Rzayev Rəsul İbrahim oğlu (19.5.1910, Göyçay ş. – 1.4.1981, Bakı ş.) – Azərb. SSR Xalq şairi (1960), dramaturq, tərcüməçi, ictimai xadim, AYB-nin üzvü (1934), Sosialist Əməyi Qəhrəmanı (1980), Azərb. SSR Əməkdar incəsənət xadimi (1945), “Lenin” ordeni (1946; 1970; 1980), Stalin mükafatı laureatı (1951), Azərb. Ali Sovetinin deputatı (VII çağırış).
Məmmədxanovlar nəslindən olan atası İbrahim kənddə mirzəlik və xırdavatçılıqla dolanmışdır. Anası Məryəm poetik istedada malik olmuş, öz şeirlərini əzbər yadda saxlayırmış. Atasını erkən itirmiş, anasının və yaxın qohumlarının himayəsində boya-başa çatmışdır. Rza öz tərcümeyi-halında daha sonra yazırdı ki, onun ata evinə qəzet və jurnallar gələrdi, “Molla Nəsrəddin”, rus dilində çıxan “Niva”, “Probujdeniye” nəşrlərini alırdı. Bütün bu faktorların Rzanın mənəvi tərbiyəsində mühüm rolu olmuşdur. O, uşaqlıqdan ədəbi söhbətlərin getdiyi bir ailədə tərbiyə almışdır.
R.Rza altı yaşı olarkən Göyçayda məktəbə getmişdir. On dörd yaşında oxumaqla yanaşı, həm də şəhər kitabxanasında işləmişdir. 1925 ildə isə Gəncə Sənaye və Kənd Təsərrüfatı Texnikumuna daxil olmuş, ancaq təhsili yarımçıq qoyub bir neçə aydan sonra evə, anasının yanına qayıtmışdır. O, 1930 ildə Bakıya köçür; o vaxt böyük bacıları şəhərdə yaşayırdılar.
Bakıda bədii yaradıcılıqla yanaşı, R.Rza təhsilini də davam etdirir. Təhsil aldığı məktəblər, institutlar sırasında şair Tiflisdəki Zaqafqaziya Kommunist Universitetini, Azərb. Tibb İnstitutunun hazırlıq kursunu, Azərb. Tibb İnstitutunu, Azərb. Dövlət Elmi Tədqiqat İnstitutunu, Moskva Millətlər İnstitutunu, Ümumittifaq Kino Akademiyasını və s. elm və təhsil ocaqlarını qeyd etmişdir.
1941 ilin axırlarında şair bir qrup siyasi işçilərlə hərbi müxbir kimi Krıma gedir, Azərb. diviziyasında hərbi müxbir vəzifəsində çalışır, cəbhə qəzeti “Döyüşən Krım”da işləməyə başlayır. O, müxbir kimi tez-tez ön cəbhə xəttinə gedir, müharibəni bilavasitə müşahidə edir, cəbhə həyatının çətinliklərini mənən yaşayır, bunlar da şeirlərində öz təkrarsız ifadəsini tapırdı.
1927 ildən çap olunmağa başlamış R.Rza XX əsrin 30-cu illərinin əvvəllərində “Qadınlar”, “Çinar”, “Almaniya”, “Madrid”, “İnqaleyso” adlı antifaşist şeirlər yazaraq oxucuların rəğbətini qazanmışdır. 1941-45 illərdə sovet-alman müharibəsinə qarşı şeirləri və hekayələri ilə çıxmış, “Ölməz qəhrəmanlar”, “Qəzəb və məhəbbət” adlı məcmuələri nəşr etdirmişdir. Cənubi Azərb.-da olan qardaşlara “Hilal” adlı poema həsr etmişdir. 50-ci illərdə R.Rza yaradıcılığı rəngarəng fəlsəfi motivlər daşıyıcısına çevrildi. 1961 ildə Nəriman Nərimanova həsr etdiyi “Xalq həkimi” poemasını, 70-ci illərdə “Dünən, bu gün və sabah”, “1418”, “Üzü küləyə” poemalarını yazdı. R.Rzanın 1960 illər fəlsəfi lirikası bir silsilə təsir bağışlayırdı; bu şeirlər şairin kitablarında bir-biri ilə bağlı olduğu kimi, həm də bir vəhdət təşkil edirdi. R.Rzanın bu dövr poeziyasında “Rənglər” silsiləsinin ayrıca yeri vardır.
R.Rza uşaqlar üçün də şeir və hekayələrin, elmi – publisistik məqalə və oçerklərin müəllifidir. H.Lonqfello, C.Bayron, Lope de Veqa, Ş.Petefi, A.Blok, P.Elyuar, A.Puşkin, M.Lermontov, N.Nekrasov, T.Şevçenko, M.Mayakovski və bir sıra başqa şairlərin əsərlərini Azərbaycan dilinə tərcümə etmişdir. R.Rzanın əsərləri bir sıra xarici dillərə tərcümə olunmuşdur.
R.Rza Azərb. Yazıçılar İttifaqına rəhbərlik etmiş, SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin üzvü, Bakı kinostudiyasında ssenari şöbəsinin rəisi (1937-38), Azərb. Dövlət Filarmoniyasının müdiri (1938), Azərb. Sovet Yazıçıları İttifaqının sədri (1938-39), Bakı kinostudiyasının müdiri (1942-44), kinematoqrafiya idarəsində rəis (1944-46), Azərb. SSR kinematoqrafiya naziri (1946-49), Azərb. Sovet Ensiklopediyasının baş redaktoru, Ümumdünya Sülhü Müdafiə Komitəsi Rəyasət Heyətinin üzvü, Afrika və Asiya Ölkələri Sovet Həmrəylik Komitəsi Rəyasət Heyətinin üzvü və respublika üzrə sədri, SSRİ Yazıçılar İttifaqı Rəyasət Heyətinin üzvü, “Novosti” Mətbuat Agentliyinin Azərb. şöbəsi idarəsinin sədri, AR Ali Sovetinin (VII çağırış) deputatı, Azərb. KP təftiş komissiyasının, Lenin və SSRİ Dövlət Mükafatları Komitəsinin üzvü olmuşdur. O, Sosialist Əməyi Qəhrəmanı (1980), 3-cü dərəcəli”Stalin” mükafatı (1951), “Lenin” ordeni (1946; 1970; 1980), “Şərəf nişanı” ordeni (1938) və çoxlu sayda medallarla təltif olunmuşdur.
R.Rzanın həyat yoldaşı Rəfibəyli Nigar Xudadat bəy qızı (1913-81) məşhur Rəfibəylilər nəslindəndir. “Ana səsi” (1969), “Günəşdən gənclik istədim” (1974), “Bir həzin axşamda düşsəm yadına” (1982), “Şanlı nəsillərin yadigarıyam” (1993) kitablarının müəllifidir. 1993 və 2004 illərdə “Seçilmiş əsərləri” çapdan çıxmışdır. Azərb.-ın Xalq şairi adına layiq görülmüşdür. Onların 1938 ildə doğulmuş övladları Anar tanınmış yazıçı, dramaturq, ssenarist və kinorejissor, AYB-nin sədridir.
R.Rza Fəxri xiyabanda dəfn olunmuşdur. Bakı küçələrindən biri onun adını daşıyır.
Mənbə: “Göyçay ensiklopediyası”, s.375-377
1. ÇINAR
Gecə keçmiş, ulduzlar ağ, göy qara!
Söykənmişəm qocaman bir çinara.
Bir yanımda ömür kimi axır su,
Qaçmış bu gün təbiətin yuxusu.
Budaqlarda sərin yelin xoş səsi.
Yarpaqların həzin-həzin nəğməsi.
Ürəyim bir qanadlanmış quş kimi
Hey çırpınır, təsəllisiz, əsəbi.
Hündür çinar budaq atmış, qol atmış,
Öz ömründə çox əsrlər qocaltmış.
Görkəmində qarlı dağlar vüqarı.
Başı bütün ağaclardan yuxarı.
Tufan qopar, yağış yağar, qar tökər;
od qamçılı ildırımlar göy sökər.
Bəzən çayda daşlar daşı qovalar.
Seldə gedər göy çəmənlər ovalar.
Yarğan yarar sinəsini dağların.
Sular oyar binəsini dağların.
Karvan çəkər göydə qara buludlar.
Çovğun gələr, şaxta kəsər, buz donar.
Xan çinarım əyməz məğrur başını.
Kimsə bilməz xan çinarın yaşını.
Gecə qara, durdum düşündüm bir az,
Dedim nədən ulu çinar yıxılmaz?
Birdən çinar dilə gəldi dedi: – Bax!
Bu torpaqda dərindən kök salaraq,
Hər tərəfə uzatmışam qolumu,
Övladlarım bürüyüb sağ-solumu.
Belə məğrur dayanmağa haqlıyam.
Mən kökümlə bu torpağa bağlıyam.
2. MƏN TORPAĞAM
Mən torpağam, məni atəş yandırmaz;
tərkibimdə kömürüm var,
külüm var.
Mən baharam çəmən-çəmən
çiçəyim var, gülüm var.
Mən küləyəm, əsməsəm,
kim bilər ki, mən varam.
Mən buludam, səhraları susuz görüb,
ağlaram.
Mən ürəyəm, döyünməsəm
ölərəm.
Mən insanam,
sadə insan əlinin
yaratdığı nemətlərlə öyünməsəm
ölərəm.
Mən işığam – qaranlığın qənimi,
Mən insanam,
daşıyıram qəlbimdə
dünyaların sevincini, qəmini.
Maraq dolu gözəm mən,
baxmaya bilmərəm.
Qarlı dağdan süzülən çayam mən,
axmaya bilmərəm.
Mən insanam,
vətənim var, elim var.
Ən böyük həqiqəti,
azadlığı, məhəbbəti, nifrəti –
söyləməyə qadir olan
dilim var.
Mən bir qranitəm ki,
hər parçamda duyulur
bərkliyim,
döyüşdə möhkəmliyim,
ülfətdə kövrəkliyim.
Mən insanam, ülfətsiz –
ölərəm.
Məhəbbətsiz, nifrətsiz –
ölərəm.
Mən bulağam,
tapşırıqla axmıram.
Mən həyatam,
həmişə yoldayam:
nəfəsdəyəm, arzudayam,
baxışdayam, ürəkdəyəm, qoldayam.
Mən torpağam, nemətimi, varımı
zəhmət sevən insanlarla bölərəm.
Mən ürəyəm, döyünməsəm
ölərəm.
3. SORUŞ
Od nə çəkdi,
küldən soruş!
Baş nə çəkdi,
dildən soruş!
İşə susuz barmaqların
kədərini insan bilir.
Nəğmələrin həsrətini
bir qırılmış teldən soruş!
Ömrün çətin yollarında
daşa ləpir salsa ayaq,
gün nə çəkdi,
ildən soruş!
Zülmətliyin möhnətini
kor söyləsin!
Bəm xalların fəryadını
zildən soruş!
Mən kölgəsiz bağ görmədim,
El dərdi tək dağ görmədim.
Gözlərimi yumub açdım,
Neçə dostu sağ görmədim.
Nələr çəkdi çaylaq daşı
seldən soruş!
Yollar uzun, mənzil uzaq.
Sərt daşlara dözmür ayaq.
Dözsün gərək.
Dözsün gərək.
Kim zirvəyə qalxar, deyin,
Yollar boyu hər pilləni,
birgünləri, yüzilləri
qəlbimizlə,
beynimizlə
ömrümüzlə
doldurmasaq.
Mən yolçuyam,
Mən yoldayam.
Od nə çəkdi,
küldən soruş!
Hansı şerim,
hansı sözüm
yaşayacaq məndən sonra?
Mən bilmirəm,
eldən soruş!
4. İNSAN ŞƏKLİ
Mənə bir sərgi salonu verin!
Nə geniş olsun dünya qədər,
nə elə hündür olsun ki,
ətəyində qala uzun kölgələr.
Mənə bir sərgi salonu verin!
Orda bir insan şəkli asacağam –
adi bir insan.
Nə elə kiçik ki, məhəl qoyan olmaya,
nə elə böyük ki, baxanda qorxasan.
Orda bir insan şəkli asacağam,
görünsün dünyanın hər yerindən;
zamanın keçmişindən,
dövranın indisindən,
əsrin gələcəyindən
Bir insan şəkli asacağam;
bir yanında Nəsimi –
dabanından soyulandan sonra,
Bir yanında
məşəl təki yanmış Azəri qızı –
tunc heykəli qoyulandan sonra.
Bir yanda Cordano Brunonun külü.
Bir yanında Məmmədhəsən kişi –
ömrü, günü yollara tökülü.
Yuxarıda kosmopolit göy,
Aşağıda sərhədlə kilidlənmiş ölkələr
Bir yanda Osvensim –
minlərlə insan, beli bükülü.
Bir yanda yolları insanla döşənmiş –
Köhnə Sibir,
Kalıma.
Bir yanda Xirosima – ölü.
Bir tərəfdə
Fərhad, Şirin,
Kərəm, Əsli,
Bir tərəfdə
İsrafil, Qafur
Qastello, Lorka –
prometeylər nəsli.
Bir insan şəkli asacağam;
qapalı dodaqlarında söz yanığı.
Ətrafında bayram təntənələri.
Baxışında sınaq günləri,
dözüm sənələri.
Şəklin müəllifi – Zaman.
Adı – insanlığın ömür yolu.
5. POEZİYA, AĞ NÖYÜT VƏ SAİRƏ
Dərədə boy,
lalə,
yemlik.
Təpələrdə kəkotu.
Yol kənarında hündür dirəklər;
qırıla bilən tellərlə bir-birina bağlı.
Kənd.
Mağaza.
Qəfəslardə arşın malı, sabun.
Yerdə duz tayı, ağ nöyüt çəlləyi.
Çəlləyin dalında
kitab bağlamaları.
Qəfədə tütünü qarışıq papiroslar;
tüstüsü – zəhər.
Kitablarda insan ümidi,
insan arzusu.
Qəfəsədə yüzillik yubileyi ötmüş
çaxmaq daşı.
Kitablarda sevinc, həsrət, göz yaşı;
birində az, birində çox.
Nöyüt alırlar
çıraq yandırmağa.
Duz alırlar,
şit bişməsin xörək.
Sabun alanlar da var.
Kimi əl-üz sabunu soruşur, kimi paltar.
Növbə gözləyir kitablar:
çəlləyin dalında,
duz tayının dalında.
Yerləri dar, qaranlıq.
Biganəlik kölgəsində qalıb
bilik, işıq.
Mən də varam orda, sən də.
Lənətə gəlsin belə satış üsulunu!
Mən cəhənnəm,
heç olmasa,
çıxarın o rütubətdən, qaranlıqdan
Füzulini!
6. UNUTMAYIN
Mən güllü bir may səhəri doğulmuşam.
Bəlkə, getdim bir yanvar axşamı.
Tabutuma ipək salmayın!
Dəfnimə toplamayın izdihamı.
Bir ovuc torpaq üstünə qoyun başımı.
Mən o torpağı sevmişəm.
Ancaq məhəbbətim
nə sərgiyə qoyulan bir tablo olub,
nə parıltısı diqqət çəkən üzük qaşı.
Mənim sevgim sevgi idi –
sadə, yaxşı…
Mən anamın südü kimi,
atamın öyüdü kimi,
sevdim bu torpağı.
Bir ovuc torpağı əsirgəməyin məndən.
Mən ancaq onu
aparacağam,
nəsil-nəsil insanlara
çeşid-çeşid nemət verən
bu vətəndən.
Mən öləndə ağlamayın!
Mən öləndə gülməyin!
Yox, nəyə gərəkdir!
Mən, sağlığımda çox gülmüşəm.
çox ağlamışam.
Ancaq o həzin axşam,
məni yalqız qoyub
əbədi sükut evində,
qayıdanda geri,
açın, taybatay açın,
otağımda pəncərələri!
Çıraq yanmasın.
Səssiz çıxın otaqdan
Elə çıxın ki, sükut oyanmasın
O səssiz, o qaranlıq otaqda
dincəlsin yalqızlıq, sükut.
Dincəlsin ruhum da
Ümidimi, arzumu,
sevincimi, dərdimi
görmüş otağımda.
Ölülər geri dönə bilsəydi,
mən bu otağa gələrdim.
Burda uzun bir dəqiqə
dincələrdim.
Cənnətdə işim yoxdur.
Getmərəm, dəvət etsələr belə!
Cəhənnəmi söndürüb,
bütün ölülər ora getsələr belə…
Mən xoşbəxt olardım,
tabutumu özüm apara bilsəm!
Adımı, xatirəmi
yazılı nitqlərdən,
sərin ahlardan qopara bilsəm…
Vətən torpağı genişdir,
qəlbim kimi
Demirəm, Göyçayda basdırın məni,
Ancaq ki, riyakar gözlərdən uzaq,
aparın, bir çayda basdırın məni!
Tabutumu örtsün sərin sular.
Qəbrimi görüb kədərlənməsin
sevinclilər, arzulular.
Qəbrimin üstündən sular çağlasın.
İnsanlar sevinsin, gülsün
işıqlı gündüzlər.
Gecələr də mənə,
yaşıl saçlarını
sulara sallayan,
salxım söyüdlər ağlasın…
7. ÖMÜR KEÇDİ, GÜN KEÇDİ…
Soruşdular:
– Bir girvənkə daş ağır olar,
bir girvənkə pambıq?
– Bir girvənkə daş! – dedim,
sevinə-sevinə.
Xoşbəxt idim…
Kvant nəzəriyyəsi!
Nisbət nəzəriyyəsi!
Bölünən atomların fəsadı!
Cavablarım elmi, dürüst.
Hər suala bir dəftər dolduraram
yaza-yaza!
Yazıq sənə, yazıq
Rəsul Rza!
Acanda ağlayardım.
Susayanda,
bir yerim ağrıyanda ağlayardım.
Bir şey istəsəm, ağlayardım.
Anamın qucağı üçün,
qonşu qızın oyuncağı üçün
ağlayardım.
Külək bərk əsəndə,
qarğı əlimi kəsəndə,
ağlayardım.
Bacım məndən küsəndə
ağlayardım.
Əl uzatdığım kəpənək uçanda,
qonşumuz itim zəncirdən açanda,
yuxum qaçanda
ağlayardım.
Xoşbəxt idim!
Dünya yuxusuzdur.
Ağlaya bilmirəm.
Ölüm ömrü pusu
Ağlaya bilmirəm.
Raketlər xaraba qusur.
Ağlaya bilmirəm.
Kirəc damarlarımı bərkitdi.
Dostlardan çoxu getdi.
Ağlaya bilmirəm.
Sancırlar, ağlaya bilmirəm.
Nə atam var, nə anam.
Ağlaya bilmirəm.
Yaşil yekə insanam.
Ağlaya bilmirəm.
Və hakəza!
Yazıq sənə, yazıq
Rəsul Rza!
Nə atam kimi güclü kişi vardı,
nə anam kimi gözəl qadın.
Küçəmizdəki ağaclar
dirənmişdi göyə.
Ağzımda yenilik dadı.
Evimizin qabağında axan çaydan
böyük, enli, dərin çay yox idi;
bilmirəm necə keçirdi onu
ayaqyalın toyuqlar!
Uzaq sözü
araba təkərinə dolaşmışdı,
yaxın sözü
çəkməmin bağına.
Nə iki mərtəbədən hündür eyvan vardı,
nə hind toyuğundan qorxulu heyvan.
Nə üçqulac kəndiri
ağzından suyunacan sallanan
quyumuzdan dərin quyu.
Bilirəm,
dünyada çox güclü adam var:
qolu güclü, sözü güclü.
Bilirəm,
gözəl qadınlar var
Milos qızı Veneradan belə gözəl.
Okeanlar görmüşəm
günlərlə sinəsində üzüb.
Ağzımda valokordin dadı var.
Yaxın sözü
reaktiv təyyarələrin qanadında
əriyib gedib.
Uzaq sözü
planetlərarası raketlərdə.
Hündür eyvan yüz mərtəbəyə qalxıb.
Ən dəhşətli nüsxə
insanlar içindədir.
Planetimizi
dəlik-dəlik elədik
qaza-qaza!
Belə-belə işlər,
Rəsul Rza!
Gecə yarıdan keçib.
Neçə yazılı vərəq var
masanın üstündə.
Axşamdan bəri xəyalımla
könül-könül gəzmişəm,
neçə insan aləmini bu gün də.
Birdən söndü elektrik lampam.
Bu günün son,
sabahın ilk sətirlərini
bitirə bilmədim.
Qaranlıq qara xəbər kimi
çökdü üstümə…
…Əlimdə mürəkkəbi qurumuş qələm.
Dirsəklərimin altında
masamın sığallı üzü.
Lampamın telləri külə dönüb.
Lampa bitirdi ömrünü,
son saniyəsinə qədər yana-yana!
8. BOMBARDMAN
(Bir yaponiyalı ananın insanlara məktubu)
Çəmən vardı.
Quzular, göyərçinlər vardı.
Salxım-salxım yasəmən vardı.
Əkinlər, biçinlər vardı.
Lal torpağın ağrısı,
kömür daşlar,
kül ağaclar yoxdu.
Çarhovuz başında
gülə-gülə çiləşən
körpələr vardı.
Üfüqdən-üfüqə yayılmış kədər yoxdu,
İnsanlar, evlər, çiçəklər vardı.
Altı üstünə çevrilmiş şəhər,
Yaralı torpağa çökmüş zəhər yoxdu.
Bahar geyimli uşaqların
əlvan səbətində,
ağac dibində,
məktəb həyətində
göbələklər vardı.
Yerdən şığıyıb göyə qalxan,
nəhəng göbələk yoxdu.
Nəğmə vardı,
insan səsi vardı,
həyatın nəşəsi, qüssəsi vardı.
Göz yandıran işıq,
dağları titrədən gurultu,
torpağın üfüqdən-üfüqə uzanmış
qara tabutu yoxdu.
Torpaq, cəsədlərdən doymuş kimi,
qaytarmamışdı geri
toza dönmüş binaları,
külə dönmüş sümükləri.
Nə xəyaldır bu,
nə uydurmadır.
Havanı qoxlayın!!
Təşviş, nigaranlıq qoxusu gəlir.
Bir qurtum yağış suyu,
fəlakət dadır.
İnsanlar!
Yer üzünün taleyi,
sizin əlinizdə,
insanlardadır.
Müharibə carçılarının
dilini kəsin!
Bir olmuş cinayət
Bir də baş verməsin.
9. BƏXTİYAR
Külək qarı səpələr, Bəxtiyar!
Ağ geyinib təpələr, Bəxtiyar!
Gecə qara, yol uzaq, qardaşım;
Göylər bulud, çöl-düz ağ, qardaşım.
Kaman çalan kimdir o, Bəxtiyar?
Küləkdi, ya simdir o, Bəxtiyar?
Hənirtini duydumu kəhərin?
Tüfənginə yapışdı əllərin.
Düşmən əli bir, təkcə sən, nə zərər?
Tənlik işarəsidir güllələr!
Gənclik, həyat şirindir, qardaşım;
Vətən qat-qat şirindir, qardaşım.
Ellərimin balası, Bəxtiyar!
Qəlbi vətən qalası, Bəxtiyar!
Qurtarırsa əsgərin gülləsi,
silahıdır qəlbinin kin səsi.
Məhv etdin on yağını, qəhrəman!
Qan sızırdı sənin də yarandan.
Boğazını zabitin gəmirdin.
İradə qüvvətinlə dəmirdin!
Qalib nəğmə səslənir, qardaşım!
Qalibiyyət nəğmədir, qardaşım!
Kaman çalsn kimdir o, Bəxtiyar?
Küləkdi ya simdir o, Bəxtiyar?
Adın bu nəğmələrdə – nəqarət!
Dostlar gedir cəbhəyə, rahat yat!
Bax, qızarır üfüqlər, qardaşım!
Bizimdir günəş, zəfər, qardaşım!
Sən qorudun vətəni, Bəxtiyar!
Vətən unutmaz səni, Bəxtiyar!
Bundan sonra fəxr ilə analar
Körpəsinə ad qoyar Bəxtiyar
10. QOCA TİMSAH
Udur xırda balıqları
qoca timsah,
yekə timsah.
Göz yaşları axır, axır…
Deyir: sülhü qoruyuram bu
sularda.
Quyruğuna humanizm
nişanını
özü taxır
qoca timsah.
– Aman! – deyir,
fəryad edir
xırda balıq sürüləri:
“ İstəmirik!
Artıq olsun mərhəmətin!
Rəyimizcə deyil
sənin bu niyyətin”.
Qoca timsah eşitməyir,
eşidirsə, anlamayır,
anlayırsa bəyənməyir
bu fəryadı.
Deyir, nə var,
nə haraydır,
yenə salıb bu xırdalar?
Bilmirlər ki,
təhlükəli zamanlardır?
Yollarında dikdir də var,
çuxur da var.
Mənim qarnım,
azadlığın görülməmiş
cənnətidir.
Cip-cip, cip-cip,
xırdalarım!
Tez ol!
Bir-bir, qarnıma gir.
Hamı baxır,
hamı görür.
Qoca timsah,
yekə timsah,
udur xırda balıqları.
Udduqca da
gözlərindən
bol yaş axır,
humanistdir timsah axı.