
– Rövşən müəllim, bu yaxınlarda 60 illik yubileyinizi qeyd etmisiniz. Bu tarix həm də daxili hesabat üçün səbəb ola bilər.
– Məni yazıçı olmağa sövq eləyən 10 yaşında Cəfər Cabbarlını oxumağım olub. İndi tam məsuliyyətlə deyə bilərəm ki, arzuma çatmışam. Özümü yazıçı adlandıra bilərəm. Yazıçı ola bilmişəm. Oxucularım var, məni tanıyırlar. Yazıçı kimi qəbul edirlər. Düşünürəm ki, ən əsas da elə budur. 60 illiyin astanasında kiçik bir arayış paylaşdım. Həmin arayış hesabat xarakterlidir və rəqəmlərin, özü də şişirdilməmiş, real rəqəmlərin dili ilə yaradıcılıq yolum barədə məlumat verir.
İmzası ilk dəfə orta məktəbdə oxuyarkən “Azərbaycan pioneri” qəzeti və rayon qəzeti “Şəfəq”də görünüb. Respublika mətbuatında ilk böyük məqaləsini (“Nur çeşməsi”) 1988-ci ildə “Bakı” qəzetində yazıb. O dövrdən mütəmadi olaraq qəzetlərdə (“Azərbaycan gəncləri”, “Azərbaycan”, “Mədəniyyət”, “Bakının səsi”, “Aydınlıq”, “7 Gün”, “Mübarizə”, “Millət”, “Şəfqət”,“Yeni xəbər”, “Ədalət”, “Kaspi”, “Gündəlik teleqraf”, “525-ci qəzet”, “Türküstan” və s.) məqalələri çap olunub. Yeniyetmə çağlarından şeir və mənsur şeirlər yazaraq yaradıcılıqla məşğul olsa da, əsasən 1987-ci ildən “May çiçəyi” uzun hekayəsi ilə fəal nasir fəaliyyətinə başlamış, vaxtaşırı ədəbi dərnək və məclislərdə (“İlham çeşməsi” (1986-88), “Yaşıl qələmlər” (1989), “Dirili Qurbani məclisi” (2004-14)), tədbirlərdə iştirak etmişdir. Mətbuatda ilk hekayəsi (“Demokratik seçki günü”) 1989-cu ildə dərc olunub. Həmin il Azərbaycan Mədəniyyət Fondunun keçirdiyi “Debüt-89” respublika ədəbi yaradıcılıq müsabiqəsində təqdim etdiyi beş hekayə ilə (münsif: Mövlud Süleymanlı) nəsr üzrə qalib olub. 2003-cü ildən Rövşən Həsənli imzasını Rövşən Yerfi ilə əvəzləmişdir. 2004-cü ildə “Üzdəniraq ada” adlı ilk kitabı işıq üzü görüb. Ədəbi orqanlarda isə ilk dərc edilən əsəri “Sel” (“Azərbaycan” jurnalı, 2006) povestidir. Esse yaradıcılığına “Azadlıq eşqi, yoxsa İlahi sevgisi” (“Ulduz” jurnalı, 2007) essesi ilə başlamışdır. 2008-ci ildə “Qadın düşərgəsi” povesti Bakı “Kitab Klubu”nun həyata keçirdiyi “Sınaq nüsxəsi” layihəsində bəyənilmişdir. 2010 və 2012-ci illərdə hekayələri (“Gözaydınlığı”, “Ruzi”) Azadlıq Radiosunun “Ədəbi Azadlıq” hekayə müsabiqəsinin “Seçmə hekayələr” siyahısına düşmüşdür. 2024-cü ildə “Məhbəs” iki cildliyi “Mücrü” nəşriyyatı tərəfindən “İlin nəsr kitabı” elan edilmişdir. 2009-cu ildə “Residivist”, 2010-cu ildə “Qadın düşərgəsi” və “Günahsız qatil”, 2012-ci ildə “Üzdəniraq ada” (təkrar nəşr), 2013-cü ildə “Penitensiar lövhələr”, 2014-cü ildə “Lənətə gələnlər” və “Şanssız”, 2015-ci ildə “Qazamat sanitarları”, 2017-ci ildə “Müqəssir”, 2018-ci ildə “Yerfi silsiləsi”, 2020-ci ildə “Həyat etüdləri” və “Qanadı sınmış mələklər”, 2022-ci ildə “Məhbəs”, 2023-cü ildə “Məhbəs (ikinci kitab)”, 2024-cü ildə “Çiçək” adlı kitabları (17 kitab) çap edilmişdir. Beş kitabı yalnız pdf formatında: “40 hekayə” (2022), “Mənim gündəliklərim” (2022), “Məhbəs pyesləri” (2022) – 3 kitabı Kitabxana.net, 2 kitabı – “Baba yurdu” (2022), “Rafiq Tağı müasirimizdir” (2025) isə PDFyukle.com saytlarında yayımlanır. Altı kitabın redaktorudur. Dörd kitaba ön söz yazmışdır. Altmışdan çox kitabda mətn tərtibatçısı, korrektor, koordinator, məsləhətçi olmuşdur. Kitablardan əlavə əsərləri onlarla qəzetlərdə (“Günaydın”, “Şəfəq”, “Mübarizə”, “168 Saat”, “Serial”, “Avtoritet”, “Nəbz”, “Sənət”, “Kaspi”, “Həftə içi”, “Yeni xəbər”,“Millətim”, “525-ci qəzet”, “Türküstan” və s.), ədəbi mətn və digər məqalələri saytlarda (Yenisi.net, Parlaq.org, Azadlıqradiosu.az, Doqquziklim.net,Kult.az, Adyazar.az, Dayaq.org, Kulis.az, ANN.az, Olaylar.az, PİA.az, Musavat.com, Qafqazinfo.az, Kultur.az, Avanqard.net, Kaspi.az, Adalet.az, Portal.azertag.az, Senet.az, Milli.az, Teleqraf.com, Kultura.az, Qadın.net, 525.az, Literaz.com, Azadyazi.com, Qaynar.info, Cebhe.info, Mustaqil.az, Edebiyyat.az, Manera.az, Yarpaq.az, Mucru.art, milliarxiv.gov.az, Modern.az, Litpark.az, Zerifkolgeler.com və s.), “Azərbaycan”, “Ulduz”, “Yazı”, “Mars”, “Aran”, “Eko-inter”, “Ədəbi ovqat” jurnallarında, 5 hekayələr, 1 şeirlər toplusunda, “Dirili Qurbani” ədəbi məclisinin 6 almanaxında dərc edilmişdirr. “Lənətə gələnlər” əsəri isə Android mobil sisteminə yerləşdirilib (06.2016-08.2018), istifadəçilər tərəfindən 2000 dəfədən artıq yüklənilmişdir. Həmin dövrdə mobil sistemdəki play marketin e-kitap bölümündə “Günahsız qatil”, “Müqəssir” və “Qadın düşərgəsi” kitabları da yayımlanıb. Ümumilikdə üç roman, doqquz povest, bir memuar, iki pyes, bir oçerk, üç uzun hekayə, altmış bir hekayə, səksən iki kiçik esse, dörd xatirə yazısı, otuz mənsur şeir, ondan çox şeirin, qəzetlərdə dərc edilmiş yüz altmışdan artıq məqalənin, o cümlədən yetmişədək ədəbi publisist yazıların müəllifidir. Axar.az, Adalet.az, Yeniavaz.com, Edebiyyat.az, Cebhe.info, 1905.az, Kult.az, Kulis.az, Teleqraf.com, Moderator.az, Qaynar.info, Azadlıqradiosu.az, Musavat.com, Azertag.az və sair saytlarda onunla otuzadək müsahibə aparılıb. YouTube kanallarında “Müqəssir” romanı, “Lənətə gələnlər”, “Ziyarət”, “Residivist” povestləri, “Rekviyem”, “Axır nəfəs”, “Qeyri-adi “köç” hekayələri və “Qubalı qız”lar”, “Qubanın ağ alması”, “Yerfi silsiləsi”, “Yerfi xalçaları” kiçik esseləri səsləndirilmişdir.
– Bədii yaradıcılıqla məşğul olduğunuz illər ərzində nəşriyyatların dəstəyini hiss etmisinizmi?
– Nəşriyyatların hamısını deyə bilmərəm, kömək edənləri olur. 2008-2014-cü illərdə Bakı Kitab Klubunun, 2013-2015-ci illərdə “Zero”nun dəstəyi olub. Son beş ildə “Mücrü” nəşriyyatı ilə əməkdaşlıq edirəm. Beş ildə beş kitabım çap olunub. Hər birində çap prosesində mənə müəyyən qədər güzəştlər ediblər. Bildiyimə görə onlar gənc müəlliflərə də imkan daxilində maliyyə güzəştləri edirlər, hətta olub ki, onlardan bir neçəsinin kitabını pulsuz çap ediblər.
– Ədəbi tənqid necə, kömək edirmi?
– Məncə ədəbi tənqid daha çox görüntü yaratmaqla məşğuldur. Müzakirə, təhlil, tənqid demək olar yox dərəcəsindədir. Əsasən ortada tərifdir. Daim təriflənənləri yenə də növbə ilə tərifləyirlər. Reklam hesab edib pisin də adını çəkmirlər. Bu sayaq ədəbi tənqidin olmasındansa olmaması yaxşıdır. Mənim nəzərimdə onun elə bir əhəmiyyəti qalmayıb. Özümdən bir misal çəkim, on il əvvəl bir tanınan tənqiçiyə “Lənətə gələnlər” povestimi göndərdim. Xahiş etdim ki, münasibətini bildirsin. Mənə bir cümlə ilə cavab verdi ki, “bu povestdə ədəbiyyat görmür”. Povest çap olundu, pdf-i virtual kitabxanada yerləşdirildi. İnternetdə ona yaxın saytda yayımlandı, playmarketdə iki min dəfə yükləndi. Hazırda səsli kitabda dinləmə sayı üç mini ötüb. Belə çıxır ki, bu insanlar ədəbiyyat nədir bilmirlər, ədəbiyyatdan xəbərləri yoxdur.
Bilirsinizmi, ədəbiyyatda tam bir laqeydlik var. Yaxşı da yazsan, pis də yazsan, demək olar ki, heç kim heç kimin kitabını oxumur, maraqlanmır. Əksəriyyət ümumi yox, öz mənafeyi üçün və özünə sərf edən kəs üçün nəsə etməyə çalışır. Ona görə də bu cür tənqidi, yox hesab etsək, doğru olar.
– İndi də oxucularımızdan danışaq.
– Kitab satışının, mütaliə mədəniyyətinin zəifləməsi ilk növbədə insanların dolanışığı ilə bağlıdır. Dolanışıq çətinlikləşdikcə, qayğılar artdıqca kitab almaq, oxumaq arxa plana keçir. İnsanları nə qınayım, axır illər mən özüm də kitaba pul xərcləməyi minimuma endirmişəm. Imkanların zəifləməsi səbəbindəndir ki, indi gənclərin çoxu kitab almaqdan çox elektron formatda oxumağı üstün tuturlar. Amma nəzərə almırlar ki, belə etməklə pula qənaət etsələr də, gözlərinin nuruna əvəzedilməz ziyan vururlar, illər keçdkcə gözlərinin zəifləməsini sürətləndirirlər, sonra da eynəyə möhtac qalırlar. Oxucularım əsasən sayı minlərlə olan internet istifadəçiləridir. Misal üçün kitab saytlarından birində “Günahsız qatil” adlı pdf-in beş mindən artıq yüklənməsi var. Mənim qənaətimə görə bir xoş nəticə var ki, mütaliə edənlər arasında qadınlar kişilərdən çoxdur. Məsələn, 1000kitap.com saytının araşdırmasına əsasən mənim saytda qeydə alınan oxucularımın 91 faizi qadınlardır. Onların mütaliədə üstünlük təşkil etmələrini bir çox tanınan yazıçıların dilindən də eşitmişik.
– Kitab mağazalarının fəaliyyətini necə dəyərləndirərdiniz?
– Kitab mağazalarının rolunda müsbət bir dəyişiklik yoxdur. Beş il qabaq nə vəziyyətdə idilərsə, elə də qalırlar. Kitab satışı, kitab alanların sayı artmadıqca onların fəaliyyətindən nəsə gözləmək, ummaq düzgün deyil.
– Yaradılığa yeni başlayan gənc qələm sahiblərinə nələri tövsiyyə etmək olar?
– Gənc yazıçılara tövsiyyə verməkdə bir qədər çətinlik çəkirəm. Onları gözləyən çətinliklər çoxdur. Birincisi, daim artmaqda olan çap xərci. Bildiyimə görə son bir ildə çapda istifadə edilən materialların xərci bir yarım – iki dəfəyədək artıb. Çapdan sonra həmişəki kimi yenə problemlər onun yayımında, reklamında, satışının təşkilindədir. Hamısı da qazancdan normal pay istəyir. Qonorar almayan, nəşrin xərcini çəkən müəllifə üstəlik minnət qalır. Xəcalət verilir ki, “bizə çatan pul qane edici olmasa da, kitabını sənə görə yola verərik.” Belə səbəblər üzündən, çap, reklam, satış xərclərinə görə son üç ildə PDF formatında beş elektron kitab hazırlamışam. Hazırda internetdə dörd saytda onlar yayımlanır, oxunur. Nə vaxt maddi imkan olar, götürüb rahatca çap etdirmək olar. Açığını deyim ki, çoxları tərəfindən ağılsızlıq kimi qarşılansa da, ilk kitabım çap olunandan, iyirmi ildən çoxdur ki, mən heç vaxt qarşıma kitabdan, ədəbiyyatdan maddi gəlir qazanmaq məqsədi qoymamışam. Kitab, ədəbiyyat mənim üçün varlığımın sübutu, ruhumun ifadə vasitəsi, özümü təsdiqimdir…
– Sizə yaradıcılıq uğurları arzulayırıq.
– Çox sağ olun. Bir həqiqətdir ki, insana başqaları tərəfindən ən səmimi sözləri demək, diqqət göstərmək əsasən dünyasını dəyişəndə yada düşür. Əminəm ki, mənim üçün də belə olacaq. Məhbəs haqqında yazdığım ilklərə görə iki-üç cümlə ilə də olsa xatırlayacaqlar. Amma, deməliyəm ki, siz digər gözlədiklərimdən fərqli olaraq son altı ildə üçüncü dəfədir ki, mənə qarşı səmimiyyətinizi, diqqətinizi əsirgəmirsiz. Buna görə sizin sayta, kollektivə minnətdarlığımı çatdırıram, var olun!
Fuad Babayev, 1905.az
Müsahibə 26 aprel 2025-ci ildə götürülüb