İtaliyanın paytaxtı Romanın Medina İncəsənət Qalereyasında azərbaycanlı gənc rəssamların “Mədəni diplomatiya sənəti – Sülh naminə incəsənət” adlı qrup sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, sərginin açılış mərasimində diplomatik korpusun, mədəniyyət, incəsənət və akademik dairələrin nümayəndələri, həmçinin İtaliyada yaşayan soydaşlarımız iştirak ediblər.
Sərgidə 22 gənc rəssamın 57 rəsm əsəri, eləcə də gənc heykəltaraş Kənan Həsənquliyevin “Qarabağ cəngavəri” adlı heykəli nümayiş olunur.
Ölkəmizin İtaliyadakı səfiri Rəşad Aslanov gənclərin daim dövlətimizin diqqət və qayğısı ilə əhatə olunduğunu, xüsusilə istedadlı gənclərin fəaliyyətinin davamlı dəstəkləndiyini qeyd edib. Bildirib ki, sərgi Azərbaycan və İtaliya arasında körpü rolunu oynayır, incəsənət vasitəsilə mədəniyyət tariximizi və əlaqələrimizi nümayiş etdirir. “Dirçəliş” Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzinin təsisçisi və direktoru İslam Baxşəliyev bildirib ki, sərginin məqsədi Azərbaycanın gənc rəssamlarının istedadını italyanların və bu ölkədəki turistlərin diqqətinə çatdırmaqdır. Sonra iştirakçı rəssamlara səfirlik tərəfindən sertifikatlar təqdim olunub.
Azərbaycanın İtaliyadakı səfirliyinin, səfirliyin tabeliyindəki Mədəniyyət Mərkəzinin və “Dirçəliş” Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzinin təşkilatçılığı ilə keçirilən sərgi yanvarın 29-dək davam edəcək.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma