1905.az portalının suallarını tanınmış rejissor Rövşən İsax cavablandırır.
Rövşən müəllim, serial müstəvisində vətənpərvərlik ruhunu auditoriyaya aşılamırıq. Böyük uğru qazanmış serialın, “Pərvanələrin rəqsi”nin rejissoru kimi bunu necə dəyərləndirirsiniz?
Suala cavab vermək üçün nümunələrə baxmaq lazımdır. Son zamanlar Azərbaycanda qəribə bir şeyin şahidi olmuşam. Ü.Hacıbəyovun “Biz necə iş görürük” felyetonu var. Məsələn, kimlərsə gəlir, fil düzəltmək istəyir, amma bizə qarışqa pulu verib, sonda “Sən Mehmet, Andrey kimi fil düzəldə bilmədin” deyir. Problemin biri budur. Reklam bazarı zəifdir. Ona görə serialın hazırlanmasına xərclənən pulu sabah kanal geri ala bilmir. Dolayısı ilə serial Azərbaycanda ancaq dövlət hesabına çəkilməlidir.
Serial bazarında reytinq böyük faktordur. Serialların efirdə yayımlanan vaxtını və tamaşaçının neçə faizinin qadın, neçə faizinin kişi olduğunu nəzərə alsaq böyük hissə xanımların payına düşəcək. Özü də evdar xanımların payına. Ona görə də seriallar həmin auditoriyanın marağında olan mövzularda çəkilir. Bu da ailə-məişət mövzularıdır.
Məsələn, Türkiyədə özəl kanalların çəkdiyi serialların 99,9%-i bu mövzudadır. Cavanların sevgi macəraları, xəyanət, qısqanclıq, tətil ərəfəsində isə komediya janrlarında seriallar çəkilir. Ancaq TRT kanalında heç vaxt bu janrda serial görə bilməzsiniz. TRT-də dövlət marağını güdən, təbliğat xarakterli seriallar yayımlanır. İnanın, bu serialların reytinqi özəl kanalda olan serialların reytinqindən dəfələrlə aşağı olur. Amma dövlət budcəni ayırır və qarşı tərəfdən reytinq ummur.
2 sənətçini efirə çıxaraq. Onlar arasında olan mübahisə Azərbaycan dili haqqında olan verilişin reytinqini dəfələrlə üstələyər. Ancaq bu o demək deyil ki, Azərbaycan dilinə həsr edilən veriliş olmalı deyil.
Burada iki yol var: ya televiziya tamaşaçının arxasınca getməli, ya da tamaşaçını arxasınca aparmalıdır. Rusiyanın ciddi kanallarında mən ikincini daha çox müşahidə etmişəm.
Rusiyada yaşayan bir dostumun özəl prodakşn şirkəti var. Təsəvvür edin ki, hər ay həmin prodakşn Rusiyanın tanınmış incəsənət xadimlərindən, qədim şəhərlərindən və sairədən bəhs edən sənədli film sifarişi alır və film çəkir. Dövlətdən. Bir dəfə Çexov, bir dəfə Tolstoy, bir dəfə də muzey, şəhər tarixi haqqında. Bizdə belə şey varmı?
Biz nə istəyirik? Onu müəyyən edib, sonra necə etməyi düşünməliyik. Ona görə də bizim seriallarda sizin dediyiniz mövzuların işlənməsini yaxın gələcəkdə təsəvvür belə etmirəm.
Rövşən müəllim, bizim ailə-məişət mövzulu seriallarda müharibədə əlil olan insan və ya hərbi xidmətə gedən bir oğlan obrazını canlandırıb, mesaj vermək olmazmı? Bəlkə var belə seriallarımız, mən bilmirəm…
Seriallarımızın birində var idi. Qarabağ müharibəsində iştirak edən bir obraz canlandırılmışdı. Amma bu çox zəif olub yəqin. Nəzərə çarpmayıb.
Məsələ burasındadır ki, biz yeniləşmək istəmirik, yenilikdən qorxuruq. Portalınızın adı 1905.az.dır. 1905-ci ildən bəhs edən, ermənilərin başımıza gətirdiyi dəhşət haqqında elə bir film çəkərəm ki, onu bütün Avropa yayımlayar. Bunu tam məsuliyyətlə deyirəm. Edə bilərəm. Təəssüf ki, belə bir fikir ortalığa atılsa, ya Rusiya, ya Türkiyə, ya da başqa bir ölkədən rejissor axtarılacaq.
Bir fakt deyim. Qazaxıstanda qazax tarixindən bəhs edən film çəkildi. Rejissoru Hollivuddan dəvət etdilər. Prezident Nazarbayevin maliyyəsi və nəzarəti ilə həyata keçirilən bir layihə idi. Amma uğursuz alındı. Niyə? Çünki heç vaxt Henrix, Robert, ya da tutaq ki, Vilyams qazax ruhunu tuta bilməzdi.
Tariximizin kifayət qədər maraqlı səhifəsi var. Elə film çəkmək olar ki, damarda qan da qaynayar. Musiqindən tutmuş, tarixə qədər ölkəni təbliğ etmək olar. Mən bunu bacararam, edə də bilərəm.
Bir konserti Avropada təşkil etmək üçün dövlət kifayət qədər pul xərcləyir. Amma 3 konsert puluna elə serial çəkmək olar ki, 6 ay hər gün fransız, italyan, alman ona baxar. Necə ki “Möhtəşəm yüzil”ə baxıldı. Serialda bir balabanın necə düzəldiyini göstərməklə biz “balaban bizimdir” deməkdən azad olarıq. Bizim olduğu serialdan görünəcək. Və yaxud serialda iki nəfərin “Sarı gəlin”i zümzümə etməsi “bu mənim mahnımdır” deməkdən daha inandırıcıdır. Amma niyə görəsə bu arzular elə arzu olaraq qalır. Mən bizim nə istədiyimizi bilmirəm. Kütlənin marağına cavab verən serial çəkməliyəm, yoxsa dövlətin marağını qorumalıyam? Bunu bilmirəm.
Kino sənəti sərhəd tanımır. Çoxlu sayda görüşlər və səfərləriniz olur. Qazaxıstan təcrübəsindən də danışdıq. Ermənistanda necədi vəziyyət? Heç şübhəsiz onlar da serial çəkir…
Heç rast gəlməmişəm. 4 ildir hər yay Gürcüstana gedirəm. 4 ildir gürcü televiziyasında ancaq türk seriallarının yayımlandığını görmüşəm. Tərcümə edib yayımlayırlar. Azərbaycan tarixinin tanınmış şəxsiyyətini götürək, məsələn, Babəki, Şah İsmayıl Xətaini. Biz onlar haqqında türklərin “Möhtəşəm yüzil”i kimi iş ortaya qoysaq bizi topa tutub atarlar. Deyəcəklər Babəkin başqa problemi yox idimi?
Türkiyə prezidenti səhv etmirəmsə, Sultan Süleymanın obrazının canlandırılması ilə bağlı iradlarını səsləndirmişdi.
Amma buna baxmayaraq onun şəxsiyyəti qorunurdu. Yenə də deyirəm, XX əsrin əvvəllərindən bəhs edən serial çəkmək olar. 24-26 seriallıq bir film. Bu serial bütün dünyada baxılar.
Yəni bizim kadr çatışmazlığı kimi problemimiz yoxdur. Bu serialı gerçəkləşdirmək üçün aktyor ansamblı da var…
Prestij adına kimisə dəvət etmək olar. Məsələn, bir fransız aktyorunu. Serialda fransızı oynasın. Amma Azərbaycanda aktyor potensialı kifayət qədər güclüdür. Əsas məsələ rejissor naşı olmalı deyil.
Azərbaycanda maliyyə imkanı çox olan adamlar var. Məsələn, “Difai”dən bəhs edən bir film çəkilir və bir müddət sonra bütün Avropa ekranlarında səs-küy doğurur. Serial pul gətirə bilər. Bunun biznes tərəfi də var deməli. Necə düşünürsünüz, belə bir biznes plan ortaya qoyularsa azərbaycanlı sahibkar bununla maraqlanmazmı?
Çox cəhd etmişəm. Bir az inamsızlıq var. Haqlı yerə. “Ağrımayan başıma dəsmal bağlamayım” prinsipi var. Kimlərsə istəsə də bunu etməyə çəkinib. Öz sahəsi olmadığına görə.
Bizim adicə məişət mövzusunda olan filmi məsələn, Gəncədə çəkmək üçün maliyyəmiz yoxdur. Bu qədər primitiv poblemlərimiz var. Bir dəfə dostlarla söhbət edəndə dedim ki, televiziyalarımızın səhər verilişlərinə baxanda adama elə gəlir ki, Bakıdan başqa heç yerdə günəş çıxmır. Çünki bütün verilişlərin pərdəsində günəş Bakıdakı günəşdi. İndi “Difai”dən film çəkiriksə Gəncəyə getməliyik. Deməli, hər şey çox fərqli alınacaq. Onu da deyim ki, Gəncə iqlimi kino üçün çox əlverişlidir. Rənglər çox parlaq alınır. Külək az olduğuna görə, səs təmiz yazılır və s.
Bu problemin nə zaman çözüzələcəyi də bəlli deyil..
Kino sahəsi maraq dairəsinə düşsə çözülər. Və ya yaddan çıxıb. Yada düşmür. Bilmirəm necə etməliyik ki, qarşı tərəfdə buna maraq yarada bilək. Gücüm ancaq gördüyüm işləri ortaya qoymaqdır. Belə bir fikir var ki, kinorejissorun yaşı 40-dan çox olmalıdır. Yəni yaşım buna imkan verir. Ağlımın tələb etdiyini fiziki durumum qarşılaya bilir. Yuxusuz da qalaram, dağ başına dırmaşaram da. Həvəs isə öz yerində. 27 ildi bu sahədəyəm.
Gələcək planlarınız.
Bir serial üzərində işləyirik. Maliyyə məsələləri həll edə bilsəm payızda çəkilişlərə başlayacam. Və yaxın gələcəkdə ikinci bədii filmimi çəkmək üçün təqdimat edəcəm. Ssenarini ya Mədəniyyət və Turizm Nazirliyinə, ya da “Azərbaycanfilm” kino studiyasına təqdim edəcəm.
İnanın, efirdə bəzən elə şeylərlə rastlaşıram ki, zəifdir demirəm, deyirəm ayıbdır. Onları görəndən sonra təvazökarlıqdan uzaq olsa da deyirəm mən filan şeyi bacarıram. O pis təvazokarlığı niyə etməliyəm? İxtiyarımda olsa deyərdim ki, olmasın belə şey. Bəlkə, bir qurum yaransın ki, sən onun üzvü olmalısan ki, efirə çıxasan. Niyə belə şeylər yayımlayırıq? Niyə hər şey eyni qiymətə oldu bazarda? Ağrılı məsələdi…
Deyək ki, Azərbaycanda 40 kanal var. 9 milyona nəzarət etmək daha asandır, yoxsa 40 adama? Hər kəs öz kanalına nəzarət etsin, cavabdehlik daşsın. Məsuliyyətsiz dövrdə yaşayırıq. Ona görə də vəziyyət belədir.
Maraqlı söhbət üçün çox minnətdarıq sizə, Rövşən müəllim. İşlərinizdə uğurlar.
Mən də sizə təşəkkür edirəm, yada saldığınız, dəvət etdiyiniz üçün.
Fuad Babayev, Aynur Hüseynova
1905.az