Rey Kərimoğlu 1967-ci ildə Ağdam rayonunda anadan olub. Sankt-Peterburq Xarici İqtisadi Əlaqələr və Hüquq institutunun hüquq fakültəsini bitirib. Ermənilərin Azərbaycana qarşı torpaq iddiasına etiraz əlaməti olaraq 1988-ci ilin fevral ayında Ağdam – Əskəran istiqamətindəki yürüşdə iştirak edib. 2-ci qrup Qarabağ əlilidir.
– Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə döyüşçü Rey iştirak edib, yaralanıb. Bəs informasiya müharibəsində jurnalist Rey nələri edib, nələri edə bilməyib və nələri etmək istəyir?
– Bu mənim çox yaralı yerimdir. Bu sahədə xeyli ciddi işlər görmək olar, amma edə bilmirəm. Bir neçə yaxın xarici ölkədə iştirak etdiyim beynəlxalq tədbirlərdə Azərbaycan həqiqətləri ilə bağlı səsləndirdiyim fikirləri çıxsaq, əslində beynəlxalq səviyyədə elə bir ciddi iş görə bilməmişəm. Çalışdığım Beynəlxalq Avrasiya Mətbuat Fondunun yaratdığı imkanlardan faydalanmağa çalışıram. Yalnız Azərbaycan daxilində müəyyən işlər görürük. Düşünürəm ki, arxasında erməni marağı dayanan beynəlxalq donorların Azərbaycandakı “sülh bildirçinləri”nin, “politoloq”larının, hərbi, media və insan haqları üzrə “ekspert”lərinin əli ilə apardığı məkrli siyasətin də qarşısı alınmalıdır.
Bu siyasətin daşıyıcısı olan “azərbaycanlıların” vasitəsi ilə onlar ictimai nəzarət adı altında Azərbaycanın ən strateji strukturlarına əl atırlar. Bu da bizim ümumi işimizə ziyan vurur. Son 3-4 ildə paralel olaraq mənim başım bunlara qarışıb. İstərdim Qərbin müharibə yönümlü təşkilatları ilə ciddi iş qurum, amma ingilis dilini bilməməyim buna mane olur. Amerika Vyetnam Müharibəsi Veteranları ilə yaxşı əlaqələr qurmuşduq, heyf, davam etdirə bilmədik.
Lent.az saytında müharibə xatirələrimi qələmə almışam. O xatirələrdə Qarabağ müharibəsinin mənim gözümlə görünən həqiqəti var. Bu proses necə başladı və necə davam etdi, hamısı orada var. Bu da təbliğatın bir formasıdır. Gələcəkdə bu xatirələrimin rus, ingilis dillərində çapını düşünürəm. Məncə, Qarabağ problemi ilə bağlı obyektiv informasiyanın yayılmasında bunun az da olsa faydası olacaq.
– Azərbaycan mediasının Ermənistanın 110 ildən bəri davam edən soyqırım siyasətinin dünyaya çatdırılması üçün vahid strategiyasına ehtiyac varmı?
– Mütləq ehtiyac var. Çünki pərakəndə, hərə öz bildiyi və istədiyini edəndə nəticə uğurlu olmur, hətta mən deyərdim bəzi hallarda ziyanımıza işləyə bilər. Bizim bu istiqamətdə bir dövlət olaraq strategiyamız işlənilib hazırlanmalıdır. Azərbaycan vətəndaşları o xətt üzrə müxtəlif formalarda və istiqamətlərdə çalışmalıdırlar. Bunun çox uğurlu nəticəsi olar.
Uzun illərdir bizlər yalnız ermənilərin etdiklərini təkrarlamaqla məşğul olmuşuq, özümüzün ideya və təşəbbüsümüz olmayıb. Onlar edib, biz isə elə onların etdiyi formada, bir az da zəif cavab verməyə çalışmışıq. Bu işdə ən başlıca məsələ informasiya savaşıdır. Əvvəlki illərə nisbətən son 10 ildə bu sahədə xeyli işlər görülür, amma yetərincə deyil. Düşünürəm ki, başlanan işin kütləviliyi artmalı, əhatə dairəsi genişlənməlidir. İngilis, rus və digər əcnəbi dili bilən savadlı, yüksək təhsilli, ləyaqətli və dövlətimizi sevən gənclərimizə etimad göstərilməlidir. Ən əsası, informasiya savaşını çox ciddi, yəni planlı və səmərəli aparmalıyıq. Təsəvvür edin, 1991-1998-ci illərdə Çeçenistanın müstəqillik uğrunda Rusiyaya qarşı apardığı hərbi əməliyyatlarda Mövladi Uduqovun informasiya savaşında qurduğu iş sayəsində çeçenlər qalib gəldi. Həmin informasiya savaşı həm daxilə, həm də xaricə yönəlik idi. Bu gün Rusiya Ukraynaya qarşı mübarizədə eyni ssenaridən, amma ölkə daxili üçün məharətlə istifadə edir.
– 1905.az portalına nəyi məsləhət görərdiniz?
– Burada diqqətimi çəkən əsas məqam saytın 12 dildə olmasıdır. Bu, çox yaxşıdır. İstərdim 1905.az sadəcə soyqırımın arxiv bazası kimi qalmasın. Müntəzəm yenilənsin, bu istiqamətdə dünyanın tanınmış simalarından, o cümlədən alimlərindən müsahibələr alınsın. Ən əsası soyqırımın şahidlərinin – xocalılar hələ tam danışdırılmayıb – dilindən hadisələr verilsin. Mövzuya aid müxtəlif reportajlar, xəbərlər verilsə yaxşı olar. Azərbaycanın çox peşəkar reportyorları yetişib. Onlar nə ermənilərdən, nə də ruslardan geri qalır, amma elə Azərbaycan çapında qalıblar. İstərdim sizin saytı imkanı olsa onlardan faydalansın. Uğurlar arzulayıram…
– Müsahibəyə görə Sizə öz minnətdarlığımızı bildiririk.