21-ci əsrin 21-ci ilində Azərbaycan vətəndaşı öz övladını “rus məktəbi”nə qoyur?!
Özü bilər.
Bu onun seçimidir. Bu seçimə həvəslə müfəttiş sayağı yanaşmağa nə ehtiyac var? Anlaşılan deyil, nəyə görə bu məsələni lazım ola biləcəyindən artıq qabartmalıyıq?
Lap tutaq ki, qabartdıq. Və başladıq bu məsələnin nə dərəcədə təhlükəli məsələlərdən olduğunu çeşidli yollar, vasitələrlə əsaslandırmağa. Bəs sonra?
Sonra nə olacaq?
Doğrudanmı, övladını “rus məktəbi”nə qoymaga qərar vermiş hansısa vətəndaşımızın bu əsaslandırmalara qulaq verib fikrindən daşınacagına inanırsınız?
Mən inanmıram.
Əgər vətəndaş özünü və ailə üzvlərini “rus məktəbi”ndə təhsilin daha yüksək səviyyədə olduguna inandıra bilibsə və yeri (lazım?) gəlsə bu əslində xeyli dərəcədə şübhəli postulatı konkret misallarla sübut etməyə hazırdırsa… Niyə fikrindən daşınmalıdır?
Əgər vətəndaş övladının Azərbaycan dilini onsuz da biləcəyinə əmindirsə… Və uşağın “rus məktəbi”nə getməyəcəyi təqdirdə heç olmasa şimal qonşumuzun dilini öyrənə bilməyəcəyinə şübhə etmirsə, niyə daşınmalıdır fikrindən?
Övladını “rus məktəbi”nə qoymaqla ona ”birinci kosmik sürət” verib avtoxton əhalinin qaygi yükündən azad edəcəyini düşünəcək dərəcədə sadəlövhdürsə valideyn, onda niyə fikrindən vaz keçməlidir?
Bir də, məgər bu hər bir vətəndaşın şəxsi işi, şəxsi seçimi deyilmi?
Şəxsi işi, şəxsi seçimidir.
Övladının ilk növbədə Azərbaycan dilində düşünməsini, danışmasını, yazmasını və oxumasını istəyən vətəndaşlar nə etməlidirlər?
Biz nə etməliyik?
Tolerantlığımızın “barıt”ını qədərindən çox edib şübhə doğurmayan multikulturallığımıza salmadan ana dilimizdə danışmalıyıq. Lazım gələrsə, “xolodilnik”i, “uje”ni, lap elə “prosto”nu leksika “cəbbəxana”mızdan çıxarmaqla.
Yaxından və uzaqdan gələn əcnəbilərlə dərhal onların dilinə keçmədən ünsiyyətə girməliyik. Bəlkə, gəlin bu variantı istisna etməyək, onların içərisində bizin dilimizi, ana dilimizi bilən, ya da bilmək istəyənlər var?
Yazmalıyıq ana dilimizdə. Danişmalıyıq. Və ana dilimizin hər sözünün qarşısında səngər qazmağa hazır olmaliyiq.
Bir də sübut edə bilməliyik ki, Azərbaycan dilli məktəblərimiz rus dillli məktəblərimizdən geri deyil. Olmayıb. Və olmayacaq.
Hüseyn Cavid adına 132 nömrəli orta məktəbin məzunu kimi mən bunu yaxşı bilirəm.
Çox yaxşı.
Fuad Babayev