1980-ci ildə Ağsu rayonunun Gəgəli kəndində anadan olub. Nəsrəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix fakultəsində bakalavr və magistr təhsili alıb.
2007-ci ildə Milli Azərbaycan Tarixi Muzeyinin aspiranturasını bitirib. 2008-cidə akademik Nailə xanım Vəlixanlının rəhbərliyi ilə “Azərbaycan Tarixi Muzeyinin arxeoloji materialları Azərbaycan tarixinin öyrənilməsində mənbə kimi (ən qədim dövrdən e.ə. IV əsrə qədər)” namizədlik dissertasiyasını müdafiə edib və tarix üzrə fəlsəfə doktoru adını alıb. Hazırda “Son Orta əsr Şirvan şəhərləri (XIV-XVIII əsrlər)” mövzusunda doktorluq dissertasiyası üzərində işləyir.
Azərbaycan, türk, ingilis, rus, norveç, ərəb dillərində 100-dən çox məqalə və tezisləri nəşr olunub. Həmmüəllif olaraq Azərbaycan MEA-nın müxbir üzvü Vəli Əliyev ilə “Ağsunun tarixi səhifələri”(2001-ci il) və Qafqaz Universitetinin müəllimi Mehmet Rıhtım ilə “Mövlanə İsmayıl Siracəddin Şirvani” (2003; 2011-cü illər) kitabları var. Beynəlxalq elmi tədbirlərdə iştirak edirəm. Aşqabad (Türkmənistan), Ankara, İstanbul, Bursa, Kayseri, Konya, Bayburt, Amasiya, Muğla, Uşak, Trabzon, Ordu, Giresun, Erzurum, Ahlat, Van (Türkiyə), Roma, Vatikan, Palermo, Milan (İtaliya), Poznan (Polşa), Tokio (Yaponiya), Ramat-Gan (İsrail), Skopye, Ohrid (Makedoniya), Sarayevo (Bosniya və Hersoqovina), Antverpen (Belçika), La-Rachelle (Fransa), Madrid, Kaseres (İspaniya), Qazimağusa (Şimali Kipr Türk Cumhuriyyəti), İaşi (Rumıniya), Tbilisi (Gürcüstan) şəhərlərində keçirilən konfrans və seminarlarda Azərbaycanı təmsil edib.
2010-cu ilin yanvar ayından MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi İdarə Heyətinin sədridir. 2011-ci ildən Azərbaycan Müəllimlər İnstitutunda Azərbaycan tarixi və Qədim dünya tarixi fənlərini tədris edir. Eyni zamanda Heritage Travel şirkətinin direktoru kimi 2013-cü ildən turizm sektorunda da fəaliyyət göstərir.
– Fəlsəfə doktoru olmaq Sizə nə verdi?
– Hər şeydən öncə fəlsəfə doktoru adı almaq elmdə bir mərhələdir. Bu mərhələnin nəticələnməsi üçün aparılan gərgin araşdırmalar mənim alim kimi formalaşmağımda əsas rol oynayıb. Nəticədə tədqiq etdiyiniz mövzunun və dövrün ən yaxşı bilicilərindən biri olursunuz və istər-istəməz alimlər və tədqiqatçılar sizin mövqeyinizlə razılaşırlar, fəlsəfə doktoru adı bir növ bunu rəsmiləşdirir. Qeyd edim ki, nəinki Azərbaycanda, öz ölkəmizdə, eləcə də dünyada sizin fəlsəfə doktoru mövqeyinizə hörmət edirlər.
–Qarabağ düyününün çözülməsi üçün hər birimiz nəsə etməliyik. Bu mənada Orta statistik fəlsəfə doktorumuzdan nə tələb olunur?
– Fəlsəfə doktoru hər şeydən əvvəl öz araşdırmaları ilə sözünü deyə bilər. Odur ki, sadəcə ad xatirinə deyil, sözün əsl mənasında tədqiq etdiyi sahənin bilicisi olmalı, öz üzərində işləməli və beynəlxalq elmi görüşlərdə mövqeyini nümayiş etdirməlidir. Qarabağ həqiqətləri ətrafında elmi polemikalardan çəkinməməli, doğru bildiyini söyləməli və konkret fəaliyyət göstərməlidir. 2011-ci ildə Xocalı vaxtı sənədli filmini çəkdik, sonra həmin filmin ingilis və türk dillərində dünyanın müxtəlif yerlərində nümayiş olunmasına nail olduq. 26fevral.az portalı da yeni layihələrimizdəndir.
Bəzən içimizdə də problem yaşayırıq, özümüz bir-birimizi anlamırıq. Bəzən düşünürəm ki, Qarabağ mövzusu bəzi alimlərimizin monopoliyasındadır, sizin öz sahənizdə bu mövzuya müraciətinizdən narahat olurlar.
–Erməni alimləri ilə hansısa beynəlxalq tədbirdə görüşməmisiniz ki? Onların elmi və “elm”i haqqında nə demək olar?
Erməni məsələsi ilə bağlı bizim qarşılaşdığımız əsas məqamlar aşağıdakı kimidir:
1. Erməni alimlərinin təqdim etdiyi məruzə və posterlər;
2. Qeyri-dövlətlərin alimlərinin ermənilər haqqında təqdim etdiyi məruzə və posterlər.
Erməni alimləri beynəlxalq konfranslara və simpoziumlara çox zaman qatıla bilmirlər. Bunun əsas səbəbi düşünürəm ki, maddi imkanlarla bağlıdır, dünyanın çox yerində beynəlxalq elmi konfranslara qatılmışam, amma erməni alimləri ilə bilavasitə rastlaşmamışam. Amma ermənilər və onların bölgəmizdəki mirası haqqında beynəlxalq konfranslarda qeyri dövlətlərin alimlərinin məruzə və posterləri ilə qarşılaşmışam, çox zaman yanlış təqdimatın düzəldilməsinə çalışmış və nail olmuşam. Bəzən Azərbaycan xalçalarını erməni xalçası kimi təqdim etmək istəyən türk alimlərə, XIII-XIV əsr erməni əlyazmalarının mürəkkəb boyasından bəhs edərkən “Böyük Ermənistan” xəritəsini göstərən amerikalı alimlərə, XV-XVIII əsrlərdə polşa qırmızısının satıldığı ölkələr arasında Ermənistan ölkəsinin adını çəkən polyak alimlərə, qırmızı erməni qırmızısı adı ilə təqdim edən avropalı alimlərə etiraz etmiş, yazılarının redaktə olunmasına çalışmışam.
Əslində biz erməni “elm”indən şikayətlənməkdənsə, tədqiqatlarımızı beynəlxalq aləmə çıxarmalıyıq, haqqımızda boşluq yaratmamalıyıq. Son zamanlar elmə sərmayə artsa da, bu qənaətbəxş deyil. Türkiyədə hər alimin ildə ən azı bir dəfə beynəlxalq tədbirlərə dövlət hesabına qatılmaq haqqı var. Azərbaycanda isə təcrübəli və gənc alimlər beynəlxalq konfranslara əksərən öz hesablarına qatılırlar. Dövlət hesabına elmi konfranslara göndərilənlər isə daha çox siyasi kimliyi olanlar olur və bu da bəzən ikrah hissi doğurur.
– Fəal araşdrımaçısınız. Hazırda nə üzərində işləyirsiniz?
– Hazırda son orta əsr Şirvan şəhərlərinin tarixini və arxeologiyasını araşdırıram. Arxeoloji tədqiqatlara qatılır, Azərbaycanın zəngin tarixinin üzə çıxarılması, konservasiyası və təbliği sahəsində də geniş elmi araşdırmalarda iştirak edirəm. Orta əsr Ağsu şəhəri, Şıxməzid abidəsi və Mehrəvan qalasında aparılan tədqiqatlarımız Azərbaycan elminə məlum olmayan çox məqamlara açıqlıq gətirib və davam edir.
– Planlar?
– Elmi araşdırmalarla yanaşı, yerli və beynəlxalq layihələrdə də ekspert kimi fəaliyyət göstərirəm.“Təmiz kənd – yerli icmaların iştirakı ilə ekoloji və etnoqrafik identikliyin qorunması və davamlı inkişafı” layihəsi və “Ümumi Mədəni irs şəhərləri” beynəlxlaq layihəsi yaxın planlarıma daxildir. Beynəlxalq simpoziumların təşkilatçısı kimi çıxış edirəm. Qarşıda biri Dehli, biri də Qazax şəhərləri olmaqla iki simpozium elan etmişik, onlara hazırlıq işləri görürük. MİRAS jurnalını nəşr edirik. Gələcək nömrələrimizdən biri Qarabağ sayı olacaq və materiallar toplayırıq.
– 1905.az portalına tövsiyyələriniz?
– 1905.az portalı çox gözəl bir qayə seçib və Azərbaycan, Qarabağ həqiqətlərini müxtəlif dillərdə dünya ictimaiyyətinin diqqətinə çatdırır. Haqlı dava hər zaman sakit və elmi yanaşmalarla təqdim edildikcə, beynəlxalq ictimaiyyət də bunu asanlıqla həzm və qəbul edir. Sizə uğurlar arzu edir, fəaliyyətlərinizə hər zaman dəstək olmağa hazıram.
– Minnətdarıq.
1905.az