– Sizcə Azərbaycan repi indi hansı çağını yaşayır?
– Azərbaycan repi indi formalaşma və inkişaf dövründədi, janr olaraq pop musiqi statusunda olmaması məncə daha böyük təkan verir onun imkişafına. Rep ölkənin ən güclü alternativ musiqi janrıdı. Yeraltı rep renessans çağına doğru irəlliləyir.
REP İDEOLOGİYA, YAXUD FƏLSƏFƏ DEYİL.
– “Kor zabit” repində dediyiniz kimi əgər nəzərə alsaq ki, hələ qisas qalıb vətənpərvərlik ruhunun formalaşdırılmasında bizim rep üzərinə düşəni edibmi?
– Rep cəmiyyətdə heç bir ictimai fikir formalaşdırmır. Rep cəmiyyətdəki çatışmazlığı və reallığı təsvir edə, əks edə bilər, artıq formalaşmış bir şeyi göstərə bilər. Rep ideologiya yaxud fəlsəfə deyil. Bu yaradıcılıqdı. Yəni, həkim kimi, xəstəliyi yaratmayıb, onu tapıb ona diaqnoz qoyur. Ona görə rep bu baxımdan heç bir məsuliyyət daşımır. Əgər adi vətəndaş yaxud hökumət işində vəzifə tutan məmur ölkəsi haqda düşünmürsə, rep günahkar deyil. O təsvir edici ola bilər.
– Bəs reper kimi yox leytenant İbrahimov olaraq sizcə gənclərimiz döyüşə hazırdırmı?
– Azərbaycan gəncliyinin yerinə cavab verməkdə çətinlik çəkirəm, çoxumuz ruhən buna hazır olub bunu istəsək də, realda müharibənin və döyüşün nə olduğunu bir çoxumuz anlamırıq. Həm də döyüş hazırlığı gənclərin hərbi xidmət vaxtı keçdiyi hərbi dərslər və təlimlərdə formalaşır.
– Bir az da Avropadakı həyatınız və oradakı təhsiliniz barədə danışaq
– İl yarımdı Almaniyadayam. Dil təhsili alıram. Sonra isə səs sahəsi, yaxud musiqi sahəsi üzrə ali təhsil almaq fikrindəyəm.
– Təhsiliniz sizin yaradıcılıq işlərinə mane olmur?
– Xeyr, təhsilim qətiyyən yaradıcılığa maneə olmur.
– Avropadan azərbaycanlı pərəstişkarlarınıza nə kimi tövsiyyələriniz var?
– Bizə düşünən, düşündüyünü ifadə edə bilən, hüquq və vəzifələrini anlayan, müasir zamanla ayaqlaşan çağdaş cəmiyyət lazımdı, sağlam vətəndaş cəmiyyəti. Tövsiyyəm budur ki, təhsilə və elm öyrənməyə fikir versinlər. İstənilən halda, gələcək ziyalı vətəndaşların çiyinləri üzərində olacaq.
– Çox sağ olun!
– Müsahibəyə görə təşəkkür edirəm, saytınıza uğurlar.
Dadaş Musayev, 1905.az