Cəsarət Valehov Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdir müavini, Qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələri ilə iş sektorunun müdiridir. Fəlsəfə doktoru və dosentdir.
1991-ci ildə Qərb Universitetinə qəbul olub, 1995-ci ildə həmin universiteti fərqlənmə diplomu ilə bitirib. Sonra Azərbaycan Milli Elmlər Akademiyasında və eyni zamanda Azərbaycan Dövlət Televiziyasında çalışıb. 1995-ci ildən 2005-ci ilə qədər Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunda elmi işçi və eyni zamanda bu müddət ərzində televiziyanın əməkdaşı olub. 1996-1999-cu illər ərzində Bakı Dövlət Universitetində aspiratura dərəcəsi üzrə əyani, eləcə də Azərbaycan Universitetində beynəlxalq münasibətlər üzrə magistratura, 1998-2000-ci illərdə Dövlət İdarəçilik Akademiyasında magistratura və 2007-2011-ci illərdə Bakı Dövlət Universitetində ikinci təhsil olaraq hüquq təhsili alıb.
2004-cü ildə “Türk ədəbi-bədii fikrində fəlsəfi məfkurə” adlı dissertasiya mövzusunu müdafiə edib. 2004-cü il 14 iyunda yeni açılmış İctimai Televiziyanın Elm və təhsil departamentinə direktor təyin edilib və 8 il ərzində həmin televiziyada departament direktoru olaraq fəaliyyət göstərib. “Açıq dərs” maarifləndirici, təhsil proqramının moderatoru və proqramın müəllifi olub. 2013-cü ildə Təhsil Problemləri İnstitunda dosent elmi adı alıb. 120-dən çox elmi məqalənin müəllifidir.
– Cəsarət müəllim, Qarabağ düyünün çözülməsi üçün hər birimiz nəsə etməliyik. Bu mənada orta statistik fəlsəfə doktorumuzdan nə tələb olunur?
– Çox maraqlı sual üçün təşəkkür edirəm. Bildirmək istərdim ki, bu mövzuda həm fərd olaraq, həm də təmsil etdiyim qurumların tərkibində kifayət qədər işlər görmüşəm.
Gənclər Təşkilatlarının Milli Şurasının İdarə Heyətinin sədri olan zaman, yəni 1996-cı ildə “Türk dünyası mədəniyyət birliyi”nin həmsədri idim. Orada biz “Türk-erməni münasibətləri: tarixi gerçəklik” adlı Dövlət İdarəçilik Akademiyasında silsilə elmi konfranslar keçirmişik. Və mən həmin tədbirlərin təşkilatçısı olmuşam. Tədbirlər Türkiyənin Azərbaycandakı səfirliyi ilə bərabər təşkil edilirdi. Haqqında danışdığım tədbirlər 3 il davamlı olaraq təşkil edilib.
Mənim elmi dissertasiyamın mövzusu da adından göründüyü kimi, “Osmanlı Türkiyəsi 19-cu əsrin sonu, 20-ci əsrin əvvəlləri ədəbi-fəlsəfi fikrində milli məfkurə” adlı elmi işdir. Bu dissertasiyanı həm Türkiyə, həm də Azərbaycanda işləmişəm. Türkiyədə İstanbul Universiteti arxivlərində, kitabxanalarında təxmini olaraq bir il ərzində tədqiqatım davam edib.
Təxminən 10 ölkədə müxtəlif elmi konfranslarda, seminar və treninqlərdə həmmərzuəçi, həm də təlim iştirakçısı olmuşam. Yadıma gəlir, 1998-ci ildə Strasburqda “İntercultural learning” adlı tədbirdə ölkəmizi təmsil edirdim. Orada dünyanın 33 ölkəsindən şəxs, həmçinin Ermənistandan 2 nümayəndə öz ölkəsini təmsil edirdi. Həmin tədbirdə çox ciddi müzakirələr oldu. Həmin tədbirdə də Dağlıq Qarabağ münaqişəsi və onun ətrafinda baş verən proseslərin Ermənistanın Azərbaycana qarşı apardığı torpaq iddiası barədə çıxışlar etmişəm.
Digər konfranslarda da Ermənistan-Azərbaycan mövzusuna toxunmuşam. Məsələn, 2009-cu ildə London şəhərində keçirilən “Living together” adlı tədbirdə məruzəçi idim. Təbii ki, konfransda Ermənistandan da nümayəndələr var idi. Orada bu mövzuda məruzə ilə çıxış etdim və əks tərəfdən kifayət qədər təpkilər gördük. Ancaq birmənalı olaraq, onların cavabı verildi və biz orada başqa ölkə nümayəndlərində müəyyən haqlı rəy formalaşdıra bildik.
Uzun müddət çalışdığım İctimai Televiziyada da bir sıra filmlərin həmmüəllifi olmuşam. Bu filmlər Azərbaycan tarixinin bu və ya digər dövrləri ilə bağlı mövzulara həsr edilib.
– Fəlsəfə doktoru kimi hansı beynəlxalq elmi tədbirlərdə ərazimizin 20 faizini işğal etmiş ölkənin alimləri ilə qarşılaşmısınız?
– Reaksiyalar müxtəlif olub, təbii olaraq. Bununla bağlı çox danışmaq olar. Ancaq mən düşünürəm ki, biz bu mövzuda ermənilərin reaksiyalarına məhəl qoymadan çalışmalıyıq. Şəxs olaraq düşünürəm ki, “görəsən ermənilərin reaksiyası necə olacaq?” deyə düşünməli deyilik. Biz bunu ürəkdən etməliyik. Bu, bizim vətən qarşısında borcumuzdur. İstər onlar reaksiya versin, istər verməsin. Vətəni təbliğ etmədə təkcə konfrans, beynəlxalq tədbirlərdə təmsillə kifayətlənməli deyilik. Bu gün demək olar ki, hər kəsin xaricə çıxma imkanı var. İstər təhsillə bağlı, istər turist olaraq. Biz istirahətə getdiyimiz ölkədə belə, öz vətənimizi təbliğ etməyi unutmalı deyilik.
İnanın, mən Azərbaycanın son 200 illik qəsb olunma coğrafiyasına baxanda dərin ürək ağrısı keçirirəm. Görün, bizim necə böyük ərazilərimiz olub və bu gün o ərazilərdən bizə nə qalıb. Bizim torpaqlarımızın arealı getdikcə azalıb. Həmişə “kritik kommunikasiya” haqqında da düşünməliyik ki, torpaqlarımızn işğal səbəbini bilə bilək. Hər şeyi o qədər dəqiq öyrənməliyik ki, ermənilərin bu istiqamətdə iştahasını düzgün yolda kəsə bilək. Cənab Prezidentin də dediyi kimi, biz həm də tarixi topaqlarımız haqqında düşünməliyik. Dağlıq Qarabağı təkcə mahnılarımızda, laylalarımızda, hekayələrimizdə anmalı deyilik. Biz Qarabağa çatma istəyimizi öz əməlimizdə göstərməliyik.
– Ermənistan alimlərinin sizin elmi maraqlar müstəvisində gördükləri işləri necə dəyərləndirirsiniz? Ümumiyyətlə onların bu mövzuda müdafiə etdiyi dissertasiya mövzuları ilə tanışsınızmı?
– Doğrusu, bilavasitə tanış olmamışam. Ancaq bir çox tədbirlərdə müxtəlif ölkələrin PhD sahibləri ilə söhbətlərimiz az olmayıb. Həmin fəlsəfə doktorları ilə məqalə mübadilələri etmişik, bizim böyük alimlərimizin məqalələrini onlara təqdim etmişik. Bu mövzuda işini bilən, Ermənistan-Azərbaycan münasibətlərini savadla dərk edən jurnalistlərimizin məqalələrini dünyanın ən nüfuzlu media orqanlarında çap etdirilməsinə nail olmalıyıq. Biz Romada bir tədbirdə olanda təklif etmişdik ki, dövlət xətti ilə xaricdə təhsil alacaq tələbələr arasında jurnalistika fakultəsinin tələbələri də olsun. İnanın, bu çox önəmli məsələdir. Çünki jurnalistlər həm xarici dilləri mükəmməl biləcək, həm də onlar dünya media orqanları ilə əlaqə qura və bizim həqiqətləri doğru-düzgün çatdıra biləcəklər.
– Uzun müddət TV-də işləmisiniz. Hazırda isə Təhsil Nazirliyində çalışırsınız. Gənclərimizin Qarabağ mövzusunda təsəvvürləri haqqında nə deyə bilərsiniz?
-Bu istiqamətdə dövlət tərəfindən kifayət qədər uğurlu tədbirlər həyata keçirilir, müxtəlif çaplı layihələr gerçəkləşdirilir. Ancaq mən bunu qənaətbəxş hesab etmirəm. Düşünürəm ki, bizim gənclərimiz bu istiqamətdə kifayət qədər çalışmalıdırlar. Doğrudur ki, bəzən orta və yaşlı nəsil gənclər haqqında biraz bədbin notlarda danışırlar. Ancaq mən bədbin danışmaq istəmirəm. Bizim kifayət qədər həssas və vətənpərvər gənclərimiz var. Bu mənada bizim üzərimizə də məsuliyyət çox düşür. Biz dərsliklərimizdə, məktəbdə aparılan tədbirlərdə və s. bu mövzuya çox həssas və diqqətli yanaşmalıyıq. Görüləsi işlərimiz, qət ediləsi məsafəmiz çoxdur.
– Gələcək planlarınız? Alim kimi.
– Gələcək planlar dedikdə, bir neçə il bundan qabaq mənim doktorluq dissertasiyam təsdiq edilib. “21-ci əsrdə Azərbaycan təhsilinin Avropaya inteqrasiyası prosesində sosial fəlsəfi problemlər”. Həmçinin bir monoqrafiya üzərində işləyirəm. Bunlar vaxt tapa bilib işlədiyim mövzulardır.
Təbii ki, gündəlik fəaliyyət də var. Bu Təhsil Nazirliyi çərçivəsində olan işlərdir. Gələcəkdə Təhsil Nazirliyinin saytının daha da funksional olması və təhsildən yazan jurnalistlər üçün yay məktəblərinin təşkil edilməsi üzərində çalışırıq. Tez-tez media turlar təşkil edirik. Biz düşünürük ki, bütün fəaliyyət sahəmiz Bakı şəhəri ilə məhdudlaşmalı deyil. Jurnalistlərimizin, təhsil ekspertlərimizin iştirakı ilə regionlarımızda seminarlar təşkil edirik. Artıq Salyanda, İsmayıllıda və Gəncədə seminalarda olmuşuq. Bu tip seminarlarda bölgə şagirdləri və tələbələri ilə jurnalistlərimiz, təhsil ekspertlərimizin müzakirələri olur. Onlara örnəklər, nümunələr göstərilir.
Gələcəklə bağlı kifayət qədər danışmaq olar. Bəzən gələcək haqqında çox absurd fikirlər, planlar söylənilir, ancaq unutmaq olmaz ki, gələcək bu günün davamıdır.
– 1905.az saytına təklif və tövsiyyələriniz?
– 1905.az saytının kollektivinə və rəhbərinə öz minnətdarlığımı bildirmək istəyirəm. Bir vətəndaş olaraq bu saytın ictimai gücünü və imkanlarını çox ciddi dəyələndirirəm. Çünki 1905.az saytı ictimaiyyətə bağlı bir saytdır.
1905.az saytının həm vizual görüntüsü, həm də mövzusu çox gözəldir. Üstün cəhətiniz, 12 dildə fəaliyyət göstərməniz və Azərbaycan həqiqətlərini 12 dildə dünyaya çatdırmağınızdır. Belə bir saytı yeniləmək, gündəlik oxunaqlı saxlamaq asan deyil. Bu işdə sizə uğurlar arzulayıram.
Bir təklifim var ki, təhsil qurumları, təhsil müəssələri ilə biz bir layihə həyata keçirə bilərik. Birgə layihəmiz hər hansı formada: məktəblərdə təqdimatlar təşkil etmək və ya məktəblilər üçün bir bloq açmaqla da ola bilər. Belə bloqlar olarsa, məktəblilər həm bu bloqlardan resurs kimi istifadə edə bilə, həm də öz fikirlərini həmin bloqlarda yaza bilərlər.
Bütün işlərinizdə uğurlar arzulayıram.
– Minnətdarıq, Cəsarət müəllim.
1905.az