Suallarımızı yazıçı Rövşən Yerfi cavablandırdı.
– Rövşən müəllim, indi hansı əsər üzərində çalışırsınız? Sirr deyilsə…
-İlk növbədə söhbətə dəvət etdiyiniz üçün təşəkkür edirəm. Xasiyyətim elədir ki, daim səmimi olmaq istəyirəm, sirr saxlamağı xoşlamıram. Düzünü deyim ki, hazırda heç bir ciddi əsər üzərində çalışmıram. Həyatımın qayğılar baxımından ən çox artan dövrünü yaşayıram, Onların çoxluğundan hələki istədiyim yaradıcılıq aurasına daxil ola bilmirəm. Arabir mövzu məni tutanda hekayə, kişik esse yazıram, xeyli vaxt olar povest, roman yazmağım alınmır. Qadın mövzusunda və həm də qadın həbsxanasından bəhs edəcək yeni povestimin girişini bir il olar yazıb dayandırmışam. Bir səbəbi ovqatımın olmamasıdırsa, digər səbəbi olmuş bəzi hadisələrin köhnəlməsini gözləməyimdir. Əgər taleyimdə varsa, inanıram ki, Allah başladığım bu işi tamamlamağa imkan verəcək. Yazıçı ən böyük Yaradıcının iradəsini yazıya köçürən duyumlu bir icraçıdır, mənim fikrimcə…
– İlk hekayəniz 1989-cu ildə dərc olunub. Düz 30 il bundan əvvəl. 30 illik yolu hansı mərhələlər bölmək olar?
-Qəribə də olsa, 7 illik bölümlərlə bir neçə mərhələlərə bölmək olar. Birinci yeddi ildə – 1996-cı ilədək 8 hekayəm dərc edilmişdi. İkinci yeddi ildə – 2003-cü ilədək təkcə “Rekviyem” hekayəmdən başqa heçnə nə yaza və dərc etdirə bilmədim. O zaman bir neçə qapalı cəzaçəkmə müəssisəsində işlədim, gərgin iş rejimində yazmağa, yazmaqla bağlı düşünməyə belə imkanım yox idi. Hətta məni belə bir qorxu almışdı ki, daha mən yaza bilməyəcəyəm. Şükürlər olsun ki, üçüncü yeddi ildə mən yazmaq aləminə qayıda bildim, jurnallarda dərc olundum, 4 kitabım çap olundu. 2010-cu ildən sonra isə – dördüncü yeddi ildə internetin vasitəsi ilə tanınma mərhələsi başladı və az da olsa daimi oxucu qazanmağımla nəticələndi. Hazırda iki ildir beşinci yeddi ili yaşayıram, necə nəticələnəcək, davamı olacaqmı, Allah bilir. Qısası, son 10 ildə özümü yazıçı hesab edirəm, əvvəlki 20 il həvəskar yazarlıqdan artıq olmayıb. Təəssüf ki, gəncliyim 90-cı illərə, ədəbiyyatın sustalmış dövrünə düşdü, yazmağa peşə kimi çox gec – 37 yaşımdan başladım. İşarə sayı qırx mindən üç yüz minədək olan 14 əsər yazsam da, illər ötdükcə fəallığımın azalmasını hiss edirəm.
– Cəzaçəkmə müəssisələrinin həyatından bəhs edən əsərlərinizdən danışaq.
-Bu mövzuda ilk yazım “Residivist”dir. Ardınca “Üzdəniraq ada”, “Qadın düşərgəsi”, “Qazamat sanitarları”nı yazdım. Məqsədim həbsxana həyatını olduğu kimi göstərmək, heç nəyi artırmadan, əksiltmədən, pisini də, yaxşısını da oxucuya tanıtmaq, azadlığın şirinliyini çatdırmaq olub. Mənim yazılarımda təxəyyül azdır, əsasən gördüklərim, eşitdiklərim və məhkəmə hökmlərimdə oxuduqlarımdır, yəni acı reallıqlardı. Əvvəlki söhbətlərimdə qeyd etdiyim kimi bu əsərlərin həbsxana haqqında yazılan başqa bədii kitablardan əsas fərqi onların keçmiş məhkum tərəfindən yox, əməkdaş nəzəri ilə yazılmasındadır. Hansı ki, bir qayda olaraq həmin kitablarda “paqon” deyilən tərəf kirli örtükdə təqdim olunur. Mən isə həm oğru aləminə, həm də ədliyyə işçisinə eyni gözlə yanaşmağa çalışmışam. Digərlərini demirəm, həcmcə böyük olmayan “Residivist”in yeniyetmələrin tərbiyəsi üçün orta məktəbdə sinifdənxaric oxu siyahısına salınmasını çox istərdim. İnsanın istəmədən, adi ailə-məişət ixtilafları üzündən necə cinayətkara, residivistə çevrilməyini bilərdilər. Görərdilər ki, adam doğmaları, yaxınları tərəfindən atılandan sonra necə gərəksizləşib dəyərdən düşür…
– Əsərlərinizin ikinci böyük mövzusu qadın mövzusudur.
-Bəli,qadın mövzusu daim məni düşündürüb. Mənim nəzərimdə bu mövzudan böyük, zəngin, gərəkli ikinci bir mövzu yoxdur. Bu mövzuda üç povest (“Sel”, “Günahsız qatil”, “Müqəssir”), beş hekayə, bir neçə esse, mənsur şeir yazmışam və hər vaxt yenə yazmağa hazıram. İnternetdə ən çox oxunan kitabım əvvəllər “Üzdəniraq ada” idisə, son illər “Günahsız qatil” onu üstələyib. Oxunma iyirmi minə, yüklənmə sayı isə dörd minə yaxınlaşmaqdadır. Taleyinin üzüdönüklüyündən fahişəyə çevrilən qız başqaları kimi sevmək istəyir və qısqanclıq onu “günahsız” qatil edir. Görünür gəncləri belə süjetlər daha artıq maraqlandırır.
– İndi də Yerfidən danışaq. Daha doğrusu, “Yerfi silsiləsi”ndən..
-“Yerfi silsiləsi” sonuncu kitabımdı. Əsasən kiçik esselərdən ibarətdir, düşünməyi xoşlayanlar üçündür. Bu kitab mənim daxili aləmimdi, özüməm. Həyat, insan, tale, eşq, tanrı, xalq, vətən haqqında düşüncələrimdir. Şəxsiyyətlərdən Fətəli xan, Məmməd Araz, Əlibala Hacızadə, Baba Pünhan, Rafiq Tağı və tanınmağımda mənə böyük köməyi dəymiş, mərhum ziyalımız Elxan Rzayev barədə fikirlərimdir. Qeyd edim ki, kitabı elə onun – Elxan Rzayevin xatirəsinə həsr etmişəm. Bəzi esselərdə bacardığım qədər filosofluq etmək istəmişəm. Kitabın üz qabığı Maral Rəhmanzadənin “Yerfi” rəsm əsərinin şəklidir. Baş Qafqaz sıra dağlarının yan silsilələrindən birinin adı Yerfi silsiləsidir, eyni zamanda kitabın içindəki 51 kiçik esselər də sanki bir silsiləyə bənzəyir.
– Kitablarınızın elektron formatda yayımlanmasını təşkil etmisiniz. Hansı zərurətdən yarandı bu?
-Oxunulması üçün, oxucu qazanmaq zərurətindən. Bilirsiz ki, hazırda sovet dövründəki kitab sənayəsi yoxdur. Kitabın reklamı, onun oxucuya çatdırılması xərc tələb edən çətin bir prosesdir. Satışda uğur qazana bilmədiyimi görəndə 2013-cü ildən təbliğat üçün interneti seçdim. Hiss etdim ki, kitabımı pul vermədən oxumaq istəyən çoxdur. 12 adda elektron kitabım ona yaxın saytda qırx beşdən çox pdf-də yayımlanır. Bunun nəticəsidir ki, artıq internetdə təqribən sayı dörd mini ötən oxucularım var. Oxucularımın rəğbətini internetin hesabına qazanmışam, desəm səhv etmərəm.
– İndi də ənənəvi kitab yayımından danışaq. Kitab satılmalıdır. Bu öz yerində. Kitab həm də təqdim olunmalıdır. O cümlədən imza günlərində.
– Əlbəttə, elədir. Kitab satılmalıdır. Satılır da, gəl ki, ən yaxşı halda on ay gözləməli oluram. Ola bilsin reklamını, təbliğatını qura bilmirəm Etiraf edirəm ki, mən kitabları gec satılan müəllifəm. Bu səbəbdən maddi gəliri kənara qoyub, oxucu qazanmaq üçün pdf-ləri internetə yerləşdirirəm. Mənim üçün satışdan vacib kitabın oxunmasıdır. Oxunursa, demək, yaşamağa və yazmağa dəyər.
– Kitablarınızın elektron yayımı mane olur bəlkə?
– Yox, mən hər növbəti kitabımın tirajının əsas hissəsi satılandan, çap xərci çıxandan sonra elektron versiyanı yayıram. Odur ki, kitablarımın gec satılmasının “günahkar”ı kitablarımın özüdür, mənəm. (gülür)
İmza günlərinə gəlincə. Məni dostlarım həmkarlarımın kitab təqdimatlarında, imza günlərində görünmədiyimə görə qınayırlar. Bu barədə facebook-da da yazmışam. Düzü belə tədbirlərə gedib, sonra da öz tədbirində iştirak üçün “toy siyahısı” kimi adlarını qarşına qoyub, hər birinə zəng edib, mesaj yazıb şəxsən dəvət etməyi nə xoşlamıram, nə də bacarmıram.
Yeri gəlmişkən, rəhmətlik Elxan Rzayevin adını çəkməyə bilmərəm. Bakı Kitab Klubunun təşkilatçılığı ilə 2010-cu ildə “Qadın düşərgəsi” , 2012-ci ildə “Üzdəniraq ada”, 2014-cü ildə “Lənətə gələnlər” kitablarımın təqdimat mərasimləri məhz onun sayəsində baş tutdu.
– Yaradıcılıq planlarınız. Gələn il 55 yaşınız tamam olmalıdır.
-Heç inanmağım gəlmir, elə bil başqası haqqında deyirsiz. İçimdə özümü on yaş kiçik duyuram. Dayandığım yerdən yuxarı baxıram həyəcanlanıram, aşağı baxıram, şükür edirəm. Allah bilən yaxşıdı, nə məsləhətdirsə, o da olacaq. Dindar deyiləm, amma qədərə inanıram. Yaradıcılığa gəldikdə isə hələlik qarşıdakı payızda, ya da yazda həbsxana haqqındakı hekayələrimi və 2 pyesimi kitab halında çap olunmasının arzusundayam, əlbəttə ki, çap xərci xeyirxah adamların köməyi ilə düzələrsə…
Fuad Babayev, 1905.az