1978-ci ildə Qazaxıstan Respublikasının Çimkənd şəhərində anadan olub.
1990-cı ildə ailəliklə Bakı şəhərinə köçüblər. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi idarəetmə fakültəsinin magistraturasını fərqlənmə diplomu ilə bitirib. 2003-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun aspiranturasına qəbul olub, 2006-cı ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Qərb politologiyasında siyasi texnologiyaların yeri və rolu” mövzulu namizədlik dissertasiyasını müdafiə edib. 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının müvafiq əmri ilə Siyası elmlər namizədi elmi dərəcəsini alıb. 2006-cı ildən etibarən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Elmi-metodiki sektorunun müdiri vəzifəsində çalışır.
– Qarabağ düyününün çözülməsi üçün hər birimiz nəsə etməliyik. Bu mənada orta statistik fəlsəfə doktorumuzdan nə tələb olunur?
– Minnətdaram sualınıza görə. Əslində “Orta statistik fəlsəfə doktoru” ifadəsi olduqca qəribə səslənir. Sualınız bilavasitə “məsuliyyət” təzahürü ilə əlaqəlidir. Əfsuslar olsun ki, elmi adının məsuliyyətini dərk etməyən “alim”lərimizin sayı olduqca çoxdur, bu digər bir reallıqdır və xüsusi müzakirələrin predmetidir. Nə tələb olunur sualınızı cavablandırmaq üçün isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sözlərindən sitat gətirmək istərdim: “Bizim diplomatiyamız hücum xarakter daşımalıdır”. Bu sözləri sadəcə siyasi şüar kimi qəbul etmək olmaz, bu sözlər Azərbaycan siyasi sisteminin hər bir institutunun və vətəndaşlıq borcunu duyan, vətəni sevən hər bir fəal azərbaycanlının həyat tərzini və peşə fəaliyyətini xarakterizə edən başlıca meyarı olmalıdır.
Prezidentimizin bu çağırışı bizləri fəalliğa dəvət edir. Hesab edirəm ölkəmizin hər bir vətəndaşı, xüsusilə hər bir alim özünü böyük “təbliğat maşının” tərkib hissəsi kimi hiss etməlidir. Məhz bu halda alimlərimiz vətənin və cəmiyyətinin qarşısında olan öz vətəndaşlıq və peşə borclarını qaytara bilərlər. Hesab edirəm müharibə şəraitində olan və ərazisinin 20% işğal olmuş ölkənin hər bir alimi onun üzərinə düşən bu məsuliyyəti dərk etməlidir. Alim adını daşımaq böyük bir fəxr olmaqla yanaşı böyük məsuliyyət deməkdir.
Yalnız peşəkarlıq və fəallıq sayəsində biz təbliğat məsələlərində əsaslı dəyişiklər əldə edə bilərik. Əgər belə bir ifadəni səsləndirmək olarsa demək istərdim ki, ölkəmizin bir nömrəli PR meneceri cənab İlham Əliyevdir və onun fəallığı hər birimiz üçün nümunə və örnək olmalıdır.
– Erməni alimləri ilə hansısa beynəlxalq tədbirdə görüşməmisiniz ki? Onların elmi və “elm”i haqqında nə demək olar?
– Etiraf etmək nə qədər çətin olsa da deməliyik ki, ümumilikdə onlar daha fəaldırlar və başlıca olaraq onların “fəallığı”nın artıq müəyyən ənənələri də mövcuddur. Faktların təhrif olunması və falsifikasiyası ambisiyalı erməni siyasətinin əsas silahlarındandır. Bu siyasətinin aparıcı qüvvəsi isə məhz erməni ideoloqları və alimləridir. Nəzərə alınmalıdır ki, erməni lobbisi böyük şəbəkəyə malikdir və şəbəkənin kifayət qədər geniş hissəsini məhz erməni alimləri təşkil edir.
Rusiyanın müxtəlif nüfuzlu ali məktəblərində olarkən və beynəlxalq konfranslarda iştirak edərkən, bu faktın dəfələrlə şahidi olmuşam. Bir maraqlı və rəmzi xarakter daşıyan faktı qeyd etmək istərdim. Məlumat üçün bildirim ki, Rusiya Federasiyası prezidentinin yanında fəaliyyət göstərən “Tarixi saxtakarlığının aşkar olunması üzrə xüsusi dövlət komissiyası”nın sədri erməni alimidir. Razılaşın ki, kifayət qədər düşündürücü faktdır. Bu kimi faktların sayını artıra da bilərik. Qeyd olunanlar mütləq olaraq nəzərə alınmalıdır. Məhz elə buna görə də təsadüfi deyil ki, Prezidentimiz bizləri fəallığa dəvət edir. Ona görə də hər zaman təkrar və təkrar cənab İlham Əliyevin bu sözlərini öz yazımlarımda misal gətirirəm.
– Gənc alim Asif Usubəliyevinaraşdrımalarından danışaq.
– Minnətdaram ki, “gənc alim” adlandırırsınız. Əslində artıq bir o qədər də gənc deyiləm və elmə arzu etdiyim qədər zaman ayıra bilmirəm. Peşə fəaliyyətimin xüsusiyyətlərini və sözün əsl mənasında siyasi texnologiyalara tükənməz marağımı nəzərə alaraq son illər yazılarım iki əsas mövzuya həsr olunur: mədəniyyət siyasəti və siyasi texnologiyalar. Əminliklə deyə bilərəm ki, qeyd etdiyim hər iki istiqamətin Azərbaycanda böyük gələcəyi var. Müşahidə və təhlillərim deməyə imkan verir ki, tarixi nöqteyi nəzərdən çox yaxın zamanlarda həm siyasətdə, həm cəmiyyətdə bu iki istiqamətə böyük tələbat olacaqdır. Tələbat isə onların qaçırılmaz aktuallığını müəyyən edir.
– Planlar?
– Planlarım olduqca sadədir: gələcək fəaliyyətimin istiqamətindən asılı olmayaraq vətənimə, işimə və ailəmə xeyirli olmaq. Xahiş edirəm sözlərimi səmimi qəbul edəsiniz və təhrif etmiyəsiniz. Düşünürəm ki, yalnız bu halda öz vətəndaş, övlad və valideyn vəzifələrimi layiqincə yerinə yetirə bilərəm. Yaradıcı planlarımdan ən böyüyü isə 2009-cü ildən etibarən mütəmadi olaraq mətbuatda nəşr etdiyim məqalələrimdən ibarət olan kitabın nəşr olunmasıdır.
– 1905.az portalına tövsiyyələriniz?
– Portala ilk növbədə uğurlar arzulayıram. Olduqca vacib məqsədlər qarşınızda müəyyən etmisiz. Hesab edirəm layihəniz maarifləndirici vəzifə daşımaqla yanaşı bilavasitə dövlətin təbliğat siyasətinin tərkib hissəsi kimi qiymətləndirilməlidir. Məhz bu kimi təşəbbüslərin sayı artdığı təqdirdə təbliğat məsələlərində arzu etdiyimiz nailiyyətləri əldə edə bilərik.
Tövsiyəm isə ondan ibarətdir ki, portal özünün tanıtdırması istiqamətində də müvafiq atdımlar atmalıdır. Məhz istifadəçilərin sayının artırılması nəticəsində Siz daha böyük uğurlar əldə edə biləsiniz. Xarici auditoriyanın cəlb olunması isə xüsusi əhəmiyyət kəsb edir. Bu mənada Sizin müxtəlif ölkələrdə fəaliyyət göstərən azərbaycanlı diasporası ilə əməkdaşlığınız böyük fayda verə bilər.
– Minnətdaram.
Fuad Babayev, 1905.az