Bu gün Respublika günü kimi qeyd etdiyimiz 28 May, 1918-ci ildə Müsəlman Şərqində ilk respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının ildönümüdür.
Çar Rusiyasının çöküşü imperiya əsarətindən əziyyət çəkən xalqların, o cümlədən azərbaycanlıların milli azadlıq mübarizəsinə təkan vermiş oldu. Azərbaycanda bu proseslər Rusiya İmperiyasının sərhədlərini başqa ad altında bərpa etməyə çalışan bolşeviklərlə, öz müstəqil dövlətlərini yaratmaq istəyən milli qüvvələr arasında gərgin mübarizə ilə müşayiət olunurdu. Stepan Şaumyanın başçılıq etdiyi erməni-bolşevik hərbi birləşmələri 1918-ci ilin mart ayında Bakını və ətraf əraziləri işgal edərək azərbaycanlı əhaliyə qarşı soyqırımı həyata keçirmişdi. 1918-ci il mayın 26-da Gürcütanın Cənubi Qafqaz Federasiyasından çıxmasından sonra Seymin Azərbaycan nümayəndələri mayın 27-də keçirdiyi fövqəladə iclasda müstəqil Azərbaycan dövlətinin yaradılmasını qərara almışlar.
28 may 1918-ci ildə Milli Şura Azərbaycanın müstəqilliyini elan edərək Istiqlal Bəyannaməsini qəbul etmiş və Azərbaycanın idarə olunmasını öz öhdəsinə götürmüşdür. Məhəmməd Əmin Rəsulzadə qiyabi olaraq Milli Şuranın sədri seçilmiş və Fətəli xan Xoyskinin rəhbərliyi altında Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti formalaşdırılmışdır. Beləliklə də, Azərbaycan təkcə Türkdilli ölkələr arasında deyil, həm də bütün Müsəlman dünyasında respublika üsul-idarəsinə keçən ilk ölkə olmuşdur.
Bakı şəhəri daşnak-bolşevik işgalı altında oldugundan yeni yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti 16 iyun tarixinə qədər Tiflisdə fəaliyyət göstərmişdir. 4 iyun 1918-ci ildə Məhəmməd Əmin Rəsulzadə Milli Şuranın sədri və Məmmədhəsən Hacınski respublikanın xarici işlər naziri qismində Batumidə Bakı Sovetinin və erməni-daşnak hərbi birləşmələrinin qırğınına məruz qalmış Azərbaycan xalqına yardım olunması haqda Osmanlı dövləti ilə saziş imzalamışlar.
15 iyun 1918-ci il tarixdə Gürcüstan hökumətinin tələbi ilə Azərbaycan Xalq Cümhuriyyəti Tiflisdən Gəncəyə köçmüşdür. Bakını işgaldan azad etmək məqsədi ilə milli hökumət 11 avqustda hərbi səfərbərlik elan etmiş, 1 sentyabrda Müdafiə Nazirliyi yaradılmış və ona rəhbərlik Baş nazir Fətəli xan Xoyskiyə tapşırılmışdır. 15 sentyabr 1918-ci ildə Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və milli hərbi birliklər Bakını işgalçılardan azad etmiş və Azərbaycan Xalq Cümhuriyyəti 17 sentyabrda Gəncədən Bakıya gəlmişdir. Milli Şura da öz fəaliyyətini bərpa etmiş və 9 noyabrda parlamentin formalaşdırılması haqda qərar vermişdir. Azərbaycan Parlamentinin ilk iclası 7 dekabrda Bakıda keçirilmişdir.
Çox mürəkkəb beynəlxalq siyasi-hərbi şəraitdə, daxili və xarici təzyiqlər altında fəaliyyət göstərməsinə baxmayaraq, Xalq Cümhuriyyəti bir çox taleyüklü qərarları, o cümlədən Azərbaycan dilinin rəsmi dövlət dili kimi tətbiqi, milli valyutanın dövriyyəyə buraxılması və Bakı Dövlət Universitetinin yaradılması kimi mühüm işləri həyata keçirməyə nail olmuşdur.
Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyi Müttəfiq Dövlətlərin Ali Şurası tərəfindən yalnız 11 yanvar 1920-ci ildə rəsmi olaraq tanınmışdır. Rusiya Azərbaycanın müstəqilliyini tanımaqdan imtina etmişdir. Rusiya Xalq Komissarları Sovetinin sədri V.İ. Lenin Bakının işgal olunmasına xüsusi əhəmiyyət vermiş və bu məqsədlə bütün gücünü səfərbər etmişdir. Bunun məntiqi nəticəsi olaraq, rus qoşunları 27 aprel 1920-ci ildə Azərbaycanın şimal sərhədlərini keçərək Bakını və bütün Azərbaycanı işğal etmiş və bununla da Azərbaycan Xalq Cümhuriyyətinin cəmi 23 ay çəkən hakimiyyətinə son qoyulmuşdur. Rusiya işğalını sürətləndirən ən önəmli faktorlar kimi daşnak birləşmələrinin Qarabağ və Zəngəzurda törətdiyi qırğınlarla əlaqədar Azərbaycan ordusunun əsas birliklərinin bu bölgələrdə cəmləşməsi, milli qüvvələr arasında fikir ayrılığının dərinləşməsi, əhalinin iqtisadi vəziyyətinin ağırlaşması və daxili bolşevik ünsürlərin Rusiya ilə işbirliyini xüsusi qeyd etmək lazımdır. Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli dövlət xadimləri sırasında Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, Əhməd bəy Pepinov və başqalarının adlarını çəkmək olar.
Etibar Qulusoy
28 may 2014-cü il