Azərbaycanda faktaraşdırıcı səfərdə olan AŞPA-nın Siyasi işlər və demokratiya komitəsininDağlıq Qarabağ münaqişəsi məsələsi üzrə məruzəçisi Robert Valter bu gün Milli Məclisdə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri ilə görüşüb.
Parlamentdən APA-ya verilən məlumata görə, görüşdə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qonağa Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verib.
O, təcavüzkar Ermənistanın destruktiv mövqeyi barədə konkret faktları diqqətə çatdırıb. S.Seyidov Ermənistan rəhbərliyinin bu münaqişə ilə bağlı digər mötəbər təşkilatlarda qəbul olunmuş qətnamələr kimi, Avropa Şurasında qəbul edilmiş sənədləri də nəzərə almadığını, prezident Serj Sarkisyanın həmin qərarları “boş kağızlar” adlandırdığını xatırladıb. O, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Qərbdə yürüdülən ikili standartlardan söz açıb, separatçılara münasibətdə beynəlxalq miqyasda obyektivlikdən uzaq münasibət sərgiləndiyini deyib.
Daha sonra R.Valter Milli Məclisdə təmsil olunan siyasi partiya nümayəndələri ilə görüşüb. Görüşdə YAP icra katibinin müavini Siyavuş Novruzov bildirib ki, Milli Məclisin tərkibi Azərbaycanın siyasi palitrasını özündə tam şəkildə əks etdirir, ölkədə fəaliyyət göstərən 50 siyasi partiyanın 11-i parlamentdə təmsil olunur. O, qonağa ölkədə insan hüquqlarının təminatı, digər ölkə və parlamentlərlə qarşılıqlı əməkdaşlığın perspektivləri barədə məlumat verib. Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri layiqincə yerinə yetirməsindən, qurumla əlaqələrin inkişafına tərəfdar olduğumuzdan, iyun ayında Bakıda keçiriləcək I Avropa Olimpiya oyunlarına hazırlıq işlərinin gedişatından, qarşıda duran növbəti parlament seçkilərindən söz açıb.
Millət vəkili çıxışında onu da vurğulayıb ki, 20 ildən artıqdır davam edən Ermənistan-Azərbaycan münaqişəsi bütün regionun təhlükəsizliyini ciddi təhdid altında saxlayır. Son vaxtlar Ermənistan silahlı qüvvələri tərəfindən təmas xəttində atəşkəs gün ərzində 30-35 dəfə pozulur. Deputat öz doğma və əzizlərinin məzarlarını ziyarət etmək üçün işğal altında olan Kəlbəcər ərazisinə keçən iki soydaşımız üzərində qurulan qondarma “Dağlıq Qarabağ Respublikasının məhkəmə”si barədə də məlumat verib. Bunun “məhkəmə” yox, insanlığa vurulan yara, şou olduğunu deyib.
Görüşdə iştirak edən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Ədalət Partiyasının sədri İlyas İsmayılov, Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlı, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı, Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa, Ümid Partiyasının sədri İqbal Ağazadə, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev çıxışlarında onları düşündürən məsələlərdən söz açıblar.
Robert Valter bildirib ki, AŞPA-da Dağlıq Qarabağ məsələsi üzrə məruzənin hazırlanması və bu işin ona tapşırılması Ermənistan nümayəndə heyəti tərəfindən böyük etirazla qarşılanıb: “Ermənistan tərəfi bu məruzənin ATƏT-in Minsk Qrupu tərəfindən hazırlanmasını istəyirdi”. Qonaq məruzənin hazırlanmasında ədalətin, humanizmin əsas fəaliyyət prinsipləri olacağını bəyan edib. Dağlıq Qarabağ probleminin həllinin vacibliyindən danışan qonaq bildirib ki, münaqişənin həllində beynəlxalq hüququn norma və prinsiplərinə istinad edilməlidir.
Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli yolları, regionda və dünyada sülhün bərqərar olması üçün atılan addımlar, bu istiqamətdə səylərin gücləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.