Faiq Ələkbərov 1977-ci ildə anadan olub. BDU-nun məzunudur. 2001-2004-cü illərdə AMEA Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun aspiranti olub. 2005-ci ildə “ХХ əsrdə Azərbaycanın ictimai-siyasi və fəlsəfi fikir tarixində Məhəmməd Əmin Rəsulzadənin yeri və rolu” mövzusunda dissertasiya işini müdafiə edərək fəlsəfə doktoru alimlik dərəcəsi alıb.
İki monoqrafiya (“Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü”, Bakı-2007; “Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış” (I hissə), Bakı-2011), “Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış” (II hissə), Bakı-2014), bir dərslik (“İdarəetmə nəzəriyyəsi”-Bakı-2012.həmmüəllif) və 40-dan çox elmi məqalənin müəllifidir. Milli ideologiya (azərbaycançılıq, türkçülük, islamçılıq, modernləşmə və b.), milli ideya, milli kimlik, milli şüur və bu kimi sahələrdə araşdırmalar aparır.
Hazırda AMEA Fəlsəfə və Hüquq İnstitutunun “Fəlsəfə və ictimai fikir tarixi” şöbəsinin böyük elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosentdir. Eyni zamanda, 2003-cü ildən bir sira universitetlərdə (ADPU, Elm və Təhsil Mərkəzi “Təfəkkür” və b.) müəllim kimi pedaqoji fəaliyyət də göstərir. Bunula yanaşı, bir sıra qəzet (“Türküstan”, “Cəmiyyət və din” və b.) və saytlarda (modern.az, bao.az, turansesi.com və b.) elmi-publisistik, fəlsəfi-ideoloji məqalələr yazır.
– Əvvəlcə belə bir sual. Fəlsəfə doktoru olmaq Sizə nə verdi?
– Öncə, elmi fədakarlığı, bürokratik əngəllərə qarşı mübarizliyi öyrətdi. Məlum oldu ki, Azərbaycanda dissertasiya yazmaq daha asandır, nəinki hansısa sənədləşmə işləri ilə məşğul olmaq. Əslində isə vəziyyət tam tərsinə olmalı, yəni dissertasiyaların elmliyi və yeniliyi önə çəkilməli, sənədləşmə işləri isə asan olmalıdır. Ancaq görünən odur ki, bu sahədə daha çox formallığa üstünlük verilir. Maraqlıdır ki, son zamanlarda elmlik və yenilik əvəzinə, bu sənədləşmə işləri əvvəlki illərlə müqayisədə, daha da “ciddiləşdirilmişdir”. Hətta, artıq fəlsəfə doktoru və fəlsəfə elmləri doktoru olmaq istəyənlər ölkəmizlə yanaşı, xaricdə də ən azı bir neçə məqalə dərc etdirməlidirlər. Üstəlik, bu məqalələr yalnız Ali Attestasiya Komissiyasının (AAK) qəbul etdiyi, tanıdığı elmi jurnallar olmalıdır. Ən qəribəsi odur ki, AAK az qala hər il tanıdığı jurnalların siyahısını dəyişir. Bütün bunlar isə maddi imkanla birbaşa bağlıdır. Azərbaycan elminə ayrılan xərclərlə isə həm özünün maddi tələbatlarını ödəmək, həm də elmi işlərlə məşğul olmaq çox çətindir. Özəlliklə, fəlsəfə elmləri doktoru olmaq üçün gərək ömrünün böyük bir hissəsini Azərbaycanda və xaricdə məqalə yazmağa, sənədləşmə işlərini qaydaya salmaga həsr edəsən. Əgər nisbətən gəncsənsə problemlər daha da çoxalır.
Bir sözlə, fəlsəfə doktoru olmaq mənə maddi baxımdan demək olar ki, çox az şey versə də, özünütəsdiq mənasında tam tərsinə böyük bir məktəb keçdik. Məsələn öyrəndik ki, hazırda Azərbaycanın ciddi islahatlara ehtiyacı olan sahələrindən biri də elm sahəsidir. Xüsusilə, AMEA və AAK sistemində sözün həqiqi mənasında dəyişikliklərə ehtiyac var. Burada söhbət yalnız yeni qanunların, qərarların qəbul edilməsindən deyil, bütövlükdə bu ali elm orqanlarının daxili mahiyyətinin və məzmununun da yeniləşməsindən gedir. Çünki bu gün elm sahəsində yeni qanunların, qərarların qəbul edilməsinə baxmayaraq (məsələn, Elmin İnkişafına Yardım Fondu və s.), ciddi irəliləyişlərin olmamasının başlıca səbəbi, hələ də bu sistemdə yüksək vəzifə tutan bir çox şəxslərin, əsasən sovet dövrünün standartları və qaydalarından çıxış etmələridir. Çox təəssüflər olsun ki, elm sistemində nüfuz sahibi olanlar bir çox hallarda tərifləyib yüksəklərə qaldırdıqları SSRİ dövründəki elm və təhsil sisteminin müsbət deyil, məhz mənfi cəhətlərini özlərində yaşadır və təcəssüm etdirirlər. Xüsusilə, o mənfi cəhətlərini ki, hələ də elmin azad bir sahə olmasını qəbul etməkdə çətinlik çəkir, oybektiv fikirləri eşitməzlikdən gəlir, kimlərinsə diktəsi əsasında addımlar atmağı məqsəduyğun hesab edirlər.
– İndi isə rubrikamızın ənənəvi suallarından biri. Qarabağ düyününün çözülməsi üçün hər birimiz nəsə etməliyik. Bu mənada Orta statistik fəlsəfə doktorumuzdan nə tələb olunur?
– Qarabağ düyünün çözülməsi ilk növbədə öz əlimizdədir. Hər bir Azərbaycan vətəndaşı anlamalıdır ki, Qarabağ düyünü Azərbaycanın maraqlarına uyğun şəkildə həll olunması üçün qeyrət etməyə məcburdur. Yəni bu problemi hər bir kəs öz çiyinlərində hiss etməli, onu həlli üçün bacardığı işlər görməlidir. Hələ də bir çox insanımız düşünür ki, bu problemi ancaq yuxarıdakılar həll etməlidirlər. Mən isə tam əksinə hesab edirəm ki, Qarabağ düyününün çözümü ilk olaraq xalqın öz əlindədir. Çünki hər bir cəmiyyətdə istənilən problemin həllində ictimai rəy əsasdir. Əgər bir cəmiyyətdə ictimai rəy deyilən bir anlam yoxdursa, yaxud da bu aşağı səviyyədədirsə o zaman hər hansı ciddi problemin qisamüddət ərzində həll ediləcəyini gözləmək yanlış olardı. Məncə, Azrbaycanda ictimai rəy məsələsi həddən artıq aşağı səviyyədə olmasa da, ancaq arzuedilən durumda da deyildir. Bu anlamda alimlərin, o cümlədən fəlsəfə doktorlarının əsas işi cəmiyyət daxilndə ictimai rəy anlayışını formalaşdırmaq olmalıdır. Yəni fəlsəfə doktorları cəmiyyətin üzvlərini inandırmalıdırlar ki, onların hər birinin mövqeyi, iradəsi Qarabağ probleminin çözümü üçün əsasdır. Bir növ ziyalı fərdlərin özünəinam hissini artırmalı, xüsusilə də Qarabağ kimi bir məsələdə əsas rola malik olmalarına inandırmalıdır. Çünki istənilən qələbənin əsası milli şüurun səviyyəsi, milli özünüdərklə bağlıdır. Bu baxımdan fəlsəfə doktorlarının cəmiyyət üzvləri arasında əsas rolu Qarabağ düyününün çözümünün onların öz əllərində olması inamını yaratmaqla baglı olmalıdır.
– Erməni alimləri ilə hansısa beynəlxalq tədbirdə görüşməmisiniz ki? Onların elmi və “elm”i haqqında nə demək olar?
– Ölkəmizdən kənarda erməni alimlərlə rastlaşsam da, onlarla hər hansı dialoqum olmayıb. Amma az da olsa, istər canlı şəkildə, istərsə də mətbuat vasitəsilə izlədiyim erməni alimlərində hiss etdiyim özünəinamdır. Hətta, erməni alimləri hər hansı bir məsələdə yüzdə yüz saxtakarlığa yol verdikləri halda belə, bunu elə bir inamla ifadə edirlər ki, az qala həqiqiliyi şübhə doğurmur. Məsələn, sözdə “erməni genosidi” buna ən gözəl nümunədir. Çünki bütün ermənilər, özəlliklə erməni alimləri bunun üçün bir məktəb keçirlər. Bizim xoşumuza gəlib-gəlməsindən asılı olmayaraq onlar türklüyə nifrət üzərində “elm” öyrənir və beynəxalq konfranslarda da bunu ifadə edirlər. Amma onların türklüyə nifrətləri öyrəndikləri “elm”in yalnız bir hissəsidir. Onun digər tərəfində ABŞ, Rusiya və AB-nin dəstəyi ilə Türkiyə və Azərbaycan torpaqlarına sahib çıxmaqdır. Özü də erməni alimləri bunu, çox düşünülmüş və sistemli şəkildə hıyata keçirirlər. Yəni artıq onlar bu sahədə dünyada bir “erməni tarixi”, “erməni coğrafiyası”, hətta “erməni fəlsəfəsi” belə formalaşdirmağı bacarıblar.
Biz isə bu sahədə ermənilərlə müqayisədə özümüzü yeni hesab etməklə, haradasa sığortalamaqla məşğuluq. Halbuki 150 il, 100 əvvəl erməni alimlərinin yalanlarına qarşı çıxan və onların iç üzünü ortaya qoyan Həsən Bəy Zərdabilər, Əhməd Bəy Ağaoğlular, Əli Bəy Hüseynzadələr, Məhəmməd Əmin Rəsulzadələr, Mirzə Bala Məmmədzadələr və başqaları olublar. Ancaq indi bir çoxları iddia edirlər ki, bu günə qədər yalnız ermənilər hansısa işlər görüblər və onlara cavab verən alimlərimiz olmayib. Guya, yalniz indi erməni alimlərinə və ideoloqlarina tutarlı cavablar verilir. Bu tamamilə yanlış fikirdir. Məncə, indiki alimlərimizin əksəriyyəti erməni yalanlarına qarşı tutarlı cavablar vermək əvəzinə, ya yalnız quru şüarlar səsləndiməklə, ya ciddi elmi mahiyyət daşimayan əsərlər yazmaqla, ya da beynəlxalq tədbirlərdə özlərini təbliğ etməklə məşğuldurlar. Hesab edirəm ki, bu gün erməni alimlərinin yalanlarina qarşı tutarlı əsər hələ yazılmayıb. Doğrudur, bu sahədə çalışan alimlərimiz var, amma onlar da kifayət qədər maddi imkana malik deyillər. Hətta, elə səviyyəli alimlərimiz var ki, maddi imkansızlıqdan beynəlxalq konfranslara qatıla bilmirlər. Amma əvəzində nəniki erməni alimlərinə, hətta onların tələbələrinə cavab verə bilməyən bəzi “alimciklər” var ki, az qala hər ay beynəlxalq tədbirlərə qatılırlar.
– İndi də gənc alim Faiq Ələkbərovun araşdirmalarından danışaq.
– Əsas araşdırma obyektim milli ideologiya (azərbaycançılıq, türkçülük, islamçılıq, modernləşmə və b.), milli ideya, milli kimlik, milli şüur və bu kimi sahələrdir. Çünki hazırda Azərbaycan elminin ən çox axsayan bu sahəsidir. Dogrudur, indi bu sahələrdə yazanlar çoxdur. Amma elmi mahiyyəti və yeniliyi baxımdan bu sahəyə həsr olunmuş az-az kitablar var. Hesab edirəm ki, hazırda türkçülyün, islamçılığın və müasirləşməyin yenidən dəyərləndirməsi çox vacibdir. Məhz bunu nəzərə alaraq 10 ilə yaxındır ki, bu sahələrdə araşdırmalar aparmış, onlarla məqalə və iki hissədən ibarət “Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış” monoqrafiyasını yazmışam. Sonuncu hissəsi bu il nəşr olunan bu monoqrafiya da əsas araşdırma obyektim Qərb və Şərq dəyərləri kontekstində türk kimliyini, o cümlədən onun tərkib hissəsi olan Azərbaycan milli kimliyinin yerini müəyyənləşdirmək olmuşdur. Özəlliklə, milli şüur məsələsinin aktual bir mahiyyət daşıması, tarix və mədəniyyət şüurunun onun əsasını təşkil etməsi araşdırma obyektim olmuşdur. Hələ də, bu istiqamətdə araşdırmalarım davam edir…
– Planlar necədir?
– Hazirda əsas planım ortaq“Türk fəlsəfəsi tarixi”ni araşdirmaq və türk fəlsəfəsini inkişaf etdirməklə bağlıdır. Zənnimizcə, türklüyün, o cümlədən Azərbaycan türklüyünün inkişafı üçün türk fəlsəfəsini yazmaq və yaratmaq bir gerçəklikdir. Bu işləri görmək üçün Türkiyədə səfərdə olarkən, türk elm adamları ilə də söhbətlərimiz olub. Onlar da “Türk fəlsəfəsi tarixi”nin yazılması ilə bağlı fikirlərimi maraqla qarşılayırlar. İyunun sonlarında da, Türkiyənin Sakarya şəhərindəki Sakarya Universitetinin və Konyanın Selçuk Universtitetinin elm adamları ilə bu istiqamətdə fikir mübadiləsini davam etdirəcəm. Bir sözlə, yaxın zamanlarda əsas planım “Türk fəlsəfəsi tarixi”ni araşdirmaq və həmin adda bir elmi əsər ərsəyə gətirməklə bağlıdır.
– Uğurlar.
1905.az