1905.az portalının növbəti həmsöhbəti Azərbaycan Ekologiya Standartlarının Monitorinq Fondunun prezidenti, biologiya elmləri doktoru, professor Rauf Sultanovdur.
– Rauf müəllim, Ermənistanın Azərbaycana təcavüzü Azərbaycanın ekoloji mühitinə hansı mənfi təsirləri göstərib?
– Bildiyiniz kimi dünyada ekoloji problemlər çoxdur və bu problemləri həll etmək üçün dünya miqyasında yüz milyardlarla dollar vəsait xərclənir. Amma bunun qarşısını almaq praktiki mümkün deyil. Respublikamızda ekoloji problemlərdən də ciddi başqa problem var. Bu da 1.7 milyon hektar torpağımızın işğal edilməsidir. Hazırda işğal edilmiş ərazilərdə 2 milli: Qarabağ və Bəsitçay və 4 müvəqqəti qoruq var. Müvəqqəti qoruqları işğal altında olduğu üçün genişləndirə bilməmişik. Onlar Arazboyu, Laçın, Cəbrayıl, Qubadlı qoruqlarıdır. 1.7 milyon hektar ərazinin 254 min hektarı meşələrdir. Və orada 460-a yaxın bitki növü olub. Onların 70-i relikt, endemik bitkilərdir. Bilirsiniz ki, endemik-ancaq həmin ərazidə bitən, relikt isə bitkinin qədim birkilərdir. Təəssüflər olsun ki, erməni işğalçıları flora və faunamıza da ziyan vururlar. Məsələn, ayı fındığı, qara çöhrə, araz palıdı, şərq çinarı və s kimi bitkilərimiz yalnız işğal edilmiş ərazilərdə bitir. Ermənilər 710 hektar kolxoz nəzdində olan meşələri, 560 hektar isə yol, su, kanal boyu olan meşə zonaları məhv ediblər.
Bu gün işğalçı işbazlar Zəngilanda mebel emalı sexi açıb, ona milyonlorla dollar vəsait yatırıblar. Ümumiyyətlə, erməni tərəfi gec-tez torpaqların Azərbaycana qaytarılacağını bildiyi üçün maksimum sürətlə bütün meşə və endemik bitkiləri məhv etməyə çalışır.
– Bəs işğal altında olan ərazilərdəki meşə yanğınları işğal altında olmayan ərazilərə necə öz mənfi təsirini göstərir?
-Ermənistanın Azərbaycana qarşı ekoloji terror siyasəti öz mahiyyəti və reallaşdırılması mexanizmləri baxımından olduqca müxtəlifdir.
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnlkişafına Yardım Assosiasiyasının (AVCİYA) prezidenti, Şamaxının millət vəkili Elxan Süleymanovun və iqtisadiyyat elmləri doktoru Vurğun Süleymanovun 2012-ci ildə işıq üzü görmüş “Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri” kitabında təcavüz nəticəsində Azərbaycana vurulmuş maddi və mənəvi zərərin müəyyənləşdirilməsi ilə bağlı məsələlər ilk dəfə araşdırıldı.
Burada fürsətdən istifadə edib AVCİYA-nın işğal altında olan ərazilərimizdəki Sərsəng su anbarı ilə bağlı həyata keçirdiyi layihədən danışmaq istəyirəm.
Bu gün Sərsəng su anbarı Azərbaycanın ən böyük problemlərindən birinə çevrilib. O 560 milyon kub metr su həcminə malikdir və 79 min hektar sahənin suvarılmasını təmin etmə gücünə malikdir.
Bu baxımdan su ehtiyatlarının çirkləndirilməsi taktikası da Ermənistanın ekoloji terror siyasətinin əsas təsir elementlərindən sayılır. Ermənilər bir tərəfdən əraziyə gələn bütün çayları hədsiz dərəcədə çirkləndirir, digər tərəfdən isə imkan düşən kimi Azərbaycan ərazilərini tamamilə sudan məhrum etməkdən belə çəkinmirlər. Ətraf mühitə və inkişafa dair Rio-de-Janeyro bəyannaməsinə görə, müharibələr davamlı inkişaf prosesinə dağıdıcı təsir göstərməməlidir. Ona görə də dövlətlər silahlı konfliktlər zamanı ətraf mühiti mühafizə edən beynəlxalq hüquqa hörmət etməlidirlər.
AVCİYA – nın həyata keçirdiyi layihənin məqsədi Sərsəng su anbarının vəziyyəti, onun törədəcəyi humanitar fəlakət və ekoloji böhran vəziyyəti barədə tək Azərbaycan cəmiyyətini deyil, eyni zamanda dünya ictimaiyyətini məlumatlandırmaq, beynəlxalq təşkilatlarda müvafiq sənədlərin qəbul edilməsinə nail olmaq, mümkün humanitar fəlakət və ekoloji böhranın qarşısının alınması istiqamətində tədbirlər paketi hazırlamaqdan ibarətdir.
İşğal nəticəsində ən böyük ziyan həm də flora və faunamıza dəyir. Bilirsiniz ki, quşların miqrasiyası təbii proseslərdən biridir. Ermənilər orada qışlayan, yuvalayan quşları ovlamaqla onların miqrasiyasının, yəni işğal edilməyən ərazilərə gəlişinin qarşısını alırlar.
Suvarılmayan ərazilərdə bitkilərin yetişməsində yaranan problem bal arılarının məhvinə gətirib çıxarır. Ermənilər həm də işğal edilmiş ərazilərdə mütəmadi hərbi təlimlər keçirlər. Bu hərbi təlimlər zamanı oradakı zəhərli ilan və vəhşi heyvanlar tüstü, zəhərli hava səbəbindən Azərbaycanın işğal edilməmiş ərazilərinə istiqamət alırlar. Bu da heç şübhəsiz işğal edilməmiş torpaqlarda təbiət və insanlara ziyan törədir.
– Ermənilər bizim əraziləri işğal edib. Həmin ərazilərdə ekoloji vəziyyət pisdir. Bunu bilirik. Bəs, bizim işğal edilməmiş ərazilərin ekoloji vəziyyəti necədir?
– Müstəqillik qazandığımız ildən bu günə kimi Azərbaycanda ekoloji mühitin sağlamlaşdırılması istiqamətində kifayət qədər layihələr həyata keçirilib. İçməli su təminatı yaxşılaşdırılır, qoruqlar, yasaqlıqlar yaradılır. Amma biz daha yaxşı işlər görə bilərik. Ümumiyyətlə, ekoloji mühiti sağlamlaşdırmaq tam olaraq mümkün deyil. Əhalini maarifləndirmək lazımdır. Bəzən insanların gördüyü işi dövlət nə qədər çalışsa da görə bilmir. Buna fərdi yanaşmaq lazımdır. Maarifləndirici tədbirlərin keçirilməsi vacibdir.
– Məsələn, əhaliyə nə demək lazımdır ki, onu ekoloji cəhətdən maarifləndirmiş olaq?
– Əhali sadə qaydaları biləndən sonra təbiəti qorumağa özü meyl göstərəcək. Ekoloji biliyə malik insanda ekoloji mədəniyyət də formalaşır. Məsələn, bitkilər fotosintez zamanı havaya oksigen xaric edilər. Bitki həm də heyvanların qidasını təşkil edir. Əgər bitki olmasa canlı aləm də olmaz. Deməli biz bitkilərimizi qorumalıyıq. Azərbaycan dünya üzrə ən az oksigen istehsal edən ölkələrdən biri hesab edilir. Çünki Azərbaycanda yaşıllığın yalnız 10 faizə qədərini meşə örtüyü təşkil edir. Dünyada isə bu göstərici 30%-dir. Meşə daha çox enerjini biokütləyə çevirmə imkanına malikdir. Azərbaycan meşə örtüyü ən az olan ölkələrdən biridir.
– Ekoloji savadın olması yaxşıdır. Amma bəzən ona riayət etmək mümkün olmur. Məsələn, lokal bir kənd. Qışdır. Kənddə qaz yoxdur. Və əhali evini isitmək üçün ağac kəsməyə məcburdur. Ona ağacların müdafiəsi ilə bağlı nə qədər mühazirə desək də. Sizcə bəzən ekoloji savadın olması zərurətdən öz əhəmiyyətini itirmir? Belə olan halda nə edək?
– Əlbəttə. Burada əsas vəzifə icra hakimiyyətləri, bələdiyyə və aidiyyətı şəxslərin üzərinə düşür. Onların fəaliyyətindən çox şey asılıdır. Məsələn, Xaçmaz rayonunda əhali qazla təmin edilib. Amma eyni sözü Quba haqqında demək olmaz. Burada əsas günahı aiddiyyatı orqanlarda axtarmaq lazımdır.
– Torpaqların yandırılması məsələsi BMT-də də müzakirə edilib. Sizcə, müzakirələrdən sonra torpaqların yandırılmasının azalması ilə bağlı irəliləyiş var?
– Təəssüf ki, hər il mütəmadi olaraq 15 min hektar torpaq ermənilər tərəfindən yandırılır. Qətnamə qəbul edilib. Amma ermənilər buna məhəl qoymur və otlaqların yandırılması prosesi hələ də davam edir.
– Bir az da sizin elmi fəaliyyətiniz haqqında danışaq…
– Azərbaycan Dövlət Pedaqoji Universitetinin ekologiya kafedrasının professoruyam. Bu istiqamətdə 10-a qədər fənni tədris edirəm. Biz həm də Azərbaycan Ekologiya Standartlarının Monitorinq Fondunda layihələr həyata keçiririk. Bu layihələrdən biri “Bakı şəhərində atmosferin çirklənməsində avtomobillərin rolu” mövzusunda idi. Maraqlı nəticələr alınmışdı.
– Minnətdarıq sizə! İşlərinizdə uğurlar.
Fuad Babayev
Aynur Hüseynova
1905.az