən, hansısa sənədlərdən öyrənə bilərdi. Məsələn, Herodot yazır ki, bu imperiyada filan satraplıqlar mövcud idi. Bu, Bisütun yazısında sadalanan ölkələrlə üst-üstə düşməsə də, bir neçəsi üst-üstə düşür və haradan nə qədər vergi toplandığını qeyd edir, o cümlədən Mada satraplığının da adı çəkilir. Siz bir sual verdiniz: erməni tarixçiləri Mada tarixinə necə münasibət bəsləyirlər. Midiya, Mada ilə bağlı onların əsərlərini görməmişəm. Deyəsən belə bir iri əsər də yoxdur. Adətən erməni tarixçiləri bizim tərəfimizdən nə isə konkret yazılan bir məqaləyə, kitaba anında cavab tapıb yazırlar, amma özləri bu haqda heç nə yazmayıblar. Onlar tez-tez bir məqama da toxunurlar ki, artıq Mada imperiyasının tərkibində “qədim Erməni dövləti” mövcud olmuşdur. Onlar dediyi ərazi o vaxt Mada imperiyasının tərkibində idi. Orada başqa bir dövlət yox idi. Mada imperiyasının tərkibində özünü idarə edən konkret üç qurum var idi: Urartu, Skif şahlığı və Manna. Onlar da müəyyən dövr ərzində özünüidarəyə malik idilər. Ondan sonra bu hüququ itirmişdilər, çünki Kiaksar qərbdə yerləşən Lidiya dövləti ilə müharibəyə hazırlaşanda onların özünüidarəsini ləğv etdi. İndi ermənilər nəyə görə deyirlər ki, Urartu erməni dövlətidir. Urartu erməni dövləti deyil. Urartulular hurridirlər, onlar isə hind-avropalılardır. Ermənilər haqqında Heradotun, ondan əvvəlki antik müəlliflərin də məlumatları var ki, onlar Frakiyadan köçmədirlər. Əvvəlcə Frakiya, daha sonra Urartu ərazisinə köçüb onun kiçik bir hissəsində məskunlaşıblar. Bisütun yazısında Daranın hakimiyyətə necə gəldiyi göstərilib. Əhəmənilərin şahı Kambiz Misiri işğal etmək məqsədi ilə Misirlə müharibə aparır. Bu zaman burada madalı maq Qaumata üsyan qaldırıb hakimiyyətə gəlir. Dara sui-qəsd nəticəsində Qaumatanı devirib hakimiyyətə gəlir. Qaumata Əhəmənilər imperiyasaında yaşayan tayfalara, xalqlara müəyyən imtiyazlar vermişdi. Onlar Daranı şah kimi qəbul etmək istəmirdilər. Ona görə Madada güclü üsyan (e.ə. 522-ci il – red.) baş verdi. Fravartiş adlı bir nəfər Əhəmənilərə qarşı üsyan qaldırdı və təxminən bir il ərzində üsyan davam etdi. Bundan başqa Madanın Cənubi Azərbaycana düşən ərazisində – Asaqartada və Mada ilə bağlı Armina ərazisində üsyan baş verdi. Armina ayrıca ərazi kimi qeyd olunmur. I Dara bu üsyanları çətinliklə də olsa yatırır. Madada Fravartişin üsyanını, həmçinin Asaqartada Çissantaxmanın üsyanını, həm də Arminada üsyanı yatırandan sonra Dara yazır ki, mən Madada nələri etdim. Yəni bunların hamısı Madaya daxil idi və I Daranın dövründə ayrıca bir dövlət deyildi. Amma sonra o özünə tabe olan ölkələri sadalayanda Arminanın adını ayrıca bir ölkə kimi çəkir. Belə bir nəticəyə gəlmək olar ki, bu üsyandan sonra Dara Madanı parçalayıb ayrıca satraplıqlara bölüb. Yəni Madanı, Asaqartanı, Arminanı ayrıca satraplıq kimi yazır. Yəqin bunları bölüb parçalamışdı ki, idarə etmək daha asan olsun. İlk dəfə bu Armina adına Bisütun yazısında rast gəlinir. Ondan əvvəl bu ad mövcud deyildi. Bu Armina özü nə deməkdir, onu indiki ermənilərlə bağlamaq olar, ya yox, o da böyük sual altındadır. Çünki indiki ermənilər özlərini armina, adlandırmırlar, hay adlandırırlar.
Fuad Babayev, Təmkin Məmmədli, Aydan Abaslı, 1905.az
Söhbət 9 aprel 2019-cu ildə baş tutub